Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-350/2024 12.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1495/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzilə məcburi qaydada köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(041)-1495/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddia təmin edilmiş, İddiaçı himayəsində olan övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ünvan 1-də yerləşən, şəxsi və ev əşyaları olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(041)-1495/2023 saylı qətnaməsinin ləğv edilməsi sahəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Cavabdeh2 apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 49-cu vərəqində olan ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçının hazırkı iş üzrə tələbi qiymətləndirilməyən iddialara aiddir və iddiaçı məhkəməyə müraciət edərkən xx.xx.2023-cü ildə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Bundan başqa, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin Cavabdeh2 öz tələbini dəqiq göstərməmiş, yalnız Kürdəmir Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(041)-1495/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etməklə, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsini tələb etdiyini dəqiq qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1495/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-350/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-350/2024
12.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver