Məhkəmə qərarları › İş №2(106)-367/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-367/2023

02.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-367/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Masallı Rayon Təhsil Şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 22 aprel 2021-ci il tarixli, K-369 saylı əmrin ləğv olunması və 22 aprel 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə müəllim kimi fəaliyyətinin bərpa olunması tələbinə dair mülki iş ünvan 1naməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Nəzərov X6 rayon Təhsil şöbəsinin 22 aprel 2021-ci il tarixli, K-369 saylı əmrinin ləğv (etibarsız) olunması və 22 aprel 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə müəllim kimi fəaliyyətinin bərpa olunması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Tələb onunla əsaslandırılmışdır ki, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Riyaziyyat-Fizika fakültəsinə daxil olmuş, 1984-cü ildə oranı bitirib Masallı rayon İsgəndərli kənd 8 illik məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur. 1984-cü ilin noyabr ayına kimi orada işləmiş, 1984-cü ildə hərbi xidmətə getmişdir. 1986-cı ildə hərbi ximətdən təxlis olunmuş və həmin ilin sentyabr ayından Masallı şəhər 3 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1998-ci ilin yanvar ayında Masallı şəhər 2 saylı tam orta məktəbinə tədris işləri üzrə direktor müavini vəzifəsinə, 2009-cu ilin noyabr ayının 08-dən Masallı şəhəri Seybətin kənd orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. Məktəbə direktor vəzifəsinə təyin olunan vaxt həmin məktəbdə 10 saylı seçki məntəqəsinin sədri vəzifəsi də ona həvalə olunmuşdur. İşlədiyi yerdə Seybətin ərazisi üzrə YAP-nın partiya təşkilatının sədri vəzifəsi də ona həvalə olunmuşdur. 2021-ci ilin 24 aprel tarixinədək bu üç vəzifəni eyni vaxtda idarə etmişdir. 2021-ci ilin yanvar-fevral aylarında aparılan frontal yoxlama (təhsil şöbəsi tərəfindən) nəticəsindən sonra Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi üzrə tutduğu vəzifədən azad olunmuşdur. Təhsil Nazirliyinin onunla bağlanmış direktorluq vəzifəsinə xitam verilməsinə baxmayaraq yerli təhsil şöbəsi tərəfindən onun 37 illik pedaqoji fəaliyyəti nəzərə almayıb müəllimlik fəaliyyətinə də xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə olan əsasların heç biri ona aid deyildir. Çünki o, həmişə üzərinə düşən öhdəliklərini layiqincə və vicdanla yerinə yetirmiş və işinə görə töhmət almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan pozuntulara heç bir zaman yol verməmiş və əgər pozuntu etmiş olsaydı bununla bağlı barəsində hər hansı bir tədbir görülmüş olardı ki, belə bir tədbir bu günə kimi olmamışdır. Çünki heç bir pozuntu etməmişdir. Eləcədə bir direktor kimi fəaliyyətinə xitam verilmiş olsa da, ən azından 37 illik müəllimlik fəaliyyətini nəzərə alıb bir pedaqoq kimi fəaliyyətini davam etdirməyə icazə verilməli idi. Çünki bildiyi qədər verilmiş əmr onun direktorluq fəaliyyətinə xitam verilməsi üçün verilmişdir. Həmçinin ona həmin əmrin surəti bu günə kimi verilməmiş və o, həmin əmrin dəqiq nələri əhatə etdiyini bilmir, yəni təkcə onun direktorluq fəaliyyəti ilə bağlıdır, yoxsa bütövlükdə əmək fəaliyyətinə xitam verilməsi nəzərdə tutulmuşdur. O, bir direktor kimi hansı pozuntulara və bir müəllim kimi pozuntulara yol vermişdir. Onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi tamamilə əsassızdır. Odur ki, həmin əmr ləğv olunmalıdır. xx.xx.2021-ci il tarixli K-369 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edilməyinin səbəbi işdə yol verdiyi ciddi nöqsanlar göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərdiyi əsaslara uyğun izahat verib və əlavə olaraq bildirmişdir ki, o, direktor vəzifəsindən azad olunsa da, müəllim kimi işində saxlanılmalı idi. O, direktor kimi vəzifəsindən azad olunsa da, müəllim kimi 6 saat dərsi olmasına baxmayaraq, müəllim fəaliyyətindən azad edilməməli idi. Çünki eyni əmrlə Masallı rayon 1 nömrəli tam orta məktəbin direktoru Mixanım Hüseynova da direktor vəzifəsindən azad edilmiş, lakin müəllim kimi işində saxlanılmışdır. Göstərdiyi əsaslara görə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Masallı rayon Təhsil şöbəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, İddiaçı barəsində verilmiş əmr qanunidir. Onun yol vermiş olduğu nöqsanlara görə barəsində cinayət başlanılmış və Masallı rayon prokurorluğunda istintaq aparılır. Dövlətə 37851,42 manat maddi ziyan vurmuşdr. Masallı rayon 1 nömrəli tam orta məktəbin direktoru Mixanım Hüseynova ilə həmin məktəbdə ehtiyac olduğuna görə əlavə müqavilə bağlanılmışdır. İddianın əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ünvan 1naməsi ilə iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Masallı rayon Təhsil şöbəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 22 aprel 2021-ci il tarixli, K- 369 saylı əmrin ləğv olunması və 22 aprel 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə müəllim kimi fəaliyyətinin bərpa olunması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ünvan 1naməsinin ləğv olunmasını, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, 1984-cü ildən pedaqoji fəaliyyətə başlamışam. 2009-cu ildən Masallı şəhəri Seybətin kənd tam orta məktəbinə direktor təyin edilmişdir. 2021-ci ilin yanvar-fevral aylarında aparılan frontal yoxlama nəticəsindən sonra Təhsil Nazirliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi üzrə tutduğu vəzifədən azad olunmuşdur. Əmrdə onun direktor vəzifəsindən azad olunmağı göstərilmişdir. Lakin həmin məktəbdə 6 saat dərs deyərək müəllim kimi də fəaliyyət göstərirmiş. Əmrlə onun ancaq direktorluq vəzifəsinə xitam vermişdir. Məkdəbdə qalıb dərs demək isdədikdə Masallı rayon Təhsil şöbəsinin müdüri tərəfindən təziqlǝrǝ məruz qalaraq məktəbə buraxılmamışdır. Masallı rayon məhkəməsində isə mülki iş tam və hərtərəfli araşdırılmadan ədalətsiz qətnamə qəbul olunmuşdur. Məhkəmə qətnaməsi ilə onun direktor kimi işlədiyi dövrdə ciddi pozuntular etdiyini və müqavilə üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyini əsas gətirmişdir. Məhkəmənin bu fikri ona görə səhvdir ki, onun direktorluq fəaliyyətində hər hansı bir çatışmamazlıq ola bilər və o buna görə direktorluq fəaliyyətinə xitam verilməsinə etiraz etmir. Lakin onun müəllim kimi fəaliyyətinə xitam verilməmişdir. Göstərilənlərə əsaslanaraq hesab etmişdir ki, məhkəmə maddi hüquq normalarını və onun əsassız olaraq işdən çıxarılmasına düzgün qiymət verməmişdir. Həmçinin işdən azad olunmağı barədə əmr Əmək Məcəlləsinin normalarına uyğun tərtib edilməmiş və kobud səhvlərə yol verilmişdir. Lakin məhkəmə göstərdiyim faktları araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, cavabdehlər nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddiasının isə təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Əmək kitabçasının surətindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə Seybətin orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirinin K-369 nömrəli 22 aprel 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru X1 və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqavilələri müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, əmək müavilələri üzrə öhdəlikləri və əmək funksiyalarını yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 aprel 2021-ci il tarixdən ləğv edilsin. Əsas Aparat rəhbəri Muxtar Məmmədovun xidməti məlumatı, ATİAHİ Masallı rayon təhsil şöbəsinin ilk həmkarlar təşkilatının 15 mart 2021-ci il tarixli, 04 nömrəli protokolundan çıxarışı, müvafiq izahatlar və digər sənədlər göstərilmişdir. İş materiallarında olan Masallı rayon Təhsil şöbəsinin 23 aprel 2021-ci il tarixli, 18 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K- 369 nömrəli 22 aprel 2021-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən həmin məktəbin direktor vəzifəsinin icrası 23 aprel 2021-ci il tarixdən 3 ay müddətinə həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı X3 həvalə edilmişdir. İş materiallarında olan 021800 nömrəli diplomun surətindıən görünür ki, İddiaçı 1979cu ildə Azərbaycan Dövlət Pedaqoji institutunun Riyaziyyat-Fizika fakültəsinə daxil olmuş, 1984-cü ildə bitirmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan Masallı RTŞ-nin ilk həmkarlar təşkilatının 15 mart 2021-ci il tarixli, 04 saylı protokolundan görünür ki, Masallı şəhər 6 saylı tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Nöqsan kimi qeyd olunmuşdur ki, yaradılmış komissiya məktəbdə araşdırma aparılmış, kargüzarlıq işinin aparılmasının düzgün təşkil olunmaması, pedoqoji şüranın fəaliyyətinin formal xarakter daşıması, məktəbdə dərsdənkənar, fərdi qrup məşğələlərinin və dərnəklərin keçirilməməsi, dərs dinləmə qrafikinin olmaması, sinif jurnallarının yazılmasında qiymətləndirmənin formal aparılması, əmrlərin sistemləşdirilməmiş formada verilməsi, gecikdirilməsi, müəllimlərin proqlamlarının təsdiqlənməməsi, ev şəraitində təhsilə cəlb edilmiş şagirdlərlə sənədləşmə işlərinin düzgün aparılmaması, məktəb sənədlərinin aparılmasında təlimatın pozulması, vətəndaşların müraciətləri ilə əlaqədar işlərin təşkil edilməməsi, məktəbə verilən inventarların təyinatı üzrə istifadə edilməməsi, Təhsil Nazirliyi tərəfindən məktəbə verilən noutbuk komputerinin satışda olması, tədris və təlim-tərbiyə prosesinin aşağı səviyyədə təşkil edilməsi və digər nöqsanlar müəyyən edilmişdir. İş materiallarında olan Masallı RTŞ-nin 15 dekabr 2021-ci il tarixli, məktubundan görünür ki, İddiaçı;

1. 2018-ci ildə Masallı RTŞ-nin xx.xx.2018-ci il tarixli, 13/2 nömrəli əmri ilə töhmət almışdır. (Əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış yoxlama zamanı büdcə vəsaitlərinin artıq xərcləndiyi aşkar edilmişdir).

2. 2019-cu ildə Masallı RTŞ-nin xx.xx.2019-cu il tarixli, 76/1 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. (Əsas: “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili Qaydalarını pozduğuna görə).

3. 2020-ci ildə RTŞ-nin xx.xx.2020-ci il tarixli, 258/1 nömrəli əmri ilə tömət almışdır. (Əsas: Məktəbin şagirdlərini şagird-məzun sisteminə vaxtında daxil etmədiyi və məlumatları düzgün işləmədiyi üçün).

4. Masallı RTŞ-də yaradılmış komissiya RTŞ-nin 27.01,2021-ci il tarixli 03 nömrəli əmri ilə Masallı şəhər 6 nömrəli tam orta məktəbinin fəaliyyətini yoxlamış və ciddi nöqsanlar aşkar edilmişdir.

5. Masallı RTŞ-nin həmkarlar təşkilatının 15 mart 2021-ci il tarixli 4 nömrəli qərarı ilə işdən azad edilməsinə razılıq verilmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli K-369 nömrəli əmri ilə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan 21 noyabr 2022-ci il tarixli, Masallı Rayon Məhkəməsinin hakimi cənab Habil Bəhmənova iş üzrə İddiaçı tərəfindən ərizə ünvanlayaraq ünvan 1naməsindən verilmiş apellyasiya şikayəti üçün ötürülmüş prosessual müddəti üzürlü hesab edərək müddətin bərpa edilməsini və mülki işi adiyyatı qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Masallı RTŞ-nin 05 yanvar 2022-ci il tarixli, məktubundan görünür ki, 2020/2021-ci tədris ilində Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru işləmiş İddiaçı adına tarifləşmə cədvəlində dərs saatı olmamışdır. Buna əsasən direktor kimi əmək müqaviləsinə xitam verildiyi zaman müəllim vəzifəsində saxlanılmamışdır. Masallı şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru Mirxanım Hüseynovanın adına tarifləşmə cədvəlində dərs saatı olduğu üçün, həmçinin müəllimə ehtiyac olduğuna görə məktəb rəhbərliyi onunla müəllim kimi əmək müqaviləsi bağlamışdır. Masallı şəhər 6 nömrəli tam orta məktəbin keçmiş direktoru İddiaçı qanunsuz əməllərə yol verməsi ilə əlaqədar Masallı Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 308.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Masallı rayon prokurorluğunun böyük müstəntiqi X5 29 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, İddiaçı 37851,42 manat dövlət büdcə vəsaitini mənimsəmə və israf etməsinə görə Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(050)-74/2022 saylı hökm ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 ve 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.2.2, 179.2.3 ve 179.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə hesablanmaqla 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, İddiaçı üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri" hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılması, Maddi sübut olan Masallı Rayon Prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılan 01 ədəd Çin istehsalı olan noutbuk komputeri, Masallı şəhər 6 saylı tam orta məktəb müəllimlərinin 2018-ci ilin sentyabr ayının 2-ci yarısı üçün, 2018-ci ilin oktyabr ayı üçün, 2018-ci ilin noyabr ayı üçün, 2018-ci ilin dekabr ayı üçün, 2019-cu ilin yanvar ayı üçün, 2019-cu ilin aprel ayı üçün, 2019-cu ilin may ayı üçün, 2019-cu ilin sentyabr ayının 2-ci yarısı üçün, 2019-cu ilin oktyabr ayı üçün, 2019-cu ilin noyabr ayı üçün, 2019-cu ilin dekabr ayı üçün, 2020-ci ilin yanvar ayı üçün, 2020-ci ilin fevral ayı üçün, 2020-ci ilin mart ayı üçün, 2020-ci ilin aprel ayı üçün, 2020-ci ilin may ayı üçün, 2020-ci ilin iyun ayı üçün, 2020-ci ilin oktyabr ayı üçün, 2020-ci ilin noyabr ayı üçün, 2020-ci ilin dekabr ayı üçün, 2021-ci ilin yanvar ayı üçün əmək haqqı tabelləri, Masall şəhər 6 saylı tam orta məktəbinin texniki işçilərinin 2018-ci ilin sentyabr ayı üçün, 2018-ci ilin oktyabr ayı üçün, 2018-ci ilin noyabr ayı üçün, 2018-ci ilin dekabr ayı üçün, 2019-cu ilin yanvar ayı üçün, 2019-cu ilin fevral ayı üçün, 2019-cu ilin mart ayı üçün, 2019-cu ilin may ayı üçün, 2019-cu ilin iyun ayı üçün, 2019-cu ilin iyul ayı üçün, 2019-cu ilin avqust ayı üçün, 2019-cu ilin sentyabr ayı üçün, 2019-cu ilin oktyabr ayı üçün, 2019-cu ilin noyabr ayı üçün, 2020-ci ilin yanvar ayı üçün, 2020-ci ilin fevral ayı üçün, 2020-ci ilin mart ayı üçün, 2020-ci ilin aprel ayı üçün, 2020-ci ilin iyun ayı üçün, 2020-ci ilin iyul ayı üçün, 2020-ci ilin avqust ayı üçün, 2020-ci ilin sentyabr ayı üçün, 2020-ci ilin oktyabr ayı üçün, 2020-ci ilin noyabr ayı üçün, 2020-ci ilin dekabr ayı üçün işə davamiyyət tabelləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə qaytarılması hökm edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4 və 9-cu hissələrinə əsasən əmək münasibətləri–əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək funksiyası-əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndində əsasən işəgötürən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları tərəflərdən birinin təşəbbüsü ilə mümkündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsininin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçının işdən xaric edilməsinin səbəbi onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması olmuşdur. İşçi tərəfindən isə mülkiyyətçiyə maddi ziyan vurulması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Masallı Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 1(050)-74/2022 saylı hökm ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 ve 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin işdə olan həmin hökmdən görünür ki, iddiaçı mülkiyyətçiyə 37 851,42 manat maddi ziyan vurmuşdur. Aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respubliaksının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materillarını nəzərdən keçiriərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, ünvan 1naməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1naməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar