Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-360/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və s. tələblərinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerlşən ümumi sahəsi 333,10 kv.m olan 108 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 333,10 kv.m. olan 108 nömrəli fərdi yaşayış evi; Ağcabədi şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1288,50 kv.m. olan qeyri-yaşayış binası (mebel mağazası); Ağcabədi şəhəri 20 Yanvar küçəsində 0, 434160 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 903,80 kv.m. olan anbar təyinatlı qeyri-yaşayış binası və Ağcabədi şəhəri Ənnağı Bünyadov küçəsində 0,07 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 441,70 kv.m olan qeyri-yaşayış binasından çıxarılmaları və həmin əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023- cü il tarixli 2(017)-1083/2023 saylı qərardadı ilə (hakim Etibar Quliyev) Cavabdeh2 mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Ağcabədi Rayon Məhkəməsinin həmin qərardadından Cavabdeh2 tərəfindən şikayət verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1477/2023 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət MPM-in 363.1.5-ci maddəsinin tələblərinə uyğun hesab edilmədiyinə görə qeyri-mümkün hesab edilmiş və işin icraata qəbul edilməsindən imtina edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermiş və həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermiş və həmin məhkəmənin 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə adıçəkilən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh2 və Əhmədov X2 Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)-1083/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)-1083/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin onlara qarşı iddiası təmin edilmiş, həmin qətnamədən 18 avqust 2023-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət vermişdir. Sonuncu dəfə 08 sentyabr 2023-cü il tarixli qərardadla şikayətin geri qaytarılması qərara alınmışdır. Şikayət 2 saylı əlavədə göstərilən və elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin elektron məhkəmə portalına qoşulduğunu və şikayət üçün elektron kabinetin lazım olduğunu bilməmişdir. Ona görə də, Ağcabədi Rayon Məhkəməsinin adıçəkilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsini və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(017)-1083/2023 nömrəli qərardadı ilə Ağcabədi Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(017)- 1083/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(017)-1083/2023 nömrəli qərardadından İddiaçı QSC şikayət verərək həmin qərardadın ləğv edilməsini və Cavabdeh2 və Cavabdeh1 sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizələrinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər qətnaməni rəsmi qaydada aldığı gündən 1 ay ərzində elektron qaydada apellyasiya şikayəti verməli olduqları halda, bunu etməmişlər. Qətnamədən apellyasiya şikyaəti vermək yerinə müxtəlif əsassız şikayətlər vermiş və qətnamədən şikayət vermək üçün olan prosessual müddəti ötürmüşlər. İş materiallarından və cavabdehlərin məhkəməyə təqdim etdikləri müxtəlif şikayətlərdən məlum olur ki, onlar qəbul edilmiş qətnamədən artıq 19 iyul 2023-cü il tarixdə məlumatlı idilər. Lakin müəyyən edilmiş müddət ərzində qətnamədən düzgün formada apellyasiya şikayəti verməmişlər. Nəzərə alınmalıdır ki, hazırkı cavabdehlərlə bank arasında müxtəlif instansiyalarda məhkəmə çəkişmələri 2017-ci ildən davam edir və keçən müddət ərzində cavabdehlər dəfələrlə qəbul edilmiş məhkəmə aktlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş, hətta bir neçə dəfə banka qarşı müxtəlif iddia tələbləri ilə də məhkəmələrə müraciət etmişlər. Apellyasiya şikayətinin forması, məzmunu, hansı müddət ərzində və hansı qaydada şikayət verilməsi və s. qaydalar barədə kifayət qədər məlumatlıdırlar. Apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət cavabdehlər tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür, cavabdehlərin müddətin bərpası barədə ərizələrində qeyd etdiyi hallar üzrlü səbəb kimi qəbul oluna bilməz. Ağcabədi Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qərardadı İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi və s. tələbinə dair mülki iş 10 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı QSC-nin şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(017)-1083/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, prosessual qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və prosessual müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunvericilikdə öz əksini tapmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iş üzrə qətnamədən şikayət vermək istəyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər hansı prosessual hüquqlarından istifadə etməsi üzrlü hal hesab edilməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC-nin şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(017)-1083/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-360/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-360/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver