Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-371/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan icarə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, prezumpsiya, prosessual pozuntu) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan icarə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, tikililərin boşaldılaraq təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi, cavabdehlər tərəfindən yığılan və iddiaçıya çatmalı olan icarə haqqının alınması, artıq ödənilmiş pulun alınması, tikintinin rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının yerləşdiyi tam xüsusi mülkiyyətində olan 0,265 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintilərinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsinin cavabdehlər tərəfindən təmin olunması, ona məxsus bazardan 26 ay ərzində hər ay 1000 manat olmaqla, cavabdehlər tərəfindən yığılan və ona çatmalı icarə haqqı, cəmi 26000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, tərəflər arasında bağlanılmış müqavilədə göstərilmiş ona verilməli olan 3690 kv.m torpaq sahəsinin faktiki olaraq 0,104 ha az olmasına görə, onun tərəfindən ödənilmiş 150000 manat puldan 20000 manat pulun Cavabdeh1 alınıb ona verilməsi, mülkiyyətində olan torpaq sahəsinin üzərindəki ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinin onun adına rəsmiləşdirilməsinin Cavabdeh1 tərəfindən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə ayrılmış 0,265 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyestrin 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqəsində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin, Cavabdeh1 ilə onun arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 10 may 2022-ci il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsində olan Cavabdeh1 məxsus kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisini 150000 (bir yüz əlli min) manata ona satılması barədə razılığa gələrək qeyd olunan əmlakı adına keçirilməsi məqsədilə razılaşdırılmış, qeyd olunan məbləğ onun tərəfindən Cavabdeh1 verilib. Müqavilənin şərtlərinə əsasən iddiaçı 150000 (bir yüz əlli min) manat pulu notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödəmişdir. Həmçinin, müqaviləyə görə cavabdeh torpaq sahəsini və üzərindəki tikintini alğı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə 3690 kv.m. torpaq sahəsini və üzərindəki tikintinin onun adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirib qeyd olunan məbləği cavabdehə ödəsə də, müqavilə bağlanılan vaxtdan uzun müddət kecməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh1 üzərinə düşən öhdəliyin heç birini yerinə yetirməmişdir. Cavabdeh bazarı tikintisi ilə birlikdə ona təhvil verməyə borclu olmasına baxmayaraq, bu günə kimi bazarı boşaldıb təhvil verməmişdir. Odur ki, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır və cavabdehlər dərhal mülkiyyətində olan torpaq sahəsi və bazardan çıxarılmaqla, torpaq sahəsi və bazar tikililəri birlikdə ona təhvil verilməlidir. İşin qeyd olunan halları qeyd olunan torpaq sahəsinin tam olaraq xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarış, tərəflər arasında bağlanılmış və notariat qaydasında təsdiq olunmuş 10 may 2022-ci il tarixli müqavilə və Ağcabədi rayon Polis Şöbəsinin 21 yanvar 2024-cü il və 13 fevral 2024-cü il tarixli qərarları ilə təsdiqini tapır. Qeyd olunmalıdır ki, bazar Cavabdeh1 məxsus olmuş, lakin bazarın idarəçiliyi sonuncunun qohumu, digər Cavabdeh2 həvalə olunmuşdur. Bazarı alan vaxt Cavabdeh2 ona demişdir ki, bazardan hər ay 1500 manat icarə pulu yığır. Halhazıra kimi 26 aydır ki, bazar ona məxsus olmasına baxmayaraq icarə pulunu Cavabdeh2 yığıb öz ehtiyaclarına xərcləmişdir, nəticədə öz əmlakından məhrum olmuşdur. Həmçinin, tərəflər alğı-satqı müqaviləsi bağlayarkən bazarın istifadəsində olan sayğac 3 fazalı elektrik sayğacı olmuşdur, amma hazırda məlum olmuşdur ki, cavabdeh həmin sayğacı dəyişib 0 fazalı elektrik sayğacı qoymuşdur ki, bu da onun mənafeyini pozur. Odur ki, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsi cavabdehlər tərəfindən təmin olunmalıdır. Bundan başqa, cavabdehlər 26 aydır ki, bazar tikintisindən istifadəyə görə hər ay 1000-1200 manat olmaqla icarə haqqı yığıb özləri istifadə edir, hansı ki, həmin pullar ona verilməli idi, çünki bazarı pul verib almış, yəni razılaşdırılmış məbləğdə pul Cavabdeh1 hesabına ödənilmişdir və bazar, həmçinin bazarın yerləşdiyi torpaq sahəsi ona məxsusdur. 26 ay ərzində hər ay 1000 manat olmaqla yığılan iddiaçıya çatmalı icarə haqqı cəmi 26000 manat təşkil edir və həmin pul cavabdehlərdən alınıb ona verilməlidir. Cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 torpaq sahəsini və üzərindəki tikintini alğı-satqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə 3690 kv.m. torpaq sahəsini və üzərindəki tikintinin onun adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər bu öhdəliyini də yerinə yetirməmişdir. Odur ki, cavabdehlər bu öhdəliyini də yerinə yetirməlidir. Bundan başqa, Cavabdeh1 Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə ayrılmış 3690 kv.m, yəni 0,369 ha torpaq sahəsini iddiaçıya satılmasını öhdəsinə götürsə də və buna uyğun olaraq iddiaçıdan 150000 (bir yüz əlli min) manat pul alsa da, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi 0,265 ha, yəni müqavilədə göstərildiyindən 0,104 ha az olmuşdur ki, bu isə müqavilə üzrə razılaşdırılmış torpaq sahəsinin ¼ hissəsindən də çoxdur. Odur ki, Cavabdeh1 iddiaçının ona ödədiyi məbləğin torpaq sahəsinin az olan hissəsinə uyğun hissəsini, 20000 manat pulu ona qaytarmalıdır. Qeyd olunanlara əsasən ona məxsus Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının yerləşdiyi tam xüsusi mülkiyyətində olan 0,265 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintilərinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, 3 fazalı elektrik sayğacının bazarın istifadəsinə verilməsinin cavabdehlər tərəfindən təmin olunması, ona məxsus bazardan 26 ay ərzində hər ay 1000 manat olmaqla, cavabdehlər tərəfindən yığılan və ona çatmalı icarə haqqı, cəmi 26000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, tərəflər arasında bağlanılmış müqavilədə göstərilmiş ona verilməli olan 3690 kv.m torpaq sahəsinin faktiki olaraq 0,104 ha az olmasına görə, onun tərəfindən ödənilmiş 150000 manat puldan 20000 manat pulun Cavabdeh1 alınıb ona verilməsi, mülkiyyətində olan torpaq sahəsinin üzərindəki ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinin onun adına rəsmiləşdirilməsinin Cavabdeh1 tərəfindən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsi ilə (hakim E.Quliyev ) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 10 may 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən birinci tərəf -Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının 234 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Cavabdeh1 adına icarəyə verilmiş Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin 150000 manata İddiaçı satılması barədə razılığa gələrək onun adına keçirilməsi məqsədilə əvvəlcədən həmin məbləği ondan bütünlüklə almışdır. Alıcı tərəfindən 150000 manat məbləğində pul notariusun "xxxx" ASC-də olan depozit hesabı vasitəsilə satıcıya ödənilməsini, satıcı isə torpaq sahəsinin və üzərindəki tikintinin alqısatqı müqaviləsi üçün lazımi sənədləri toplamağı, topladıqdan sonra Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintisinə 82x45=3690 kv.m torpaq sahəsini və üzərindəki tikintinin İddiaçı adına rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı torpaqdan çıxmasını və tikililərin boşaldılmasını cavabdehlərdən tələb etsə də, bu mümkün olmamışdır. Bununla da qanunsuz və əsasız olaraq iddiaçının mülkiyyətində olan, yəni 0,265 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmaqla, sonuncular mülkiyyətçinin mülkiyyət hüquqlarına qəsd etmiş və onun mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, İddiaçı iddiasının qalan hissəsinin təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar sübutlarla təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndi, 48-ci maddəsinin İ və İİ bəndləri, 111ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.2, 146.3, 152.1, 157.2 Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da, işə iştirakı olmadan baxılmış və nəticədə tərəflər arasında bərabərlik və çəkişmə prinsipi pozulmuşdur. İddiaçı təqdim etdiyi bütün sənədlər saxtadır. Belə ki, iddiaçılardan Tofiq Xudiyev “cavabdehlər - Ağcabədi Hindarx qəsəbə bələdiyyəsinə,'"X4" publik haquqi şəxsinin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, X6 va X1 qarşı Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında X5"publik hüquqi şəxsinin Beylaqan Ərazi Torpaq mūsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixdə keçirilmiş torpaq mūsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh X2 verilmiş torpaq hərrac və mūsabiqənin nəticələrinə dair NTM seriyalı, 004478 nõmrəli şəhadətnamənin, 25 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx bələdiyyəsi ilə X7 arasında bağlanmış AN-1 ******* nõmrəli alqı-satqı mūqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və onunla Ağcabədi rayon Hindarx bələdiyyəsi arasında bağlanmış 08 fevral 2006-ci il tarixli icarə müqaviləsinin bağlanmış müddətinin uzadılmış hesab edilməsi" tələbi ilə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi təmin edilməsə də, Agcabədi rayon məhkəməsinin (hakim E.Quliyev) 17 may 2024-cũ il tarixli, 2(017)-637/2024 saylı qətnaməsindən apelyasiya şikayəti vermişədir. Həmin işə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən baxılıb yekunlaşmamış, hazırki işə baxıla bilməzdi. Bunda başqa o bildirmişdir ki, onların (Cavabdeh1 və Muxtarov Zülfü) həqiqətən həmin ərazidə yerləşən bazarı satmaq niyyətləri var idi. Alqı-satqını X8 şəxslə razılaşmışdılar. Bazarın yerləşdiyi 3690 kv.m torpaq sahəsini tikilisi ilə birlikdə 500.000 (beş yüz min) manata razılaşmışdılar. Ancaq xx.xx.2022-ci ildə onlara cəmi 142.000 (bir yüz qırx iki min) manat verilmişdir. Qiyas Hacıyev onlara belə demişdir ki, qalan pulu da qısa vaxtda verəcək. Ancaq danışdıqları 500.000 manatı tam vermədiyindən, onlara verdiyi 142.000 manatı geri qaytarmaq istədiklərini dəfələrlə bildirsələr də, hətta bundan əvvəl onların qaldırdıqları iddiaya məhkəmədə baxılarkən bildirsələr də, Qiyas razı olmamış və hətta onlardan polis şöbəsinə şikayət etmişdir. Onları Ağcabədi Rayon Polis Şöbəsinin vasitəsilə qanunsuz olaraq təzyiqlər edib sıxmışdırlar ki, dəyər-dəyməzinə onların əmlaklarına sahib çıxsınlar. X14 alqı-satqı barədə danışmışdırlar, İddiaçı tanımamışdırlar. Onunla heç bir alqı-satqı söhbətləri olmayıb. Ağcabədi Rayon Məhkəməsi onların məhkəmə iclasına çağırmaq əvəzinə, məlumat vermədən mülkiyyətlərindən məhrum edilməklərinə və əmlaklarından çıxarılmaqlarına nail olaraq qərəzli qətnamə qəbul etmişdir. Mülkiyyətlərində olan Bazarı 500.000 manata Hacıyev Qiyasa satmaq niyyətləri olmuş, ancaq Qiyas Hacıyev həmin pulu tam vermədiyindən,onlara verdiyi 142.000 manatı geri qaytarmaq istəsələr də, pulu geri almadığından və onlara təzyiq edilməsi üçün X9 şikayət etdiyindən, eləcə də, İddiaçı tanımadıqlarından və məhkəmə işə iştirakı olmadan baxdığından, həmçinin onların iddia tələbi Şrivan Apelyasiya Məhkəməsində baxılıb qurtarmadığından apellyasiya şikayəti təmin edilməli və Ağcabədi Rayon Məhkəməsinin 24 oktyabr 2024- cü il tarixli, 2(017)- 1674/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildiri ki, 2016-cı ildə bələdiyyə Cavabdeh1 həmin torpağı icarəyə vermişdir. Tofiq nə Bakıda, nə da notariusda olmuşdur. Onun bu alğı-satqı məsələsi ilə əlaqəsi yoxdur. Onlar hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırsalar da, birinci instansiya məhkəməsi tərəfindən iddiaları təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verəcəklər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı qanunsuz şəkildə hərrac vasitəsi ilə mübahisəli torpağı öz adına keçirmiş, onların həmin torpaq sahəsindən çıxmaqlarını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Bildirir ki, torpaq sahəsi barədə iddiaçı və cavabdeh Tofiq arasında icarə müqaviləsi olmuşdur və cavabdehlər 150000 manat aldıqlarını etiraf etmişlər. Torpaq hərraca çıxarılmış və alqı-satqı baş tutmuşdur. Torpaq iddiaçının mülkiyyətindədir və bunu təsdiq edən müvafiq Çıxarışı var. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (Mülki Məcəllənin 164.1, 165.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə qismən təmin edərək maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsada, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual pozuntuya yol verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almayaraq məhkəmə iclasında cavabdehin iştirakını təmin etmədən iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk olaraq məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikililəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh2 birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Ona görə də məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılmalıdır. Apellyatorun apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da, işə iştirakı olmadan baxılmış və nəticədə tərəflər arasında bərabərlik və çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə tərkibi şikayətin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlilini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxış iclası 24 oktyabr 2024-cü il tarixə saat 10:30-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə işdə iştirak edən hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə tərkibi apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnаməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,265 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış hüquq münasibətləri cavabdehlərin iddiaçıya məxsus Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində Ağdam-Ağcabədi magistral yolunun sol tərəfində sahibkarlıq fəaliyyəti üçün ərzaq və kənd təsərrüfatı məhsullarının satışı bazarının yerləşdiyi tam xüsusi mülkiyyətində olan 0,265 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin üzərindəki kənd təsərrüfatı məhsullarının satışı bazarı tikintilərinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsindən ibarətdir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlərin mübahisələndirilən əmlak üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda iddiaçıya məxsus torpaq sahəsindən və üzərindəki tikilidən istifadə edirlər. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə torpaq sahəsi mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən və onun üzərindəki tikililərdən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərindəki tikililərin mövcudluğu tərəflər arasında mübahisələndirilmədiyindən iddia həmin hissədə əsaslıdır. Həmin torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalıdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda qeyd edilən hissəsi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə tərkibi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdeh reyestrin məzmununun qeyridəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə tərkibinin qənaətinə görə cavabdehlərin qanunsuz hərəkətləri ilə iddiaçının torpaq sahəsi üzərində qanunla qorunan mülkiyyət və onun üzərində yerləşən tikililərdə gözlənilən mülkiyyət hüququnu pozur, məhdudlaşdırır. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir. Eləcə də, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntunun davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, iddia tələbi cavabdehlərin torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılması hissəsində əsaslıdır. İddiaçının xüsusi mülkiyyətində olan əmlak üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə tərkibi iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, həmin tələblər apellyasiya baxışının predmeti olmadığından onlara hüquqi qiymət verilməsinə zərurət yoxdur. Eyni zamanda yeni qətnamə qəbul edildiyindən iddia tələbi qalan hissədə təmin edilməməlidir. Apellyator şikayətinin digər dəlilində qeyd etmişdir ki, iddiaçılardan Tofiq Xudiyev “cavabdehlər - Ağcabədi Hindarx qəsəbə bələdiyyəsinə,'"X4" publik hüquqi şəxsinin Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasına, X6 va X1 qarşı Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında X5" publik hüquqi şəxsinin Beylaqan Ərazi Torpaq mūsabiqə və hərrac komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixdə keçirilmiş torpaq mūsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdeh X2 verilmiş torpaq hərrac və mūsabiqənin nəticələrinə dair NTM seriyalı, 004478 nõmrəli şəhadətnamənin, 25 oktyabr 2023-cü il tarixdə Ağcabədi rayon Hindarx bələdiyyəsi ilə X7 arasında bağlanmış AN-1 ******* nõmrəli alqı-satqı mūqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və onunla Ağcabədi rayon Hindarx bələdiyyəsi arasında bağlanmış 08 fevral 2006-ci il tarixli icarə müqaviləsinin bağlanmış müddətinin uzadılmış hesab edilməsi" tələbi ilə Ağcabədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin işə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən baxılıb yekunlaşmamış, hazırki işə baxıla bilməzdi. Məhkəmə tərkibi qed edir ki, şikayətin bu dəlili əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 254.1.4-cü maddəsinə əsasən konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. İş materiallarında isə Tofiq Xudiyevin yuxarıda qeyd edilən iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməsinə dair hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin apellyasiya mərhələsində cavabdehlərə məhkəməyə müraciət etmələrinə dair sübutlarının olub-olmaması təklif edilmiş, lakin hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün heç bir əsaslı səbəb olmadığından şikayət bu hissədə təmin edilə bilməz. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianı qismən təmin edərək maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsada, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual pozuntuya yol verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almayaraq məhkəmə iclasında cavabdehin iştirakını təmin etmədən iddianı qismən təmin etmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız olaraq istifadə etdiyi, daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1674/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Hindarx qəsəbəsi (kəndi) ərazisində yerləşən 0,265 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi üzərindəki tikililər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılsın. Dövlət rüsumuna görə ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-371/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-371/2025
06.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver