Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-33/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və orada qanunsuz inşa edilmiş evin cavabdehlərin hesabına sökülməsi tələbinə dair imülki iş üzrə Astara Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(018)-23/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz olaraq zəbt etdikləri mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və orada inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və digər 3 nəfər ailə üzvlərinin mülkiyyətlərinə Astara rayon Kijəbə qəsəbəsi ərazisində 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılaraq verilmişdir. Bu barədə qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Lakin mülkiyyətlərində olan 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və orada fərdi yaşayış evi tikilmişdir. Belə olan halda, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Dəfələrlə cavabdehlərdən torpaq sahəsinin azad edilməsini tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Astara Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(018)-23/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia qismən təmin edilərək DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsinin Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən azad edilməsi, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvülərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsinə düşən, Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış evinin bir hissəsi onların öz vəsaiti hesabına oradan sökülməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun 50 (əlli) manat hissəsinin alınaraq İddiaçı ödənilməsi, ekspert rəyinin verilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğindəki dövlət rüsumunun onlardan müştərək qaydada alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı 08 fevral 1965-ci il tarixdə Astara rayonu Kijəbə qəsəbəsində anadan olmaqla orada qeydiyyatdadır və yaşayır. İddiaçı və onların ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə Astara rayonu Kijəbə qəsəbəsi ərazisində 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli 10/8817 saylı rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 0,39 hektar torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmiş, İddiaçı ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin ölçüsünün 0,13 hektar olması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 16 dekabr 2015-ci il, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli çıxarışda qeyd edilən İddiaçı ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,39 hektar torpaq sahəsinin 0,19 hektar hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmiş, həmin 0,19 hektar torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış evinin bir hissəsinin düşməsi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli qərarı onun və digər ailə üzvlərinin mülkiyyətlərinə Astara rayon Kijəbə qəsəbəsi ərazisində 0,07 hektar həyətyanı torpaq sahəsi ayrılaraq verilmişdir. Onlar həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O və ailə üzvlərindən heç kim İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsini tutmamışlar. Həmçinin qeydiyyat tarixi 16 dekabr 2015-ci il qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli çıxarış qanunsuzdur. Ona görə də, Şirvan İnzibati Məhkəməsinə Aqrar İslahat Komissiyası tərəfindən İddiaçı verilən 0,39 ha torpaq sahəsinə dair qərarın ləğvi barədə müraciət etmişdir. Buna baxmayaraq, məhkəmə inzibati məhkəmənin qərarını gözləmədən qərar qəbul edərək obyektiv məhkəmə araşdırması prinsipini pozmuşdur. Halbuki, məhkəmə inzibati məhkəmənin qərarını gözləməli və bununla icraatı dayandırmalı idi. Məhkəmə qətnaməsində qeyd edir ki, inzibati məhkəmənin icraatında olması ilə bağlı sübut təqdim edə bilməmişdir. Şirvan İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsinə dair poçt qəbzini məhkəməyə təqdim edib və iddia ərizələri məhkəməyə daxil olduğu andan icraata götülmüş sayılır. Məhkəmə prosessual qənaət prinsipinə riayət etməmişdir. Ümumiyyətlə, məhkəmə əsaslı araşdırma aparmayaraq, əsassız qərar qəbul etmişdir. Qətnamədə maddi hüquq normaları sadəcə sadalanmışdır. Belə ki, iş üzrə qətnamə çıxarılsa da, faktiki olaraq işə mahiyyəti üzrə baxılmamışdır. Məhkəmə İddiaçı tələbi üzrə qərar qəbul edərkən ona uzun illər əvvəl verilmiş və arxiv sənədi ilə təsdiq edilən sənədi qiymətləndirməmiş, bununla da, onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaran qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutların bilavasitə tədqiq edilməməsi, hadisə yerinə baxışın keçirilməməsi, maddi sübutların müayinə edilməməsi, bir sözlə, heç bir araşdırmanın aparılmadan işə mahiyyəti üzrə baxılmaması ilə bağlı yol verilmiş kobud prosessual pozuntular qaydalarla ilə bağlı maddi hüquq normalarının da pozulmasına səbəb olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və ya üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Məhkəmə tərkibi ekspert rəyinin sübut kimi qəbul oluna bilmə imkanına dair dəlil üzrə qeyd edir ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu baxımdan, həmin məcəllənin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda göstərilən prosessual normalardan irəli gələrək məhkəmə iş üzrə ekspertiza keçirərək Torpaqların elektron kadastr uçotu informasiya sisteminə istinadən müvafiq rəy əldə etmiş və yekun qərarında da məhz ona əsaslanmışdır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində Aqrar İslahat Komissiyası tərəfindən İddiaçı verilən 0,39 ha torpaq sahəsinə dair müvafiq qərarın ləğvi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edilməsinə rəğmən iş üzrə icraat dayandırılaraq onun nəticəsi nəzərə alınmamışdır. Belə ki, məhkəmə ona əvvəllər verilmiş arxiv sənədlərini qiymətləndirməmişdir. Bu qeyd edilənlərlə bağlı, məhkəmə tərkibi qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan Cavabdeh1 Astara rayon icra Hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) “Aqrar İslahat Komissiyası”nın İddiaçı 0,39 ha torpaq sahəsinin verilməsi barədə qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı - mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. 25 noyabr 2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatında olan - Cavabdeh1 Astara rayon icra Hakimiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) Aqrar İslahat Komissiyasının İddiaçı 0,39 ha torpaq sahəsinin verilməsi barədə qərarının qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddianın geri götürülməsi səbəbindən iş üzrə icraata xitam verilməsi barədə yekun məhkəmə aktı qəbul edilmiş və həmin qərardad 17 dekabr 2024- cü il tarixdə qanuni qüvvəyə minmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Beləcə, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində göstərilən dəlillərə hazırkı halda tamamilə aydınlıq gətirilmiş, müvafiq inzibati mübahisənin yekunlaşması məhz hazırkı apellyator Cavabdeh1 iradəsi ilə baş vermişdir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmçinin MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(018)-23/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-33/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-33/2025
15.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver