Məhkəmə qərarları › İş №2(106)-27/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-27/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-27/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən evə köçürülmə tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı tərəfindən iddia ərizəsindən imtina barədə ərizəyə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh X3 və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələblərinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun (iddiaçının), mərhum bacısı Sevil Abbasova ilə birlikdə yaşadığı Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən evə köçürülməsi və cavabdeh Tehran Həsənovanın həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov ) İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı evə köçürülməsi və cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiası təmin edilərək İddiaçı Sabirabad rayonu Qalaqayın kəndində yerləşən 196 kv.m. sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər X4 və Cavabdeh2 Sabirabad rayonu Qalaqayın kəndində yerləşən 196 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1908.2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə , cavabdeh X4 (eyni zamanda Cavabdeh2 qəyyumu) tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsi qismən, cavabdehlər X4 və Cavabdeh2 Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən 196 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirlməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsiin Mülki Kollegiyasının 2(102)2124/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, iddiaçı tərəfində verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1908.2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsinin İddiaçı Sabirabad rayonu Qalaqayın kəndində yerləşən 196 kv.m. sahədən ibarət fərdi yaşayış evinə köçürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv olunması, işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin təkrar apelyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1530/2022 saylı, 26 iyul 2022-ci il tarixli qərardadı ilə, mülki iş üzrə icraat İddiaçı cavabdeh DƏDRX 13 saylı Şirvan ərazi idarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır Cavabdeh X1 Apellyasiya Məhkəməsinə vəsatət ünvanlayaraq icraatın dayandırılmasına səbəb olan inzibati iş üzrə icraatın başa çatdığını və iddiaçının ərizəsini geri götürdüyünü, ona görə də iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsindən daxil olmuş 2-1(120)-61/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı ərizəsi təmin olunaraq, iddia ərizəsi geri qaytarılmış və iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)27/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək mülki iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 21 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə yekun nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən evə köçürülmə tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəsi qəbul edilməli, Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 191, 370, 384.0.5, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(056)-1181/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən evə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar