Məhkəmə qərarları › İş №2(106)-329/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-329/2024

12.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-329/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş icarə haqqının tutulması, dəymiş ziyanın ödənilməsi, əmlakın qaytarılması və ya onun dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1260/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X3 iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Astara şəhəri, Səməd Vurğun küçəsi 128-də yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənməyən icarə haqlarına görə 15600 manat pulun tutulması, qeyri-yaşayış sahəsinin təmirinə vurduğu ziyanın məbləğinin və həmin qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verilmiş və hal-hazırda mövcud olmayan əmlaklarının eyni keyfiyyətdə olan əmlaklar şəklində qaytarılması və ya əmlakların dəyərinin hesablanacaq kompensasiya şəklində ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh iddiaçı X1 mülkiyyətində olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 22 dekabr 2021-ci il olan çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 105,5 kvadrat metr qeyri-yaşayış sahəsindən çıxarılması, həmin 105,5 kvadrat metr qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı X2 təhvil verilməsi, iddia tələbinin 15600 manat ziyan hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Astara Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(018)-1260/2023 saylı qətnaməsinin rədd edilmiş hissəsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. İddiaçı X3 apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 75-ci vərəqində olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən xx.xx.2023-cü ildə 56 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin sonradan iddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək qiymətləndirilən hissədə iddianın qiymətini 3600 manatdan 15600 manatadək artırsa da, hər hansı dövlət rüsumu ödəməmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu iddiaçının birinci instansiya məhkəməsində iddia ərizəsi verərkən ödədiyi faktiki məbləğin 50 faizi miqdarında deyil, qanunla müəyyən edilmiş məbləğin 50 faizi miqdarında ödənilməlidir. İş materiallarından da göründüyü kimi, iddianın qiymətləndirilən hissəsində, eləcə də iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 15600 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 68,4 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-1260/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar