Məhkəmə qərarları › İş №2(106)-265/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-265/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-265/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-47/2023 saylı, 30 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda isə mənzilin açıq hərrac yolu ilə satılması, əldə olunmuş vəsaitin paylara uyğun olaraq ¾ hissədə ona (iddiaçıya), ¼ hissədə Nümayəndə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında mərhum X1na məxsus olmuş, bu evə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Rayon Ərazi İdarəsi tərəfindən 16 fevral 2008-ci il tarixli, MH ******* seriya nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X1 adıçəkilən fərdi yaşayış evini və 4 sot həyətyanı torpaq sahəsini İmişli rayonunun Birinci dövlət notariat kontorunda 2008-ci ilin iyunun 27-də 2V1-20 nömrəli reyestrdə rəsmiləşdirməklə iddiaçıya vəsiyyət etmiş, anası 01 noyabr 2013-cü ildə vəfat etmiş, adıçəkilən ev ondan miras qalmış, vərəsələr arasında razılıq olmadığından İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(036)-3894/2015 nömrəli qətnaməsi ilə adıçəkilən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ¾ hissəsi üzərində iddiaçının, ¼ hissəsi üzərində qardaşı – cavabdehin atası X7 payı müəyyən edilmiş və həmin hissələrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 03 mart 2016-cı il tarixli, RX ******* seriya nömrəli çıxarış verilmişdir. Adıçəkilən fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinə cavabdeh iddiaçını buraxmamış, mülkiyyətdən öz istəyinə uyğun sahiblik, istifadə edə və sərəncam verə bilməmiş, mülkiyyətdən iddiaçını faktiki olaraq məhrum etmiş, yalnız özü istifadə etməklə istədiyi kimi sərəncam vermiş, mülkiyyətdən iddiaçını faktiki olaraq məhrum etməklə oradan müxtəlif təyinatlar üzrə istifadə edərək qazanc əldə etməyə başlamış, hazırda evi kənar şəxslərə kirayə verməklə gəlir əldə edir. Adıçəkilən evin və həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi barədə 2017-ci ildə məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh mübahisənin məhkəmədən kənar həll edilməsinə maneçilik törətməyəcəyinə vədlər verərək iddiaçını əmin etdikdən sonra zərurət yaranacağı halda yenidən məhkəməyə müraciət edəcəyini bildirməklə iddia ərizəsini geri götürmüşdür. Lakin cavabdeh pis niyyətini nümayiş etdirməklə keçmiş 4 il ərzində nəinki mübahisənin məhkəmədən kənar həll edilməsinə razılıq verməmiş, iddiaçını ümumiyyətlə mülkiyyətində olan evə buraxmamışdır. Ona görə də mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkün olmadığını görüb hazırkı iddia ilə məhkəməyə yenidən müraciət etməli olmuşdur. Adıçəkilən evin məhkəmədən kənar satılması, əldə olunmuş vəsaitin paylara uyğun hissədə bölünməsi, yaxud mənzilin ¾ hissəsinin dəyərinin iddiaçıya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üçün etdiyi bütün cəhdlər nəticəsiz qalmış, mübahisə öz müsbət həllini tapmadığından hesab edir ki, məsələ məhkəmə qaydasında həll olunmalıdır. İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin və yardımçı sahələrinin naturada bölgüsü mümkün olmadığından məsələnin məhkəmədən kənar həlli qaydası yoxdur. Cavabdeh tərəfindən adıçəkilən fərdi yaşayış evi ilə bağlı iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasının qarşısının alınması, cavabdehlə bir mənzildə yaşamağın qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, yaranmış şəraitdə hüquqlarının pozulmasının qarşısının birdəfəlik alınmasından ötrü adıçəkilən ev naturada bölünməli, əgər naturada bölünməsi mümkün olmasa, mənzil açıq hərrac yolu ilə satılmalı, əldə olunmuş vəsait paylara uyğun olaraq bölünməlidir. Sonradan İddiaçı əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndənun əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin gedişatında məlum olmuşdur ki, iş üzrə cavabdeh adıçəkilən ev üzərində olan ¼ hissədə payını anası Cavabdeh bağışlamış və hazırda həmin evin ¼ hissəsinə sonuncu paylı mülkiyyətçidir. Həmin evin paylı mülkiyyətçisi dəyişdiyindən hesab edir ki, iş üzrə cavabdeh də dəyişməli, cavabdeh Nümayəndə əsl Cavabdeh ilə əvəz edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. İmişli Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(036)-1344/2021 saylı məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh Nümayəndə əsl Cavabdeh ilə əvəz edilmişdir. İmişli Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(036)-1344/2021 saylı qərardadı ilə mülki iş üzrə mövcud sənədlər əsasında ilkin məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanda yerləşən fərdi yaşayış evinin ideal paylar üzrə real (naturada) bölgüsü texniki cəhətdən mümkündürmü?;

2. Əgər real (naturada) bölgüsü texniki cəhətdən mümkündürsə, ideal paylar üzrə texniki cəhətdən hansı variantlarda bölmək mümkündür?”. İşdəki 15 iyul 2022-ci il tarixli, 10/2786 saylı ekspert rəyindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bundan sonra, İddiaçı iddia predmetinə əlavə və dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin bazar qiymətinin ¼ hissəsinə görə kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, adıçəkilən ev faktiki olaraq cavabdeh və onun ailəsinin sahibliyində olduğundan iddiaçını oraya buraxmır, oradan istifadə etməyə qoymur, konstitusion hüquqlarını kobud surətdə pozurlar, baxmayaraq ki, həmin evə iddiaçının daha çox ehtiyacı var. Ona görə də hesab edir ki, paylı mülkiyyətdə cavabdehin payı cüzi (az) olduğundan və onun bu evə ehtiyacı olmadığından onun payına düşən hissə üzrə iddiaçı tərəfindən kompensasiya ödənilməklə onun paylı mülkiyyətdəki hüququna xitam verilməsi daha məqsədəuyğundur. Mülkiyyətçi Mülki Məcəllənin 220.4-cü və 220.5ci maddələrinə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd edilənlərin və mənzillə bağlı hazırkı reallığın nəzərə alınmasını istəyir. İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-104/2022 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin ərizə qəbul edilmişdir. İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-104/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. İmişli şəhəri, P.Həsənov küçəsində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi indiki vaxta real bazar dəyəri nə qədərdir?; 2. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan fərdi yaşayış evinin əlahiddə daşınmaz əmlak obyekti kimi indiki vaxta real bazar dəyəri nə qədərdir?; 3. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin indiki vaxta real bazar dəyəri nə qədərdir?”. İşdəki 27 iyul 2023-cü il tarixli, 10/2404-9/2602 saylı ekspert rəyindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.metr, köməkçi sahəsi 33,6 kv.metr olan 51 saylı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 35000 manat məbləğində müəyyən edilmişdir. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.metr, köməkçi sahəsi 33,6 kv.metr olan 51 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000 manat məbləğində müəyyən edilmişdir. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bundan sonra İddiaçı yenidən iddia predmetinə əlavə və dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan 51 saylı fərdi yaşayış evinin və 0,04 ha torpaq sahəsinin bazar qiymətinə uyğun ¼ hissəsinə görə kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini iddia predmetinə əlavə və dəyişiklik edilməsinə dair əvvəlki ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh iddianın gələcəkdə təmin olunacağı halda məhkəmə qətnaməsinin icrasını çətinləşdirmək məqsədilə paylı mülkiyyətdə olan İmişli rayonu, P.Həsənov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə tikinti materialları tökərək işlər görmək niyyətindədir. Gələcəkdə problemlərin yaşanmamasından ötrü məhkəmə qərarının icrası zamanı yarana biləcək maneələrin aradan qaldırılması üçün tikili ilə yanaşı, həyətyanı torpaq sahəsinin də boşaldılmaqla iddiaçıya təhvil verilməsi zəruridir. İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)-47/2023 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin ərizə icraata qəbul edilmişdir. İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)-47/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iddia tələbi təmin olunmuş, Cavabdeh İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha torpaq sahəsi və birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindəki ümumi paylı mülkiyyət hüququna 8750 manat kompensasiya verilməklə xitam verilməsi və onun həmin vahid daşınmaz əmlak obyektinin yerləşdiyi ərazinin hüdudlarından kənara çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)-47/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, Mülki Məcəllə paylı mülkiyyət mülkiyyətçisinə kompensasiya ödənilməsinin əsası kimi onun öz razılığının olmasını müəyyən etmiş və bundan istisnaya yalnız aşağıdakı 3 hal kompleks şəkildə mövcud olduqda yol verilir: 1) mülkiyyətçinin payının cüzi olması; 2) payın real surətdə ayrıla bilməməsi; 3) ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması. 1-ci və 3-cü halların olmaması açıq-aşkardır. Belə ki, cavabdehin ¼ hissədə (25%) payı cüzi pay hesab edilə bilməz və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məhkəmə qətnaməsində əsaslandırılmamışdır. Hakimin hansı əsasa və səbəbə görə cavabdehin ümumi əmlakdakı payına olan mənafeyinin mühüm olmaması nəticəsinə gəlməsi məlum deyil. Qəbul olunmuş hazırkı qətnamə ilə cavabdeh qanuni əsaslar olmadan ümumi mülkiyyətə olan payından məhrum olmuşdur. Bu da vətəndaşın konstitusion hüquqlarının pozulması deməkdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin İmişli Rayon Məhkəməsi sübutların qiymətləndirilməsi məsələsinə kifayət qədər diqqət yetirməmişdir. Belə ki, məhkəmənin qətnaməsində ekspert rəyinin qiymətləndirilməsinə dair bir cümlə belə göstərilməmişdir. O, ekspert rəyini qeyd-şərtsiz qəbul etməklə ona qabaqcadan müəyyən edilmiş hüquqi qüvvə vermişdir. Ekspert rəyində ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmə də bu rəyi əsas götürüb müvafiq qətnamə çıxarmışdır. Halbuki məhkəmənin bu yanaşması Cavabdeh mülkiyyət hüququnun kobud şəkildə pozulmasına, onun ümumi mülkiyyətdə olan daşınmaz əmlakdakı payından məhrum olmasına səbəb olmuşdur. Əslində fərdi yaşayış sahəsinin bölünməsi bir qədər çətinlik yaratsa da, əmlakın yerləşdiyi torpaq sahəsinin bölünməsi tamamilə mümkündür. Belə olan halda sual yaranır ki, daşınmaz əmlak naturada bölünməsi mümkün olan hissələrdə nəyə görə bölünməməlidir? Halbuki torpaq sahəsinin naturada bölünərək cavabdehə düşən payın ayrılaraq özünə verilməsi, bölünməsi mümkün olmayan hissənin isə kompensasiya verilməklə əvəzləşdirilməsi mümkün idi. Cavabdeh məhkəmə iclasında bunu bildirsə də və tələb etsə də, məhkəmə ekspert qarşısında buna uyğun müvafiq sual qoymamışdır. Bundan başqa, qeyd etmək lazımdır ki, əslində fərdi yaşayış evinin də bölünməsi mümkünsüz deyil. Belə ki, kommunikasiya xətlərinin (elektrik, qaz, su) yenidən quraşdırılması şərtilə bu da mümkün ola bilərdi. MPM-in 103.1-ci maddəsinin məzmununa görə, ekspert rəyi də eynilə digər sübutlar kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Lakin qətnamədə ekspert rəyinin qiymətləndirilməsinə dair bir cümlə belə yoxdur. Cavabdeh birinci instansiya məhkəməsində savadının olmaması səbəbindən ekspert rəyini mübahisələndirə bilməmişdir. AR MPM-in 101-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Cavabdeh hazırda bu hüququndan istifadə edərək "xxxx" MMC-yə müraciət edərək ümumi mülkiyyətdə olan payının texniki cəhətdən bölünməsinin mümkün olub-olmamasının və daşınmaz əmlakın dəyərinin müəyyən edilməsini sifariş etmiş və ekspert (mütəxəssis) rəyi almışdır. "xxxx" MMC tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli rəyə əsasən, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ¾ və ¼ pay, müvafiq olaraq 0,03 ha və 0,01 ha sahələrə bölünməsi mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yalnız 54,4 kv.m və 16 kv.m (bir otaq) hissələrə naturada bölünməsi kommunikasiya xətlərinin (elektrik, qaz, su) yenidən quraşdırılması şərtilə mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərindəki 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 21 noyabr 2023-cü il tarixə ədalətli orta bazar dəyəri 43700 manat təşkil edir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və bildirdi ki, mübahisəli əmlak üzərində cavabdehin payı cüzi hesab edilə bilməz. Həmin əmlak üzərində ¼ hissədə paylı mülkiyyət hüququnun olması cavabdehin payının cüzi olmadığını göstərir. Həmçinin, cavabdeh ona kompensasiya ödənilməsi yolu ilə onun ümumi paylı mülkiyyətdəki payına xitam verilməsi ilə razı deyil. Həmçinin, o, öz payının iddiaçıya satılmasını da istəmir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni və əsaslı olmuşdur. Onun ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Həmçinin, qeyd etdi ki, o, mübahisəli evdə sonradan yaşamaq fikrində deyil, cavabdehin həmin əmlak üzərində payına kompensasiya verilməklə xitam verildikdən sonra həmin əmlakı satmağı düşünür. O, həmin əmlak üzərində ¾ hissədə olan payını cavabdehə satmağa etiraz edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək İddiaçı izahatı ilə eyni məzmunda çıxış etdi. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. İşdə surəti olan İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(036)- 3894/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 miras qalmış İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha torpaq sahəsindən və 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan fərdi yaşayış evindən İddiaçı ¾ hissədə, cavabdeh X7 ¼ hissədə pay almaq hüququ təsdiq edilmiş və İddiaçı payına dair adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2016-cı il tarixli, 2(106)-1701/2016 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər X10 və X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli, 2(036)-3894/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı (3/4 hissə) və X3 (1/4 hissə) adına xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsi tərəfindən 27 fevral 2016cı il tarixində tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi 51 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 36,8 kv.m, köməkçi sahəsi 33,6 kv.m, ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi 1960-cı ildə inşa edilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı (3/4 hissə) və X4 (1/4 hissə) adına xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı (3/4 hissə) və Cavabdeh (1/4 hissə) adına xx.xx.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki 15 iyul 2022-ci il tarixli, 10/2786 saylı ekspert rəyindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki 27 iyul 2023-cü il tarixli, 10/2404-9/2602 saylı ekspert rəyindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsində 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.metr, köməkçi sahəsi 33,6 kv.metr olan 51 saylı fərdi yaşayış evinin vahid daşınmaz əmlak obyekti kimi hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 35000 manat məbləğində müəyyən edilmişdir. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən birmərtəbəli, iki otaqlı, yaşayış sahəsi 36,8 kv.metr, köməkçi sahəsi 33,6 kv.metr olan 51 saylı fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000 manat məbləğində müəyyən edilmişdir. İmişli şəhəri, P.Həsənov küçəsi 51-də yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cavabdeh tərəfindən sifariş edilərək əldə olunmuş və apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin 21 noyabr 2023-cü il tarixli, UNİ/N 01-174/23 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ¾ və ¼ pay, müvafiq olaraq 0,03 ha və 0,01 ha sahələrə naturada bölünməsi mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yalnız 54,4 kv.m və 16 kv.m (bir otaq) hissələrə naturada bölünməsi kommunikasiya xətlərinin (elektrik, qaz, su) yenidən quraşdırma şərtilə mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzərindəki 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 21 noyabr 2023-cü il tarixinə ədalətli bazar dəyəri 43700 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. İddiaçı ilk öncə onunla cavabdehin ümumi paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə evin açıq hərrac yolu ilə satılmasını, əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini tələb etmiş, lakin həmin tələbə hər hansı hüquqi qiymət verilmədən, 15 iyul 2022-ci il tarixli ekspert rəyi alındıqdan sonra iddiaçı öz tələbini dəyişdirmiş, cavabdehə payına uyğun olaraq fərdi yaşayış evinin bazar qiymətinin ¼ hissəsinə görə kompensasiya verilməklə onun paylı mülkiyyət hüququna xitam verilməsini tələb etmiş, daha sonra isə öz tələbinin həcmini artıraraq, cavabdehə ümumi paylı mülkiyyətdə fərdi yaşayış evinin və torpaq sahəsinin bazar qiymətinə uyğun ¼ hissəsinə görə kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini əsaslandırarkən bildirmişdir ki, cavabdehlə eyni evdə yaşamaq mümkün deyil, o, iddiaçının həmin evdən istifadəsinə mane olur və evin həyətyanı sahəsinə tikinti materialları tökərək işlər görmək niyyətindədir. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, Mülki Məcəllə paylı mülkiyyətin mülkiyyətçisinə kompensasiya ödənilməsinin əsası kimi onun öz razılığının olmasını müəyyən etmiş və bundan istisna üçün yalnız 3 halı kompleks şəkildə mövcudluğu tələbini irəli sürmüşdür: 1) mülkiyyətçinin payının cüzi olması; 2) payın real surətdə ayrıla bilməməsi; 3) ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması. Hazırkı iş üzrə 1-ci və 3-cü halların olmaması açıq-aşkardır. Belə ki, cavabdehin ¼ hissədə (25%) payı cüzi pay hesab edilə bilməz və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məhkəmə qətnaməsində əsaslandırılmamışdır. 2-ci əsasla bağlı isə bölgünün mümkünlüyünü əks etdirən "xxxx" MMC-nin mütəxəssis rəyini təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini yoxlamadan və qiymətləndirmədən qəbul etmiş, əlavə araşdırma aparmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi qanuni əsaslar olmadan onu ümumi mülkiyyətdə olan payından məhrum etmişdir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Hazırkı halda isə iddiaçı cavabdehin ümumi paylı mülkiyyətdə olan əmlak üzərində payının cüzi olduğunu qeyd etsə də, cavabdehin əmlak üzərində mövcud olan ¼ hissədə pay hüququ cüzi hesab edilə bilməz. Bundan əlavə, iddiaçı ümumi əmlakdan istifadə edilməsində cavabdehin mühüm mənafeyinin olmamasına dair hər hansı sübut da təqdim etməmişdir. Həmçinin, ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılmasının mümkün olub-olmamasına da hər hansı hüquqi qiymət verilməmişdir. Buradan da göründüyü kimi, paylı mülkiyyətçinin razılığı olmadan da onun payına kompensasiya ödənilməklə xitam verilməsi üçün Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, əvvəlcə iddiaçı onunla cavabdehin ümumi paylı mülkiyyətində olan daşınmaz əmlakın naturada bölünməsini, naturada bölgü mümkün olmadıqda isə evin açıq hərrac yolu ilə satılmasını, əldə olunmuş vəsaitin paylara uyğun bölünməsini tələb etmiş, lakin 15 iyul 2022-ci il tarixli ekspert rəyi alındıqdan sonra iddiaçı öz tələbini dəyişdirmiş, cavabdehə payına uyğun olaraq fərdi yaşayış evinin bazar qiymətinin ¼ hissəsinə görə kompensasiya verilməklə onun paylı mülkiyyət hüququna xitam verilməsini tələb etmiş, daha sonra isə öz tələbinin həcmini artıraraq, cavabdehə ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin bazar qiymətinə uyğun ¼ hissəsinə görə kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə verdiyi apellyasiya şikayətinə "xxxx" MMC-nin 21 noyabr 2023-cü il tarixli, UNİ/N 01-174/23 nömrəli mütəxəssis rəyini əlavə etmiş, həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin ¾ və ¼ pay, müvafiq olaraq 0,03 ha və 0,01 ha sahələrə naturada bölünməsi mümkündür. İmişli şəhəri, P.Həsənov küçəsi, ev 51 ünvanında yerləşən 70,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin yalnız 54,4 kv.m və 16 kv.m (bir otaq) hissələrə naturada bölünməsi kommunikasiya xətlərinin (elektrik, qaz, su) yenidən quraşdırma şərtilə mümkündür. Göründüyü kimi, iddiaçı ümumi paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini gözləmədən iddia tələbini dəyişdirməklə, birbaşa olaraq cavabdehin ümumi mülkiyyətdə olan əmlak üzərində payına kompensasiya ödənilməklə xitam verilməsini tələb etmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən Qərarında bildirir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı iş üzrə isə əmlakın naturada bölünməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilmədən iddia tələbi dəyişdirilmişdir. Bundan başqa, Mülki Məcəllənin 220.3-cü maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də aydın olunduğu kimi, yalnız ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu isə o deməkdir ki, hazırda iddiaçı digər paylı mülkiyyətçi olan cavabdehin paylı mülkiyyətdəki payına xitam verilməsi üçün kompensasiya ödəməkdə haqlı deyil və iddiaçı yalnız müvafiq şərtlər mövcud olduğu təqdirdə paylı mülkiyyətdəki öz payına xitam verilməsi üçün digər paylı mülkiyyətçi olan cavabdehin ona müəyyən kompensasiya məbləği ödəməsini tələb edə bilərdi. Hazırkı halda isə iddiaçının tələbi bu qaydanın ziddinədir. Həmçinin, apellyasiya şikayətindən də göründüyü kimi, cavabdeh onun paylı mülkiyyətdəki payına xitam verilməsinə razılıq vermədiyini də bildirir. Məhkəmə kollegiyası isə qeyd edir ki, Mülki Məcəllənin 220-ci maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Bu cür mövqe Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında da öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının qeyd edilən tələblərinə əməl etməmiş, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilib-edilməməsinə düzgün qiymət verməmiş, iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün subyektiv hüququnun mövcud olubolmamasını araşdırmamış, beləliklə də, maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı tələbinə hüquqi qiymət verərək bildirir ki, MM-in 220.3-cü maddəsində qeyd edilənlərin əksinə olaraq, iddiaçı özünün mülkiyyətdə olan payına kompensasiya verilməklə xitam verilməsini deyil, cavabdehin mülkiyyətdə olan payına kompensasiya ödənilməklə xitam verilməsini tələb etmiş, həmçinin, MM-in 220.4-cü maddəsində nəzərdə tutulmuş paylı mülkiyyətçiyə onun razılığı olmadan kompensasiya verilməklə onun payına xitam verilməsi üçün müəyyən edilmiş şərtlərin mövcudluğu sübut olunmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair hissəsi ilə bağlı isə qeyd edir ki, həmin hissədə tələb cavabdehin paylı mülkiyyətdə olan payına xitam verilməsinin hüquqi taleyindən asılı olmuşdur. Hazırda cavabdehin əmlak üzərində paylı mülkiyyət hüququndakı payının xitamı üçün əsas olmadığından, onun həmin ərazidə mülkiyyətçi kimi müxtəlif fəaliyyətlərlə məşğul olmaq imkanı var. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası təmin edilməməlidir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə alınmış ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların cəmi dəyəri olan 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(036)-47/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilməsi və ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” iddiası təmin edilməsin. 15 iyul 2022-ci il tarixli, 10/2786 saylı və 27 iyul 2023-cü il tarixli, 10/2404-9/2602 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar