Məhkəmə qərarları › İş №2(106)-25/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-25/2024

10.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-25/2024 10.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, Cavabdeh və üçüncü şəxs Ağcabədi rayon Şənlik bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-21/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645 nömrəli, KOD 60801004 olan şəhadətnamə əsasında istifadəsinə verilmiş Ağcabədi rayonu, Şənlik kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 30 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu, Şənlik kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 30 ha torpaq sahəsi Ağcabədi rayon Şənlik bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 saylı qərarı və 21 oktyabr 2002-ci il tarixli icarə müqaviləsi ilə 50 il müddətinə onun istifadəsinə verilmişdir. Bu barədə iddiaçıya torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645 nömrəli, KOD 60801004 olan şəhadətnamə verilmişdir. Lakin Cavabdeh heç bir əsas olmadan zorla iddiaçıya qanuni istifadəyə verilmiş torpaq sahəsini zəbt etməklə torpaq sahəsindən iddiaçının istifadəsinə maneələr yaratmışdır. İddiaçının çoxsaylı müraciətlərinə və xəbərdarlıqlarına baxmayaraq, cavabdeh iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsindən çıxmaqdan imtina edir və bu hərəkətləri ilə faktiki olaraq qanunla qorunan hüquqlarına qəsd edir, iddiaçının sərbəst şəkildə torpaq sahəsinə giriş-çıxışına mane olmaqla torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(017)-21/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia təmin edilmiş, Cavabdeh Ağcabədi rayonunun Şənlik bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ərazisindən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2645, KOD 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan 30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı icarəsində olan torpaq sahəsinə Cavabdeh tərəfindən istifadəyə edilən müdaxilələrin qadağan edilməsi, həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələrin aradan qaldırılması, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyərini təşkil edən və İddiaçı tərəfindən ödənilmiş 629 manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(017)-21/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi 50 il müddətinə icarə müqaviləsi əsasında Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli qərarı ilə ona verilmiş və həmin vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsini o, qanunsuz olaraq zəbt etməmiş, iddiaçıya həmin torpaq sahəsini istifadə etməyə heç bir maneə yaratmamışdır. Həmin torpaq sahəsi onun qanuni istifadəsindədir və onu qanuna uyğun şəkildə bələdiyyə ilə bağlanmış müqavilə əsasında istifadə edir. İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə əsassızdır. Məhkəmə isə əsassız iddianı təmin etmişdir. İddiaçı həmin torpaq sahəsini 2002-ci ildə icarəyə götürmüş və 09 fevral 2007-ci il tarixdə bələdiyyəyə ərizə ilə müraciət edərək həmin torpaq sahəsindən könüllü imtina etdiyini bildirmiş və icarə müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra isə bələdiyyənin 16 fevral 2007-ci il tarixli qərarı ilə cavabdeh icarə müqaviləsi bağlayaraq həmin torpaq sahəsini 50 il müddətinə icarəyə götürmüş və hazırda da istifadə edir. İddiaçının həmin torpaq sahəsindən istifadə hüququ yoxdur. İddiaçı həmin torpaq sahəsindən istifadə etməkdən imtina etmişdir. Məhkəmə isə həmin torpaq sahəsinə dair iddiaçının adına verilmiş şəhadətnaməni əsas götürərək torpağın icarəçisinin İddiaçı olduğu qənaətinə gələrək cavabdehin onun torpaqdan istifadəsinə maneələr yaratdığını qeyd etmişdir. Lakin iddiaçı nə ona, nə də bələdiyyəyə həmin torpaq sahəsindən istifadəsinə maneələr yaranması barədə heç vaxt bildirməmiş, ümumiyyətlə, həmin torpaq sahəsindən istifadə etməmiş, torpağın cavabdehin icarəsinə verilməsindən sonra da istifadə etmək üçün torpağa yaxınlaşmamışdır. Cavabdeh də iddiaçını məhkəmə iclasından əvvəl heç vaxt görməmiş və tanımamışdır. Cavabdehin və Şənlik bələdiyyəsinin sorğularına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin və 6 saylı Beyləqan Ərazi İdarəsinin cavab məktubları ilə İddiaçı adına verilmiş, 30 ha torpaq sahəsinə dair JN-2645, KOD 60801004 nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin elektron kadastr məlumat bazasından silinməsi bildirilmişdir. Ona görə də iddiaçının həmin torpaq sahəsinə dair heç bir hüququ yoxdur. Həmin torpaq sahəsi qanuni sənədlərlə cavabdehin istifadəsinə verilmiş və cavabdeh tam hüquqla həmin torpaq sahəsinin icarəçisidir. İddiaçının adına verilmiş şəhadətnamə məlumat bazasından silindiyi üçün məhkəmənin qətnaməsi tam əsassız və qanunsuz hesab edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(106)-1401/2022 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(017)-21/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar 2(106)-1401/2022 saylı mülki iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə, Cavabdeh qarşı “Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 02 saylı iclas qərarının etibarsız hesab edilməsi barədə tələbinə dair” iddia ərizəsi ilə bağlı 2-1(120)-2276/2022 saylı inzibati iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 29 may 2024-cü il və 09 iyul 2024-cü il tarixli məktublarından görünür ki, Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildikləri İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi barədə” iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Qeyd olunan məhkəmə aktından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(106)-87/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2- 1(120)-808/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardad qanuni qüvvəsini almış və inzibati iş Şirvan İnzibati Məhkəməsinin arxivinə təhvil verilmişdir. İşdə surəti olan Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)- 808/2023 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı cavabdeh Ağcabədi rayon Şənlik bələdiyyəsinə qarşı “Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi tələbinə dair” iddiası mümkün sayılmamışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(106)-87/2024 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(106)-25/2024 saylı qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(017)-21/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 10 iyul 2024-cü il tarixə, saat 10:45-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, mübahisəli torpaq sahəsi onun qanuni istifadəsindədir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin əvvəlki icarəçisi olsa da, o, torpaq sahəsindən könüllü şəkildə imtina etmiş, iddiaçı ilə bələdiyyə arasında bağlanmış müqavilə və qərar ləğv olunmuşdur. Bundan sonra o, bələdiyyə ilə müqavilə bağlamaqla həmin torpaq sahəsindən qanuna uyğun şəkildə istifadə etməyə başlamışdır. İddiaçı sonradan bələdiyyənin müvafiq qərarını Şirvan İnzibati Məhkəməsində mübahisələndirsə də, onun iddiası mümkün sayılmamışdır. Ona görə də hesab edir ki, o, torpaq sahəsindən qanuna uyğun şəkildə istifadə edir, heç kəsin istifadə hüququnu pozmur. Lakin birinci instansiya məhkəməsi buna düzgün qiymət verməyərək, iddianı təmin etmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Ağcabədi rayon Şənlik bələdiyyəsinin nümayəndəsi (sədri) X4 çıxış edərək bildirdi ki, 2002-ci ilin oktyabr ayında bələdiyyənin qərarı və icarə müqaviləsi əsasında mübahisəli torpaq sahəsi həqiqətən də İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. Lakin iddiaçı 2007-ci ilin fevral ayında ərizə ilə bələdiyyəyə müraciət edərək, həmin torpaqdan istifadə edə bilmədiyini və torpaq sahəsindən könüllü imtina etdiyini bildirmiş, torpağın onun istifadəsinə verilməsi ilə bağlı qərarın və müqavilənin ləğv olunmasını xahiş etmişdir. Bundan sonra bələdiyyənin 16 fevral 2007-ci il tarixli qərarı ilə torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verilməsi ilə bağlı qərar və müqavilə ləğv olunmuş, həmin torpaq sahəsinin hazırda cavabdeh olan Cavabdeh müvəqqəti istifadəsinə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Sonradan İddiaçı bələdiyyənin 16 fevral 2007-ci il tarixli qərarını Şirvan İnzibati Məhkəməsində mübahisələndirsə də, onun iddiası mümkün sayılmamışdır. Ona görə də hesab edir ki, hazırda torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi və üçüncü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəldi ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdə surəti olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645 nömrəli 60801004 kodlu şəhadətnamədən görünür ki, Ağcabədi rayon Şənlik bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 saylı qərarı və 21 oktyabr 2002-ci il tarixli icarə müqaviləsi ilə Ağcabədi rayon Şənlik bələdiyyəsinin mülkiyyətində olan 30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarının 29-cu vərəqində surəti olan Ağcabədi rayon Şənlik bələdiyyəsinin sədrinə ünvanlanmış 05 fevral 2007-ci il tarixli ərizəsində İddiaçı bildirmişdir ki, Şənlik bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 saylı qərarı və 21 oktyabr 2002-ci il tarixli tarixli icarə müqaviləsi ilə Şənlik bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 50 il müddətinə 30 hektar əkin sahəsi ona icarəyə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədiyinə görə həmin torpaq sahəsindən könüllü imtina edir və bələdiyyə ilə yuxarıda göstərilən tarixdə bağlanılmış icarə müqaviləsinin və qərarın ləğv edilməsini xahiş edir. İşdə surəti olan Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 03 nömrəli protokolundan görünür ki, bələdiyyənin həmin iclasında aşağıdakı qərarlar qəbul olunmuşdur: 1) 20 oktyabr 2002-ci il tarixli, 32 saylı qərarla Ağcabədi rayonu, Üzeyir Hacıbəyov prospektində 106, mənzil 18-də yaşayan İddiaçı ərizəsi nəzərə alınsın, onunla bağlanmış icarə müqaviləsi ləğv edilsin; 2) Şənlik kənd sakini Cavabdeh ərizəsi nəzərə alınsın, 30 hektar əkin sahəsi 50 il müddətinə hər bir hektarı 10 manatla icarə müqaviləsi bağlanıb ona verilsin. İşdə surəti olan 16 fevral 2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, 16 fevral 2007-ci il tarixli, 02 saylı qərar əsasında icarəyəverən Ağcabədi rayon Şənlik bələdiyyəsi icarə əsasında sahəsi 30 hektar olan torpaq sahəsini icarəçi Cavabdeh 50 il müddətinə istifadəyə vermiş, icarəçi isə onu qəbul etmişdir. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Beyləqan Layihə- Tədqiqat İdarəsinin 156 nömrəli, 24 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645, kod 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 30 ha (1-ci hissə 23 ha, 2-ci hissə 7 ha) kənd təsərrüfatı təyinatlı (əkin) sahəsinin sərhədləri mülki işin içərisində olan sənədlərdə göstərilən ölçülərə uyğun deyil. İddia olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı icarəsində olan Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 30 ha (1-ci hissə 23 ha, 2-ci hissə 7 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hamısı Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İşdəki 20 sentyabr 2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 629 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki 15 fevral 2022-ci il tarixli, 10/5756 nömrəli ekspert rəyindən görünür ki, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645, kod 60801004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı icarəsində olan Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 30 ha (1-ci hissə 23 ha, 2-ci hissə 7 ha) kənd təsərrüfatı təyinatlı (əkin) sahəsinin sərhədləri mülki işin içərisində olan sənədlərdə göstərilən ölçülərə uyğun deyil. İddia olunan torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçı icarəsində olan Ağcabədi rayonunun Şənlik kəndində yerləşən 30 ha (1-ci hissə 23 ha, 2-ci hissə 7 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hamısı Cavabdeh tərəfindən istifadə olunur. Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşmür. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Ağcabədi rayon Şənlik bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 36 nömrəli arayışından görünür ki, Ağcabədi şəhər sakini İddiaçı iddia etdiyi torpaq sahəsi 30 ha onun istifadəsində olduğu müddətdə 20 oktyabr 2002-ci ildən 16 fevral 2007-ci il tarixə kimi Şənlik bələdiyyəsinin büdcəsinə torpaq sahəsinin icarə haqqına görə pul ödəməmişdir. İşdəki Ağcabədi rayon Şənlik bələdiyyəsinin 28 mart 2022-ci il tarixli, 35 nömrəli arayışından görünür ki, Şənlik kənd sakini Cavabdeh Şənlik bələdiyyəsindən 2007-ci ildə icarəyə götürdüyü 30 ha torpaq sahəsinə görə hər il vaxtında ödəməklə 01 yanvar 2022-ci il tarixə kimi icarə haqqını ödəmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin Ağcabədi rayon Şənlik bələdiyyəsinə ünvanlanmış 12 may 2022-ci il tarixli məktubundan görünür ki, JN-2645, KOD 60801004 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid məlumatların elektron məlumat bazasından silinməsi üçün bələdiyyənin müraciəti aidiyyəti üzrə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə göndərilmiş və JN-2645, KOD 60801004 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid məlumatların elektron məlumat bazasından silinməsi təmin edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində tələb irəli sürdüyü mübahisəli torpaq sahəsi Ağcabədi rayonunun Şənlik kəndində yerləşən və bələdiyyənin mülkiyyətində olmaqla icarəyə verilmiş 30 hektar torpaq sahəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırkı tələb üzrə iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Ağcabədi rayon Şənlik bələdiyyəsinin mülkiyyətində olan mübahisəli 30 ha torpaq sahəsi Ağcabədi rayon Şənlik bələdiyyəsinin 20 oktyabr 2002-ci il tarixli, 32 saylı qərarı və 21 oktyabr 2002-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı 50 il müddətinə müvəqqəti istifadəsinə verilmiş, bununla bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair JN-2645 nömrəli 60801004 kodlu şəhadətnamə verilmişdir. Lakin sonradan İddiaçı 05 fevral 2007-ci il tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək, həmin torpaq sahəsindən istifadə edə bilmədiyini və ondan könüllü şəkildə imtina etdiyini bildirmiş, bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin və qərarın ləğv edilməsini xahiş etmişdir. Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli iclasında qərara alınmışdır ki, İddiaçı ərizəsi nəzərə alınsın, onunla bağlanmış icarə müqaviləsi ləğv edilsin, eləcə də, Cavabdeh ərizəsi nəzərə alınaraq 30 hektar əkin sahəsi 50 il müddətinə hər bir hektarı 10 manatla icarə müqaviləsi bağlanıb ona verilsin. Bundan sonra Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 02 saylı qərarı üzrə icarəyəverən Ağcabədi rayon Şənlik bələdiyyəsi 16 fevral 2007-ci il tarixli icarə müqaviləsi əsasında sahəsi 30 hektar olan torpaq sahəsini icarəçi Cavabdeh 50 il müddətinə istifadəyə vermiş, icarəçi isə onu qəbul etmişdir. İddiaçı sonradan Ağcabədi rayon Şənlik bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 02 saylı qərarını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş, lakin Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)- 808/2023 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2-1(106)-87/2024 saylı qərardadı ilə isə Şirvan İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(120)-808/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlər onu göstərir ki, mübahisəli torpaq sahəsi üzərində həqiqətən də iddiaçının əvvəllər istifadə hüququ olmuş, lakin sonradan o öz hüququndan könüllü şəkildə imtina etmiş, bundan sonra bələdiyyənin müvafiq qərarı ilə iddiaçının torpaq sahəsinə dair hüquqlarını müəyyən edən qərar və müqavilə ləğv edilmiş, cavabdehlə həmin torpaq sahəsinə dair yeni müqavilə bağlanmış, bununla da iddiaçının həmin torpaq sahəsinə dair hüquqları aradan qalxmışdır. Göründüyü kimi, iddiaçının hazırda mübahisəli torpaq sahəsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı ilə bağlanmış müqavilə və bələdiyyə qərarının ləğvi ilə yanaşı, JN- 2645, KOD 60801004 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid məlumatlar da elektron məlumat bazasından silinmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinə və cavabdehlə müqavilənin bağlanmasına dair bələdiyyənin müvafiq qərarı, iddiaçının torpaq sahəsindən imtina etməsinə dair ərizəsi və cavabdehlə bələdiyyə arasında bağlanmış müqavilə məhkəməyə təqdim edilmiş olsa da, birinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamış, iddiaçının mübahisəli torpaq sahəsi üzərində artıq subyektiv hüququnun mövcud olmamasına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi üzrə tələbin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Çünki həmin torpaq sahəsinin hazırda onun icarəsində olması iş materialları ilə öz təsdiqini tapmır, əksinə iş materiallarından aydın olur ki, mübahisəli sahə məhz cavabdehin icarəsinə verilmişdir. Belə olan halda isə iddiaçının həmin torpaq sahəsi ilə bağlı hər hansı tələb irəli sürmək hüququnun mövcudluğundan bəhs edilə bilməz. Ona görə də 30 ha torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə iddiaçının tələbi təmin edilə bilməz. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis və ekspert rəyləri ilə bağlı isə bildirir ki, həmin rəylər artıq elektron məlumat bazasında mövcud olmayan şəhadətnaməyə əsaslandığından və cavabdehin müvafiq torpaq sahəsi ilə bağlı hüquqlarını müəyyən edən sənədlər nəzərə alınmadan verildiyindən, hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 629 manat məbləğində xidmət haqqı onun özünə aid edilməli, ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci də iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(017)-21/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin cavabdehə qadağan edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Beyləqan Layihə-Tədqiqat İdarəsinin 156 nömrəli, 24 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 629 manat məbləğində xidmət haqqı onun özünə aid edilsin. 15 fevral 2022-ci il tarixli, 10/5756 nömrəli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar