Məhkəmə qərarları › İş №2(106)-279/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-279/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-279/2025 23.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-279/2025 Açar sözlər : torpaq sahəsindən çıxarılma X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-24/2024 saylı qətnaməsindən (hakim O.Mahmud) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İmişli rayonunun Qaralar kəndində İmişli rayon Aqrar islahat komissiyasının 23 noyabr 1999-cu il tarixli qərarı ilə iddiaçıya və ailə üzvlərinə JN 568 kod 90709038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 3,64 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə aqrar islahatı zamanı İmişli rayonunun Qaralar kəndində 3,64 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin onların mülkiyyətlərində olması rayon aqrar islahat komissiyasının qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 568 kod 90709038 saylı Dövlət aktı itə təsdiq olunur. Torpaq sahəsi bir massivdə Qaralar kəndinin yaxınlığında yerləşir. Ailə üzvləri torpaq sahəsindən ailə başçısı kimi istifadə etməyi ona həvalə etmişlər. Kənddən kənarda olduğu üçün torpaq sahəsinə gec-gec gedir. Ona məlum olmuşdur ki, Ağdərə rayonundan məcburi köçkün kimi gəlib İmişli rayonunun Qaralar kəndi yaxınlığında məskunlaşmış və heyvandarlıqla məşğul olan Cavabdeh onun torpaq sahəsinin su arxının digər tərəfində yerləşmiş 1,20 hektarını zəbt edib otlaq və əkin sahəsi kimi istifadə edir. Hal-hazırda ailələrinin maddi və sosial problemləri yaranmışdır. Ailəsinin ehtiyaclarını ödəyə bilmir. Ona və ailə üzvlərinə məxsus torpaqları əkib məlum problemlərini həli etmək istəyir. Xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinə onları buraxmır və torpaq sahəsini boşaldıb ona təhvil verməkdən qəti olaraq imtina edir. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt ədib qanunsuz olaraq istifadə etdiklərinə görə hazırda, Dövlət aktlarına əsasən, ailələrinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehin hərəkətləri barədə yerli orqanlara bildirmişdir. Ona bildirmişlər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-24/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməsi və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE**********0002088501, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, İmişli rayon məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-24/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon məhkəməsinin 2(036)- 24/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılmaması, sübutların düzgün və tam müəyyən olunmaması, onlara düzgün qiymət verilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmamsı, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan olan halların birinici instansiya məhkəməsi tərəfindən sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə qət edilib ki, bu da əsassız olaraq tələbimin təmin olunmaması ilə nəticələnmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, 1997-ci ildə keçirilmiş torpaq islahatı zamanı ona və ailə üzvlərinə İmişli rayonu, Qaralar kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3.64 hektar torpaq sahəsi ayrılmış, İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu ilt arixli, 11 saylı qərarı ilə həmin ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqları təsdiq edilməklə, JN 568 saylı, kodu 90709038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara verilmişdir. Lakin uzun müddətdir ki, cavabdeh ona məxsus torpaq sahəsinin 1.2 ha hissəsini zəbt edərək istifadə etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ona və ailə üzvlərinə Aqrar islahatı zamanı İmişli rayonunun Qaralar kəndində 3,64 hektar torpaq sahəsi verilmişdir. İndiyədək ona verilən torpağa dair çıxarış almamışdır. Bildirmişdir ki, Cavabdeh Ağdərə rayonundan məcburi köçkün olmuş, uzun müddət onun torpaq sahəsinin 1.2 ha hissəsindən və ətrafda olan digər bələdiyyə torpaqlarından istifadə etmişdir. Lakin Eldəniz hazırda 4 ay olar ki, həmin ərazidən köçərək Tərtər rayonuna getmiş və orada məskunlaşmışdır. Lakin Eldəniz köçüb gedərkən ona məxsus torpaq sahəsini həmkəndliləri X1. Hazırda həmin torpaq sahəsindən X6 istifadə edir. Sahilə dəfələrlə torpaq sahəsindən çıxmasını desə də o, torpağı Eldənizdən satın aldığını bildirərək oradan çıxmayacağını ona demişdir. Həmçinin bildirmişdir ki, hazırda Eldənizə qarşı iddianı müdafiə etməklə sonda heç nəyə nail olmayacağını anlayır. Çünki ekspert rəyində göstərilmişdir ki, hazırda torpağından istifadə edən şəxs X4r. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan JN 568 kod 90709038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, İmişli rayonu, Qaralar kəndində yerləşən 3,64 hektar torpaq sahəsi. İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli 11 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli 10/3402 saylı ekspert rəyindən görünür ki, JN 568 saylı Dövlət aktına əsasən, 568 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin JN 568 sayı Dövlət aktına əsasən, 568 sayı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. JN 568 saylı Dövlət aktına əsasən, 568 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Qaralar kəndində yerləşən 3,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal hazırda Cavabdeh tərəfindən istifadə olunmur. Ölçmə işləri aparılan zaman müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 3,64 ha torpaq sahəsinin 1.10 ha hissəsi X6 tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsi də, qeyd edilən faktlara əsaslanaraq iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı mübahisələndirir. Şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılmaması, sübutların düzgün və tam müəyyən olunmaması, onlara düzgün qiymət verilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmamsı, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan olan halların birinici instansiya məhkəməsi tərəfindən sübut edilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə qət edilib ki, bu da əsassız olaraq tələbinin təmin olunmaması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda sadalanan mövqeyi ilə razılaşır və apellyasiya şikayətində qeyd edilənləri əsassız hesab edir. Belə ki, işdə olan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini cavabdeh deyil, digər şəxs X6 tərəfindən istifadə olunur. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh hazırda 4 aydan çoxdur ki, həmin ərazidən köçərək Tərtər rayonuna getmiş və orada məskunlaşmışdır. Kollegiya həmçinin müəyyən etmişdir ki, əldə edilərək işə əlavə edilmiş tikinti-texniki ekspertizasının rəyi “AzCard” və “Tekuis” baza məlumatları əsasında verilməmişdir. Lakin kollegiya iddianın uğurluluq ehtimalı baxımından həmin baza məlumatları əsasında təkrar ekspertizanın təyin edilməsinə zərurət görməmişdir. Çünki, Cavabdeh artıq həmin torpaq sahəsində istifadə etmir və iddiaçının dediyi kimi artıq 4 aydan çoxdur ki, həmin ərazidən köçərək Tərtər rayonuna getmiş və orada məskunlaşmışdır. Hazırda iddiaçıya məxsus torpaq sahəsi isə X6 tərəfindən istifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. İddiaçı tərəf apellyasiya şikayətində göstərdiklərini hüquq normalarının tələblərinə uyğun əsaslandırmamış və buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2(036)-24/2024 saylı qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar