Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-287/2023 20.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Pənah oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən çıxarma” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)908/2022 saylı qətnaməsindən cavabeh Cavabdeh Pənah oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Pənah oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin JN-0004 KOD 80805028 saylı Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 4.61 hektar torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onlara geri qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində göstərilmişdir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 20 avqust 2001-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıların ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə 4.61 hektar torpaq sahəsi veilmişdir. Mülkiyyət hüquqları Dövlət tərəfindən qeydə alınmaqla onlara JN-0004 KOD 80805028 saylı Dövlət Aktı da verilmişdir. 2008-ci ildən həmin torpaq sahəsini əkmədikləri üçün mərhum X5 həmin torpaq sahəsini Biləsuvar rayonu Ağayrı kənd sakini Cavabdeh Pənah oğluna qeyri müəyyən müddətə icarəyə vermişdir. 02 dekabr 2020-ci il tarixdə X5 vəfat etmişdir. Bundan bir müddət sonra iddiaçılar həmin torpaq sahəsini Cavabdeh geri qaytarmasını tələb etmişlər, lakin Cavabdeh onlara bildirmişdir ki, mərhum Bəxtiyar Baxşiyev həmin torpaq sahəsini 2016-cı ildə ona satmışdır. Hazırda həmin torpaq sahəsini Biləsuvar rayonu Ağayrı kənd sakini Cavabdeh Pənah oğlu əkib becərir. Onlar cavabdehdən ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsini tələb etsələr də Cavabdeh həmin torpaq sahəsindən çıxmır və torpağı geri qaytarmır. Odur ki, Cavabdeh Pənah oğlunun JN-0004 KOD 80805028 saylı Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 4.61 hektar torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onlara geri qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, 2019cu il tarixdə iddiaçı Gülbahar Süleymanovun əri mərhum Bəxtiyar Baxşiyevdən iddiaçılara məxsus 4.61 ha torpaq sahəsini 8500 manat məbləğdə pul vəsaiti verməklə almışdır. Lakin torpaq alqı-satqısı barədə heç bir sənədləşmə aparılmamışdır. Sadəcə yerli icra nümayəndəliyinin iştirakı ilə Bəxtiyar Baxşiyevə 8500 manat məbləğdə pul vəsaiti verməsi barədə qəbz yazılmış və icra nümayəndəsi öz möhrü ilə qəbzi təsdiqləmişdir. Hal-hazırda 4.61 ha torpaq sahəsi onun istifadəsindədir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)908/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim P.Əhmədov) iddia təmin edilmiş, Cavabdeh Pənah oğlunun iddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı3, İddiaçı4 JN-0004 KOD 80805028 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətlərində olan 4.61 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin geri qaytarılması və Cavabdeh Pənah oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, X1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X14 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını araşdırmadan, iddiaçılardan torpaq sahəsini pulunu ödəməklə almağı müzakirə olunmadan, mübahisənin predmeti olan torpaq sahəsinin hansı əsaslarla bu illər ərzində onun faktiki mülkiyyətində olması müəyyən edilmədən və onun etirazına heç bir qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə iddianı dəqiq araşdırmadan iddiaçının ondan torpaq sahəsinə görə 8200 manat pul almalarını və torpaq sahəsinin ona satdıqlarını etiraf etməsini qətnamədə nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hal kimi aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)-908/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)-908/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçılar X2, İddiaçı3 və İddiaçı4 teleqramla məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)-908/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı X7 və Cavabdeh Pənah məhkəmə iclasına gəlməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə yuxarıda göstərilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-372.7-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldildikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam yoxlayır. Tətbiq edilən hüquq: İş materiallarında olan AZE seriyalı №******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 66 saylı arayışından görünür ki, İddiaçı1 Biləsuvar rayonu Ağayrı kəndində yaşayır. İş materiallarında olan AZ-İİ № 141117 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət hüququna dair JN-0004 KOD 80805028 saylı Dövlət Aktından görünür ki, X4, X8, İddiaçı2, X11, X5, X9, X10, İddiaçı1 və X1 adına Biləsuvar rayon Aqrar İslahat komissiyasının 20 avqust 2001-ci il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.61 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olunmaqla icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər bir kəs onun mülkiyyətində olan əmlakı üzərində istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir. Əmlak paylı və ya ümumi birgə mülkiyyətdə olduqda həmin əmlak üzərində sərəncam vermək hüququ digər mülkiyyətçilərin razılığı ilə həyata keçirilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz, çünki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsini alğı-satqı yolu ilə əldə etdiyini göstərsə də həmin halı təsdiq edən heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edə bilməmişdir. Göründüyü kimi qanunvericilik ümumi paylı mülkiyyət olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlərin etibarlılığını, əmlakın özgəninkiləşdirilməsinə dair bütün mülkiyyətçilərin razılığının olması və daşınmaz əmlaka dair bağlanmış əqdlərin notariat qaydasında təsdiq olunması ilə şərtləndirmişdir. Yəni, bu şərtlərə əməl olunmadan bağlanmış əqdlər tərəflər üçün etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə doğurmayan etibarsız əqd kimi qiymətləndirilir. Lakin iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, mübahisəli torpağ sahəsinin alğı-satqısına dair tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş notariat qaydasında hər hansı bir müqavilə bağlanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf ona qarşı qaldırılmış iddia tələbinə qarşı öz etirazlarının əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən iddianın əsassızlığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki Prosessual Məcəllənin 385.1.4.-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(022)-908/2022 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384- 392,402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Pənah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(022)-908/2022 nömrəli qətnaməsi Cavabdeh Pənah oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-287/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-287/2023
20.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver