Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-255/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi) çıxarışların ləğvi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Saatllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı (Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisi və Cavabdeh1 maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən 3.0 torpaq sahəsilə bağlı Saatlı rayon Mircəlal kənd sakini Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, Saatlı rayon Mircəlal kənd sakinləri Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Sabirabad regianal “ASAN Xİdmət” Mərkəzi notariat ofisi tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə düzəliş edərək, cavabdeh qismində Cavabdeh1 və Cavabdeh2 qəbul olunmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK vǝ Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi və Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin maraqlı şəxs qismində qəbul olunmasını, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə düzəliş edərək, Cavabdeh2 adına 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və Cavabdeh1 adına cavabdeh 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 3.0 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Mircəlal kəndi ərazisində yerləşən ona və ailə üzvlərinə maxsus pay torpağının 3.0 ha hissəsini guya valideynləri tərəfindən Cavabdeh2 satılması barədə Saatlı rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixl 2(055)-236/2008 saylı qətnaməsi qəbul edilmişdir. Sonradan Cavabdeh2 3.0 ha torpaq sahəsin Cavabdeh1 satmış və Cavabdeh1 adına 05 iyun 2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Saatlı Rayon Məhkəməsinin 21 noyabr 2008-ci il tarixl 2(055)- 236/2008 saylı qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh2 çıxarışın verilməsinə əsas olan qətnamə ləğv edildiyindən həmin çıxarış ləğv olunmalıdır. Cavabdeh1 da mübahisəli torpaq sahəsini Cavabdeh2 aldığından onun adına olan çıxarış da ləğv olunmalıdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin alınıb İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumunun 85 (səksən beş) manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən - təmin olunmayan hissədə ləğv edilməklə iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan: Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, X8, arvadı X4 və onların azyaşlı uşaqları nəzərə alınmaqla ailə üzvilərinə JN № 337, KOD 90800048 saylı Dövlət aktı ilə onlara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 20 oktyabr 2000-ci il tarixli 1 hektarını 1.000.000 AZM (200 AZN) satması və 04 iyul 2002-ci il tarixli 2 hektarını 2.000.000 AZM (400 AZN) satması barədə Saatlı rayon Mircəlalkənd kəndində tərtib olunmuş və həmin kəndin Bələdiyyəsi tərəfindən möhrlə təsdiq olunmuş alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır; Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsindən görünür ki, işdə iştirak etməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X9 və X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(055)-236/2008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh2 X5 və X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2907/2021 nömrəli qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Saatlı rayonu Mircəlal kəndində yerləşən ümumi sahəsi 10.11 ha olan torpaq sahəsinin 7.7486 ha hissəsindən 3.0 ha hissəsini 2(055)-236/2008 nömrəli qiyabi qətnamə əsasında Cavabdeh2 satılmış və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqları dövlət qeydiyyatına alınmış, Cavabdeh2 xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə uyğun rəsmiləşdirilmişdir; Sabirabad regianal “ASAN Xidmət” Mərkəzi Notaiat ofisinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Saatlı rayonu Mircəlal kəndində yerləşən 3.0 ha torpaq sahəsini 4000 manat müqabilində Cavabdeh1 satmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 3,0 ha torpaq sahəsinə ƏMDX 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış verilməsi və sair rəsmi sənədlərin həqiqəti əks etdirmədiyi üçün bir halda etibarsız, digər halda isə ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** saylı qeydiyyat vəsiqəsini ləğv etmiş, iddia tələbini qalan hissədə təmin etməmişdir. Bu zaman məhkəmə Cavabdeh1 vicdanlı alıcı olaraq qəbul etmişdir. Məhkəmə bu halda çoxsaylı normativ aktlara müraciət etsə də, məlum halda məhkəmə qeyd edilən normativ aktların prinsiplərin təhrif etmişdir və bunlar aşağıdakılardan ibarətdir: a) İş materiallarına əlavə edilmiş 2018-ci ildən başlanmış yazışmalardan məlum olur ki, o və ailə üzvləri məlum torpaq sahəsilə bağlı rəsmi qurumlara müraciət etmişdir. b) Saatlı rayon Mircəlal kənd ərazisində yerləşən ailəsinə məxsus 3 ha torpaq sahəsinin valideynlərinin adından Cavabdeh2 satılması ilə bağlı alqı-satqı müqaviləsinin surətindən görünür ki, alqı-satqı müqaviləsi Saatlı rayon Mircəlal kənd Bələdiyyəsinin sədri X11 tərəfindən təsdiqlənmişdir. Bu halda Bələdiyyə sədrinin bu alqı-satqı müqaviləsinin təsdiq edilməsinə səlahiyyəti çatması başqa sualdır, lakin X3 alıcı Cavabdeh1 qardaşıdır. Belə olan halda dəfələrlə 2016-cı ildən mübahisə barəsində Bələdiyyə sədri, Cavabdeh1 qardaşı Əyyar Astanovun məlumatlı olması, bu barədə qardaşına məlumat verib-verməməsi, kiçik bir kənd ərazisində baş verən mübahisədən Bələdiyyə sədrinin və qardaşının məlumatsız qalması həqiqəti əks etdirə bilərmi? İş materialları ilə sübut olunur ki, Cavabdeh2 və Astanov Əyyar torpaq sahəsinin mübahisəsi barədə məlumatlı olmuşdur. Bu halda qanunun düzünə göstərişi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə işə səthi yanaşmış, yalnız formal tələblərə əsaslanmışdır. Belə ki, məlum torpaq sahəsi üzrə sahiblik, istifadə və sərəncam vermə hüququ 2008-ci ildən bu günə qədər bir gün olsun belə, nə Cavabdeh2, nə də Astanov Əyyara məxsus olmamışdır. Məhkəmə bu vacib sualı aydınlaşdırmamışdır. İddiaçı məhkəmə iclası zamanı bildirmişdir ki, 2018-ci ildən 2020-ci ilə qədər sözügedən torpaq sahəsini özü istifadə etmişdir. Cavabdeh1 mübahisəli torpaq sahəsini Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında alsa da, onun alınması üçün heç bir ödəniş etməmişdir. Belə ki, cavabdehlər qohumdur və Cavabdeh1 kiçik bacısı Cavabdeh2 gəlinidir. Cavabdeh1 həmin torpaq sahəsinə 2020-ci ilin iyun ayında çıxarış əldə etmişdir. Cavabdehin müvafiq çıxarışı aldığı tarixdən də əvvəlki zamanlarda dəfələrlə müvafiq qurumlara müraciətlər etmişdir. Həmin torpaq sahəsinin mübahisəli ərazi olmasına baxmayaraq, Cavabdeh1 həmin torpaq sahəsini bilə-bilə alğı-satqı müqaviləsi ilə almışdır. Cavabdeh1 torpaq sahəsini almamışdan əvvəl ona zəng edərək torpaq sahəsini aldığını, o, isə buna görə etirazını bildirmişdir. Qeyd edir ki, cavabdehin qardaşı da həmin dövrdə - 2010-2015-ci illərdə bələdiyyə sədri olmuşdur. Həmin torpaq sahəsinə subsidiyanın verilməsi üçün “fermer kartı” da onun istifadəsində olmuş, subsidiyaları da o almışdır. Bunu icra nümayəndəliyi də təsdiq edər. Cavabdeh1 məhkəmə iclası zamanı bildirmişdir ki, o torpaq sahəsini alarkən qarşı tərəfin şikayət vermək hüququnun olduğunu bilməmişdir və həmin torpaq sahəsi məhkəmə çəkişməsində olduğundan məlumatı olmamışdır. 2019-2020-ci illərdə iddiaçının atası həmin torpaq sahəsində qanunsuz istifadə etdiyi üçün inzibati qaydada 10 gün həbs edilmişdir. O, torpaq sahəsini aldıqdan sonra iddiaçıya zəng edərək həmin torpaq sahəsini aldığını və həmin torpaqdan kənarda olmasını tələb etmiş, iddiaçı isə torpaq sahəsinin onun tərəfindən alınmasına etirazını bildirmişdir. Cavabdeh2 ona Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7074/2019 saylı qərarını göstərmiş və o da mübahisənin bitdiyini hesab etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı izahat verərək apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini göstərərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 4000 manata satmışdır. Cavabdeh1 və İddiaçı da eyni kənddə yaşamışlar. Mübahisədən məlumatlı olmuşlar, lakin Cavabdeh1 artıq öz adına rəsmi sənəd almışdır ki, bu da mübahisənin bitdiyini göstərir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Saatllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilib-edilməməsi baxımından məhkəmə tərəfindən iş üzrə tərəflər arasında mövcud razılaşmanın onların həqiqi iradə ifadəsini tamamilə əks etdirib-etdirməməsini düzgün qiymətləndirməmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi mübahisələndirilən xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli alqı-satqı müqaviləsinin etibarlılığını yoxlayaraq müəyyən etmişdir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsi Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsasən olan məhkəmə qərarının qüvvədə olduğu dövrdə bağlanmışdır. Məhkəmə iddianın Cavabdeh1 adına olan çıxarışın ləğv edilməsi hissəsində təmin olunmasını ona görə mümkünsüz hesab edir ki, hazırki halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2009-cu il ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Eyni zamanda məhkəmə iclasında torpaq sahəsinin Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçı tərəf də Cavabdeh1 vicdanlı əldə edən olmasını ümumiyyətlə mübahisələndirməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, MM-in 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Ancaq şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qeyd edilməlidir ki, hazırkı qanunvericiliyin müəyyən etdiyi imperativ forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsasla müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Məhkəmə tərkibi Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(106)- 2459/2020 saylı və 2(106)-502/2021 saylı mülki işlərin materiallarını hazırkı mülki iş üzrə müəyyən edilmiş faktiki hallarla müqayisəli şəkildə araşdıraraq iddia tələbinin mübahisəli hissədə əsaslılığına lazımi hüquqi qiymət verməyi vacib hesab etmişdir. Belə ki, 2(106)-2459/2020 saylı mülki işin materiallarına nəzər saldıqda müəyyən edilir ki, Saatlı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə X8, arvadı X4 və onların azyaşlı uşaqları nəzərə alınmaqla ailə üzvilərinə JN № 337, KOD 90800048 saylı Dövlət aktı ilə onlara məxsus Əfqan Bayramovun fermer təsərrüfatından 45 hektarın orta drenin sol tərəfindəki torpaq sahəsindən 20 oktyabr 2000-ci il tarixli 1 hektarını 1.000.000 AZM (200 AZN) satması və 04 iyul 2002-ci il tarixli 2 hektarını 2.000.000 AZM (400 AZN) satması barədə Saatlı rayon Mircəlalkənd kəndində tərtib olunmuş və həmin kəndin Bələdiyyəsi tərəfindən möhürlə təsdiq olunmuş alqı-satqı aktları təsdiq edilməklə həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ tanınmış, işdə iştirak etməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan X9 və X13 apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2459/2020 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilərək Saatlı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh2 X5 və X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-2907/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işin materiallarından görünür ki, X8 17 yanvar 2012-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsinin əldə edilməsi üçün həmin məhkəməyə müraciət etmiş, lakin həmin qərarı uzun müddət əldə edə bilməmiş, daha sonra – 21 iyun 2019-cu il tarixdə yenidən bu barədə məhkəməyə ərizə vermişdir. X8 adıçəkilən qətnaməni rəsmi qaydada əldə etdikdən sonra müxtəlif dövlət qurumlarına və ya şəxslərə müraciətlər etmişdir. Saatlı Rayon Məhkəməsinin iş üzrə xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair məsələyə baxılarkən 09 oktyabr 2019-cu il tarixdə məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə da iştirak etmiş, beləcə, həmin qətnamənin mübahisələndirilməsindən və bu barədə keçirilmiş məhkəmə iclaslarından məlumatlı olmuşdur. Kollegiya diqqətə çatdırır ki, adıçəkilən qətnamədən 10 iyun 2020-ci il tarixdə verilmiş apellyasiya şikayətində (səh. 110) də göstərilmişdir ki, mübahisəli torpaq sahəsi X2 və ailə üzvlərinin istifadəsində olmuşdur. İşdə olan DAİM-in 04 fevral 2025-ci il tarixli məktubundan da aşkar olur ki, mübahisəli torpaq sahəsinə dair çıxarış EKTİS-ə Cavabdeh1 tərəfindən yalnız 22 yanvar 2021-ci il tarixdə əlavə edilmiş, 2020-ci il üzrə EKTİS-də Cavabdeh2 mülkiyyətində olmuş sənəd barədə məlumat görünmür. Mübahisəli torpaq sahəsinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsindən sonrakı dövrlərdə hazırkı iş üzrə iddiaçının (ailə üzvlərinin) istifdəsində olması, X2 buna görə məhkəmə tərəfindən inzibati qaydada həbs olunması, hazırkı iş üzrə Cavabdeh2 və iddiaçıya qohum olan, eyni kənddə yaşayan, habelə alqısatqı zamanı həmin müqavilənin təsdiqində iştirak etmiş kəndin əvvəlki bələdiyyə sədri X6 qardaşı olaraq Cavabdeh1 məlum olmaya bilməzdi. Habelə yuxarıda qeyd edilən və digər səbəblərdən mübahisəli torpaq sahəsi üzrə məhkəmə prosesləri barədə torpağı rəsmi qaydada öz adına rəsmiləşdirən Cavabdeh1 xəbərsiz olmazdı ağlabatan deyildir. Cavabdeh1 hazırkı məhkəmə icraatında verdiyi izahatda Cavabdeh2 tərəfindən ona Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7074/2019 saylı qərarının göstərildiyini və o da torpaq mübahisəsinin artıq başa çatdığını hesab etməsini göstərmişdir. Ancaq kollegiya qətnamənin yuxarıda sadalanan hallara əsasən hesab edir ki, Cavabdeh1 həmin əsasa istinad edərkən səmimi olmamışdır. Həmçinin Cavabdeh1 lazımi ehtiyatlılıq göstərərək – hər hansı hüquqşünasa, vəkilə, ən son hal olaraq alqı-satqı zamanı notariusa bu barədə sual versəydi, adıçəkilən qərarın hazırkı mübahisənin tamamlanıb-tamamlanmadığına aidiyyətinin olub-olmamasını dəqiqləşdirə bilərdi. Eyni zamanda Cavabdeh1 tərəfindən özünün etiraf etdiyi kimi mübahisəli torpağın alınmasından sonra hazırkı iş üzrə İddiaçı zəng vuraraq bu barədə məlumat verməsi və həmin torpaqdan kənarda olmasını tələb etməsi də İddiaçı ilə Cavabdeh2 arasında mübahisənin faktiki olaraq hələ də davam etməsindən məlumatlı olmasına dəlalət edir. Bundan başqa, 2(106)-502/2021 saylı saylı mülki işin materiallarına nəzər saldıqda müəyyən edilir ki, Cavabdeh1 12 iyun 2020-ci il tarixdə (alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış və çıxarış xx.xx.2020-ci il tarixdə alınmışdır) Saatlı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı adıçəkilən torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmin iddia ərizəsində mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən qarğıdalı bitkisinin əkildiyini göstərmişdir. Torpaq sahəsinin qarğıdalı bitksinin əkilməsi halı da özlüyündə mübahisənin mövcudluğunu və Cavabdeh1 bundan xəbərdar olmasını göstərir. 2018-2020-ci illər ərzində mübahisəli torpağı İddiaçı əkib-becərməsi işdə olan müxtəlif sübutlarla da təsdiq edilir. Adıçəkilən iddia Saatlı Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmiş, kassasiya şikayəti verilmədiyi üçün qətnamə qüvvəyə minmişdir. Kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Göstərilənlər baxımından, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (MM-in 560.1 və 560.2-ci maddələri). Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə görə hesab edir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 tərəfindən əldə edilməsi zamanı vicdanlılıq tələblərinə əməl edilməmişdir. Bu həm hazırkı mülki işin materialları ilə, həm də Şirvan Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(106)- 2459/2020 saylı və 2(106)-502/2021 saylı mülki işlərin materiallarının tədqiqi zamanı müəyyən edilir. Qeyd edilən səbəblərdən, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qüvvədə qala bilməz. Beləcə, mübahisəli torpaq sahəsinə dair adıçəkilən alqı-satqı müqaviləsi etibarsız hesab edilərək çıxarış ləğv edilməli, İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməyən - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-986/2024 saylı qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməyən - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmaması hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-305 nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-255/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-255/2025
18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver