Məhkəmə qərarları › İş №2(106)-253/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-253/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-253/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, X12 oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı Kərimov X4 Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun sahibliyində olan 0,12 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan nar bağından və torpaq icarə müqaviləsi ilə ona verilmiş 0,12 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin və nar bağının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, ailəsi ilə birlikdə Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Fərdi təsərrüfatında işləməklə, heyvandarlığın inkişafı ilə məşğul olur. Hacıqabul rayonu Şorbaçı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında təxminən 0,12 hektar torpaq sahəsi üzərində 170 nar ağacından ibarət bağı var. O, qeyd olunan nar bağını 30 il öncə yaratmış və oradan məhsul götürür. Həm də ötən 30 il ərzində həmin bağa tələb olunan aqrotexniki qulluq da etmişdir. Lakin cavabdehlə aralarında olan mübahisələrlə bağlı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(071)- 351/2017 saylı və xx.xx.2020-ci il tarixli 2(071)-313/2020 saylı qətnamələrindən sonra cavabdeh uzun illər onun istifadəsində olan 0,12 hektar torpaq sahəsini və həmin torpaq sahəsi üzərində olan 170 ədəd nar ağacından ibarət bağı zəbt etmişdir. O, dəfələrlə cavabdehə və onun ailə üzvlərinə bildirmişdir ki, həmin torpaq sahəsi və üzərində olan nar bağı ona məxsus olmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh ona məxsus olan 0,12 hektar torpaq sahəsini və onun üzərində olan 170 ədəd nar ağacından ibarət bağı son zamanlar qanunsuz olaraq öz istifadəsinə saxlayır və onun həmin əraziyə daxil olmağına maneəçiliklər yaradır. Bundan başqa, cavabdeh xx.xx.2007-ci il tarixli 02 nömrəli icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün ona verilmiş 0,12 hektar torpaq sahəsinin də xeyli hissəsini zəbt etmişdir. Göründüyü kimi, cavabdeh həyətyanı torpaq sahəsini zəbt etməklə bərabər, həm də Şorbaçı bələdiyyəsi tərəfindən ona icarə müqaviləsi ilə verilmiş torpaq sahəsini də zəbt etmişdir. İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixli 02 nömrəli icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün ona verilmiş 0,12 hektar torpaq sahəsi ilə bağlı bundan əvvəl məhkəmə mübahisəsi olmuş və məhkəmənin qətnaməsinə əsasən cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu səbəbdən hazırda yalnız 0,12 ha nar bağından ibarət torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Həmin torpaq sahəsini əmisinin arvadı X6 ona vəsiyyət etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi faktı var, amma məhkəmə tərəfindən bu torpaq sahəsinin hansı hissəyə düşməsi müəyyən olunmamışdır. Belə olan təqdirdə, subyektiv hüququn olub-olmaması heç cür müəyyənləşdirilə bilməz. Bundan başqa, vərəsəliklə bağlı qoyulmuş daşınar və daşınmaz əmlakları iddiaçı 30 ildən artıqdır ki, faktiki qəbul edərək idarə edir. Mülkiyyətində olmayan əmlak kimi qiymətləndirilməsi əsassızdır. Məhkəmə tərəfindən iddianın rədd olunması üçün istinad olunmuş maddi hüquq normalarının məzmunundan görünür ki, mülkiyyətçi olaraq özgənin qanunsuz sahibliyindən əmlakı tələb edən şəxs kimi iddiaçı hesab oluna bilər. Mirasəmlak məsələsi də iddiaçı tərəfindən vəsiyyətnamə əsasında iddiaçı tərəfindən qəbul edilmiş və faktiki olaraq istifadə olunan yəni, həm vəsiyyətnamə və faktiki hər 2 əsasla idarə olunur. İddiaçı nümayəndəsi Vəkil2 məhkəmədə izahatında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehin ancaq 0.12 ha torpaq sahəsindən çıxarılmasını istəyirlər. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin 0.80 ha torpaq sahəsini zəbt etməsi aydınlaşdırılmamış, işə müvafiq Bələdiyyə cəlb edilməmişdir. Torpaq sahəsini iddiaçıya əmisinin arvadı vəsiyyətnamə ilə vermiş və iddiaçı mirası faktiki qəbul edərək idarə etmişdir. Bilirlər ki, iddiaçı müvafiq hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün vəsiyyətnamə ilə ilk öncə notariat orqanına müraciət etməli idi. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, özü nar alveri ilə məşğuldur. Nar yığıldıqdan sonra onu Rusiyaya satmaq üçün aparırlar. Sözügedən əmlakı faktiki olaraq o qəbul etmişdir. Həmin torpaq sahəsinə dair yalnız SSRİ dövründə Şəfiqə xanımın adına verilən sənəd mövcuddur. Şəfiqə xanımın qardaşının uşaqları hazırda sağdırlar. Qeyd edir ki, əvvəlki 0.12 ha torpaq sahəsi icarə torpağıdır və hazırkı torpaq sahəsi ilə əlaqəsi yoxdur. İddia ərizəsindəki torpaq sahəsi əvvəlki iki qətnamədəki baxılan torpaq sahələri ilə eyni deyildir. Vəsiyyətnaməyə hüquqi qiymət verilməsi üçün notariat orqanına müraciət etmişdir, lakin ona məhkəmə proseslərinin bitməsinədək gözləməli olduğu bildirilmişdir. Evdə hazırda özü yaşayır. Cavabdehdə olan kadastr sənədinə əsasən icraçı onu mübahisəli torpaq sahəsindən, yəni indiki Nar bağından çıxarmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir (təmsil olunmamışdır). Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Hacıqabul Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan sadə yazılı şəkildə tərtib edilmiş xx.xx.1989-cu il tarixli vəsiyyətnamədən görünür ki, X6 özünə məxsus yaşayış evini, mal-qara tövləsini, palaz, yorğan-döşək, qoyun, mal, nar bağı və sair əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Məhkəmə Elektron İnformasiya sistemindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş JN-0046 qeydiyyat nömrəsi 91008078 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Hacıqabul rayon Şorbaçı kənd sakini Məmmədova (Kərimova) Şəfiqə Şahmalı qızına Hacıqabul rayon Aqrar İslata Komissiyasının 12 oktyabr 2001-ci il tarixli 10 saylıl qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Şorbaçı kəndində **********50 reyestr nömrəli 0.3696 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,3696 ha, faktiki sahə isə 0,80 ha təşkil edir. Birinci instansiya məhkəməsində mövqeyini onunla əsaslandırmışdır ki, yalnız miras qoyanın öldüyü məqamadək onun mülkiyyətində olmuş əşyalar miras əmlak hesab edilir. Vəsiyyətnamədə qeyd edilsə belə, miras qoyanın öldüyü məqamda onun mülkiyyətində olmayan hər hansı əşya miras əmlak hesab edilmir. İddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbinə baxılarkən ilk öncə, iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə hesab etmişdir ki, miras qoyan Şəfiqə Kərimovadan miras qalmış əmlakların İddiaçı tərəfindən vəsiyyət üzrə vərəsə kimi qəbul edilib-edilməməsi məsələsi araşdırılmazdan əvvəl mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin (nar bağı) həqiqətən də miras qoyanın mülkiyyətində olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Çünki, mübahisə predmeti olan torpaq sahəsinin miras qoyanın öldüyü məqamda onun mülkiyyətində olmaması halında iddiaçı tərəfindən mirasın qəbul edilib-edilməməsinin hazırkı mübahisə üzrə hər hansı əhəmiyyəti yoxdur. Məhkəmə iclasında iddiaçıya mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin miras qoyanın mülkiyyətində olmasına dair sübutlar təqdim etməsi təklif edilməsinə baxmayaraq iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən mərhum Şəfiqə Kərimovanın mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı məlumat əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Ərazi İdarəsinə sorğu verilmiş, həmin qurum tərəfindən verilmiş sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 mülkiyyətində Hacıqabul rayonu Şorbaçı kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur (torpağın mülkiyyətə verilməsinə dair JN0046 KOD 91008078 saylı dövlət aktı). Onun mülkiyyətində başqa hər hansı daşınmaz əmlakın olması, o cümlədən iş üzrə mübahisələndirilən 0,12 ha torpaq sahəsinin olması müəyyən edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, Şəfiqə Məmmədovanın mülkiyyətində olan 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və onlar ayrı-ayrı torpaq sahələridir. Bununla da, müəyyən olunur ki, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin miras qoyanın mülkiyyətində olmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Belə olan mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi hətta cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş olsa belə, iddiaçının həmin torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd edilmişdir ki, torpaq sahəsini iddiaçı 30 ildən artıqdır ki, faktiki qəbul edərək idarə edir və mülkiyyətçi olaraq özgənin qanunsuz sahibliyindən əmlakı tələb edən şəxs kimi iddia qaldıra bilər. Bununla əlaqədar nəzərə alınmaldır ki, iş üzrə 29 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin - 0,12 ha ərazinin iddiaçı X2 istifadəsində olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, yuxarıda adıçəkilən vəsiyyətnamənin mövcudluğu halında 10 iyun 2014-cü il tarixdə vəfat etmiş X3 bütün əmlakına iddiaçı X2 vərəsəlik hüququnun yaranması ehtimalı üzrə nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin miras qoyanın öldüyü məqamda özünün mülkiyyətində olması da iş üzrə təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləcə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(071)-747/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar