Məhkəmə qərarları › İş №2(106)-307/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-307/2024

05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-307/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X16 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X19 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X2, X4, X5, X6 və Cəfərova (Rzayeva) Aytac Şahin qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X2, X4, X5, X6 və Cəfərova (Rzayeva) Aytac Şahin qızı) miras əmlak üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)-412/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)-412/2023 saylı qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) iddia təmin edilərək İddiaçı cavabdeh Nümayəndə2həsən Rza oğlundan miras qalmış Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi tam mülkiyyət hüququnun tanınması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri Nümayəndə2həsən Rza oğlundan miras qalmış Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanında yerləşən ev üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri Nümayəndə2həsən Rza oğlu xx.xx.2012-ci ildə vəfat etmişdir. xx.xx.1955-ci ildə mərhum əri ilə nikaha daxil olmuşlar. X7, X2, Cavabdeh, X4, X5, X6 və X8 adlı 7 uşağı olmuşdur. Bir oğlu X8 xx.xx.2013-cü ildə vəfat etmişdir. xx.xx.2012-ci ildə **********05-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ev əri Nümayəndə2həsən Rza oğlunun adınadır. Bu barədə Salyan rayon 2 saylı Notariat Kontoruna müraciət etmişdir. Cavabdeh notariat ofisinə gəlməmişdir və buna görə də, razılıq əsasında evin adına keçirilməsi mümkün olmamışdır. Notariat ofisində müraciəti qeydə alınmışdır. Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən evi təkcə özü faktiki mirası qəbul etmişdir və bütün kommunal ödənişləri həyata keçirir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)-412/2023 saylı qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı miras əmlakın tam şəkildə onun mülkiyyətinə verilməsini tələb edir. Lakin o da mərhum atasının qanun üzrə vərəsəsidir və mirasda onun da payı vardır. Ona çatası miras payından heç vaxt imtina etməmişdir. Mirasın qəbul edilmə müddəti ilə əlaqədar bildirmək istəyir ki, qanunvericiliyin tələbinə əsasən mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiət edərək izahatında bildirmişdir ki, Cavabdeh oğludur. Atasının mübahisəli fərdi yaşayış evində payı var. Qanunvericiliyin tələblərinə uyğun payın müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum həyat yoldaşı Abdulhəsən Rzayevlə ailə qurmuşlar və 1967-ci ildə mübahisəli fərdi yaşayış evinə köçmüşlər. Hal-hazırda da həmin evin bütün kommunal xərclərini özü təkbaşına qarşılayır. Evi öz adına keçirmək istəmiş və buna görə də, hazırkı iş üzrə cavabdeh - oğlu Cavabdeh müraciət etmiş, lakin o, buna razı olmamışdır. Cavabdehə yaşlı olduğunu və vəfat etdikdən sonra əmlakının onlara qalacağını bildirmişdir. Mübahisəli fərdi yaşayış evini mərhum həyat yoldaşı ilə birlikdə birgə vəsaitləri hesabına almış, sonra isə qayınanasının adına keçirmişlər. İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilmiş, həmin evə çıxarış XDS-nin sərəncamı və köhnə texniki pasport əsasında verilmiş və ev 2012-ci ildə özəlləşdirilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X2, X4, X5, X6 və Cəfərova (Rzayeva) Aytac Şahin qızı məhkəmə iclasında mübahisəli fərdi yaşayış evində vərəsə kimi paylarının müəyyən olunmasını istədiklərini bildirmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)-412/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2012-ci il tarixli AZ-İ № 552044 Ölüm haqqında şəhadətnamədən görünür ki, Nümayəndə2həsən Rza oğlu 30 iyul 2012-ci ildə ölmüşdür. İşdə olan Salyan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X8 20 yanvar 2013-cü ildə ölmüşdür. İşdə olan 21 yanvar 1964-cü il tarixli Evlənmək haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nümayəndə2həsən Rza oğlu xx.xx.1955-ci ildə nikaha daxil olmuşlar. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ümumi sahəsi 131.1 kv.metr olan fərdi yaşayış evi Nümayəndə2həsən Rza oğlunun mülkiyyətindədir. İşdə olaj Salyan RİH Başçısının Salyan şəhər İƏN-nin 28 dekabr 2022-ci il tarixli 3739 saylı arayışında qeyd edilmişdir ki, verilir ünvan 2 ünvanında yaşayan İddiaçı ondan ötrü ki, onun həyat yoldaşı Nümayəndə2həsən Rza oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 2 ünvanı olmuş və onun İddiaçı, Cavabdeh, X7, X2, X4, X5 və X6 adlı vərəsələri qalmışdır. Habelə mərhumun oğlu - X8 vəfat etdikdən sonra onun vərəsəsi olaraq Cəfərova (Rzayeva) Aytac Şahin qızı qalmışdır. İşdə olan ünvan 3 ünvanlanmış 29 dekabr 2022-ci il tarixli müraciətdən görünür ki, İddiaçı mirasın qəbul edilməsi və ya imtina cavabının verilməsi ilə bağlı Salyan rayon 2 saylı Xüsusi Notariat kontoruna müraciət etmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli reyestrdə 2-V-128 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 vərəsəsi Nümayəndə2həsən Rza oğludur və şəhadətnamə verilən miras əmlak ünvan 2-dən ibarətdir. Birinci insansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X2, X4, X5 və X1 doğma anasıdır. Mərhum Nümayəndə2həsən Rza oğlu iddiaçının əri, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin atasıdır. Nümayəndə2həsən Rza oğlu xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Nümayəndə2həsən Rza oğlu iddiaçı ilə xx.xx.1955-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından 7 uşaqları - X7, X2, Cavabdeh, X4, X5, X6, X8 adlı uşaqları olmuşdur. X8 xx.xx.2013-cü ildə vəfat etmişdir. Fərdi yaşayış evi birgə nikah dövründə, yəni xx.xx.2012-ci il tarixdə mərhum Nümayəndə2həsən Rza oğlunun adına qeydiyyata alınmışdır. Nümayəndə2həsən Rza oğlu vəfat etdikdən sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi iddiaçı qəbul etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçünçü şəxslər qanunla müəyyən edilmiş qaydada və müddətdə vərəsə kimi miras əmlakı qəbul etmələri ilə bağlı Notariat Kontoruna müraciət etməmişlər. Cavabdehdən başqa müstəqil tələb irəli sürməyən üçünçü şəxslər (formal olsa da) notariusa ərizə ilə müraciət edərək miras əmlakda olan paylarından İddiaçı xeyrinə imtina etmişlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Beləcə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə olmaqla vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 34.1-ci maddəsinin tələbinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə mərhum Abdulhəsən Rzayevin adına qeydiyyata alınmış, o vəfat etdikdən sonra miras əmlakı faktiki iddiaçı qəbul etmiş, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər miras əmlakı qəbul etmələri barədə notariat kontoruna müraciət etməmiş, eləcə də, üçüncü şəxslər formal olaraq öz paylarından iddiaçının xeyrinə imtina etmişlər. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəmə iclasında evi birgə nikah dövründə aldıqlarını qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə məhkəmənin müvafiq sorğusu əsasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi mərhum Abdulhəsən Rzayevə vərəsəlik qaydasında anası Pürüzə Rzayevadan keçmişdir və bu iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli - Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ümumi sahəsi 131.1 kv.metr olan fərdi yaşayış evinin Nümayəndə2həsən Rza oğlunun mülkiyyətində olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış xx.xx.2011-ci il tarixli reyestrdə 2-V-128 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir. Adıçəkilən şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 vərəsəsi Nümayəndə2həsən Rza oğlu və miras əmlak ünvan 2 göstərilmişdir. Mərhum Nümayəndə2həsən Rza oğlu vəsiyyətnamə tərtib etmədiyindən, o, vəfat etdikdən sonra Salyan şəhəri X.R.Ulutürk prospekti 33 ünvanda yerləşən ümumi sahəsi 131.1 kv.metr olan fərdi yaşayış evi üzərində qanun üzrə vərəsəlik qaydasında 8 bərabər pay mövcuddur. Bu baxımdan, İddiaçı mərhum əri Nümayəndə2həsən Rza oğlundan miras qalmış Salyan şəhəri X22 prospekti 33 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə olaraq 1/8 hissədə payı müəyyən edilməli, qalan hissədə iddia təmin olunmamalıdır. İddiaçı cavabdehin və üçüncü şəxslərin mirası faktiki olaraq qəbul etmədiklərini bildirsə də, onların miras əmlakın qəbulu üçün müraciət etməmələri miras əmlakdan imtina etmələri demək deyildir. Eləcə də, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin miras əmlakdan imtina barədə notarial qaydada təsdiq olunmuş ərizəsi məhkəməyə təqdim olunmamış, əksinə onlar məhkəmə iclası zamanı mübahisəli fərdi yaşayış evində paylarının müəyyən edilməsini xahiş etmişlər. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Bununla da, məhkəmə kollegiyası işin faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında müəyyən edilmiş məcburi göstərişlərə əsasən hüquqi qiymət verərək qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)- 412/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı mərhum əri Nümayəndə2həsən Rza oğlundan miras qalmış Salyan şəhəri X22 prospekti 33 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə olaraq 1/8 hissədə payı müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(057)-412/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum əri Nümayəndə2həsən Rza oğlundan miras qalmış Salyan şəhəri X22 prospekti 33 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi üzərində qanun üzrə vərəsə olaraq 1/8 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar