Məhkəmə qərarları › İş №2(106)-383/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-383/2023

05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-383/2023 05.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması və dəyərinin bölünməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2678/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun və Cavabdeh Novruz oğlunun hər birinin ½ hissə olmaqla paylı mülkiyyətində olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası – “Əzizə” şadlıq sarayı kompleksinin ½ hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası - əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ əsasında onun mülkiyyətində olmuş, həmin kompleks “Əzizə” şadlıq sarayı, çörək sexi, mağaza, çay evi, mətbəx kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmiş və onun fəaliyyəti iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmin şadlıq sarayı iddiaçı və qardaşlarının, eləcə də cavabdehin şəxsi vəsaiti hesabına tikilməklə tam istifadəyə verilmiş, həmin şadlıq sarayından gələn gəlirin cavabdehlə aralarında bölünməsi barədə qarşılıqlı razılığa gəlmişlər. 2013-cü ilin mart ayından fəaliyyətə başlamış və 2022-ci ilin mart ayının axırına kimi əldə edilmiş qazancı aralarında bölmüş və heç bir narazılıqları olmamışdır. Sonradan 2022-ci ilin mart ayında cavabdeh iddiaçıya “Əzizə” şadlıq sarayının ikisinin adına qeydiyyata alınmasını təklif etmişdir. Bu səbəbdən də cavabdehin təklifi ilə həmin kompleksin ikidə bir hissəsinin iddiaçının, ikidə bir hissəsinin isə cavabdehin adına sənədləşdirilməsi barədə razılığa gəlmişlər. Bundan sonra, 23 fevral 2022-ci il tarixində Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlayaraq iddiaçı həmin kompleksin ikidə bir hissəsini cavabdeh olan qardaşı Cavabdeh bağışlamış və müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 35-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli və **********89-12301 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış veriləndən və cavabdehin həmin kompleksə mülkiyyət hüququ yarandığı gündən cavabdeh iddiaçının mülkiyyətçi kimi həmin obyektdən istifadə etməsinə maneçilik törətməklə həmin obyektə pay hüququnu əsas gətirib iddiaçının mülkiyyətindən sərbəst istifadəsinə imkan vermir. Bir neçə aydır ki, cavabdeh həmin şadlıq sarayını istifadə etməklə, toy və digər şənliklərin keçirilməsi üçün icarəyə verib gəlir əldə edir, həmin gəlirin aralarında yarı-yarıya bölünməsi barədə razılıqları olmasına baxmayaraq, cavabdeh buna əməl etmir və iddiaçıya heç bir məbləğ ödəmir. Bununla bağlı aralarında narazılıq yaransa da, sonradan cavabdeh razılığa əməl edəcəyinə və bundan sonra gəlirləri yarı-yarıya iddiaçı ilə böləcəyinə söz vermişdir. Lakin o, yenə də sözünə əməl etməmiş, hər dəfə toy məclislərindən sonra iddiaçıya heç bir məbləğ ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı həmin şadlıq sarayı kompleksinin ona düşən hissəsini naturada böldürməklə təyinatını dəyişdirib başqa xidmətə yönəltmək istəyir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayının və əmlak kompleksinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılıb dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbin dəyişdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehə qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun və cavabdehin hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksinin 1/2 hissəsinin naturada ayrılaraq iddiaçıya verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və cavabdehin hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksi cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilməklə iddiaçının öz mülkiyyətindən istifadə etməsinə mane olmaqla qanunsuz istifadə olunduğundan məhkəmə prosesinin yekununadək cavabdeh və digər şəxslər tərəfindən həmin torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksindən istifadəsinə qadağa qoyulması zərurəti yaranmış, bu barədə iddiaçı tərəfindən vəsatət verilsə də, vəsatət təmin edilməmişdir. Hansı ki, adı qeyd edilən obyektin vergi ödəyicisi iddiaçı olmaqla onun adınadır və “Əzizə” şadlıq sarayının fəaliyyəti 27 iyul 2022-ci il tarixindən dayandırıldığı halda cavabdeh həmin obyektdən istifadə edə bilməzdi və bilməz. Cavabdeh bütün bunlardan sonra paylı mülkiyyətdə olduğu halda iddiaçının iştirakı və razılığı olmadan həmin obyektdə təmir işləri apardığından və belə bir vəziyyətdə əmlakın iddiaçıya aid hissəsinin aşınmasına, qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən hər an əmlakların sıradan çıxarılmasına, dağılmasına səbəb ola biləcəyindən və vergi ödəyicisi kimi iddiaçının adı keçdiyindən hər hansı bir bədbəxt hadisə baş verə biləcəyi halda cavab verməli olan şəxs iddiaçı olacağından, eləcə də cavabdeh obyektin işləmə xüsusiyyətlərinə bələd olmadığından hər an yanğın ola biləcəyi ehtimalının olması, həmin kompleksin tərkibində olan “Əzizə” şadlıq sarayı, bilyardxana və kompeksin tərkibinə daxil olan digər sahələrdən istifadə etsə və qazanc əldə etsə də, həmin qazancları şərik olduqları halda 2022-ci ilin may ayından sonra iddiaçıya heç bir məbləğ vermədiyindən, başlıcası isə bir mülkiyyətçi olaraq iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə mane olduğundan məhkəmə prosesinin yekununadək cavabdeh və digər şəxslər tərəfindən həmin torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksinin icarəyə verilməsi, obyektin özgəninkiləşdirilərək satılmasının qarşısının alınması zərurəti yaranmış və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçı və cavabdehin hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi (torpaq sahəsi tam olaraq iddiaçının adınadır. Belə ki, cavabdeh xarici ölkə vətəndaşı olduğundan onun adına torpaq verilə bilməz) və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayı binası və eləcə də həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksinin icarəyə verilməsi, özgəninkiləşdirilib satılmasının qarşısının alınması məqsədi ilə həmin əmlaklar üzərinə həbs qoyulması, iddiaçının bir mülkiyyətçi kimi həmin əraziyə daxil olub işləməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qərardad qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayı binası və eləcə də həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksi üzərinə həbs qoyulmuş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq üzərində yerləşən 2825,5 kv.m sahəsinin 1/2 hissədə iddiaçıya məxsus hissəsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qərardad qəbul edilmişdir. Həmin qərardad dərhal icra edilmişdir. Daha sonra cavabdeh tərəfindən həmin qərardadın ləğv edilməsi barədə şikayət verilsə də, Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadı ilə həmin şikayət təmin edilməmişdir. Bundan başqa, cavabdeh paylı mülkiyyətdə olan obyekti iddiaçının razılığı və icazəsi olmadan heç bir ehtiyac belə olmadığı halda təmir etdirməyə başlamışdır. O, həmin xüsusatı əsas götürərək müvəqqəti təminat tədbiri barədə qərardan şikayət etmişdir. Hazırkı işin obyektiv həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və cavabdehin hər birinin 1/2 hissə olmaqla paylı mülkiyyətində olan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayının, eləcə də digər qeyri-yaşayış binası, Əmlak kompleksinin 1/2 hissəsinin naturada ayrılıb bölünərək hər birinə bərabər qaydada verilməsinin mümkün olub-olmamasını müəyyən etmək zərurəti meydana çıxdığından iddiaçı tərəfindən 19 avqust 2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət edilmiş və Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayının, eləcə də digər qeyriyaşayış binası, Əmlak kompleksinə baxış keçirib paylı mülkiyyətdə olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda göstərilən torpaq sahəsinin çıxarışlarda qeyd edilən koordinatlarda yerləşib-yerləşməməsi, yerləşirsə, həmin torpaq sahəsinin tərəflər arasında onlara verilən çıxarışa əsasən bərabər qaydada bölünməsinin mümkün olub-olmaması və eləcə də Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayının, eləcə də digər qeyri-yaşayış binası, Əmlak kompleksinin tərəflərə verilən çıxarışa əsasən naturada bərabər qaydada bölünməsinin mümkün olub-olmaması barədə müvafiq rəy verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin verdiyi 25 avqust 2022-ci il tarixli, 01/22-412 nömrəli rəy ilə müəyyən edilmişdir ki, hər iki sual üzrə, mübahisə predmeti olan 0,56 ha torpaq sahəsi qeyd olunan koordinatlar daxilində yerləşir və bir neçə yerdən giriş imkanı olduğu üçün tərəflər arasında tam olaraq bölgüsü mümkündür, eləcə də “Əzizə” şadlıq sarayının və digər Əmlak kompleksinin texniki göstəricilərinin səmərəli bölgü imkanı yaratdığı üçün sözügedən əmlakın tərəflər arasında tam olaraq bölgüsü mümkündür. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2678/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Murad Aslanov) iddia təmin edilmiş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayı binasının və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış-əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin Cavabdeh Novruz oğlu və İddiaçı arasında bölünməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manatın Cavabdeh Novruz oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Novruz oğlu apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-2678/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə və onun əsaslandırıcı hissəsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qətnamə çıxararkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına yeni yanaşma nümayiş etdirmiş, həmin şərhi yenidən şərh etməklə tətbiq etmiş, həmin Qərarın Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malik olmasını nəzərə almamışdır. Həmin Qərara əsasən, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinin təsbit edilməsində məqsəd mülkiyyət hüququnun maksimum qorunmasıdır. Ümumi paylı mülkiyyətdə olan mübahisəli əmlak kompleksinin naturada bölgüsünün mümkün olması barədə iddiaçı tərəfindən mütəxəssis rəyi təqdim olunsa da, məhkəmə tərəfindən həmin rəyin əsaslılığı yoxlanılmamış, əmlakın naturada bölgüsünün mümkün olub-olmamasının müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməmiş, iddiaçı tərəfindən qanunvericiliyə zidd olaraq dəyişdirilmiş iddia tələbi təmin edilmişdir. Məhkəmə qeyd edilən Qərarda Mülki Məcəllənin 220.3-220.4-cü maddələrdə nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinin təsbit edilməsini lüzumsuz formal şərtlər hesab etmiş, ardıcıllığın eyni olacağı təqdirdə məhkəmə araşdırmasının ağlabatan müddətdə həyata keçirilməsinin yubanacağını düşünmüşdür. Lakin məhkəmə heç bir yerdə göstərməmişdir ki, müvafiq ekspertiza təyin ediləcəyi halda əmlakın naturada bölünməsi imkanının olmadığı qənaətinə necə gəlmişdir. Qətnamə ilə cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Qətnamə icra edilərsə, şəxs ona məxsus olması mübahisələndirilməyən əmlakdan məhrum olacaq. Qətnamə ilə məhkəmə MM-in 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmiş, birbaşa əmlakın hərracda satılması ilə bağlı qətnamə çıxarmışdır. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 çıxış edərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdəki hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825,5 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2013-cü ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdəki Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 23 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsinin və onun üzərində olan sahəsi 2825,5 kv.m olan qeyri-yaşayış binasının ½ hissəsini (0,28 ha torpaq sahəsini və üzərindəki əmlak kompleksi kimi müəssisədən 1412,75 kv.m-i) qardaşı hədiyyə alan Cavabdeh Novruz oğlunun mülkiyyətinə vermişdir. İş materiallarının 8-ci vərəqində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 2825,5 kv.m olan əmlak kompleksi kimi müəssisə üzərində hər birinin ½ hissə olmaqla İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki "xxxx" MMC-nin 25 avqust 2022-ci il tarixli, 01/22-412 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi Çıxarışda qeyd olunan koordinatlar daxilində yerləşir və bir neçə yerdən giriş imkanı olduğu üçün tərəflər arasında tam olaraq bölgüsü mümkündür. Eləcə də, “Əzizə” şadlıq sarayının və digər əmlak kompleksinin texniki göstəriciləri səmərəli bölgü imkanı yaratdığı üçün sözügedən əmlakların tərəflər arasında tam olaraq bölgüsü mümkündür. İşdəki 18 iyul 2022-ci il tarixində icra edilmiş ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-in 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. İddiaçı ilk öncə onunla cavabdehin ümumi paylı mülkiyyətində olan daşınmaz əmlak üzərindəki payının naturada ayrılmasını tələb etmiş, lakin həmin tələbə hər hansı qiymət verilmədən iddiaçı öz tələbini dəyişdirmiş, ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərraca qoyularaq satılıb dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsini tələb etmişdir. İddiaçı öz tələbini Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan “Əzizə” şadlıq sarayının və əmlak kompleksinin ümumi paylı mülkiyyətçisi olması, cavabdehin iddiaçıya həmin əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə mane olması və cavabdehin həmin ərazidə iddiaçının razılığını almadan tikinti işləri aparması ilə əsaslandırmışdır. Cavabdehin isə apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında (bundan sonra – Qərarda) qeyd edilənləri nəzərə almamışdır. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qərarda qeyd edilir ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmin Qərarda göstərilir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər... Lakin Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu Qərarda bildirir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı onun payının naturada ayrılması tələbini dəyişdirərək əmlakın açıq hərracdan satılıb dəyərinin tərəflər arasında bölünməsini tələb etsə də, tələbini dəyişdirmiş olduğu ərizədə əmlakın naturada bölgüsünün mümkün olduğunu bildirmiş, bu halın təsdiqi üçün mütəxəssis rəyi təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əlavə edilmiş "xxxx" MMC-nin 25 avqust 2022-ci il tarixli, 01/22-412 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, “Əzizə” şadlıq sarayının və digər əmlak kompleksinin texniki göstəriciləri səmərəli bölgü imkanı yaratdığı üçün sözügedən əmlakların tərəflər arasında tam olaraq bölgüsü mümkündür. Lakin iddiaçı ümumi paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi və onun öz payının ayrılması məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini gözləmədən iddia tələbini dəyişdirməklə, birbaşa olaraq əmlakın açıq hərracdan satılmasını və dəyərinin tərəflər arasında bölünməsini tələb etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında xüsusilə vurğulanır ki, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının qeyd edilən tələblərinə əməl etməmiş, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilib-edilməməsinə düzgün qiymət verməmiş, iddiaçının hazırkı tələblə çıxış edə bilməsi üçün subyektiv hüququnun yaranıbyaranmamasını araşdırmamış, beləliklə də, maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının ümumi paylı mülkiyyətdə olan əmlakın hərracda satılaraq dəyərinin tərəflər arasında bölüşdürülməsi ilə bağlı tələbinə hüquqi qiymət verərək bildirir ki, iddiaçının həmin tələblə müraciət edə bilməsi üçün subyektiv hüququ yaranmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş prosedurları ardıcıllıqla həyata keçirmədən birbaşa olaraq MM-in 220.6-cı maddəsində göstərilmiş tələbi irəli sürməklə, qanunla müəyyən edilmiş mərhələli qaydaya riayət etməmişdir. Beləliklə də, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında müəyyən edilmiş subyektiv hüququn birinci elementi yaranmamışdır. Bu səbəbdən də, onun həmin hüquq üzrə başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında xüsusilə göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Lakin iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birbaşa olaraq əmlakın açıq hərracdan satılmasını tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının birbaşa olaraq əmlakın açıq hərracdan satılmasını tələb etdiyini, Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş prosedurları ardıcıllıqla həyata keçirmədiyini, bu səbəbdən iddiaçının MM-in 220.6-cı maddəsinə əsasən ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılmaqla dəyərinin bölünməsini tələb etmək üçün subyektiv hüququnun yaranmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması və dəyərinin bölünməsi tələbinə dair” iddiası təmin edilməməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2678/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Novruz oğluna qarşı “əmlakın hərracda satılması və dəyərinin bölünməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar