Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-358/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızından (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi tələbi barədə iddiasının təmin edilməsi, AD N 965758 nömrəli X8 Şəhadətnamədə göstərilən xx.xx.2023-cü il tarixdə ölmüş X4 miras qalmış ** SV *** dövlət qeydiyyat nömrəli, BMW 530 minik markalı avtomobil vərəsə İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi və o həmin miras əmlaka qanun üzrə vərəsə kimi tanınması qət edilmişdir. Cavabdeh2 tərəfindən Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti ilə yanaşı Cavabdeh2 prosessual müddətin bərpa edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qətnaməsindən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səhhətilə bağlı olaraq üzürlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 beyin infarktı keçirtməklə yataq xəstəsidir. TSEK-nın müvafiq qərarı ilə ona “digər paralitik sindromlar, sağ tərəfli dərin hemiparez, hemihipesteniya, beyin infarktı, sol orta beyin arteriyası hövsündə ağır işemik insultun fəsadları, vegetativ sinir sisteminin pozğunluqları, tez-tez təkrarlanan hipertomia krizlərlə” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Oğlunun ölümündən sonra səhhəti daha da pisləşmişdir. Odur ki, ailə üzvləri ona narahat edə biləcək hər hansı məlumatı ona bildirmirlər. Son günlərdə təsadüfən bilmişdir ki, mərhum oğlunun arvadı olmuş İddiaçı məhkəməyə ona və ərinə qarşı iddia ərizəsi ilə müraciət edərək həyətlərində olan mərhum oğluna məxsus olmuş avtomobilə miras əmlak kimi hüququnun tanınmasını istəmiş, məhkəmə də, avtomobilin onların həyətlərində olmasını, onunla ərinin mərhumun birinci dərəcəli vərəsəsi olmaqlarını, iddiaçının isə nəinki mirası qəbul etməməsini, hətta oğlunun hələ yas mərasimində evdən pulları oğurlayıb getməsini nəzərə almadan həmin avtomobilə ona hüquq tanımaqla, oğlundan xatirə qalmış avtomobilə əri ilə onun hüquqlarını pozmuşdur. Yuxarıda göstərdikləri kimi iş üzrə çıxarılmış qətnamədən vaxtında şikayət etməməyi ağır yataq xəstəsi olmağı ilə bağlı olmuşdur. Hətta apellyasiya şikayəti verilməsi üçün asan imza ilə bağlı nömrənin qeydiyyata alınmasından ötrü ASAN xidmət mərkəzinin inzibati binasına qalxa bilmədiyindən əməkdaşlar özləri aşağı düşüb ona xidmət göstərmişlər. Yalnız bundan sonra EMS-də elektron kabinet yaradıb şikayət verdirə bilmişdir. Qanunvericiliyin tələbinə əsasən səhhəti ilə bağlı hazırkı iş üzrə qətnamədən vaxtında şikayət verə bilmədiyindən müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək məhkəmə tərəfindən bərpa edilə bilər. Bu həm də ondan ötrü zəruridir ki, iddiaçı yanlış məlumatlarla məhkəməni aldadıb düzgün olmayan, hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilməsinə nail olmuşdur. Bu səhvin düzəlməsi, iş üzrə həqiqətin müəyyən edilməsi, iş üzrə tam, obyektiv araşdırma aparılaraq mühakimənin ədalətli həyata keçirilməsi üçün isə prosessual müddət bərpa edilməlidir. Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı ilə Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadından şikayət verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1109/2024 saylı qərardadının ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)- 1109/2024 saylı qərardadının qüvvədə saxlanılması, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin icraatında olan 2(050)-1109/2024 saylı mülki iş üzrə bütün məhkəmə aktlarında cavabdeh X1 Mirabdullayeva kimi oxunması qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 Masallı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti vermək hüququ mövcud olmuşdur. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün şəxsin sağlamlıq imkanlarının yol vermədiyi halda belə, Cavabdeh2 öz hüququnu nümayəndə vasitəsilə realizə edə bilərdi. Cavabdeh2 nümayəndə vasitəsilə hüquqlarını realizə etmək imkanı olduğu halda, bu hüququndan istifadə etməməsi səbəbindən müddətin bərpası hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Bu, hüquq sistemindəki sabitliyi qorumaq və tərəflərin qanuni maraqlarını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Hüquqi müəyyənlik prinsipi hüquqi dövlətinin əsas sütunlarından biridir və hüquqi münasibətlərdə ədalət, sabitlik və etibar mühitinin yaradılmasında mühüm rol oynayır. Hüquqi müəyyənlik prinsipi, normativ hüquq aktlarının aydın, dəqiq və başa düşülən şəkildə ifadə olunmasını tələb edir. Hüquq subyektləri hüquqi normaları başa düşərək öz davranışlarını və qərarlarını həmin normalara uyğun planlaşdıra bilməlidirlər. Hüquqi müəyyənlik olmadan, şəxslər hüquqi nəticələri əvvəlcədən proqnozlaşdıra bilməz və bu, hüquq sisteminə inamın azalmasına səbəb ola bilər. Hüquqi müəyyənlik, şəxslərin hüquq və vəzifələrinin aydın şəkildə müəyyən olunmasını təmin edir. Bu prinsip, həm dövlət orqanlarının, həm də vətəndaşların hüquqi münasibətlərdə öz öhdəliklərini bilməsini və buna uyğun davranmasını tələb edir. Hüquqi müəyyənlik olmadan, hüquqi müdafiə mexanizmləri effektiv işləyə bilməz. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan Cavabdeh2 tərəfindən verilmiş şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X2 şikayəti ilə əlaqədar qəbul etdiyi 08 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin vəsatətində Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş Qərarında qeyd edilən hüquqi mövqeyinə uyğun səbəblər aşkar edilmir. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X16rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbul edilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X6rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X5rşı qərarına, №76943/12, §§84- 89). 87. Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X14rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34).. Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində tərəfin məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanı ilə bağlı belə qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X9rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı § 51). Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 15 noyabr 2024-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də məhkəmənin qərardadı qanuni və əsaslıdır. Odur ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(050)-1109/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-358/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-358/2025
13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver