Məhkəmə qərarları › İş №2(106)-368/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-368/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-368/2024 16.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, Ərizəçi işləmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Ərizəçi işləmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X4 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdirsatıcı işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi 01 iyun 1998-ci ildən 2003-cü ilin avqust ayına kimi Cəlillabad rayon X4 İstehlak Cəmiyyətinin Alar kəndində yerləşən 13 nömrəli təsərrüfat malları mağazasında müdir-satıcı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, şikayəti imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı yenidən məhkəməyə apellyasiya şikayəti təqdim etmiş, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə və elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsasla şikayəti verən tərəfə geri qaytarılmışdır. Hazırda Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsinin surəti maraqlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ünvanına 26 sentyabr 2022-ci il tarixdə göndərilmişdir. Məhkəmə qətnaməsinin alınmaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, qətnamənin surəti 18 noyabr 2022-ci il tarixdə yenidən onlara göndərilmişdir. Maraqlı şəxs qətnamədən 19 dekabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətinin 3.3-cü hissəsində şikayət olunan qətnamənin alınma tarixi 28 noyabr 2022-ci il qeyd edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti, şikayəti imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmışdır. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardadı aldıqdan sonra yenidən 06 sentyabr 2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim etmiş, Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə və elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsasla şikayəti verən tərəfə geri qaytarılmışdır. Hazırda Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 02 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Eyni zamanda maraqlı şəxs müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, maraqlı şəxs apellyasiya şikayətini qətnamənin onlara rəsmi qaydada təqdim edildiyi, yəni 28 noyabr 2022-ci il tarixdən 1 ildən çox müddət keçdikdən sonra vermiş, eyni zamanda apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi maraqlı şəxsin müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəsinə eyni zamanda maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinə qiymət vermədən işi birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Görüdüyü kimi Prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə-yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 363.1.3-ü maddəsinə əsasən geri qaytarmalı olduğu, buraxılmış prosessual müddətin barpasına dair ərizə verilmədiyi halda iş materiallarını apellyasiya instansiyası məhkəməsinə göndərmiş, eyni zamanda maraqlı şəxsin müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəsinə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Qanunvericiliyə əsasən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından kassasiya instansiyası məhkəməsinə şikayə verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1375/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizəsinə qiymət verilməsi və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən geri qaytarılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar