Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-36/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun, İddiaçı, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı, Süleymanova Nəzakət Nəriman qızı, Süleymanlı Tamerlan Ağasəf oğlu və Süleymanova Tərlan Ağasəf qızının Cavabdeh qarşı torpaq sahəsinin geri alınması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)-1254/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)-1254/2021 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddiaçılar İddiaçı, Süleymanova Nəzakət Nəriman qızı, Süleymanlı Tamerlan Ağasəf oğlu və Süleymanova Tərlan Ağasəf qızının Cavabdeh qarşı torpaq sahəsinin geri alınması tələbinə dair iddiası təmin edilmiş, Salyan rayonu Şorsulu kəndində yerləşən iddiaçılara məxsus cavabdeh tərəfindən zəbt olunmuş 1,70 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı, Süleymanova Nəzakət Nəriman qızı, Süleymanlı Tamerlan Ağasəf oğlu və Süleymanova Tərlan Ağasəf qızına qaytarılması qət edilmişdir. Cavabdeh Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)-1254/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə müraciət edərək iddiaçılarla hazırkı mübahisə predmeti ilə bağlı razılığa gəldiklərini və buna görə də, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. O, həmçinin məhkəmədə apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. İddiaçı məhkəmədə mübahisə predmeti ilə bağlı cavabdehlə razılığa gəldiklərini və apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər iddiaçılar Süleymanova Nəzakət Nəriman qızı, Süleymanlı Tamerlan Ağasəf oğlu və Süleymanova Tərlan Ağasəf qızına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (və ya nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Cavabdeh Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)- 1254/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmiş və apellyasiya şikayətindən imtinanın hüquqi nəticələri ona məlumdur. Habelə, Cavabdeh apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, onun hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)-1254/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Salyan Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2(057)-1254/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-36/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-36/2023
28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver