Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-269/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X4, İddiaçı, Cavabdeh İmişli rayonu rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(036)-1816/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr edimiş ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertikikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı Tofiq qızı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilsin. İddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən (əmr xx.xx.2008-ci il tarixli, № 13) İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsin qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə (əmr xx.xx.2024-cü il tarixli, № 31) təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırma imtahanın test mərhələsinin video görüntülərinə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, imtahan zamanı onun nəticələrinə mənfi təsir göstərə biləcək və iddiaçının iddia ərizəsində göstərdiyi heç bir hadisə baş verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 qarşı “cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 31 nömrəli əmrinin etibarsız hesab edilərək ləğv edilməsi və 1 saylı tam orta məktəbinə əvvəllər çalışmış olduğu ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin də cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh İmişli rayon Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixli, 31 saylı əmr çıxarılaraq əmək müqaviləsinə xitam verilməklə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları kobud surətdə pozulub. Ona görə də həmin əmri mübahisələndirir və bildirir ki, əmr məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalı, məktəbdə çalışdığı ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməlidir. O, 2007-ci ildə Bakı Dövlət Universiteti nəzdində Beynəlxalq Kolleci bitirimiş və ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmişdir. Həmin ildən, yəni 2007-2008-ci tədris ilindən 1 saylı Aranlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləməyə başlamışdır. 2007-ci ildən hazırkı ilə qədər fasiləsiz olaraq müəllimlik fəaliyyəti davam etdirmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddət ərzində məktəbdə intizamlı olmuş, müvəffəqliyyətlə dərs tədris etmiş, xeyli sayda uşağı 1-ci sinifə qəbul edib, 4-cü sinifdən sonra yuxarı siniflərə, necə deyərlər, yola salmışdır. Nəzərə çatdırır ki, yuxarı siniflərdə həmin şagirdlərin bilik və bacarıqlar əldə etməsində heç bir problem olmamış, fənn müəllimləri və valideynlər həmişə ondan razı qalmış, həmin uşaqların əksəriyyəti ölkənin müxtəlif ali və orta ixtisas məktəblərində təhsil almış, bir çoxları isə hazırda təhsil alır. Əmrdən görünür ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi zaman AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29- 69/3-2-13F/2024 saylı əmrinə istinad edilib. O da işdən azad olunmağı barədə cavabdehin əmrinə etiraz edir, bunu aşağıda qeyd etdiyi şəkildə əsaslandırır. Hər iki əmr tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsası kimi 2024-cü ilin iyun ayının 8-də iştirak etdiyi sertifikasiya imtahanının test mərhələsinin nəticəsinə əsasən guya keçid balını toplaya bilmədiyi götürülüb. Lakin qeyd edir ki, lazım olan keçid balını toplaya bilməməyinin səbəbi həmin imtahanın keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və ona normal imtahan şəraitinin yaradılmaması, bundan əlavə, nəticələrinin saxtalaşdırılması ilə bağlı olmuşdur. İmtahan nəticələrindən narazı qaldığına görə apellyasiya müraciəti etmiş, lakin gətirdiyi dəlillərə əhəmiyyət verilməyərək müraciəti təmin edilməmişdir. Qeyd edir ki, barəsində çıxmış qanunsuz əmrin ləğv edilməsi ilə əlaqədər hazırda Azərbaycan Respublikasının ali dövlət orqanlarına və onların vəzifəli şəxslərinə şikayətlərini davam etdirir. İştirak etdiyi 08 iyun 2024-cü il tarixli sertifıkasiya imtahanında aşağıdakı qanun pozuntularına yol verilməsi, göstərdiyi kimi, bilik və bacarıq səviyyənin imkan verməsinə və əslində tələb olunan keçid balını topladığına baxmayaraq, qiymətləndirimə zamanı hüquqlarının pozulması ilə nəticələnib: Sertifıkasiyanın test imtahan prosesi zamanı istifadə etdiyi kompüterə kənardan haker müdaxiləsi təşkil edilib. Belə ki, müəyyən vaxtdan sonra, yəni artıq bir xeyli suallarla tanış olub, onlara cavab verdiyi vəziyyətdə həmin kompüter qəflətən qaralaraq söndü, sonra isə təkrar bərpa olundu. Bərpa olunduqdan sonra isə aşağıdakı vəziyyətlə üzləşdi: Kompüter bərpa olunduqdan sonra suallara və cavablara bir daha nəzər yetirəndə əvvəlki sualların bir qisminin dəyişdirildiyini, buna görə də həmin suallara cavablarının artıq adekvat olmadığını, bəzi suallar qalsa da, cavabların silindiyini, bundan əlavə, bir sıra suallar olub ki, əvvəl başqa cavab variantını seçsə də, kompüter yenidən aydınlaşdıqdan sonra iradəsindən asılı olmayaraq, yanlış və seçmədiyi variantların işarələndiyini aşkar etdi. Bundan başqa, bərpa edildikdən sonra istifadəsində olan kompüterdə kursor oxunun “siçan”a tabe olmaması və əməliyyat komandaları verməyin mümkün olmamasından ibarət problem yarandı və nəticədə suallara cavabları işarələmək imkansız oldu. O, dərhal imtahan nəzarətçilərinə və orada olan kompüter mütəxəssislərinə müraciət etmiş, nəzərlərinə istifadəsində olan kompüterin yanıb-söndüyünü, bundan sonra suallar və cavablarla bağlı yuxarıda göstərdiyi vəziyyətin yarandığını, habelə kompüterdə olan nöqsanın bundan sonrakı fəaliyyətinə maneəçilik törətdiyini çatdırıb, kömək istəmişdir. Həmin hallar ona ayrılmış vaxtın böyük bir hissəsinin itirilməsinə, prosesi sıfır vəziyyətindən yenidən başlamağına səbəb oldu. Beləliklə, kompüterinə müdaxilə olunması, həmçinin həmin müdaxilənin bir parçası olan texniki problem yaradılması üzündən suallara cavabları bildiyi halda, imtahan prosesini normal qaydada başa vura bilməmiş, nəzarətçilərə etdiyi şikayətlərə isə əhəmiyyət verilməyib. Kompüterdə işarələyib cavabları müəyyən olunmuş qaydada təsdiq edib göndərmədiyi, ayrılmış vaxt isə bitmədiyi halda, ona keçid balından aşağı bal topladığı barədə elə imtahan zamanı cavab gəldi. Axı vaxt hələ bitməyibsə, başlıcası isə işarələdiyi cavabları təsdiqləməmişsə, necə qiymətləndirib ona cavab verilə bilərdi? Sertifıkasiya imtahanı zamanı qanun pozuntularına yol verilməsi barədə faktları sosial şəbəkələrdə yayılmış və geniş müzakirələrə səbəb olmuş səs yazıları da təsdiq edir. Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən illərdir müəllimlərə təlim keçirilməsi üçün cəlb olunmuş, həmin Nazirliklə geniş əlaqələrə malik olması heç bir şübhə doğurmayan Əfsanə Abdullayevə adlı şəxsə məxsus həmin audio yazısında etiraf edilir ki, imtahan keçirilən bütün məkanlarda imtahan nəzarətçiləri tamamilə ələ alınıb, bu məsələdən bütün regional təhsil idarələrinin xəbəri və iştirakı olub. Daha sonra, qeyd edilən audio yazıda o, həmin əlaqələrindən istifadə edərək sertfikatlarşdırma imtahanları üçün təlim keçməsi məqsədi ilə ona müraciət etmiş müəllimlərin hamısının, həmçinin təlim keçməsə də, başqa şəxslər vasitəsi ilə yenə ona müraciət etmiş digər müəllimlərin setifikatlaşdırma imtahanlarından uğurla keçirilməsinə nail olunduğunu, əvəzində rüşvət alındığını, həmin məbləğlərin bu işdə iştirak etmiş şəxslər arasında bölüşdürüldüyünü etiraf edir. Sual olunur: belə vəziyyətdə onun təhsilverən kimi bilik səviyyəsi imkan versə də, lazımi şərait yaradılmadığından tələb olunan balı necə toplaya bilərdi? Bu və bu kimi məsələləri aydınlaşdırmaq üçün ona aid hissədə imtahan prosesini çəkmiş videogörüntülərə baxış keçirmək məqsədlilə AR Elm və Təhsil Nazirliyinə dəfələrlə etdiyi müraciətlərə cavab olaraq, nəhayət dəvət əsasında 05 iyul 2024-cü il tarixdə qohumu X3 ilə birlikdə Sabirabad şəhərində yerləşən Mil- Muğan Regional Təhsil İdarəsində olmuşdur. Burada imtahan prosesinin ona aid hissəsinin cəmi 12 dəqiqəsinin videogörüntüsünə baxmaq imkanı oldu. Baxış zamanı aşağıdakı faktları aşkar edildi: Əvvəla, Təhsil İdarəsi əməkdaşlarının da gözünün qarşısında suallara təkrar münasibət bildirib düzgün cavabları qeyd etdi. Onlara da aydın oldu ki, o, suallların cavablarını düzgün vermək üçün lazımi bilik səviyyəsinə malik olmuşdur. Digər tərəfdən, baxış zamanı rastlaşdıqları bir çox suallara cavabların ona məxsus olmadığını, tamam başqa cavab variantını seçdiyi halda, fərqli cavabların xəbəri olmadan işarələndiyini müəyyən etdi. İkincisi, baxış prosesində istifadə etdiyi kompüterdə kiminsə kölgəsi aydın görünürdü və belə təəssürat açıq yaranırdı ki, suallara cavab verərəkən onunla paralel olaraq başqası da həmin kompüterdən istifadə edir. Bu, onun kompüterinə təhsil mafiya şəbəkəsinin haker müdaxiləsi təşkil etməsi deyilsə, bəs nədir? Qeyd edir ki, onun aşkar edilən faktlar barədə qeydlər apardığını görən Təhsil İdarəsinin müdiri Rəşad Musayev kobud şəkildə cəld yaxınlaşaraq videogörüntünün davamına baxmaq imkanı vermədi. Beləliklə, 2 saatlıq imtahanın cəmi videogörüntüsünə 12 dəqiqədən artıq baxmağa mane oldular. Kim bilir baxsaydıq, daha nələr aşkar oluna bilərdi. Yeri gəlmişkən, məhkəmə qarşısında vəsatət qaldırır və 08 iyun 2024-cü il tarixdə iştirak etdiyi sertifıkasiya imtahanının ona aidi hissəsinin videogörüntüsünün məhkəməyə gətirilib baxış keçirilməsini xahiş edir. Ona görə də cavabdeh tərəfindən bu hallar nəzərə alınmadan və araşdırılmadan işdən azad edilməyi yuxarıda da göstərdiyi kimi, qanunsuz və əsassızıdır. Qeyd etdiklərini təsdiq etmək üçün sübutları vardır. Bu sübutların sırasında Əfsanə Abdullayevanın səs yazısının əks olunduğu diski, imtahanda iştirak etmiş və prosesin qanun pozuntuları ilə keçirilməsini müşahidə etmiş və şahid olmuş müəllimləri qeyd edə bilər. Məhkəmə gedişində həmin şahidlərini dindirilmək üçün təqdim edəcəkdir. Bundan əlavə göstərdiyi kimi, imtahanın ona aid hissəsini qeydə almış videogörüntülər də nun sübutları arasında xüsusi əhəmiyyətə malikdir ki, bu barədə də həmin iddia ərizəsində artıq vəsatət qaldırmışdır. Eyni zamanda bildirir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən hallrda işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulub. Belə ki, həmin maddədə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər” ifadəsindən istifadə olunub. Burada “ləğv edilməlidir” sözlərinin əvəzinə “ləğv edilə bilər” sözlərindən istifadə olunması onu təsdiq edir ki, qanunverici bunu işəgötürənə vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni, bu hüquqdursa, işəgötürən ondan istifadə edə də bilər, etməyə də bilərdi və demək, hər şey onun öz mülahizəsinə görə səlahiyyətindədir. Belə olduğu halda, konkret söyləsə, daha yüksək hüquqi qüvvəyə malik AR Əmək Məcəlləsindən daha aşağı hüquqi qüvvəyə malik AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 saylı əmrində işçinin işdən azad olunmasının işəgötürən olan məktəb direktorlarının üzərinə vəzifə kimi qoyulması qeyd etdiyi əmək qanunvericiliyinin kobud surətdə pozulmasıdır. Çünki bu qanunsuz əmrin qəbul olunması cavabdehi onu işdən azad etməyə məcbur edib. Hesab edir ki, cavabdeh məktəb direktorunun həmin qanunsuz əmrə istinad etməsi, iştirak etdiyi imtahanın qüsur və nöqsanlarla keçirilməsini, həmçinin məktəbdə çalışdığı dövrdə iş göstəricilərinin yüksək olmasını nəzərə almadan əmək müqaviləsinə xitam verməsi ədalətsiz və qanunsuzluqdur. Ona görə də bildirir ki, cavabdeh məktəb direktorunun 27 iyun 2024-cü il tarixli, 31 saylı əmri ləğv edilməli və o, qanunla əvvəlki işinə bərpa olunmalıdır. Məlumat üçün bildirir ki, həmin iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Qüvvədə olan müvafiq qanunvericiliyin tələblərini nəzərə alaraq, mediasiya prosesindən keçmək üçün 1 saylı X2 müraciət etmişdir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsinə əsasən bu tələb üzrə dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 iddia tələbinə etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia əsassızdır, hazırda İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışır. Sertifıkasiya imtahanı zamanı keçmədiyinə görə əmək müqaviləsinə xitam verilib. Odur ki, iddia əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi MilMuğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İmişli rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyənolunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən verilmiş etirazda göstərilmişdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Əlavə olaraq İddiaçı müraciətinə əsasən icraatınızda olan 2(036)-1816/2024 nömrəli iş üzrə Mil-Muğan Regional Təhsil İdarəsi cavabdeh qismində cəlb olunmuş və xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclası zamanı İddiaçı təkrar sertifikatlaşdırma prosesinin video görüntüsü məhkəməyə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclası zamanı İddiaçı vətəndaş X1 işə şahid qismində cəlb olunmasını xahiş etmişdir. Bildirilir ki, İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına tam orta məktəbin sabiq ibtidai sinif müəllimi vətəndaş X3 “Təhsilverənlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına tam orta məktəbin cavabdeh qismində iştirakını və İddiaçı L.R.Nəcəfquliyevanın baldızı olmasını nəzərə alaraq sonuncunun şahid qismində bitərəf mövqedən çıxış etməsi inandırıcı deyil. Qeyd olunanlar nəzərə alınaraq X1 iş üzrə şahid qismində cəlb olunması ilə bağlı vəsatətin və İddiaçı tərəfindən irəli sürülmüş iddianın rədd olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Orxan Mahmud) 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67.2, 68, 70-maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 1.1, 1.2, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7, 3.8, 3.9, 3.9, 3.10, 3.11, 3.12, 3.1, 5.2, 5.3,5.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində iddia etdiyi və təkrar sertifikatlaşdırmanın test mərhələsinin nəticələrinə mənfi təsir göstərəcə biləcək hallar müəyyən edilməmişdir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırma imtahanın test mərhələsinin video görüntülərinə məhkəmə iclasında baxış zamanı imtahan prosesində onun nəticələrinə mənfi təsir göstərə biləcək və iddiaçının iddia ərizəsində göstərdiyi heç bir hadisə baş verməmişdir. İmtahan zamanın iddiaçı öz iradəsinə uyğun şəkildə düzgün hesab etdiyi cavabları işarələmiş və komputer tərəfində müvafiq əmrlər qeydiyyata alınmışdır. Hətta iddiaçı iddia etdiyinin əksinə, imtahanın 46-cı dəqiqəsində iddiaçı komputerdə kalkulyatordan istifadə etmək qaydasını nəzarətçilərdən soruşmuş və nəzarətçilər tərəfindən ona müvafiq kömək göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi, guya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikatlaşdırma imtahanları ilə ələqədar neqativ halların olması və bu halların məhz onun subyektiv hüquq və azadlıqlarını pozması və ya məhdudlaşdırması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2007-ci ildə Bakı Dövlət Universiteti nəzdində Beynəlxalq Kolleci bitirimiş və ibtidai sinif müəllimliyi ixtisasına yiyələnmişdir. Həmin ildən, yəni 2007-2008-ci tədrisilindən 1 saylı Aranlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləməyə başlamışdır. 2007-ci ildən hazırkı ilə qədər fasiləsiz olaraq müəllimlik fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddət ərzində məktəbdə intizamlı olmuşdur. Yuxarı siniflərdə həmin şagirdlərin bilik və bacarıqlar əldə etməsində heç bir problem olmamış, fənn müəllimləri və valideynlər həmişə ondan razı qalmış, həmin uşaqların əksəriyyəti ölkənin müxtəlif ali və orta ixtisas məktəblərində təhsil almış, bir çoxları isə hazırda təhsil alır. Əmrdən görünür ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi zaman AR Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-13F/2024 saylı qeyri-qanuni və əsassız əmrinə istinad edilmişdir. Hesab edir ki, cavabdeh məktəb direktorunun həmin qanunsuz əmrə istinad etməsi, iştirak etdiyi imtahanın qüsur və nöqsanlarla keçirilməsini, həmçinin çalışdığı zaman iş göstəricilərinin yüksək olmasını nəzərə almadan əmək müqavilmə xitam verməsi ədalətsiz və qanunsuzluqdur. İmişli Rayon Məhkəməsi işin obyektiv və qanuni araşdırılmasında maraqlı olmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassızlığını göstərdiyi halları nəzərə almamış, ona qarşı qərəzli olmuş, iş üzrə heç bir sübutu tədqiq etməmiş, cavabdehin iddia tələbinə qarşı etirazında istinad etdiyi halları təsdiq edən heç bir mötəbər və qanuni yollarla əldə edilmiş sübutlara malik olmadığına baxmayaraq, iddia tələbini rədd etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prossesi həyata keçirilir. Həmin Qaydanın 5.2.-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırma prossesində iştirak etməyən və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını (30 bal) toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. xx.xx.2024-cü il tarixdə təşkil edilən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı nəzərə alınaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Əlavə olaraq İddiaçı təkrar sertifikatlaşdırma prosesinin video görüntüsü birinci instansiya məhkəməsinə təqdim olunmuş, həmin videogörüntüyə baxış keçirilərkən iddiada əks olunan məsələlər öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək İmişli Rayon Məhkəməsinin 2(036)-1816/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1816/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh İmişli rayonu rayonu Aranlı kənd Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbinin direktoru Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1816/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması
1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması: 1.İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir. 2.İstehsal və xidmət keyfiyyətini artırır. 3.İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır. 4.Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Aydındır ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu və ya tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. 1.Əvvəla, iddiaçı imtahan zamanı lazım olan keçid balını toplaya bilməməsinin əsas səbəbi həmin imtahanın keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi və onun üçün normal imtahan şəraitinin yaradılmaması, bundan əlavə, nəticələrinin saxtalaşdırılmasına əsaslansa da, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə təkrar sertifikatlaşdırma imtahanın test mərhələsinin videogörüntülərinə məhkəmə iclasında baxış zamanı imtahan prosesində onun nəticələrinə mənfi təsir göstərə biləcək və iddiaçının iddia ərizəsində göstərdiyi heç bir hadisə baş verməmişdir. 2.İddiaçının şəxsi müşahidələri, eləcə də sosial mediada yayılan məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz. 3.İmtahan prosesində kənar müdaxilə və ya korrupsiya hallarının baş verdiyini göstərən hər hansı müvafiq dövlət qurumu tərəfindən qəbul edilmiş rəsmi qərar və ya araşdırma nəticələri mövcud deyildir. İddiaçı korrupsiya və qanunsuzluqlar barədə ümumi ittihamlar irəli sürsə də, bu iddiaları təsdiqləyən məhkəmə və ya dövlət orqanlarının rəsmi qərarlarını təqdim etməmişdir.
4. İddiaçı sertifikasiya nəticələrindən narazı olduğu üçün Elm və Təhsil Nazirliyinə apellyasiya müraciəti etdiyini bildirir. Lakin bu müraciət təmin edilməmiş və qərarın qanunsuzluğu ilə bağlı müvafiq orqanların araşdırması nəticəsində hüquq pozuntusu aşkar olunmamışdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati orqanların qərarlarının yoxlanılması prosesində həmin orqanların səlahiyyətlərini əvəz etməməli, yalnız həmin qərarlardan verilmiş şikayətin nəticələrini digər sübutlarla yanaşı qiymətləndirməlidir.
5. İddiaçı birinci instansiya məhkəməsinin qərarının qərəzli və obyektiv araşdırma aparılmadan qəbul edildiyini iddia edir. Lakin bu iddia təsdiqlənməmiş və məhkəmə iclasının qanunsuz keçirildiyinə dair rəsmi sübutlar təqdim olunmamışdır. 6.İşə bərpa tələbi qanuni əsaslarla irəli sürülməlidir. Lakin işdən çıxarılma əmri qanuni qüvvəyə malikdir və onun ləğv edilməsi üçün təqdim olunan dəlillər yetərsizdir. Əmək qanunvericiliyinə əsasən, işə bərpa üçün işçinin qanunsuz çıxarıldığını sübut edən hüquqi faktlar təqdim olunmalıdır. İddiaçının formal mülahizələri bu tələbi təmin etmək üçün yetərli hesab edilə bilməz. Məhkəmə qərarının qərəzli olduğu iddiası yalnız şəxsi narazılığa əsaslanmamalı, prosessual qaydaların pozulduğunu sübut edən faktlarla əsaslandırılmalıdır.
7. AR Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən hallar işəgötürənə əmək müqaviləsinə xitam vermək hüququnu tanıyır. Bu, işəgötürənə məcburi göstəriş deyil, lakin bu hüquq müvafiq normativ aktlarla tənzimlənə bilər. “Ləğv edilə bilər” ifadəsi işəgötürənə seçim imkanı verir, lakin bu o demək deyil ki, işəgötürən normativ aktlarla müəyyən edilmiş hallarda bu hüquqdan istifadə etməməlidir. Əmək Məcəlləsi daha yüksək hüquqi qüvvəyə malik olsa da, tabelik prinsipinə əsasən, dövlət qurumları öz səlahiyyətləri çərçivəsində əmək münasibətlərini tənzimləyən normativ aktlar qəbul edə bilər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət müəssisələrində çalışan işçilərin əmək fəaliyyətini tənzimləmək səlahiyyətinə malikdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli əmri birbaşa əmək qanunvericiliyinə zidd deyil, əksinə, təhsil sektorundakı işəgötürənlərin fəaliyyətini tənzimləyən icra aktıdır. Həmçinin cavabdeh Məktəb direktoru qərarını yalnız Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrindən asılı olaraq verməmiş, qanunvericiliyin tələblərini də nəzərə almışdır. 8.İşəgötürən olan məktəb direktorunun qərarına təsir edilməsi məsələsinə gəldikdə, dövlət orqanlarının nəzarət və tənzimləmə funksiyaları çərçivəsində məktəb direktoruna göstəriş verilməsi qanuni sayılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri, təhsil müəssisələrində kadr siyasətinin vahid qaydalar əsasında aparılmasını təmin etmək məqsədini daşıyır və bu baxımdan işəgötürənin hüquqlarını qanunsuz məhdudlaşdırmır. 9.İddiaçı apellyasiya şikayətində qeyd edir ki, AR Baş Prokurorluğuna sorğu verilməsi üçün İmişli rayon Məhkəməsi qarşısında 24 sentyabr 2024-cü il tarixli vəsatət qaldırmışdır. Lakin qətnamədə bu barədə heç bir münasibət göstərilmədiyinə baxmayaraq, məhkəmə vəsatətini təmin etməkdən və sorğu verməkdən imtina etmişdir. Halbuki, AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən bu halda iş üzrə icraatı dayandırmaq məhkəmənin vəzifəsi idi. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə icraatı dayandırmalıdır. Normanın məzmunundan göründüyü kimi bu yalnız məhkəmə icraatı üzrə baxılan işlərə aiddir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X6 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-1816/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;
qətetdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1816/2024 saylı, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.