Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-295/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(036)-2426/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, Müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı vərəsəlik hüququnun tanınması tələbi barədə iddia qaldıraraq birinci Qarabağ müharibəsində şəhid olmuş X2 vərəsəsi kimi adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş və “Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. X4 evlənməmiş, valideynləri vəfat etmiş və heç bir əmlak qalmamışdır. X2 xatirəsini əbədiləşdirmək məqsədilə onun adına şəhid bulağı tikmək üçün torpaq sahəsi ayrılmasından ötrü İmişli bələdiyyəsinə müraciət etmiş, lakin vərəsə kimi tanınmadığından ərizəsi təmin edilməmişdir. X2 vərəsəsi kimi tanınmaqdan ötrü İmişli Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də, birinci Qarabağ müharibəsində şəhid olmuş X2 vərəsəsi kimi adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə iddia qaldırmışdır. Üçüncü şəxs İmişli bələdiyyəsinin nümayəndəsi X3 göstərmişdir ki, İddiaçı birinci Qarabağ müharibəsində şəhid olmuş X2 xatirəsini əbədiləşdirmək məqsədilə onun adına şəhid bulağı tikməkdən ötrü torpaq sahəsi ayrılmasından ötrü İmişli bələdiyyəsinə müraciət etmiş, lakin vərəsə kimi tanınmadığından ərizəsi təmin edilməmişdir. X2 vərəsəsi kimi adına vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra İddiaçı ərizəsinə yenidən baxıla bilər. Birinci instansiya məhkəməsində cavabdeh və ya onun nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 04 oktyabr 2023-cü il tarixli, 2(036)- 2426/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı vərəfəlik hüququnun tanınması tələbi barədə iddiasına dair işin icraatına xitam verilmişdir. Qərardaddan İddiaçı şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qardaşımın ölümündən sonra onun birinci Qarabağ müharibəsində şəhidlik imtiyazları verilmiş, valideynlərinin sağlığında onlar şəhidlik statusu ilə bağlı bütün imtiyazlardan istifadə etmişlər, yəni 80 manat məbləğində pul vəsaiti almışlar. Valideynlərinin ölümündən sonra, onun rəsmi varisi olmadığından həmin imtiyazı o, ala bilmir. Birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2, 1160-cı maddəsinin tələblərini pozmuşdur. Belə ki, dövlət vərəsəlik hüququna təminat verir. Lakin İmişli Rayon Məhkəməsi onun, iddiaçının tələblərinə məhəl qoymamışdır. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Eyni zamanda məhkəmə tərəfindən vərəsəlik hüququnun olmaması sübut edilməmiş, iş düzgün araşdırılmamışdır. Şikayətə baxılmış, İmişli Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(036)-2426/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. İş materiallarında olan İV JQ 382903 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.1993-cü il tarixdə Qazax rayonu ərazisində ermənilər tərəfindən öldürülmüşdür. İş materiallarında olan 000280 nömrəli vəsiqənin surətinə əsasən X4 Azərbaycan Respublikası Prezidentinin xx.xx.1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətə görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İmişli Regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 429 saylı məlumatda göstərilmişdir ki, X2 ölümündən sonra qalmış “Hərbi xidmətə görə” medalı mirasın tərkibinə aid olmayan və mərhumun şəxsiyyəti ilə qırılmaz bağlılığı olan qeyri-əmlak hüququ olduğuna görə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tələbi miras əmlaka daxil olmayan X2 “Hərbi xidmətə görə” medalına görə adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı olduğundan həmin məsələ haqqında mübahisəyə məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, X4 xx.xx.1993-cü il tarixdə şəhid olmuş və heç bir əmlakı qalmamışdır. İddiaçı X2 “Hərbi xidmətə görə” medalına görə adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının vərəsəlik hüququnun tanınmasını tələb etdiyi “Hərbi xidmətə görə” medalı qanunvericilikdə qeyd edilmiş miras əmlakına daxil olmadığından hazırkı işə məhkəmədə baxıla bilməz. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(036)-2426/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İmişli Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 429 saylı imtinanı qanunsuz hesab etdiyi halda, bu barədə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin məğzindən də görünür ki, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Hazırkı şikayət üzrə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qüvvədə saxlanıldığından, bu qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(036)-2426/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-295/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-295/2024
08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver