Məhkəmə qərarları › İş №2(106)-281/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-281/2025

21.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-281/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X7 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Mirhüseyin Məmmədov adına Nizamikənd tam orta məktəbinin direktoru Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X10 nümayəndəsinin iştirakları ilə, İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)-2317/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəbin direktoru Nümayəndə tərəfindən qəbul edilmiş 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamış, xx.xx.2010-cu il tarixdən etibarən Sabirabad rayonu Təhsil Şöbəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daim məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən 43 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd edilən əmrlə razı deyildir. Bu səbəbdən əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış günlərin əmək haqqı ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Təhsil sahəsində dövlətin vəzifələri kimi dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru Sertifikatlaşdırma aparılmalıdır. O, X6 ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri Sabirabad Rayon Məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Nikah münasibətləri pozularkən birgə nikahdan doğulmuş övladları onun himayəsində qalmışdır. “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsinə görə uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətinin olmaması barədə tibb müəssiaəsi tərəfindən ******* nömrəli müvəqqəti işdən azad edilməsi barədə vərəqə təhsil müəssisəsinə təqdim edilmişdir. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, səhhəti ilə əlaqədar üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)-2317/2024 saylı qətnaməsi ilə (hakim Səlim Allahverdiyev) iddia tələbi təmin edilərək İddiaçı “Azərbaycan dili və Ədəbiyyatı müəllimi” vəzifəsindən azad olunması barədə Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2024-cü il tarixli 43 nömrəli əmri ləğv edilməsi, İddiaçı həmin məktəbin “Azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə öz qərarını iddiaçının arvadı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsaslandırmış və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin Əmək Məcəlləsinin 79-cu maddəsinə əhəmiyyət verilməməsi ilə əlaqələndirmişdir. Qeyd edilir ki, İddiaçı azyaşlı övladlları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı qalması barədə həmin sazişi məhkəmə xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 nömrəli iş üzrə təsdiqləmişdir. Əlavə olaraq, “Mediasia haqqında” Qanunun 31.4-cü maddəsinə görə tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. İddiaçı arvadı X6 ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi Sabirabad Rayon Məhkəməsində baxılaraq 2(056)-1526/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixində təsdiqlənsə də, həmin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yəni Sabirabad rayon Nizamikənd kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 43 nömrəli əmri rəsmiləşdirilərkən həmin qətnamə qüvvədə olmamışdır. Yəni məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməsinin icrasının məcburiliyi nəzərdə tutulmamışdır. Sabirabad Rayon Məhkəməsi 2(056)- 1526/2024 nömrəli işi üzrə çıxarılmış qətnamə MPM-in 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmədiyi üçün xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə azyaşlı uşaqlarını təkbaşına böyüdən kişilər üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlar iddiaçıya şamil olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma prosesində iştirak etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1526/2024 nömrəli iş üzrə qanuni qüvvəsini almamış qətnamənin icrası mümkünsüzdür. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. Qeyd edir ki, həmin vaxt övladının İddiaçı qalması barədə həmin barışıq sazişi təsdiq edən məhkəmə qətnaməsi hələ də qanuni qüvvəyə minməmişdir. Seritifikasiya imtahanı xx.xx.2024-cü il tarixdə olsa da, iddiaçı həmin imtahanda iştirak etməmişdir. Sözügedən qətnamə isə xx.xx.2024-cü il tarixdə çıxarılmışdır. Sonuncu seritifaksiya imtahanından müvafiq balı toplamayan müəllimlərin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, iddiaçının isə əmək müqaviləsinə xitam verilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən ona X1 da əmək müqaviləsinə xitam verməli olduğunu tövsiyə etmişlər. Bununla da, xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə onun tərəfindən xitam verilmişdir. O, həmçinin apellyasiya şikayətinin özü tərəfindən yazılmadığını, bəzən isə elektron imzasının müvafiq sənədlərin göndərilməsi və s. üçün Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşlarından birində olduğunu qeyd etmişdir. Uşağını təkbaşına böyüdən kişilərin sertifikasiya imtahanında iştirak etmədiyi ona məlum olsa da, ona verilən tövsiyə üzrə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı X5 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək səhhəti ilə əlaqədar olaraq xəstəlik vərəqəsi almış və əmək qabiliyyətini müvəqqəti itirmişdir. Arvadı ilə şəxsi səbəblərdən nikah pozulmuş və övladları onun himayəsində qalır. Uşaqların biri 5-ci sinifdə, digəri isə 8-ci sinifdə oxuyur. Sabirabad rayonu Nizamikənd kəndində uşaqları ilə birlikdə kirayədə yaşayır. Hazırda əmək müqaviləsinə xitam verildiyi üçün övladlarına özü qayğı göstərir. İşdə olan vaxt isə anası tərəfindən uşaqlara qulluq göstərilir. İmtahan keçirilən tarixdə koma vəziyyətində olduğundan sertifikasiya imtahanında iştirak edə bilməmişdir. Bu faktı təsdiq edən xəstəlik vərəqəsini lazımı yerlərə təqdim etsə də, heç bir faydası olmamışdır. Onun sertifikasiya imtahanında iştirak etməli olmadığı halda əmək müqaviləsinə xitam verilməsinin xüsusi səbəbi yoxdur. Müxtəlif vaxtlarda ona könüllü işdən çıxmaqla bağlı ərizə yazmasını təklif etmişlər, lakin o bu təklifi qəbul etməmişdir. Hazırda mübahisələndirilən əmr də məhz həmin səbəbdən qaynaqlanır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeit barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X14 məhkəmə iclasında bildirmişdir ki, uşağını təkbaşına böyüdən kişilərin sertifikasiya imtahanında iştirak etmədiyi ona məlum olduğu üçün iddiaçı da həmin imtahandan azad olunmalı idi. Cavabdehə apellyasiya şikayətinin yazılmasına onun tərəfindən köməklik göstərilmişdir. O, “Mediasiya haqqında” qanunun 34.4-cü maddəsində qeyd edilən müddəanın “barışıq sazişinin könüllü icra edilməsi” hallarını ehtiva etməməsi, yəni onun məhkəmə tərəfindən təsdiq edilməsinə zərurət olmaması barədə məlumatsız olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)-2317/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mil-Muğan Regional Təhsil İdarəsinin M.Məmmədov adına tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2024-cü il tarixli 43 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Sabirabad rayonu üzrə təhsil sektoru/Nizamikənd kənd M Məmmədov adına tam orta məktəb” bölməsində “Azərbaycan dili və Ədəbiyyatı müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, ƏM-in 70."c“ - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbule edildikdə” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1526/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə görə qətnamənin əsaslandırıcı hissəsində əksini tapmış MŞS/MT023/2024- 00204 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, tərəflər nikahın pozulması barədə razılığa gələrək öhdəlik götürdülər, ikinci tərəf X6 həmin nikahdan dünyaya gəlmiş iki azyaşlı övladlarının birinci tərəf İddiaçı himayəsində qalmasına razılıq verərək öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X2 nə indi, nə də bundan sonra uşaqların saxlanması üçün aliment tələb etməməyi öhdəlik götürdü, birinci tərəf İddiaçı ikinci tərəf X3 hər ayın istənilən günləri iki azyaşlı övladları ilə görüşüb ünsiyyət qurmalarına razılıq verərək öhdəlik götürdü. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 arasında Şamaxı rayonu Quşçu KİN tərəfindən xx.xx.2006-cı il tarixdə qeydə alınmış 30 saylı nikah qeydinin pozulması qət edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına apellyasiya şikayətinin dəlilləri və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki halları ilə müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli 43 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən “Sabirabad rayonu üzrə təhsil sektoru/Nizamikənd kənd M.Məmmədov adına tam orta məktəb” bölməsində “Azərbaycan dili və Ədəbiyyatı müəllimi” vəzifəsində işləyən İddiaçı Agamikayıl oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, ƏM-in 70."c“ - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi göstərilmişdir. Halbuki, bu əmr “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi ziddiyyət təşkil etmişdir. Belə ki, qeyd edilən normanın tələbinə görə uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Yuxarıda göstərilmiş qətnamənin məzmunundan da görünür ki, hazırki iddiaçı ilə arvadı arasında olan nikah müvafiq əmrin verilməsindən əvvəl məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin razılaşması ilə onların yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (İddiaçı) himayəsində qalmışdır. Beləcə, “Təhsil haqqında” qanunun 36-2.3-cü maddəsinə əsasən uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmadan keçmirlər. Məhkəmə kollegiyası işdə olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və formal xarakter daşımaqla şikayətdə sadalanmışdır, buna görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmaqla, işin müəyyən edilmiş halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) “q” bəndinə görə əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq kimi əsas hüququ vardır. ƏM-in 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. ƏM-in 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. ƏM-in 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. ƏM-in 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. ƏM-in 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-in 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. ƏM-in 300-cü maddəsinə görə əgər, işə götürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işə götürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bundan əlavə, ƏM-in 67-2-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Habelə “Təhsil haqqında” Qanunun 36-2.1 və 36-2.2-ci maddələrinə görə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 36-2.3-cü maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Qanunun 36-2.5-ci maddəsinə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Belə ki, kollegiya “Təhsil haqqında” Qanunun 36-2.3-cü və 36-2.5-ci maddələrinə uyğun olaraq kollegiya diqqətə çatdırır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1526/2024 saylı qətnaməsində əksini tapmış xx.xx.2024-cü il tarixli barışıq sazişi və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək səhhəti ilə əlaqədar olaraq xəstəlik vərəqəsi hazırkı tələbin əsaslı olması və cavabdehin mübahisəli xx.xx.2024-cü il tarixli 43 nömrəli əmrinin qanunsuz olmasını şərtləndirir. Bundan əlavə, işdən göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Mirhüseyin Məmmədov adına Nizamikənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 43 nömrəli əmrinin məzmunu ƏMin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair müəyyən edilmiş tələblərə cavab vermir və həmin əmr əsaslandırılmadan formal qaydada tərtib edilmişdir. Həmçinin adıçəkilən əmrin verilməsinin real əsasları cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatı ilə də müəyyən olunmuşdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)- 2317 saylı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(056)-2317/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar