Məhkəmə qərarları › İş №2(106)-377/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-377/2023

27.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-377/2023 27.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması və qanun üzrə vərəsə kimi tanınması barədə” iddia ərizəsinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq X3 miras qalmış Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və onun qanun üzrə vərəsə kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək təkcə mərhum atası X3 miras qalmış Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş еtmiş, başqa tələbi olmadığını bildirmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 05 avqust 1957-ci ildə Cəlilabad rayonunun Mədətli kəndində anadan olmuşdur. Аtаsı X12 14 noyabr 2017-ci il tarixdə, anası X13 isə 03 mart 2022-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların yas mərasimlərini İddiaçı keçirmişdir. Valideynlərinin sağlığında İddiaçı Rusiya Federasiyasına gedərək orada işləyib qazandığı pulu atasına göndərmişdir ki, ona Bakı şəhərində ev alsın. Atası da İddiaçı göndərdiyi pulla Bakı şəhəri Gəncə prospekti 69 saylı binanın 13 nömrəli mənzilini satın almış və öz adına rəsmiləşdirmişdir. Atası öz sağlığında - 08 sentyabr 2008-ci il tarixdə Cəlilabad rayon İHB-nin Şorbaçı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə vəsiyyətnamə də yazaraq Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini İddiaçı vəsiyyət etmiş və icra nümayəndəsi tərəfindən həmin vəsiyyətnamə təsdiqlənmişdir. Atası rəhmətə getdikdən sonra anası Ruqiyə Süleymanova da sağlığında həmin əmlakla bağlı mübahisəsi olmadığına dair notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış Bakı şəhəri Gəncə prospektində yerləşən 69 saylı binanın 13 nömrəli mənzilini miras kimi İddiaçı qəbul etmişdir. Həmin vaxtdan indiyə kimi əmlaka faktiki olaraq İddiaçı sahiblik edir, evin bütün kommunal xərclərini о ödəyir. İddiaçı atasından miras qalmış həmin evi öz adına sənədləşdirmək istəmiş və bu məqsədlə Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət еtmiş, lakin cavabdeh mirasla bağlı mübahisə yaratdığı üçün 19 iyul 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Digər vərəsələr X14, X15, X5, X6, X7, X10 miras paylarından imtina etmişlər və öz paylarını İddiaçı vermişlər. Cavabdeh isə ərizə verməkdən imtina etmişdir. Buna görə də İddiaçı həmin miras əmlaka diar şəhadətnamə ala bilməmişdir. Odur ki, miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul olunmasının müəyyən edilməsi barədə iddia ərizəсi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı İddiaçı ona qarşı mirasın qəbul edilməsi faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə razı deyil. İddiaçı iş üzrə hüquq və maraqlarına toxunulan şəxslər olan ailə üzvləri X6, X10 və X4 aldadaraq onlara başqa sənəd adı ilə digər vərəsəlik sənədləşmələrinə imzalar atdırmışdır. Bundan sonra adları qeyd edilən ailə üzvləri 11 sentyabr 2022-ci il tarixdə Cəlilabad rayon 1 saylı notariat ofisinə ərizələrlə müraciət edərək vərəsəlik işinin notariat qaydada aparılmasına öz etirazlarını bildirmişlər. Həmçinin iddiaçı yaşadığı ərazi üzrə icra nümayəndəliyini aldadaraq güyaki yeganə vərəsə özü olduğunu qeyd etdirmişdir. Belə olan halda da iddiaçı həm onun, həm də digər vərəsələrin vərəsəlik hüquqlarını məhdudlaşdıraraq, həmin şəxslərin etibarından suiistifadə edərək öz xeyrinə sənədləşmə işləri aparmışdır. İş məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılacağı təqdirdə iddiaçının tələbi təmin oluna bilməz. Yuxarıda qeyd edilən səbəblərdən iddianın əsassız olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 saylı qətnaməsi ilə (hakim Vüsal Cəbrayılov) iddia təmin edilmiş, X1 və X2 miras qalmış Bakı şəhəri, Gəncə prospektində 69 saylı evin 13 nömrəli mənzilinin İddiaçı tərəfindın qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1177, 1179, 1180, 1181.1-1181.4-cü və 1193-cü maddələrinin tələblərinin pozulmasını göstərmişdir. Cavabdeh eyni zamanda vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, o, cavabdeh olaraq ünvan 1 ünvanda yaşayır. Belə olan halda ona qarşı qaldırılmış iddia Cəlilabad Rayon məhkəməsində deyil, Bakı şəhəri, Nizami Rayon Məhkəməsində baxılmalı idi. Lakin Cəlilabad Rayon Məhkəməsi aidiyyat qaydalarını pozmaqla işə baxmışdır. Ona görə də Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, vəsatət təmin edilməli, (Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin aidiyyatı üzrə göndərilməsi barədə vəsatət) Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iş üzrə Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürərkən cavabdehin qeydiyyatda olduğu yerə görə verilməsinə dair MPM-nin 35.1-ci maddəsinin tələbinə riayət etməmiş və ərazi aidəyyətini pozmuş və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi ərazi aidiyyəti qaydalarını tənzimləyən prosessual hüquq normalarının tələbləri pozulmaqla Cəlilabad Rayon Məhkəməsinin icraatına qəbul olunduğu üçün, yəni birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 44.2.2, 263, 264, 400 və 405.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(073)-1740/2022 nömrəli qətnaməsi ləğv olunsun və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə, Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar