Məhkəmə qərarları › İş №2(106)-305/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-305/2024

07.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-305/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaqdan çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Yuxarı X3 İdarəsinin nümayəndəsi (rəisi) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin (hakim Telman Quliyev) 18 sentyabr 2023-cü il tarixli, 2(036)-153/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən istifadə etməyinə mane olan qanunazidd hərəkətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində 2 massivdə yerləşən 2.35 ha pay torpaq sahəsi vardır. Torpaq sahəsinin Dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsü tərtib və təsdiq edilərək ona verilmişdir. Torpaq sahəsinin birinci massivi onun istifadəsindədir. Lakin torpaq sahəsinin ikinci massivi 1.5628 ha olmaqla ona tanıdılmamışdır. O, Azərbaycan Respublikası ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, yerin naturada göstərilməsini xahiş etmiş və mütəxəssislər gəlib torpaq sahəsinə baxış keçirdərək ona məxsus yeri göstərmişlər. Lakin Cavabdeh sənəd verilməsinə mane oldu və mütəxəssislər sənəd tərtib etmədən getdilər və bildirdilər ki, mübahisə ilə bağlı məhkəməyə müraciət olunmalıdır. Məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsindən 30 ildir ki, istifadə edir və xəbərdarlıq edilməsinə baxmayaraq həmin torpaq sahəsindən qanunsuz istifadə edərək, ona və ailə üzvlərinə maddi ziyan vurmaqda davam edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmənin əvvəlki iclasında iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-153/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manatın Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının təyin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. İddianı qəbul etmir, iddiaçının istifadə etdiyi torpaq sahəsi iddiaçının və ailəsinin pay torpağına aid deyil, bu torpaq sahəsi X7 İstismar İdarəsinin balansındadır. 35 ildən çoxdur ki, iddiaçı həmin torpaq sahəsindən istifadə edir. Ekspertin rəyi düzgün deyil. Təkrar ekspertiza keçirilməlidir. Həmin ərazidə pay torpaqları yoxdur. Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunur ki, ərazidən keçən X4 mühafizə zolağı ilə yanaşı, əlavə 15 ha meşə zolağı vardır. Həmin meşə zolağı X7 istismar idarəsinin balansındadır. X7 istismar idarəsinin əmri ilə iddiaçı kanalın Bəhrəmtəpə ərazisində olan meşə zolaqları üzrə sahə rəisi işləyir. Məhkəmə iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası keçirməli idi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Yuxarı X3 İdarəsinin nümayəndəsi (rəisi) X5 tərəfindən məhkəməyə təqdim edilmiş xəritəyə baxmış, həmçinin həmin xəritəni iş materiallarında olan (səh 38-40) mütəxəssiz rəyi ilə müqasiə etmişdir. Qeyd etmişdir ki, mütəxəssiz rəyində göstərilən ərazidə iddiaçıya məxsus pay torpağına yaxın X4 kollektoru mövcud deyildir. Lakin mütəxəssis həmin ərazidə kollektorun mövcudluğunu qeyd edib. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Yuxarı X3 İdarəsinin nümayəndəsi (rəisi) X5 göstərmişdir ki, 44 ildir ki, Yuxarı X3 İdarəsində işləmiş, son 10 ildə isə həmin idarənin rəisidir. Göstərmişdir ki, X4 uzunluğu 172 km-dir. Kanal 6 rayonun ərazisindən keçməklə 11 rayona xidmət edir. Kanalın mühafizə zolağı hər iki tərəfə istiqamətdə 100 metr təşkil edir. Kanalın mühafizə zolağı aşağı bölgələrdə, o cümlədən mübahisəli ərazidə 60 metr təşkil edir. O, məhkəməyə Kanalın keçdiyi ərazinin xəritəsini təqdim etmişdir. O, xəritəni iş materiallarında olan (səh 38-40) mütəxəssis rəyi ilə müqayisə etmiş və qeyd etmişdir ki, mütəxəssis rəyində göstərilən ərazidə iddiaçıya məxsus pay torpağına yaxın X4 kollektoru mövcud deyildir. Lakin mütəxəssis həmin ərazidə kollektorun mövcud olmasını qeyd etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.5628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmiş, iddiaçı və onun ailə üzvlərinin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4848 saylı rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.5628 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ekspert rəyinə əsaslanmışdır. Qətnaməni cavabdeh mübahisələndirir və bildirir ki, mübahisəli torpaq sahəsi Yuxarı X3 İdarəsinin balansında olan torpaq sahəsidir, iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Apellyasiya baxışında X3 İdarəsinin rəisi tərəfindən məhkəməyə Qarabağ Kanalının mühafizə zonası barədə müvafiq xəritə təqdim edilmişdir. Xəritədən də, müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Qarabağ Kanalının mühafizə zonasına daxil deyildir. Belə ki, həm cavabdeh həm də 3-cü şəxs onlar tərəfindən məhkəməyə təqdim edilmiş xəritəyə baxmış, həmçinin həmin xəritəni iş materiallarında olan (səh 38-40) mütəxəssis rəyi ilə müqayisə edərək bildirmişlər ki, mütəxəssis rəyində göstərilən ərazidə iddiaçıya məxsus pay torpağına yaxın X4 kollektoru mövcud deyildir. Lakin mütəxəssis həmin ərazidə kollektorun mövcudluğunu qeyd etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(036)-153/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar