Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-377/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(064)-749/2023 saylı (hakim Yaşar Həşimov) qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan 2.36 hektar torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbini dəqiqləşdirərək, cavabdehin onun və digər ailə üzvlərinin mülkiyyətində olan 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən çıxarılmasını və həmin hissədə torpaq sahəsinin ona təhvil verilməsini, eləcə də cavabdehdən mütəxəssis rəyinin verilməsi üçün qabaqcadan ödədiyi 108 manatın alınıb ona verilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-749/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilmiş 2.36 ha torpaq sahəsinin 2.08 ha hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Füzuli Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemindən yaradılan elektron kabinet vasitəsilə elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpasına dair ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qətnaməsi 15 sentyabr 2023-cü il tarixdə qəbul olunmuş, o, həmin qətnaməni 1 oktyabr 2023-cü il tarixdə almışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra o, həmin qətnamədən kağız daşıyıcıda apellyasiya şikayəti vermiş, lakin Füzuli Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti ona qaytarılmış, apellyasiya şikayətinin elektron kabinetdə yerləşdirilməklə verməli olduğu qeyd edilmişdir. O, yaşlı adamdır, kompyüterdən istifadə qaydalarını bilmir, həmçinin yazmaq və oxumaq savadının olmaması da həmin qətnamədən deyilən formada vaxtında şikayət etməməsinə səbəb oldu. Sonradan o, vəkilə müraciət etmiş və ona etibarnamə verməklə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada və qaydada verilməsinə nail olmuşdur. Odur ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamış, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-749/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmasının səbəbləri üzrsüz hesab edilərək bərpa edilməsindən imtina edilmişdir. Qərardaddan cavabdehin nümayəndəsi və vəkili şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayətə baxılmış, Füzuli Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(064)-749/2023 saylı qərardadı ləğv edilməli, prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-749/2023 saylı qətnaməsinin surəti 20 sentyabr 2023-cü il tarixli məktubla tərəflərə göndərilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə qətnaməni rəsmi qaydada əldə etmiş və xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış və cavabdehə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və müddətin bərpasına dair ərizə verə bilər. Həmin qərardad xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən rəsmi qaydada əldə edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi və "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf öz şikayət vermək hüququndan istifadə etmiş, ilk dəfə apellyasiya şikayəti vaxtında verilmiş, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra nöqsanları aradan qaldıraraq apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina etməsi cavabdehin şikayət vermək hüququnu məhdudlaşdırır. Buna görə də, qərardad ləğv edilməli, prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363, 385.1, 397, 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(064)-749/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsi təmin edilsin və Cavabdeh Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(064)-749/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün müəyyən olunmuş prosessual müddət bərpa edilsin. Füzuli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(064)-749/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-377/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-377/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver