Məhkəmə qərarları › İş №2(106)-2522/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2522/2022

26.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2522/2022 26.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, torpağın təhvil verilməsi və cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin onların hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-86/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(018)-86/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin olunmuş, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı, 01 sentyabr 2021-ci il tarixli çıxarışla İddiaçı və onun ailə üzvlərinə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində verilmiş 0,05 hektar torpaq sahəsinin cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilməsi və İddiaçı verilməsi, 0,05 hektar torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz vəsaiti hesabına oradan sökülməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, apellyasiya şikayətlərində Astara Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(018)-86/2022 saylı qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Astara Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(018)- 86/2022 saylı qətnaməsindən narazı qalan hər iki cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, apellyasiya şikayətinin verilməsinə görə ayrı-ayrılıqda 25 manat məbləğində dövlət rüsumu ödəmişlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iş üzrə iddia tələbi qiymətləndirilməyən iddialara aid edildiyindən və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən, cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərkən onların hər biri apellyasiya şikayətinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş cavabdehlərin hər ikisi apellyasiya şikayətinin verilməsinə görə 25 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, göründüyü kimi, cavabdehlərin hər ikisi apellyasiya şikayətinin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişlər. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-86/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar