Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-261/2024 11.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin zəbtdən azad edilməsi, vurulmuş ziyan və cavabdehin özbaşınalığına son qoyulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin (hakim Rəşad Məmmədov) 15 avqust 2023-cü il tarixli, 2(049)-98/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tutulmuş mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən 0,60 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi, onun özbaşınalıq hərəkətlərinə son qoyulması, vurulmuş 300 manat ziyanın, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ümumi paylı mülkiyyətində olan Lənkəran rayonu, Parakənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,93 ha hektar torpaq sahəsindən 0,60 hektar hissəsini 12 fevral 2011-ci il tarixdə AN-1N-0230320 torpaq alqı-satqı müqaviləsinə əsasən Astara rayonu Kakalos kəndində yaşayan X1. X10 alqı-satqı müqaviləsinə əsasən aldığı 0,60 hektar torpaq sahəsini 24 fevral 2022-ci il tarixdə 4Ə-155 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satmışdır. Halbuki, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını 17 mart 2022-ci il tarixdə ********** nömrə ilə qeyd etdirməklə Dövlət Reyestrindən çıxarış almışdır. Mülkiyyətində olan torpaq sahəsini çəpərə almaqdan ötrü payalar basdırmış, cavabdeh qərəzli olaraq payaları çıxarıb və ona xeyli miqdarda ziyan vurmuşdur. Beləliklə torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq özbaşınalıq edərək mülkiyyət hüquqlarını pozmuş torpaq sahəsindən istifadə etməyinə mane olmuşdur. Cavabdehin özbaşınalıq hərəkətlərinə son qoymaqdan ötrü Lənkəran Polis şöbəsinə ərizə ilə müraciət etmiş, polis şöbəsinin xx.xx.2022-ci il tarixli ***-*******-1222 nömrəli məktubları ilə tövsiyə olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(049)-98/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən İddiaçı mülkiyyətində olan Lənkəran rayonu Parakənd kəndində yerləşən 0,60 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərci təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə əlavə ekspertiza təyin etməklə, zəbt olunmuş torpaq sahəsinin istiqamət və ölçüləri müəyyən edilməklə işə yenidən baxılması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnamnəni qəbul edərkən cavabdehin istifadəsində olan və 30 ildən artıq bir müddətdə həmin torpaq sahəsindən istifadə etməyini, iddiaçıya torpaq sahəsi satılarkən onun yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçıdan əvvəl cavabdehə məxsus olması faktı araşdırılmamışdır. Eyni zamanda məhkəməyə verdiyi izahatı qətnaməsində qeyd etməmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işə baxmamışdır. Lənkəran Rayon Məhkəməsi verilmiş ekspert rəyinin məhkəmənin özünün ekspert qarşısında qoyulmuş sualı cavablandırmamasını qeyd etdiyi halda və bu barədə məhkəmə iclas zalında şifahi formada vəsatət verməyinə baxmayaraq, yenə də əlavə ekspertiza təyin etməyərək yarımçıq olan ekspert rəyini sübut növü kimi qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya məhkəməsinə, apellyasiya şikayətinə qarşı etiraz göndərmişdir. Etirazda qeyd edilir ki, cavabdeh apeliyasiya şikayətinin işin halları hissəsində qeyd edir ki, birinci instansiya məhkəməsi güya tərəfindən işə baxılan zaman iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə həmin torpaq sahəsinin ölçülərinin dəqiqləşdirməkdən ötrü iş üzrə ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmiş (həmin qərardad ona verilməmiş qərardadda olan suallar ekspert rəyində göstərilən məlumatlar əsasında öyrənib) və həmin qərardadda torpaq sahəsinin hansı istiqamətdə, hansı ölçüdə zəbt olunması barədə qeyd etmiş, lakin verilmiş ekspert rəyində həmin sualı tam cavablandırmamış, torpaq sahənin zəbt olunması göstərilsə də həmin sahənin hansı istiqamətdə və hansı ölçülərdə zəbt olunması göstərilməmişdir. Məhkəmə iclası zamanı iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə tərəfindən verilmiş vəsatəti hakim tərəfindən müşavirə edərək vəsatətin rədd edildiyini bildirmiş, hansı əsasla vəsatətin rədd edilməsini soruşduqda isə təmin olunmur deyərək başqa heç bir məlumat verməmişdir. Cavabdeh tərəfindən qeyd edilən ifadələr işin hallarına uyğun deyildir, cəfəngiyat olmaqla, məhkəmə iclasında iştirak etmədiyi halda necə olur ki, vəsatət vermiş və məhkəmə onu rədd etmişdir. Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün həqiqətə uyğun olmayan ifadələr yazmışdır. Məhkəmə tərəfindən həm ona həm də cavabdehə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq üzrsüz səbəblərdən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, guya ekspert rəyində torpaq sahəsinin zəbt olunması göstərilsədə həmin sahənin hansı istiqamətdə və hansı ölçüdə zəbt olunması göstərilməmişdir. Cavabdehin bu fikri ilə də razı deyil. Ona görə ki, həm mütəxəssis rəyində həmdə ekspert rəyində qeyd edilir ki, həqiqətən onun və Cavabdeh və məhkəmənin nümayəndəsinin iştirakı ilə mübahisəli ərazinin koordinatları naturada plana alınmış, komeral şəraitdə baza məlumatları naturada plana alınmış, komeral şəraitdə baza məlumatları və hüquq müəyyənedici sənədlər əsasında araşdırma aparılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 mart 2022 ~d il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda mülkiyyətimdə olan 0.60 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. Hesab edir ki, həm mütəxəssis həmdə ekspert rəyində aparılmış tədqiqatın müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş sualılara əsaslandırılmış cavablar verilmişdir. Ekspert rəyi kifayət qədər aydın və tamdır. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, mülkiyyətimdə olan 0.60 torpaq sahəsinin Rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və torpaq sahəsinin qonşu sərhədləri barədə torpaq sahəsinin planı və ölçüsü barədə sənəd işə əlavə edilmişdir. Bundan başqa cavabdeh tərəfindən Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0.93 ha torpaq sahəsinin 0.60 ha hissəsinin Astara rayon Kakalos kəndində yaşayan X2 barədə alqı-satqı sənədi vardır. Həmin sənəd mülki işə əlavə edilmişdir. Beləliklə hörmətli Məhkəmə kollegiyasına bildirir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iş materiallarına uyğun deyildir. Məhkəmənin qətnaməsi əsaslı və qanuni olduğundan apellyasiya şikayətinin təmin etmədən və qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı məhkəməyə təqdim etmiş olduğu apellyasiya şikayətinə etirazın məzmununa oxşar olan eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətini əsassız hesab etmişdir. Həmçinin cavabdehin məhkəmə iclasının təxirə salınması ilə bağlı teleqramına münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh 1-ci instansiya məhkəməsində də heç bir məhkəmə iclasına gəlməmişdir. Ekspert rəyində açıq qeyd edilmişdir ki, cavabdeh onun mülkiyyətində olan 0.60 ha torpaq sahəsini tam olaraq istifadə edir. O, uzaq yol gəldiyini və məhkəmə iclasının təxirə salınmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə teleqram vuraraq iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №-li, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan, həmçinin A738035 №-li «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Lənkəran rayonu Parakənd kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0,60 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-105 KOD80203016 №-li Şəhadətnamədən görünür ki, Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli, 04 saylı qərarına əsasən Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0,93 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X11, X9 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. 12 fevral 2011-ci il tarixdə AN-1N-0230320 torpaq alqı-satqı müqaviləsinə əsasən, Rəsulov X6 rayonu Parakənd kəndində yerləşən 0,93 ha torpaq sahəsinin 0,60 ha hissəsini Astara rayonu Kakalos kəndində yaşayan X1. Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Hüseynov X3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 mart 2022-ci il tarixli ********** qeydiyyat №-li Çıxarışla İddiaçı mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3128 №-li, 30 may 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-477/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu Parakənd kəndi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən 17 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunması müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinin bir hissəsindən mülkiyyətçinin razılığı olmadan istifadə edir və mülkiyyətçinin tələbi ilə torpaq sahəsini boşaltmalıdır. Cavabdeh şikayətində birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsi barədə vəsatətinin əsassız olaraq təmin edilmədiyini bildirsə də, vəsatətinin əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(049)-98/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-261/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-261/2024
11.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver