Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-27/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi ilə bağlı mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : torpaq sahəsindən çıxarılma Şirvan şəhəri, 09 oktyabr 2025-ci il X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(056)-978/2022 saylı qətnaməsindən (hakim N.Bağırov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsinin istifadəsinin cavabdeh tərəfindən dayandırılaraq onun, həmin torpaq sahəsindən çıxarılması və topaq sahəsinin ona qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. 12 yanvar 2022-ci il tarixli AN-1 ******* nömrəli Daşınmaz Əmlakın alıq-satqı Müqaviləsinə əsasən Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsini 5000 (beş min) manata satın almışdır. Hazırda qeyd edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ona məxsusdur. Lakin sözü gedən torpağı alandan bu günədək cavabdeh torpaq üzərində mülkiyyət və sərəncam hüququnu pozaraq ona maneəçilik törədir. Cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur. Onunla aralarında hər hansı bir öhdəlik belə olmamışdır. O, torpağı başqa şəxsdən alqı-satqı müqaviləsi ilə almışdır. Hazırda gələcəkdə cavabdehin belə bir hərəkəti onun əkin-biçin işlərində həmin torpadan məhsul götürməsinə ziddir. Cavabdeh ona aid torpaq sahəsini qaytarmaqdan imtina edərək həmin torpaq sahəsi üzərində sərəncam vermə hüquqlarını pozur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.1998-ci il tarixdən mübahisəli torpaq sahəsinə faktiki sahiblik edir. Qeyd olunan torpaq sahəsinin ilk sahibi torpaq bölünən zaman xarici dövlətdə olmuşdur. Onun adına verilmiş torpaq aktı qanunsuz və dolayı yolla tərtib edilmişdir. Hesab edir ki, qeyd olunan torpaq sahəsi kənd sakinləri arasında bölüşdürülməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(056)-978/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsindən istifadəni dayandıraraq çıxarılması və torpağın iddiaçıya qaytarılması vəzifəsi Cavabdeh üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 51 manat və mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat xərcin əvəzi - ümumilikdə 101 (yüz bir) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o cavabdeh olaraq iddia tələbini qəbul etmir. O, İddiaçı adlı şəxsin mülkiyyətində olan hər hansı torpaq sahəsindən istifadə etmir. O, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Ümumiyyətlə, İddiaçı saxta sənədlərlə torpaq sahəsinə sahiblik edir. Belə ki, onun əldə etdiyi torpaq sahəsinin ilk sahibləri heç vaxt Azərbaycan vətəndaşları olmamışlar, onlar 1988-ci il tarixdə Özbəkistandan gəlmiş, 1992-ci il tarixdə isə Azərbaycanı tərk etmişlər. Müvafiq təsdiqedici sənədlər vardır. Digər tərəfdən məhkəmə iclası zamanı müəyyən edilməli idi ki, o iddiaçının torpaq sahəsini tam və ya qismən tutmuş və ya heç tutmamışdır. Bunun üçün müvafiq ekspertiza təyin edilməli idi. Lakin ekspertiza təyin edilməmişdir. Qeyd etdiyi bu hal birinci instansiya məhkəməsi tərəfindən tam hərtərəfli və obyektiv araşdırılmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçının heç bir torpaq sahəsini zəbt etməmiş, ondan istifadə etmir. Həmin ərazidə 24 şəxsə aid torpaq sahəsi mövcuddur. Ola bilsin ki, iddiaçıya məxsus torpaq sahəsini başqa şəxs və ya şəxslər tutmuşdur. Keçirilmiş ekspertiza xərci ilə razıdır. İddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, ona məxsus torpaq sahəsini cavabdeh zəbt etmişdir. Çünki cavabdeh onu mülkiyyətində olan torpaq sahəsinə buraxmır. Mütəxəssizlər mübahisəli yerə gələrək torpağının yerini ona göstərmişlər. Hazırkı iş üzrə keçirilmiş ekspertiza zamanı da mübahisəli ərazidə olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayonu Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” xx.xx.1998-ci il tarixli, JN-520 Kod 90900018 saylı Dövlət Aktından görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Sabirabad rayonu Əhmədabad kəndində 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri;
1. Cavabdehin iddiaçının mülkiyyətində olan hər hansı torpaq sahəsinin zəbt və ya ona məxsus torpaq sahəsinin istifadə etməməsindən;
2. Cavabdehin öz mülkiyyətində olan torpaq sahəsindən istifadə və sahiblik etməsindən;
3. Mübahisəli torpaq sahəsinin mühəndis-texniki ekspertiza təyin edilmədən cavabdeh tərəfindən tam, qismən və ya ümumiyyətlə zəbt edilib-edilməməsinin müəyyən edilməməsindən ibarətdir. Apellyasiya baxışında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edərək cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin və ya onun hansısa bir hissəsini zəbt edib-etməməsini aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Buna görə də cavabdeh əsaslı olaraq qətnaməni mübahisələndirmişdir. Apellyasiya baxışında şikayətin dəlilləri üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssiz və ekspertin Rəyi əldə edilərək iş materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 29 avqust 2025-ci il tarixli, 10/5974 saylı ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsinin sərhədləri və ölçüləri yerində müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Qərardadın ikinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsinin heç bir hissəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Qərardadın üçüncü sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmir. Qərardadın dördüncü sualı üzrə: JN-520 kod 90900018 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.89 ha torpaq sahəsinin koordinatları yerində müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Qərardadın beşinci sualı üzrə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli DƏDRX tərəfindən verilmiş Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsi, JN-520 kod 90900018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.89 ha torpaq sahəsi ilə heç bir halda üst-üstə düşmür. Ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsinin heç bir hissəsi Cavabdeh tərəfindən zəbt edilməmiş, iddiaçıya məxsus 1.6921 ha torpaq sahəsi cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmir, həmçinin müəyyən edilmişdir ki, Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1.6921 ha torpaq sahəsi, JN- 520 kod 90900018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına” əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.89 ha torpaq sahəsi ilə heç bir halda üstüstə düşmür. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunmur, həmçinin iddiaçıya məxsus olan 1.6921 haq torpaq sahəsi cavabdeh və onun ailəsinə verilmiş 0.89 ha torpaq sahəsi ilə heç bir halda üst-üstə düşmür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işi obyektiv və qərəzsiz olaraq araşdırmamış, iş üzrə ekspertiza təyin etməyərək cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini, cavabdeh tərəfindən istifadə olunubolunmamasını aydınlaşdırmadan həqiqəti əks etdirməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Beləliklə, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(056)-978/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “ona məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsindən istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılması və topaq sahəsinin ona qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh verilməlidir. Ödənilmiş dövlət rüsumu əvəzi olan 51 manat və mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat xərcin əvəzi - ümumilikdə 101 (yüz bir) manat pul vəsaiti İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(056)-978/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “ona məxsus Sabirabad rayonu, Əhmədabad kəndində yerləşən 1,6921 ha torpaq sahəsindən istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılması və topaq sahəsinin ona qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı alınaraq cavabdehə verilsin. Ödənilmiş dövlət rüsumu əvəzi 51 manat və mediasiya sessiyası ilə bağlı ödənilmiş 50 manat xərcin əvəzi - ümumilikdə 101 (yüz bir) manat pul vəsaiti İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.