Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-333/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-5/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)-5/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixlı 2(006)-115/2017 saylı qətnaməsi üzrə tutulması qət edilmiş ümumilikdə 63278,23 AZN məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və 20 manat xidmət haqqı, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat və 20 manat xidmət haqqı üzrə ödəmənin xx.xx.2014-cü il tarixli 00016 saylı Alqı-satqı və İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanda 0,0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) 175000 AZN məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin - ünvan 2 ünvanında 0,0414 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra, Cavabdeh1 evi boşaldaraq evdən çıxarılması və evin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli ƏEM/Y-05-005/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 manat vəsaitin Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi, “X1” MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli CPG 01-002 A/23 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat vəsaitin Cavabdeh1 tutulub “X1” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 27 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)- 5/2023 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Apellyasiya şikayəti Cavabdeh1 vəkili və nümayəndəsi kimi qeyd edilmiş Vəkil tərəfindən elektron imza vasitəsilə imzalanmış, iş materiallarına 14 iyun 2023cü il tarixli, AR-İİ 972530 seriya nömrəli etibarnamə və Şirvan Apellyasiya Məhkəməsində hüquqi yardım üçün xx.xx.2023-cü il tarixli vəkil orderi əlavə olunmuşdur. Lakin həmin 14 iyun 2023-cü il tarixli, AR-İİ 972530 seriya nömrəli etibarnamədən görünür ki, etibarnamə üzrə Cavabdeh1 tərəfindən Vəkil geniş həcmdə səlahiyyətlər verilsə də, məhkəmə aktından şikayət verilməsi səlahiyyəti etibarnamədə göstərilməmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələblərinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini cavabdehin nümayəndəsi və vəkili kimi Vəkil elektron imza vasitəsilə imzalamış olsa da, məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti Cavabdeh1 tərəfindən Vəkil verilmədiyindən, sonuncunun sadəcə vəkil kimi cavabdehin adından apellyasiya şikayəti vermək və onu imzalamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Bundan başqa, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin apellyator öz tələbini dəqiq göstərməmiş, yalnız Sabirabad Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(056)-5/2023 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etməklə, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini tələb etdiyini dəqiq qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi göstərilməlidir. MPM-in 363.1.1-ci və 363.1.1-1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-5/2023 saylı, 06 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-333/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-333/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver