Məhkəmə qərarları › İş №2(106)-257/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-257/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-257/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh2 direktoru Nümayəndə2 iştirakları ilə, İddiaçı Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Cavabdeh2nə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və digər tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(057)-1607/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 tərəfindən qanunsuz olaraq onun “məktəbin təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 73 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi, 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardadın çıxarılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Cavabdeh2n direktoru Nümayəndə2 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq vəkilə ödənilən 1000 manat vəkil xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, X8 Təhsil şöbəsindən 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi, Cavabdeh2n direktoru Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixdə “yazılı xəbərdarlıq edilməsi barədə” əmr və xx.xx.2024-cü il tarixdə “töhmət elan olunması barədə” əmrlərin ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(057)-1607/2024 saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddianın qismən təmin edilməsi, Salyan rayon Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəqti icra edən Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 73 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin ləğv edilməsi və İddiaçı Salyan rayonu Salman Cəfərov adına Yenikənd tam orta məktəbin “təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi, 50 manat məbləğdə mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verilərək Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardadın çıxarılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsini, Cavabdeh2n direktoru Nümayəndə2 10000 manat mənəvi ziyanın və iddia tələbinin artırlldığı hissədə Şirvan-Salyan Regional Təhsil şöbəsindən 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi, Cavabdeh2n direktoru Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixdə “yazılı xəbərdarlıq edilməsi barədə” və xx.xx.2024-cü il tarixdə “töhmət elan olunması barədə” əmrlərin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə adıçəkilən tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, aprel ayında müvafiq vəzifə üçün nəzərdə tutulan test imtahanında iştirak edərək yüksək bal toplayıb, vəzifəyə təyin edilmişdir. Vəzifə təlimatıma əsasən məktəbin texniki kollektivinin işə davamiyyətinə nəzarət funksiyası onun üzərində olmuşdur. Texniki kollektiv həmin dövrdə 24 nəfərdən ibarət olmuşdur. Bu heyətdən 18 nəfəri əsasən işə gəlirdi, 6 nəfər isə ümumiyyətlə gəlmir, yaxud 1-2 saatlıq işə gəlib-gedirdilər. Həmin şəxslərə 2 laborant, 1 kitabxanaçı, 1 xadimə, 1 katibə və 1 usta daxil idi. Məhz onun tərtib və nəzarət etdiyi davamiyyət jurnalına əsasən həmin şəxslərə əmək haqqı hesablanmalı idi. Bununla bağlı dəfələrlə məktəbin direktoru Nümayəndə2 Eyyub oğlu ilə söhbət aparmışdır. Hər dəfə direktor ona həmin işçiləri “yola verməyimi”, bütün məsuliyyətin özünə aid olduğunu deyir və davamiyyət jurnalına guya həmin şəxslərin 100 faizlik davamiyyəti olması barədə onların özləri tərəfindən qeydlər etməyə şərait yaratmağını tələb edirdi. O, bu saxtakarlığa getməmiş və sadaladığı 6 nəfərin işə gəlməməsi ilə bağlı rəsmi qaydada təqdimat yazmışdır. Direktor həmin şəxsləri otağına çağırıb, onun işçilərə “pislik” etdiyini deyərək onları üz-üzə qoymuş və onunla bağlı saxta şikayət ərizələri yazılmasını təşkil etdi. Eyni zamanda direktor Nümayəndə2 regional təhsil idarəsinə onun guya psixi xəstə olması, işçilərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə absurd məlumatlar vermiş və himayə etdiyi işçilər də, öz maraqları naminə onun şər-böhtandan ibarət məlumatlarını təsdiq etmişlər. Bu barədə o, regional təhsil idarəsinin rəhbərliyinə məlumat vermişdir. Qeyd etdikləri ilə bağlı məktəbə komissiya göndərildi, lakin nəticədə qanunsuzluq edənlər kənarda qaldı, əksinə o, xx.xx.2023-cü il tarixdə işdən çıxarıldı. Bundan sonra o, müraciəti nəticəsində xx.xx.2024-cü il tarixdə (həftənin şənbə günü) həmin vəzifəyə bərpa edildi. Bərpa edildikdən sonra görmüşdür ki, vəziyyət əvvəlkindən də pisdir. Əgər əvvəl 6-7 nəfər işə gəlmirdisə, indi 20 nəfər işə gəlmir. O, işə bərpa olunduğu günün növbəti iş günü – xx.xx.2024-cü il tarixdə direktor Nümayəndə2 texniki kollektivdən 11 nəfər, 4 nəfər isə müəllim olmaqla təşkil edərək, ondan Regional təhsil idarəsinə şikayətə göndərmişdir. Azərbaycan Respublikasi Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi nəzarərtedici orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdur. Əmrdən də göründüyü kimi, hüquqi ünvan “AZ 5200, ünvan 1başa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda əmrdə Əmək Məcəlləsinin 2 maddəsinə istinad edilmişdir. Əmək Məcəlləsinin 71.2. maddəsi: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.2. maddəsi: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 80.1. maddəsi: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X1 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.2. maddəsi: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da, ona mənəvi ziyan dəymişdir. O, bu hərəkətlərə görə stres keçirmiş və işgüzar nüfuzuna böyük ziyan vurulmuşdur. Əmr ona rəsmi verilməmiş və Nümayəndə2 tərəfindən “whatsapp” tətbiqində öz profilində yerləşdirmişdir. Əmrin surəti bu günə qədər ona göndərilməmişdir. Daha sonra isə feyk səhifələrdən istifadə edərək əleyhinə sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Bu barədə Salyan rayon prokurorluğuna və X6 Xidmətinə şikayət etmiş və araşdırma aparılır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması barədə cavabdeh əsassız əmr vermişdir. Tərəfindən mediasiya təklifi cavabdehə göndərilmiş və mediasiya prosesi keçirilmişdir. xx.xx.2024-cü il tarixdə ona İMS-də iştirak edilməməsi barədə arayış təqdim edildi. Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddianın təmin edilməyən hissəsi yəni Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməli idi. Çünki bu barədə inzibati xəta var, protokol və qərar işə əlavə edilmişdir. Cavabdeh2n direktoru Nümayəndə2 10000 manat mənəvi ziyanın və X8 Təhsil şöbəsindən 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi kifayət qədər əsaslıdır, çünki hər iki cavabdehin qanunsuz hərəkətləri göründüyü kimi təhsil ocağı olan məktəbdə baş verir və bütütn məktəbin kollektivini məcbur edirlər ki, ona qarşı çıxsınlar. Cavabdeh2n direktoru Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixdə “yazılı xəbərdarlıq edilməsi barədə” əmr və xx.xx.2024-cü il tarixdə “töhmət elan olunması barədə” əmrlərin ləğv edilməsinə gəldikdə bu iki əmr də tamamilə əsassızdır və onun işdən çıxmağını möhkəmləndirmək üçün etdikləri qanunsuz əməldir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayətində mənəvi zərərlə bağlı tələb irəli sürməyinə səbəb odur ki, hüquqlarını təmsil etdiyi şəxs ali təhsillidir. O, məktəbdə olan nöqsanlarla bağlı direktora məlumat verdikdən sonra onun həmin məktəbdə işləməsinə mane olmuşlar. Hətta direktor iddiaçıya müəyyən məbləğdə pul da təklif edərək, onun məktəbdə olan nöqsanlarla bağlı heç kimə məlumat verməməsini tələb etmişdir. Bundan sonra isə cavabdeh tərəfin təşəbbüsü ilə İddiaçı işdən çıxarılmışdır. Onun ali təhsilli olması və işləməsinə icazə verilməməsi səbəbilə də hesab edir ki, onun şərəf və ləqayətinə zərər dəymişdir. Qeyd edir ki, iddiaçını işdən qərəzlə şəkildə çıxarmışlar. Bundan sonra müvafiq olaraq Əmək müfəttişliyinə məlumat verilmiş, ondan sonra isə iddiaçının əmri verilmişdir. Əmək qanunvericiliyinə görə bu halda işçinin izahatı da alınmalı idi. Cavabdeh tərəf, hətta həmin əmri “Wotsapp” tətbiqi vasitəsilə də paylaşmışlar. Lakin həmin halı hazırda sübut edə bilmirlər. Sözügedən əmrlərin verilməsi zamanı aşkar surətdə saxtakarlığa yol verilmişdir. Ona görə ki, həmin əmrlər birinci instansiya məhkəməsinə iclas zamanı təqdim edilmişdir. Eyni zamanda vəkil xərcini təsdiq edən heç bir qəbz təqdim etməmişdir. İddiaçı hazırkı məhkəmə iclasında bildirmişdir ki, işçilərlə mübahisələrinin kəskinləşməsinin yeganə səbəbi onların işə gəlməməsi idi. Günay Xankişiyeva adlı texniki işçinin birinci instansiya məhkəməsində verdiyi izahat həqiqəti əks etdirmir. Əgər onun qeyd etdiyi kimi hallar olsaydı, onun barəsində hüquq mühafizə orqanlarına şikayətlər etməli idi. Lakin heç bir əsası olmadığı üçün belə bir şikayətlər etməmişdir. Həmin məktəbin ağsaqqallarının isə onunla razılıq əldə etmək istəyinin olmasının səbəbi başqa idi. Ona görə idi ki, həmin şəxslərin qızı və ya qohumu məktəbdə işləmir və xahiş edirdilər ki, onlar işə gəlməsin. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya yazılı xəbərdarlığın verilməsi səbəbi məktəbdə işləyən texniki işçilərin iddiaçı ilə münasibətlərinin kəskinləşməsi və onun barəsində müxtəlif ərizə və şikayətlərin daxil olması idi. Həmin şəxslər birinci instansiya məhkəməsində də izahat vermiş və iş materiallarında da onların izahatları mövcuddur. İddiaçını müəssisədə müqavilə ilə götürən zaman bütün texniki işçilər şikayətlərlə müraciət etmiş, onun işə götürülməsi ilə barışa bilmirdilər. Hətta ona dəfələrlə bildirsə də, kompromisə gəlməmişdir. İddiaçının barəsində xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas həmkarların ittifaqının qərarları olmuşdur. Əmrlərin qeydə alınması kitabından da görünür ki, həmkarlar ittifaqına xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(057)-1607/2024 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində qismən ləğv edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: Salyan 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, Salyan rayon Yenikənd tam orta məktəbinin direktoru Nümayəndə2 mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasındakı mübahisə barəsində barışığa və ya razılığa gəlmək mümkün olmamışdır. Əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 03 ay müddətinə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə ƏM-in 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Salyan rayon Yenikənd tam orta məktəbinin kollektivi tərəfindən imzalanmış müxtəlif tarixli aktlardan görünür ki, onlar akt tərtib edərək göstərmişlər ki, İddiaçı məktəbin işçiləri ilə kobud rəftar edir, əmək qanunvericiliyin tələblərinə riayət etmir, öz vəzifə öhdəliklərini qismən yerinə yetirir, işini keyfiyyətsiz yerinə yetirir. Ondan izahat tələb olunmuş, o isə izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli 59 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı etik davranış qaydalarını və Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndini kobud şəkildə pozduğuna görə ƏM-in 186-cı maddəsinin 3-cü hissəsi rəhbər tutulmaqla ona “yazılı xəbərdarlıq” elan olunmuşdur. xx.xx.2024-cü il tarixli 61 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı etik davranış qaydalarını və Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndini kobud şəkildə pozduğuna görə ƏM-in 186-cı maddəsinin 2-ci hissəsi rəhbər tutulmaqla ona “töhmət” elan olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayonu Yenikənd kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından CPM-in 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X6 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, Nümayəndə2 araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Nümayəndə2 barəsində İXM-in 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən tərtib olunmuş 18 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə əsassız və qanunsuz xitam verilmişdir. Əmək Məcəlləsinin 71, 80, 186 ə 187-ci maddələrinin tələbləri pozulmuşdur. Nəticədə Nümayəndə2 tərəfindən İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt toplanmış izahatlar, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə təsdiq edilmişdir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin rəisi X9 tərəfindən tərtib olunmuş “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Nəzirov X4 Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına apellyasiya şikayətinin dəlilləri və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) “q” bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq kimi əsas hüququ vardır. ƏM-in 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-in 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. ƏM-in 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. ƏM-in 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. ƏM-in 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-in 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. ƏM-in 186.2 və 186.3-cü maddələrinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. ƏM-in 187.1-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. ƏM-in 300-cü maddəsinə görə əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işə götürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Nümayəndə2 barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 18 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarla Nümayəndə2 İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, İddiaçı Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi barədə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 06 iyun 2024-cü il tarixli 73 №-li əmrə diqqət yetirdkdə orada Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) istinad edilmişdir. Salyan rayonu S.Cəfərov adına Yenikənd kənd tam orta məktəb üzrə X7 Təşkilatının xx.xx.2024-cü il tarixli 05 saylı iclas protokolunun çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Məktəbin direktoru əvəzi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə X1 müraciət edərkən məhz İddiaçı barəsində xx.xx.2024-cü il tarixli “yazılı xəbərdarlıq edilməsi barədə” və xx.xx.2024-cü il tarixli “töhmət elan olunması barədə” əmrlərin mövcudluğu, şəxsin bunlardan nəticə çıxarmadığı göstərilmiş və qeyd edilən səbəblər əsas götürülməklə əmək müqaviləsinin xitamına razılıq verilməsi xahiş edilmişdir. Göründüyü kimi, 06 iyun 2024-cü il tarixli 73 №-li əmrin əsasını hazırda mübahisələndirilən əmrlər təşkil etmişdir. Beləcə, hazırkı qətnamə ilə adıçəkilən 06 iyun 2024-cü il tarixli 73 nömrəli əmr ləğv edilmiş və qətnamə həmin hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 06 iyun 2024-cü il tarixli 73 №-li əmri ləğv edərkən göstərmişdir ki, işəgötürən tərəfindən formal xarakterli sənədlər hazırlanmaqla işçi ilə əmək müqaviləsinə xitam verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. X6 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Nümayəndə2 araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə Nümayəndə2 barəsində İXM-in 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və iş üzrə icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, araşdırma aparılarkən tələb olunan sənədlərin müfəttişliyə təqdim olunmaması, Nümayəndə2 izahatında həmin sənədlərin təqdim olunmadığı halda “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirməsi, bu sənədlərin sonradan formal olaraq tərtib olunaraq məhkəməyə təqdim olunmasına dair əsaslı şübhələr yaratmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri qərarında göstərsə də, xx.xx.2024-cü il tarixli “yazılı xəbərdarlıq edilməsi barədə” və xx.xx.2024-cü il tarixli “töhmət elan olunması barədə” əmrlərin ləğvi barədə iddianın təmini istiqamtində hər hansı qənaətə gəlməmişdir. Habelə 06 iyun 2024-cü il tarixli 73 №-li əmr ləğv edildiyi üçün xx.xx.2024-cü il tarixli “yazılı xəbərdarlıq edilməsi barədə” və xx.xx.2024-cü il tarixli “töhmət elan olunması barədə” əmrlər nəticə etibarı ilə hər hansı əhəmiyyət kəsb etmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə mübahisələndirilən hissədə qismən qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(057)- 1607/2024 saylı qətnaməsi Cavabdeh2n direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixli Yazılı xəbərdarlıq edilməsi barədə və xx.xx.2024-cü il tarixli Töhmət elan olunması barədə əmrlərinin ləğv edilməsinin təmin edilməməsi hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh2n direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixli Yazılı xəbərdarlıq edilməsi barədə və xx.xx.2024-cü il tarixli Töhmət elan olunması barədə əmrləri ləğv edilməli və qətnamə qalan hissədə dəyişdirilməməlidir. Belə ki, qətnamənin digər mübahisələndirilən hissələrdə ləğv edilməsi və iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 2(057)-1607/2024 saylı qətnaməsi Cavabdeh2n direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixli Yazılı xəbərdarlıq edilməsi barədə və xx.xx.2024-cü il tarixli Töhmət elan olunması barədə əmrlərinin ləğv edilməsinin təmin edilməməsi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh2n direktoru Nümayəndə2 xx.xx.2024-cü il tarixli Yazılı xəbərdarlıq edilməsi barədə və xx.xx.2024-cü il tarixli Töhmət elan olunması barədə əmrləri ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar