Məhkəmə qərarları › İş №2(106)-344/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-344/2024

15.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-344/2024 15.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və fərdi yaşayış evinin bölünməsi Şirvan şəhəri, 15 fevral 2024-cü il X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən (hakim hakim Mübariz Məmmədov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının ayrılıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 aprel 1974-cü il tarixdə rəsmi nikah qeydiyyatdan keçməklə evlənmişlər. Onların birgə nikahlarından 5 nəfər uşaqları olmuşdur. Onlardan 1975-ci il təvəllüdlü X8, 1976-cı il təvəllüdlü X9 (1998-ci ildə Qarabağda şəhid olmuşdur.), 1981-ci il təvəllüdlü X6, 1983-cü il təvəllüdlü X10 və 1985-ci il təvəllüdlü Nümayəndədur. Cavabdeh qanunu pozaraq Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə öz adına çıxarış almışdır. Bundan başqa Cavabdeh 0,10 hektar həyətyanı torpaq sahəsindən əlavə olaraq 1 hektar da torpaq sahəsini də zəbt etmiş, orada ailə üzvüləri ilə birlikdə 100-ə yaxın feyxoa, 350-yə yaxın narıngin, limon ağaclar əkmişlər. Cavabdeh onlarla kobud davranmaqla mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə da İddiaçı izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş məhkəmə iclasında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun mülkiyyətində Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmçinin onun və ailə üzvülərinin mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarına əsasən Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənt təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin 0,65 hektar kənt təsərrüfatı mallarının istehsalı üçün torpaq sahəsində payın müəyyən edilməsini tələb etmir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "paylı ümumi mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, "Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktında qeyd edilən, Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində Cavabdeh, Nümayəndə, İddiaçı, X2, X4 və X5 hər birinin paylarının ayrı-ayrılıqda 1/6 (altı da bir) hissədə olmasının müəyyən edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli şıxarışda qeyd edilən, Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində Babayev X7 İddiaçı hər birinin paylarının ayrı-ayrılıqda 1/2 (iki də bir) hissədə olmasının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumuna görə Cavabdeh 50 (əlli) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən hüquq normasının bu tələblərinə əməl edilməmişdir. Əksinə ailənin saxlanılmasına deyil, dağılmasına səbəb olan qərar qəbul edilmişdir. İddiaçı ilə 1974-cü ildə ailə həyatı qurmuşlar. Ər-arvad kimi yaşadıqları 49 il müddətində aralarında narazılıq olmamışdır. Yalnız son vaxtlar oğlu Nümayəndə ona qarşı nankorluq etməsini, nalayiq sözlərlə təhqir etməsini iddiaçı nəzərə almamış, onun təsiri ilə hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Nümayəndə dəfələrlə cavabdehi döymüş və xəsarət yetirmişdir. O, inzibati qayda məhkəmə tərəfindən həbs edilmişdir. Nümayəndə cavabdehi öldürmək və olan qalan əmlakını ələ keçirmək istəyir. Tufeyli həyat tərzi keçirir. Onun üçün Bakı şəhərində torpaq ev almışdır. Ailəsi ilə Bakıda yaşayırdı. Ailədə özünü yaxşı aparmadığına görə ayrılmışdır. İndidə cavabehlə- atası ilə dava-dalaş edir. Yağışlı havalarda paltarlarını, yorğan-döşəyini çölə atır. Bir sözlə nankorluq edir. Belə bir övladın təsiri ilə arvadı ümumi əmlakın bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məqsədi də o, olmuşdur ki, ona düşən payı nankor oğluna versin. Bütün bunlar onlar tərəfindən düzüb quraşdırılmışdır. Onuda bildirir ki, Nümayəndə cavabdehlə düşmənçilik edir, onunla bir evdə yaşamaq mümkün deyildir. Cavabdehi başa düşün, əgər Nümayəndə yaşadığı evə köçərsə cavabdehi öldürəcək və yaxud zəhərləyəcək. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, oğlu Fariz 1976-cı ildə anadan olmuş 1998-ci ildə həqiqi hərbi xidmətdə olduğu zaman vəfat etmişdir. Fariz ailəli olmamış, subay olaraq vəfat etmişdir. Xidmətdə olduğu zaman vəfat etsə də ona şəhidlik statusu verilməmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək, səhhətinin pisləşdiyini və buna görə də üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Buna baxmayaraq, zəruri həkim arayışı və digər hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı cavabdehə münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı Həzrət qızı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı xx xxxxxx 1952-ci il tarixdə anadan olmaqla, Astara rayonu Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayonu Qeydiyyat şöbəsinin 26 sentyabr 2023-cü il tarixli arayışından məlum olur ki, Cavabdeh İddiaçı 22 aprel 1974-cü il tarixdə evlənmişlər. Mülki işə əlavə edilmiş "Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X9 1998-ci ilin yanvar ayının 01-də ölmüşdür. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli şıxarışdan məlum olur ki, Cavabdeh Şirzad İbad oğlunun mülkiyyətində Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Mülkiyyət hüququnun qeydiyyat tarixi 26 yanvar 2018-ci ildir. Mülki işə əlavə edilmiş "Torpağa mülkiyyət hüququna dair” JN:0480 (KOD:********) nömrəli Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh, Nümayəndə oğlunun, İddiaçı, X2, X16 oğlunun və X5 mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı hazırda paylı ümumi mülkiyyətdə olan əmlakda onun və uşaqlarının paylarının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər 22 aprel 1974-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 nömrəli qərarı Cavabdeh, Nümayəndə, İddiaçı, X2, X4 və X5 mülkiyyətinə Astara rayonu Siyəkü kəndi ərazisində 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. X1 ölmüşdür. Bundan başqa Cavabdeh İddiaçı ilə rəsmi nikahda olduğu zaman mülkiyyətinə Astara rayonu Sığaloni kəndi ərazisində 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi əldə etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, 0,65 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsində payçıların payı 1/6 (altıda bir) hissədə müəyyən edilməlidir. Həmçinin 0,10 hektar həyətyanı torpaq sahəsinə və həmin 0,10 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində İddiaçı 1/2 (ikidə bir) hissədə payı müəyyən edilməlidir. Ancaq İddiaçı iddia tələbində qeyd edilən həyətyanı torpaq sahəsində və evdə övladlarının da payının müəyyən edilməsini, tələb etsədə tələbinin əsası kimi hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Hazırda cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. Cavabdeh şikayətində qeyd edilənlər formal mülahizələrdir, qanunvericiliyə əsasən digər tərəflərin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Göründüyü kimi fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.10 ha torpaq sahəsində iddiaçı ilə cavabdehin ½ hissədə payı, həmçinin 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində isə iddiaçı, cavabdeh və onların övladlarının (Babayev Şahan (Şahin) Əlif oğlu istisna olmaqla) hər birinin 1/6 hissə payları müəyyən edilmişdir. Lakin qətnamədən cavbdeh tərəf apellyasiya şikayəti verdiyindən və iddiaçı tərəfindən mübahisələndirilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu, cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-1405/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar