Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-296/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(073)-1492/2022 saylı qətnaməsindən (hakim Qalib Paşayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə ona (iddiaçıya) və ailə üzvlərinə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına JN 394 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Cavabdeh ilə həmkəndlidirlər. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən ona (iddiaçıya) və ailə üzvlərinə məxsus həmin torpaq sahəsini 20 il müddətinə hər ay hazırkı pulla ifadədə 300 (üç yüz) manat olmaqla cavabdehə icarəyə vermiş və işləmək üçün özü (iddiaçı) Rusiya Federasiyasına getmişdir. Aralarında olan razılaşmaya əsasən özü (iddiaçıya) burda olmadığı vaxtlarda cavabdeh pulu onun (iddiaçının) ailə üzvlərinə verməyi öhdəsinə götürmüşdür. O Rusiya Federasiyasında olduğu vaxtlarda cavabdeh cəmi 2 ilin pulunu ödəmişdir. Rusiya Federasiyasından qayıdıb gəldikdən sonra cavabdehdən ödəmədiyi illərin pulunu ödəməsini, ya da torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdeh bir müddət onu inandıraraq pulunu ödəyəcəyini bildirmiş, lakin sonradan cavabdehin onu (iddiaçını) aldatdığını başa düşmüş və ondan torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdeh isə həmin torpaq sahəsini ondan (iddiaçıdan) aldığını bildirərək, torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə həmkəndlidirlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini 1998-ci ildə iddiaçıdan dəyərini ödəməklə almış, lakin həmin vaxt dövlət aktı verilmədiyindən notarial qaydada alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. Həmin tarixdən də maneəsiz olaraq iddiaçıya və onun ailə üzvlərinə məxsus olan 1 ha torpaq sahəsini istifadə etmişdir. Sonradan isə cavabdeh həmin torpaq sahəsini ona satmadığını, ona icarəyə verdiyini bildirərək hər il ondan 300 (üç yüz) manat tələb etmiş, o da bir neçə il iddiaçıya həmin məbləğdə pulu ödəmək məcburiyyətində qalmışdır. Daha sonra isə cavabdeh ondan həmin torpaq sahəsindən çıxmasını tələb etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(073)-1492/2022 saylı qətnaməsi ilə Cavabdeh JN 394 (kod ********) saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Təsərrüfatla məşğul olmaqla ailəsini saxlayır. İddiaçı onun həmkəndliləridir. İddiaçının və ailə üzvlərinin birgə mülkiyyətlərində Maşlıq kəndində 1 hektar pay torpaq sahəsi vardır və həmin torpaq sahəsi JN-394 Kod 80617048 nömrəli Dövlət aktı ilə onların birgə mülkiyyətlərindədir. İddiaçı mərhum atası özünə və ailə üzvlərinin digər üzvlərinə məxsus hissədə torpaq sahəsini 5200 manat müqabilində 1998ci ildə ona satmışlar. O, həmin pulun 4000 manat həmin vaxt ödəməklə mübahisəli torpaq sahəsini onlardan almış, qalan 1200 manat məbləğdə pul vəsaitini isə üç il müddətində ödəmişdir. 20 ildən çoxdur ki, həmin torpaq sahəsindən istifadə edərək əkin işləri aparır. Məhkəmə isə iddianı təmin edərkən mübahisəli torpaq sahəsinin birgə mülkiyyətdə olmasını, onun iddiaçıdan deyil, onun anası Hüseynova Səidə Səfəralı qızından torpaq sahəsinin onun payına düşən hissəsini almışdır. Torpaq sahəsi birgə mülkiyyətdədir və torpaq sahəsini iddiaçının payına düşən hissədə deyil, digər mülkiyyətçi Səidə Hüseynovanın payın düşən hissədə almışdır. Belə olan halda, iddiaçının ona qarşı torpaq sahəsinin zəbti ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Göründüyü kimi, o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Belə olan halda, mübahisənin obyektiv və aydın həlli üçün məhkəmə-tikinti ekspertizası təyin edilməli idi. Lakin məhkəmə tərəfindən heç bir ekspertiza təyin edilmədən yalnız iddiaçının formal mülahizəsinə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Məhkəmə bu mövqeyinə görə onunda torpaq sahəsinə sahiblik hüquqları məhdudlaşdırılmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan JN 394 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komisiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı (dövlət aktına əsasən (Hüseynov Ələddin Sədulla oğlunun), Hüseynova Səidə Səfəralı qızının, Hüseynov Elmir Ələddin oğlunun və Hüseynov Elnur Ələddin oğlunun mülkiyyətinə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən 1 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, cavabdeh öz apellyasiya şikayətində mübahisəli torpaq sahəsini əldə etməyinə dair ziddiyyətli izahatlar vermişdir. O, həm İddiaçı mərhum atasının özünə və ailə üzvlərinin digər üzvlərinə məxsus hissədə torpaq sahəsini 5200 manat müqabilində 1998ci ildə ona satması bildirməklə bərabər, eyni zamanda mübahisəli torpaq sahəsinin iddiaçıdan deyil, onun anası Hüseynova Səidə Səfəralı qızından onun payına düşən hissəsini almasını bildirmişdir. Bundan əlavə, apellyasiya şikayətinin dəlili olaraq göstərilən iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin edilməsinə dair məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə tərəflər arasında mübahisəli torpaq sahəsinin eyni ərazi – torpaq sahəsi olması mübahisələndirilmir. Sadəcə, həmin torpaq sahəsinin kimə aid olması mübahisəli haldır. Yəni torpaq sahəsinin yerləşmə vəziyyəti mübahisə predmeti olmadığı üçün xüsusi bilik əsasında müəyyənləşdirilməli xüsusat aşkar edilmir. Bununla da, kollegiya diqqətə çatdırır ki, hazırkı iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin olunması işin uzadılmasına və nəticədə insan və vətəndaş hüquq və azadlıqlarının vaxtında təmin edilməsinə mane ola bilər. Göründüyü kimi, Cəlilabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(073)-1492/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir; hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 68-ci maddəsinə əsasən torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. TM-in 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan halları ilə cavabdeh iddiaçıya (və ailə üzvlərinə) mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsindən mülkiyyətçilərin razılığı olmadan istifadə edir və buna görə də, iddiaçının tələbi ilə mübahisəli torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(073)-1492/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(073)-1492/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-296/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-296/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver