Məhkəmə qərarları › İş №2(106)-273/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-273/2024

09.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-273/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınıb ona verilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, 1991-ci ilin noyabr ayından DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində polis nəfəri vəzifəsində xidməti qulluğa başlamış, xx.xx.1994-cü il tarixdən döyüş şəraitində yaralanması ilə əlaqədar DİN-nin XTPD-də xidməti qulluqdan azad edilmişdir. Xidmətdən tərxis olunarkən xidmət müddəti təqvim hesablama ilə 2 il 6 ay 14 gün, imtiyazlı hesablama isə 3 il 25 gün təşkil etmişdir. O, rəsmi olaraq DİN-nə müraciət ünvanlayaraq DİNnin XTPD-də xidmət etdiyi (1991-xx.xx.1994) dövr ərzində ona verilən aylıq əmək haqqı barədə arayış verilməsini xahiş etmişdir. Lakin DİN-nin Maliyyə-Plan idarəsi tələbinə aid olmayan cavabla onun qarşısına süni maneə qoyaraq işlədiyi illərdə aldığı maaş barədə arayış verməmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 16 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövr ərzində aldığı əmək haqqı barədə arayışın alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi, iddianın yolverilməzliyinə görə ərizəçiyə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun baxılmalı deyil. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinin mülki mühakimə icraatı qaydasında baxılmasın xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd edilmiş, şikayət iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 29 dekabr 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin XYTPQ-də xidmət etdiyi dövrdə aldığı maaş barədə arayışın alınıb ona verilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hazırki iddia tələbi inzibati xarakterlidir. Belə ki, iddiaçının tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi ilə bağlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənləri nəzərə alaraq, Kollegiya hesab edir ki, hazırki halda iddiaya mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir. Odur ki, iddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah edilir ki, o, hazırki tələbi ilə bağlı inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2(022)-1471/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar