Məhkəmə qərarları › İş №2(106)-30/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-30/2024

04.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-30/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və torpaqdan istifadə edilməməsi müddətinə görə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsinin zəbtdən azad edilməsi X23 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi və torpaqdan istifadə edilməməsi müddətinə görə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(049)-323/2022 saylı (hakim Toğrul Məmmədov) qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Parakənd kəndi ərazisində 0.4873 hektar torpaq sahəsini Cavabdeh qanunsuz istifadə və sahibliyindən azad edilərək onlara təhkim edilməklə təhvil verilməsi, ziyana görə cavabdehlərdən 20000 manat və 30.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı qanunsuz zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və torpaqdan istifadə edilməməsi müddətinə görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə əlavə təqdim edərək mütəxəssis rəyinin verilməsi üçün FAME PRO MMC-yə ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunda torpaq islahatı keçiriləndə Aqrar İslahat Komissiyasının qərarına əsasən ailə üzvlərinin (5 nəfər) mülkiyyətlərinə Lənkəran rayonu, Parakənd kəndi ərazisində 0.4873 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiiyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış da verilmişdir. X3 və X8 valideynləridir, onlar vəfat etmişlər. İndiyə kimi onun və ailə üzvlərinin mülkiyyətində olan 0.4873 hektar pay torpaq sahəsini istifadə edə bilmirlər. Belə ki, 1998-ci ildən Cavabdeh tərəfindən 0.4873 hektar pay torpaq sahəsi zəbt edilərək qanunsuz istifadə edilir. Torpaq sahəsi mülkiyyətçilərinə verilən anda 80 ədəd mandarin ağacları olmuş və həmin ağacların xeyrini də Cavabdeh götürmüşdür. Ailə üzvlərilə dəfələrlə torpaq sahəsinin Cavabdeh Əliməmmə oğlu tərəfindən buraxılmasını tələb etsələr də, o, torpaq sahəsini buraxmaq istəmir. Cavabdeh Əhməmməd oğlu tərəfindən zəbt edilməsi ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər edilmiş, lakin Cavabdeh ona və ailəsinə məxsus zəbt etmiş olduğu torpaq sahəsindən çıxmamışdır. Cavabdeh uzun illərdir həmin torpaqdan faydalandığı üçün ondan 20000 manat məbləğində ziyan ödəməsini istəyir. Ona görə də, məhkəmədən iddia tələbinin təmin olunaraq, Lənkəran rayonu, Parakənd kəndi ərazisində 0.4873 hektar torpaq sahəsini Cavabdeh qanunsuz istifadə və sahibliyindən azad edilərək onlara təhkim edilməklə təhvil verilməsi, ziyana görə cavabdehlərdən 20000 manat və 30.40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(049)-323/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, X1, X5, İddiaçı2, X2 ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iş üzrə ödənilmiş 30.40 manat (otuz manat 40 qəpik) dövlət rüsumunun və mütəxəssis rəyi üçün ödənilmiş 300 manat pulun Cavabdeh tutulub İddiaçı1 verilməsi,iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Dövlət nəfinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində Lənkəran Rayon məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(049)-323/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları kifayət qədər araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir, iş üzrə məhkəmənin sübut kimi qəbul etdiyi ekspert rəyi özəl olan "xxxx" MMC-nin mütəxəssislərinin rəyinə əsaslanmaqla verilmişdir, bunu da Azərbaycan Respublikasının Ali Məhkəməsinin bütün rayon məhkəmələrinə göndərdiyi məktuba əsasən sübut növü kimi qəbul edilməsinin yolverilməz olduğu qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə özəl olan "xxxx" MMC-nin mütəxəssislərinin rəyi əsasında verilmiş ekspert rəyi əsasında qətnamə qəbul edərək iddia tələbini təmin etmişdir, eyni zamanda həmin mütəxəssis rəyi bir-birinə ziddiyyət təşkil edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, ekspert rəyi ilə razılaşmadığını, iddia tələbinin müddətinin keçirildiyini bildirmişdir. Cavabdeh xəstə olduğunu, 04 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, yenidən onun iştirakı təmin edilməklə ekspertiza təyin edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh məhkəməyə teleqram göndərərək, təyin olunmuş məhkəmənin xəstəliyi ilə əlaqədar olaraq başqa günə keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin işirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni mahiyyətcə iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş JN seriyalı 172 nömrəli Kod 80203016 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Lənkəran rayonu, Pərakənd kəndində yerləşən 0.46 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Cavabdeh, X14, X16, X17, X11, X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, hüquq sahibləri İddiaçı1, X3, X8, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızıdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 aprel 2018-ci tarixdə Lənkəran rayon Hirkan qəsəbəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 fevral 2011-ci tarixdə Lənkəran rayon Pərakənd kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran şəhər İHB-nın Hirkan qəsəbə İƏD nümayəndəliyinin arayışlarından görünür ki, İddiaçı1, İddiaçı2, Nuriyeva X4 rayonu, Parakənd kəndində yaşayırlar. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Lənkəran şəhər İHB-nın Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin, Hirkan Bələdiyyəsinin məktublarından görünür ki, İddiaçı1 müraciətinə cavab olaraq ailə üzvlərinə ayrılmış pay torpağı mübahisəsilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2020-ci il tarixli 10/383 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçılar X6, X1, X5, İddiaçı2, X2 ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən torpaq sahəsinin 0.40 ha hissəsi istifadə olunur. Qeyd olunan torpaq sahəsi başqa şəxslər tərəfindən istifadə edilmir. Həmin torpaq sahəsində Cavabdeh, yaxud digər şəxslər tərəfindən inşa edilməmişdir. İddiaçı1, X1, X5, İddiaçı2, X2 faktiki istifadə etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X7, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyünü müəyyənləşdirmək üçün torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2020-ci il tarixli 10/383 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manatdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı1 tikinti-texniki ekspertizanın aparılması üçün 300 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. İddiaçı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə görə maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmiş, iddianı torpaqdan çıxarılma hissəsində təmin etmişdir. Birinci instansiya məhkəməsi torpaqdan istifadəyə görə maddi ziyan tələbinə dair hissədə iddiaçı tərəf məhkəməyə sübut təqdim etmədiyindən iddianı təmin etməmişdir. Cavabdeh qətnaməni iddianın təmin edilməsi hissəsində mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində alınmış mütəxəssis rəyi özəl mütəxəssislərdən alınmışdır, əsassızdır. İş üzrə təkrarən ekspertiza keçirilməlidir. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/606 nömrəli rəyinə görə: Qərardadın birinci və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********55 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1, X1, X7, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndində yerləşən 0.4873 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə yerinin koordinatları əks olunan "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaq islahatı zamanı texniki, qüsurlü hazırlanmış, naturaya uyğun gəlməyən DWG faylına əsasən tərtib olunması və bunun da faktiki vəziyyətə uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda həmin konturda yerləşən Hüquqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********55 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı1, X1, X7, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətində olan və Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən 0.4441 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin də koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və qeyrilərinin faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuş və ölçüsünün 0.87 ha olması məlum olmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq , Astara rayonu ərazisində mövcüd olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. İddiaçılar İddiaçı1 və qeyrilərinin ümumi birgə mülkiyyətlərində olan sözügedən 0.4873 ha və 0.4441 ha (faktiki 0.87 ha) torpaq sahələrinin 0.57 ha hissəsi Lənkəran rayonu, Parakənd kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində düzgün təsvir edilməyərək Cavabdeh və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi öz əksini tapmışdır. İddiaçılar İddiaçı1 pğlunun və qeyriiərinin ümumi birgə mülkiyyətlərində olan sözügedən 0.4873 ha və 0.4441 ha (faktiki 0,87 ha) torpaq sahələrinin 0,57 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində düzgün təsvir edilməyərək Cavabdeh və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir olunması müəyyən olunmuş və cavabdeh tərəfindən həmin 0,57 ha torpaq sahəsinə iddia olunması tədqiqat zamanı müşahidə edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X7, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətinə verilmiş, Lənkəran rayonunun Parakənd kəndində yerləşən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsi üzərində hər hansı bir tikilinin olması müəyyən edilməmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2-92/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı əsasında JN-172 nömrəli (Kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Cavabdeh, X14, X16, X17, X15, X9 mülkiyyətinə verilmiş, Lənkəran rayonu, Parakənd kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun öz əksini tapmış, lakin ölçüsü (ölçüsü 0.98 ha təsvir edilmiş) və sərhədləri hüquqmüəyyənedici sənəddə göstərilənlərdən çox təsvir edilmişdir. Məhkəmə Kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh ekspert rəyinin əsassız olduğunu qeyd etsə də, yenidən ekspertiza keçirilmiş və təkrarən eyni nəticəyə gəlinmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1, X1, X7, İddiaçı2, İddiaçı3 Əbdülhəsən qızının ümumi birgə mülkiyyətinə verilmiş, Lənkəran rayonunun Parakənd kəndində yerləşən, “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,42 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıların “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.4873 ha torpaq sahəsinin bir hissəsi, yəni 0.42 ha hissəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Belə olan halda cavabdeh iddiaçıların mülkiyyətində olan və faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən 0,42 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Apellyasiya şikayəti təmin edilmədiyindən, ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(049)-323/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar