Məhkəmə qərarları › İş №2(106)-330/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-330/2023

15.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-330/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı “əmrin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdiri X3 tərəfindən verilmiş ona töhmət verilməsi barədə 10 nömrəli, 11 fevral 2022-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təhsil naziri ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən Biləsuvar şəhər 1 saylı ümumi orta məktəbdə direktor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixində təxminən saat 12 radələrində arvadı iddiaçıya zəng edərək xəstələndiyini və onu həkimə aparmasını bildirmişdir. İddiaçı dərhal məktəbdən çıxıb onun işlədiyi 4 saylı şəhər tam orta məktəbinə getmiş və arvadını həkimə aparmışdır. Həkimin yanında olarkən rayon təhsil şöbəsinin əməkdaşı Ülviyyə Məmmədova iddiaçıya zəng etmiş və məktəbdə olduğunu bildirmişdir. İddiaçı isə arvadını həkimə gətirdiyini və təxminən yarım saata məktəbə qayıdacağını bildirmişdir. Ondan nə məqsədlə məktəbə gəldiyini soruşduqda iddiaçıya bildirmişdir ki, elə bir ciddi iş yoxdur. İddiaçı təxminən saat 13 radələrində məktəbə qayıtdıqda Ülviyyə Məmmədova məktəbdə deyildi. Məlum olduğu kimi, rayon təhsil şöbələri ləğv edilərək regional təhsil idarələri yaradılmışdır. Təhsil nazirinin müvafiq əmrinə əsasən Biləsuvar rayonu üzrə məktəblər Cavabdeh yurisdiksiyasına verilmişdir. Xidməti işi ilə əlaqədar həmin təşkilatda olarkən müdir Sənan müəllim iddiaçıya bildirmişdir ki, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdirinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbeh tədbiri kimi töhmət verilmişdir. Bundan sonra, o, cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Həmin təşkilat tərəfindən 27 iyul 2022-ci il tarixində rəsmi cavab verilmişdir. Həmin cavabı aldıqdan sonra mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilməsi üçün Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi mediasiya prosesinə gəlmədiyindən mediator tərəfindən iddiaçıya MŞL-00685 nömrəli, 27 avqust 2022-ci il tarixli arayış təqdim edilmişdir. İddiaçı bildirir ki, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdirinin məktəb direktoru kimi iddiaçıya intizam tənbehi qismində töhmət vermək səlahiyyəti olmamışdır. Çünki “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən açıq-aydın görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs isə təhsil naziri X2r. Əmək müqaviləsinə əsasən Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdirinin işəgötürənin səlahiyyətlərini yerinə yetirməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdiri Aqşin Bağırov səlahiyyət hədlərini aşmaqla iddiaçıya töhmət vermişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən işçini intizam məsuliyyətinə cəlb etmək yalnız işəgötürənin hüquqlarına daxildir. Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdiri iddiaçıya töhmət verərkən AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanmışdır. X9 nəzərə almamışdır ki, əmrdə istinad etdiyi qeyd edilən səlahiyyətlər işəgötürən hesab edilmədiyindən onun səlahiyyətlərinə aid deyil, həmin səlahiyyətlər təhsil nazirinin müstəsna səlahiyyətlərinə aiddir. Lakin təhsil naziri sərəncamla və ya qərarla Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdirinə belə bir səlahiyyət verməmişdir. Töhmət verilməsi barədə əmr iddiaçıya elan olunmamış və surəti ona təqdim edilməmişdir. İddiaçı həmin əmrlə 27 iyul 2022-ci il tarixində əmrin verilməsindən 5 ay 16 gün sonra tanış olmuşdur. Bu hal əmək qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixində təxminən 1 saata yaxın müddət ərzində işdə olmamış, bunun səbəbi isə arvadının həmin gün xəstələnməsi ucbatından həkim müayinəsinə aparması olmuşdur. Bundan başqa, sözügedən əmr əmək qanunvericiliyinə müvafiq olaraq qəbul edilmiş hesab edilsə belə, həmin əmr xx.xx.2022-ci il tarixindən etibarən qüvvədən düşmüş hesab edilməlidir. Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri və onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçıya töhmət verilməsi barədə qərarla tanış edilməməsi və ən azından hansı səbəblər üzündən ona töhmət verilməsi barədə məlumatın verilməməsi aydınlaşdırılmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətə və dəstəyə görə Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdiri tərəfindən Fəxri fərmanla təltif edilməsi qətnamədə nəzərə alınmamışdır. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı da yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ona töhmət verilməsi barədə əmrlə 27 iyul 2022-ci il tarixində tanış olaraq onu almış, həmin gün mediasiya təklifi ilə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat mediatorun mediasiya prosesində iştirakla bağlı verdiyi təklifi alaraq ilkin mediasiya sessiyasına nümayəndəsini göndərmədiyindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçıya arayış vermiş və bunun əsasında o, xx.xx.2022-ci il tarixində məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə yanlış nəticəyə gəlməklə qəbul etdiyi qətnamədə iddia müddətinin ötürülməsini əsas tutaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, 11 fevral 2022-ci il tarixində saat 12-13 radələrində təxminən 1 saat məktəbdə olmamış, arvadı xəstələndiyinə görə icazə almadan gedib onu həkimə aparmaq məcburiyyətində qalmışdır. Ülviyyə Məmmədova da həmin vaxt məktəbə gəlmişdir. O, həkim reseptini təqdim etsə də, təhsil şöbəsi iddiaçıya töhmət vermiş və məhkəmə də bu töhməti qüvvədə saxlamışdır. Halbuki, töhmət əvəzinə, yazılı xəbərdarlıq da edilə bilərdi. İddiaçı Biləsuvar rayon Təhsil şöbəsinin müdiri A.Bağırova verdiyi yazılı izahatda hansı səbəbdən 10 fevral 2022-ci il tarixdə iş vaxtı məktəbdən getməsini qeyd etməsi ilə bağlı suala bunun texniki səhv olduğunu bildirməklə cavab vermişdir. Əslində isə bu hal 10 fevral 2022-ci il tarixində deyil, 11 fevral 2022-ci il tarixində baş vermişdir. İddiaçı həmçinin bildirdi ki, onun Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli, 26 nömrəli əmrindən məlumatı olmamışdır, bu səbəbdən də hazırda Təhsil şöbəsinin müdirinin onun barəsində töhmət verilməsi barədə əmr imzalamağa səlahiyyətinin olmamasına dair arqumentini müdafiə etmir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil çıxış edərək bildirdi ki, iddiaçıya töhmət verilmiş, bununla bağlı iddiaçı idarədə izahat vermiş, lakin ona töhmət verilib-verilməməsi ilə bağlı hər hansı məlumat verilməmişdir. Təhsil şöbəsində araşdırma aparılsa da, töhmətlə bağlı əmrin surəti iddiaçıya verilməmişdir. Həmçinin, 1 saat iş yerini tərk etməyə görə şəxsin intizam məsuliyyətinə cəlb edilməsi qanunsuzdur. Belə ki, qanunvericilikdə yaxın qohumlarla bağlı istisna müəyyən edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddia müddətini öz təşəbbüsü ilə tətbiq etmiş, qarşı tərəfin bununla bağlı, hər hansı ərizəsi olmamışdır. Əmr verildiyi gündən 1 ay ərzində mübahisələndirilə bilər. Əmək Məcəlləsində isə bu müddətin həmin sənəd ona təqdim olunduğu gündən hesablanması qeyd edilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh nümayəndəsi X4 çıxış edərək bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mütəmadi olaraq təhsil şöbəsində direktorların iclası təşkil olunmuşdur. Mümkün deyil ki, bu iclaslarda iddiaçıya ona töhmət verilməsi barədə şifahi məlumat verilməsin. Belə olduğu təqdirdə, o, töhmətlə bağlı əmrin surətini almaq üçün müraciət edə bilərdi. Həmçinin, iddiaçının qeyd etdiyi reseptdə hər hansı xəstəxananın və ya firmanın rekvizitləri qeyd olunmamışdır. Bundan başqa, Biləsuvar rayon Təhsil şöbəsinin əməkdaşı Ü.Məmmədovanın şöbənin müdirinə ünvanlanmış təqdimatı ilə təsdiq edilir ki, iddiaçı 09 fevral 2022-ci il tarixində iş vaxtı ərzində məktəbdə olmamışdır. Cavabdehin nümayəndəsi verilmiş suala cavab olaraq bildirdi ki, inspektorların şagird və məktəb əməkdaşlarının davamiyyətini yoxlamaq səlahiyyətləri var. O, apellyasiya şikayətinin təmin edilməməsini və Salyan Rayon Məhkəməsinin 2(057)- 1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində bağlanmış əmək müqaviləsi üzrə Biləsuvar şəhər 1 saylı ümumi orta məktəbin direktoru vəzifəsində çalışır. Onun işəgötürəni kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs kimi nazir X5 qeyd edilmişdir. İşdəki Biləsuvar rayon Təhsil şöbəsinin məsləhətçisi Ü.Məmmədova tərəfindən həmin Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatın surətindən görünür ki, tapşırığa əsasən xx.xx.2022-ci ildə saat 12:20-də Biləsuvar şəhər S.Abdullayev adına 1 saylı ümumi orta məktəbdə olmuş, məktəbin qapısının ağzında onu Elnarə adlı xadimə qarşılamış, məktəbin direktorunun və direktor müavininin məktəbdə olmadığını bildirmişdir. Ü.Məmmədova xadiməyə Təhsil şöbəsinin işçisi olduğunu, məktəbə daxil olmalı olduğunu bildirsə də, xadimə qeyd etmişdir ki, məktəbin direktoru heç kimi məktəbə buraxmamağı tapşırmış, ona görə də Ü.Məmmədovaya məktəbin daxilinə keçməyə icazə verməmiş, Ü.Məmmədova isə məktəbə daxil ola bilmədiyindən məktəblə bağlı heç bir məlumat ala bilməmişdir. Ü.Məmmədova məktəbin direktoru Ağaverdi müəllimlə telefon əlaqəsi yaratmış, direktor ona bildirmişdir ki, bu gün nahar fasiləsinə tez çıxmışdır. Ü.Məmmədova direktora başa salmışdır ki, bu məsələ aktlaşdırılmalıdır. Direktor isə qeyd etmişdir ki, özünüz bilərsiniz. İşdəki İddiaçı Biləsuvar rayon Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli əlyazma izahatının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixində təxminən saat 12:00 radələrində məktəbdən çıxmış, iş vaxtı məktəbdən getməyinin səbəbi həyat yoldaşının səhhətində yaranmış problem və onunla bağlı dərman almaq üçün aptekə getməsi olmuşdur. Dərmanı verdikdən sonra yenidən məktəbə qayıtmışdır. İşdəki Biləsuvar rayon Təhsil şöbəsinin müdir müavini Ə.Qəmbərov tərəfindən Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdən görünür ki, Biləsuvar rayon Təhsil şöbəsinin məsləhətçiləri Ülviyyə Məmmədova və Nərmin Xaqanın təqdimatları, şəhər 1 nömrəli ümumi orta məktəbin direktoru İddiaçı izahatı araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, şəhər 1 nömrəli ümumi orta məktəbin direktoru İddiaçı əmək intizamını pozmuş, iş vaxtı məktəbdə olmamış və məktəbdən getməsi barədə RTŞ-yə məlumat verməmişdir. Bu səbəbdən RTŞ-nin məsləhətçilərinin xidməti məlumatlarını, baş vermiş hadisənin təhlilini nəzərə alaraq, məktəbin direktoru İddiaçı intizam tənbehinə cəlb edilməsinə əsas yaranmışdır. İşdəki Biləsuvar rayon Təhsil şöbəsinin 11 fevral 2022-ci il tarixli, 10 nömrəli İddiaçı töhmət verilməsi barədə əmrinin surətindən görünür ki, şəhər 1 nömrəli ümumi orta məktəbin direktoru İddiaçı Tarıyel oğluna əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə, iş saatında müəssisədə olmadığına görə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları) 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İşdəki Cavabdeh İddiaçı Tarıyel oğluna ünvanlanmış 27 iyul 2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmış, idarə tərəfindən Biləsuvar rayon Təhsil şöbəsinin son 3 il ərzində olan “Əmr kitabı”larına baxış keçirilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixli, 10 nömrəli əmrlə İddiaçı barəsində intizam tənbehinin (töhmətin) tətbiq edildiyi aşkar edilmişdir. İşdəki Cavabdeh iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 09 avqust 2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı Tarıyel oğluna Biləsuvar rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 10 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 fevral 2022-ci il tarixli tövsiyə vərəqəsindən (reseptdən) görünür ki, Elnarə adlı şəxsə 2 adda dərman yazılmışdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət növündə intizam tənbehi verə bilər. İddiaçı tələbinin əsaslarından biri kimi ona istinad etmişdir ki, ona töhmət verilməsi səlahiyyəti yalnız onun işəgötürəni kimi qeyd edilən Azərbaycan Respublikasının təhsil nazirinə aid olmuş, Biləsuvar rayon keçmiş Təhsil şöbəsinin müdirinin ona töhmət verməsi səlahiyyəti olmadığından, onun 11 fevral 2022-ci il tarixli, 10 nömrəli əmri qanunsuz olmuşdur. Lakin sonradan apellyasiya məhkəməsinin iclasında bu dəlilini müdafiə etmədiyini bildirmişdir. Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsinə əsasən, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Azərbaycan Respublikası Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli, 26 nömrəli əmrinin 3-cü bəndi ilə ümumtəhsil məktəblərinin, məktəbdənkənar müəssisələrin direktorlarına və məktəbəqədər təhsil müəssisə müdirlərinə ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla, digər intizam tənbehlərinin tətbiqinin yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilməsi əmr edilmişdir. Göründüyü kimi, Biləsuvar şəhər 1 saylı ümumi orta məktəbin direktoru olan iddiaçıya birbaşa töhmət vermək səlahiyyəti onun işəgötürəni olan Azərbaycan Respublikasının Təhsil nazirinə aid olsa da, Təhsil nazirinin 25 yanvar 2011-ci il tarixli, 26 nömrəli əmri ilə nazir bu səlahiyyəti müəssisədən kənarda yerləşən struktur bölmələri olan yerli təhsili idarəetmə orqanlarına həvalə etmişdir. Biləsuvar şəhər Təhsil şöbəsi isə Biləsuvar şəhəri üzrə təhsili idarəetmə orqanı olduğundan, onun müdirinin Biləsuvar şəhər 1 saylı ümumi orta məktəbin direktoruna töhmət növündə intizam tənbehi vermək səlahiyyəti olmuşdur. İş materiallarından görünür ki, iddiaçının məktəbdə olmadığı tarixlə bağlı bildirdikləri bir-birilə ziddiyyət təşkil edir. İddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində, eləcə də apellyasiya məhkəməsinin iclasında 11 fevral 2022-ci il tarixində təxminən saat 12:00 radələrində 1 saatlıq müddət ərzində məktəbdə olmadığını qeyd etsə də, Biləsuvar rayon Təhsil şöbəsinin məsləhətçisi Ü.Məmmədova tərəfindən həmin Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatın surətindən görünür ki, məsləhətçi məktəbə xx.xx.2022-ci il tarixində gəlmiş, iddiaçı isə həmin tarixdə məktəbdə olmamışdır. Bundan başqa, iddiaçının Biləsuvar rayon Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış xx.xx.2022-ci il tarixli əlyazma izahatında isə onun xx.xx.2022-ci il tarixində təxminən saat 12:00 radələrində məktəbdən çıxdığı və həyat yoldaşına dərman aldıqdan sonra məktəbə qayıtdığı qeyd edilmişdir. Ü.Məmmədovanın təqdimatından göründüyü kimi, o, məktəbə 09 fevral 2022-ci il tarixində gəldiyi zaman direktor olan iddiaçının iş saatında məktəbdə olmadığını aşkar etmiş, bununla bağlı, həmin tarixdə Biləsuvar rayon Təhsil şöbəsinin müdiri A.Bağırova ünvanlanmış təqdimat yazmışdır. İddiaçı verdiyi izahatında 10 fevral 2022-ci il tarixində təxminən 12:00 radələrində məktəbdən çıxdığını və həyat yoldaşına dərman aldıqdan sonra qayıtdığını qeyd etsə də, apellyasiya məhkəməsinin iclasında bunun bir texniki səhv olduğunu, əslində 11 fevral 2022-ci il tarixində hadisənin baş verdiyini bildirmişdir. İş materiallarında olan Elnarə adlı şəxsin adına yazılmış tövsiyə vərəqəsinin (reseptin) isə 11 fevral 2022-ci il tarixinə aid olduğu görünsə də, həmin reseptin hansı müəssisə və kim tərəfindən yazılması barədə hər hansı qeyd aparılmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özü də Təhsil şöbəsinin məsləhətçisi Ü.Məmmədovanın məktəbə gəldiyi zaman məktəbdə olmadığını qəbul edir. İddiaçı təxminən saat 12:00 radələrində 1 saatlıq məktəbdən çıxdığını, həyat yoldaşına dərman aldıqdan sonra geri qayıtdığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi reseptdə onun yazılma tarixinin 11 fevral 2022-ci il olaraq qeyd edilməsini iddiaçının məktəbdə olmamasına dair Ü.Məmmədovanın təqdimatının 09 fevral 2022-ci ildə yazılması və iddiaçının yazılı izahatında 10 fevral 2022-ci il tarixində məktəbdə olmadığını qeyd etməsi ilə müqayisə edərək belə qənaətə gəlir ki, iddiaçının həyat yoldaşına dərman aldıqdan sonra məktəbə qayıtması ilə bağlı bildirdikləri işin hallarına uyğun olmadığından, inandırıcı deyil. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, iddiaçı həqiqətən də iş vaxtı ərzində həyat yoldaşı üçün dərman almaq məqsədilə məktəbdən çıxmış olsaydı belə, bunun üçün müvafiq icazə almalı idi, lakin bu cür icazə alınmadığından, eləcə də, iddiaçının məktəbdə olmamasının hər hansı üzrlü səbəbə əsaslanmasına dair mötəbər sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası iddiaçının tələbini əsaslı saymır. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, iddiaçının 09 fevral 2022-ci il tarixində Təhsil şöbəsinin məsləhətçisi Ü.Məmmədovanın məktəbə gəldiyi vaxt, yəni iş vaxtı ərzində məktəbdə olmaması faktı müəyyən edildiyindən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinə uyğun olaraq iddiaçının əmək funksiyasını qismən yerinə yetirməməklə əmək və icra intizamını pozması faktı da öz təsdiqini tapır. Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci hissəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Qeyd edilən maddədən də göründüyü kimi, əmək funksiyası tam iş vaxtı ərzində yerinə yetirilməlidir. Lakin iddiaçı iş vaxtı ərzində iş yerindən icazəsiz şəkildə kənara çıxdığını özü də təsdiq etdiyindən, eləcə də bu halın üzrlü səbəbdən baş verməsinə dair mötəbər sübut təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası bildirir ki, iddiaçı öz əmək funksiyasını qismən yerinə yetirməməklə əmək və icra intizamını pozmuşdur. Bu isə onu göstərir ki, iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi üçün qanuni əsas olmuşdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hisəssinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən əmək intizamı (iş vaxtı ərzində iş yerində olma tələbi) 09 fevral 2022-ci il tarixində pozulmuş, bu pozuntu Təhsil şöbəsinin məsləhətçisi Ü.Məmmədova tərəfindən elə həmin tarixdə aşkar edilmiş, bunun nəzərə alınması üçün həmin tarixdə Ü.Məmmədova tərəfindən Təhsil şöbəsinin müdirinə təqdimat yazılmış, iddiaçının yazılı izahatı alınmış, iddiaçı tərəfindən əmək intizamının pozulmasının aşkar edildiyi gündən cəmi 2 gün sonra onun barəsində töhmət növündə intizam tənbehinin tətbiq edilməsi haqqında əmr verilmişdir. Göründüyü kimi, əmrin verilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əməl edilmişdir. İddiaçı tələbinin digər əsası kimi bildirmişdir ki, onun barəsində töhmət növündə intizam tənbehinin tətbiq edilməsi barədə əmrlə o tanış edilməmiş, həmin əmrdən yalnız xidməti işi ilə əlaqədar cavabdeh təşkilatda olarkən müdir Sənan müəllim ona məlumat vermişdir. Məhkəmə kollegiyası yazılı qaydada izahat vermiş iddiaçının həmin izahatın nəticəsi ilə bağlı sonradan keçmiş Təhsil şöbəsindən hər hansı məlumat almamasını, onun barəsində intizam tənbehinin tətbiq edilməsi barədə əmrlə tanış edilməməsini inandırıcı hesab etmir. Belə ki, ali təhsilli məktəb direktoru olan iddiaçının verdiyi yazılı izahatın nəticəsi ilə maraqlanmaması, ona yazılı izahatın nəticəsi barədə məlumat verilməsini tələb etməməsi, eləcə də Təhsil şöbəsi tərəfindən iddiaçıya onun barəsində çıxarılmış əmr barədə hər hansı məlumatın verilməməsi inandırıcı deyil. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iclasında cavabdeh təşkilatın nümayəndəsi Həsənxan Həsənlinin bildirdiklərini daha inandırıcı hesab edir. Belə ki, o, məhkəmə iclasında mütəmadi olaraq təhsil şöbəsində direktorların iclaslarının təşkil olunduğunu və bu iclaslarda iddiaçıya ona töhmət verilməsi barədə şifahi məlumat verilməməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsindən də göründüyü kimi, işçiyə intizam tənbehinin tətbiq edilməsi barədə əmrin surəti onun tələbi ilə təqdim olunur. İşçi (iddiaçı) tərəfindən bu cür tələblə 13 iyul 2022-ci il tarixində cavabdeh təşkilata müraciət olunması cavabdeh təşkilatın iddiaçını həmin əmrlə vaxtında tanış etməməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçı Biləsuvar rayon Təhsil şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti və dəstəyinə görə fəxri fərmanla təltif olunduğunu, bu səbəbdən də qanuniliyi mübahisələndirilən əmrin həmin tarixdən qüvvədən düşmüş hesab edilməli olduğunu bildirmiş, bu zaman Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü hissəsinə istinad etmişdir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 4-cü hissəsinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Lakin məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iddiaçının tələbi ona töhmət verilməsi barədə 10 nömrəli, 11 fevral 2022-ci il tarixli əmrin qüvvədən düşmüş hesab edilməsinə deyil, qanunsuz hesab edilərək ləğv olunmasına yönəlmişdir. Bu səbəbdən də iddiaçının həmin dəlili də hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi əsası ilə birinci instansiya məhkəməsinin iddianı rədd etməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətinin ötürülməsini deyil, iddiaçının iş yerində intizam qaydalarını pozaraq gün ərzində müəyyən müddətdə iş yerində olmamasını və həmin səbəbdən haqlı olaraq ona intizam qaydasında töhmət verildiyini əsas götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının bildirdikləri ziddiyyətli olduğundan və işin hallarına uyğun olmadığından, iddiaçının iş vaxtı ərzində icazə almadan məktəbdən kənarda olması faktı təsdiq edildiyindən, keçmiş Təhsil şöbəsinin müdirinin onun barəsində intizam tənbehinin tətbiq edilməsi barədə əmr vermək səlahiyyəti olduğundan, iddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi üçün əsas olan hal mövcud olduğundan, intizam tənbehinin tətbiq edilməsi barədə əmr qanunla müəyyən edilmiş müddət ərzində verildiyindən, töhmət növündə intizam tənbehinin tətbiq edilməsi barədə əmrin surəti iddiaçının tələbi ilə ona verildiyindən və Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, iddiaçının tələbi Biləsuvar rayon Təhsil şöbəsinin 11 fevral 2022-ci il tarixli, 10 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsinə yönəldiyindən, sözügedən əmrin qanunsuz hesab edilməsi üçün iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən və həmin əmrin qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1984/2022 saylı, 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar