Məhkəmə qərarları › İş №2(106)-346/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-346/2024

12.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-346/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinə qarşı əmək haqqına əlavənin verilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023- cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsi tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X3 İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu vəzifəsi X3 İdarəsində baş mütəxəssis vəzifəsi olmuş və X3 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. İş yerində əmək haqqı 632 manat təşkil etmişdir. Bildirir ki, 2011-ci ilin fevral ayından İİ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur.Həmin qərara istinad edərək idarə rəhbərliyinə dəfələrlə bu barədə müraciət etmiş, lakin onun əmək haqqına əlavənin verilməsindən imtina olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin rəhbərliyinə ərizə ilə müraciət etmiş, yenə də heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Dövlət X1 sədrinə bu barədə ərizə ilə müraciət etmiş, X3 İdarəsinin rəhbərliyinə qərarın həyata keçirilməsinə təkrarən göstəriş verilsə də, X3 İdarəsinin rəhbərliyi həmin qərarın icrasını təmin etməmişdir. Hesab edir ki, o, İİ qrup əlil olduğundan işlədiyi müddət ərzində onun əmək haqqına 20-25 faiz həcmində əlavə verilməli olduğu halda verilməmişdir.Müsbət nəticə olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinin nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X3 İdarəsində müxtəlif vəzifələrdə işləmiş, sonuncu işi isə X3 İdarəsində baş mütəxəssis vəzifəsi olmuşdur. X3 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz əlavələr olunması məsələsi ilə bağlı Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1012-112 saylı məktubunda X3 İdarəsinə bu məsələyə həmkarlar ittifaqı ilə birlikdə baxılması tapşırılmışdır. Həmin tapşırığın icrası ilə əlaqədar olaraq X3 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçilərinin 29 avqust 2022-ci il tarixli iclası keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından və əmək kollektivi razılıq vermədiyindən həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsi qərara alınmışdır. Həmçinin bildirir ki, müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədə də əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır.Hazırda da əmək haqqı fonduna əlavə vəsait yoxdur. Bundan başqa, iddaçının tələbinin əsassızlığı Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX İmişli regional ərazi şöbəsi tərəfindən aparılmış araşdırma zamanı bir daha təsdiq olunmuşdur.Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Mirlətif Sadıqov), İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023-cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsi tərəfindən verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarına istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar vermiş, izahatında Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinin nümayəndəsi Nümayəndəapellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 157.5-ci maddəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, şdə olan Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 05/24-38 saylı məktubundan görünür ki, əmək kollektivinin(idarənin bütün işçilərinin) razılığı ilə əmək haqqı fondunda yaranmış qənaət hesabına işləyən İ və İİ qrup əlillərə əmək haqqının (tarif dərəcəsinin) 20-25 faizi, İİİ qrup əlillərə isə əmək haqqının (tarif dərəcəsinin) 10-15 faizi miqdarında əlavələr artırıla biləcəyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 1012-112 saylı məktubundan görünür ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10- 15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırıla biləcəyi, X3 İdarəsinə bu məsələyə həmkarlar ittifaqı ilə birlikdə baxılması tapşırılmışdır. İşdə olan X3 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçiləri iclasının 29 avqust 2022-ci il tarixli, 08 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsinin qərara alındığı göstərilmişdir. İşdə olan müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədən görünür ki, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mil-Muğan regional şöbəsinin 28 aprel 2023-cü il tarixli məktubundan görünür ki, müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədə əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsinin nəzərdə tutulmadığı, bu səbəbdən də qeyd olunan əlavənin müəssisədə çalışan əlilliyi olan işçilərə, o cümlədən İddiaçı ödənilməsinin məqsədəmüaviq hesab edilmədiyi, müəssisənin əmək haqqı fondunda kifayət qədər vəsaitin olmadığı, lakin gələcəkdə əlavə maliyyə vəsaiti olduğu halda həmin məsələyə baxıla biləcəyinin mümkünlüyü müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-nin Mil-Muğan regional filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almış, vətəndaşın xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının növü “əlilliyə görə” növündən “yaşa görə” növünə keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş 007205 saylı vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi (İddiaçı) ümumi xəstəliklə əlaqədar İİ qrup əlildir Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdən müəyyən edilir ki, iddiaçının işlədiyi 2011-ci ilin fevral ayından 2023- cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavə verilməli olduğu halda, Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsi tərəfindən verilməmişdir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndi təşkil edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarının müqayisəli təhlilindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər X3 İdarəsində işləmiş, sonuncu vəzifəsi X3 İdarəsində baş mütəxəssis vəzifəsi olmuş, X3 idarəsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) işdən azad olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994- cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə əsasən əmək kollektivinin razılığı ilə kollektivdə işləyən İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının 20-25% artırılmasının təmin edilməsi nəzərdə tutulduğundan, iddiaçı da İİ qrup əlil olduğundan həmin qərara istinad edərək bu barədə işəgötürənə müraciət etmiş, lakin müraciəti müsbət həll edilmədiyindən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq X3 İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının heyət üzvləri və idarə işçilərinin 29 avqust 2022-ci il tarixli iclası keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 10 may tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin icrasının idarənin əmək haqqı fondunda qənaət olmadığından və əmək kollektivi razılıq vermədiyindən həyata keçirilməsinin mümkün olmadığı, növbəti illərdə əmək haqqı fondunda qənaət olacağı təqdirdə əlavənin əlillərə qanuni formada verilməsinin baş mühasibə həvalə edilməsi qərara alınmışdır.Həmçinin müəssisənin işəgötürəni ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 saylı Kollektiv Müqavilədən görünür ki, əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqına əlavələrin ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Mil-Muğan regional şöbəsi tərəfindən aparılmış araşdırma zamanı da, işəgötürən tərəfindən hər hansı qanunsuzluğa yol verilmədiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə iddia tələbinin əsaslılığını təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbini əssasızdır və iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “İddiaçı cavabdeh Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinə uyğun olaraq işlədiyi 2011-ci ilin fevral ayından 2023-cü ilin avqust ayına qədər olan müddətdə İİ qrup əlilliyinə görə əmək haqqına 20-25% əlavənin Azərbaycan Respublikası Meliorasiya və X5 Səhmdar Cəmiyyətinin X3 İdarəsi tərəfindən verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir” barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)1279/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfində verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar