Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-383/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümyəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)- 3505/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları - X2 və X3 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Çıxarışla özünə məxsus Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə evlənmiş və valideynlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Nikahları Lənkəran rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü ildə X2 və xx.xx.2017-ci ildə isə X3 dünyaya gəlmişlər. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-1628/2020 nömrəli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, uşaqların cavabdehin yanında qalması müəyyən edilmiş və hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin qət edilmişdir. Cavabdehlə ailə qurmamışdan əvvəl, 2010-cu ildə özünə ev tikmək üçün Lənkəran rayonunun Şiləvar kəndinə 0.06 ha həyətyanı torpaq sahəsi almış, daha sonra həmin torpaq sahəsində 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evi inşa etdirmişdir. İkinci uşaqları doğulandan sonra valideynlərinin evi darısqal olduğu üçün həmin evə köçmüşlər. Ailə münasibətləri korlandıqdan sonra cavabdeh ona qarşı “yaşamaq hüququnun tanınması və yaşadığı evdə yaşamasının təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1394/2021 nömrəli qətnaməsi ilə cavabdehin iddiası təmin edilərək Cavabdeh uşaqları - X2 və X3 ilə birlikdə Lənkəran rayonu Şilavar kəndindəki 2 otaqlı və bir dəhlizli fərdi yaşayış evində yaşamaq hüququ tanınmışdır. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 nömrəli qətnaməsi ilə onun şikayəti təmin edilərək qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası qismən təmin edilərək Cavabdeh həmin evdə 2 il müddətinə istifadə hüququnun müəyyən edilməsi qərara alınmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiva Məhkəməsinin qətnaməsi çoxdan qanuni qüvvəsini almış və həmin qətnamədə göstərilmiş müddət artıq bitmişdir. Cavabdeh onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmaq istəmir. Dəfələrlə cavabdehə evindən çıxmağı bildirsə də, onun dediklərinə məhəl qoymur, özünün inşa etdirdiyi evinin həyətinə belə onu buraxmır, nə vaxt ora getsə onu polislərlə hədələyir. Yuxanda qeyd etdiyi kimi, valideynlərinin evində şərait yoxdur, onun da başqa qalacaq yeri yoxdur. İŞİNHALLARİ: Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)-3505/2024 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddianın təmin edilməsi, Cavabdeh uşaqları - X2 və X3 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda uşaqları ilə birlikdə yaşadığı və Lənkəran rayonu Şiləvar kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olsa da, həmin torpaq sahəsində yerləşən və onun uşaqları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin çıxarışı mövcud deyildir, yəni həmin fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən deyildir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 saylı qətnaməsi ilə onun iddiaçıya məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə iki il müddətinə istifadə hüququ müəyyən edilsə də, həmin müddət hazırda bitsə də, onun azyaşlı uşaqları ilə birlikdə hazırda yaşamağa başqa yerdə hər hansı evi yoxdur. Hazırda onun uşaqları ilə birlikdə qış fəslində küçəyə atılması ədalətsizlikdir. Yuxarıda qeyd olunan qətnamənin hazırkı mülki işə heç bir aidiyyəti yoxdur. Çünki hazırda uşaqları ilə birlikdə Lənkəran rayonu Şiləvar kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olmasını təsdiq edən hər hansı bir sübut yoxdur və onun bu iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək kimi subyektiv hüququ belə yoxdur. Məhkəmə tərəfindən bu kimi hallara düzgün hüquqi qiymət verilməmiş və əsassız olaraq İddiaçı iddia tələbi təmin edilmişdir. Cavabdeh vəkili nümyəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda Lənkəran rayonu Şiləvar kəndində yerləşən fərdi yaşayış evində cavabdeh uşaqları ilə birlikdə yaşayır. Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)- 2881/2021 saylı qətnaməsi ilə onun iddiaçıya məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə iki il müddətinə istifadə hüququ vermişdir. Lakin həmin müddət bitmişdir və təmsil etdiyi şəxsin uşaqları ilə birlikdə yaşamaq üçün hər hansı bir evi yoxdur və bu səbəbdən də, həmin evdə yaşamağa davam edirlər. Onu da qeyd edir ki, 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olsa da, həmin torpaq sahəsində yerləşən və onun uşaqları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin çıxarışı mövcud deyildir, yəni həmin fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən deyildir və həmin torpaq sahəsində mövcud olan evi cavabdehin atası inşa etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən ev 2013-cü il tarixdə tikilib. Evin tikilməsində atası tərəfindən maddi dəstək göstərilib. Apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)- 3505/2024 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində tikilmiş evi o tikdiyini bildirmişdir. Buna şahid olaraq qonşuları və evi tikən ustalar var. O qeyd edir ki, evi ola-ola işlədiyi sexdə yaşayır. Rəsmi qaydada nikahları pozulduqdan sonra uşaqlar cavabdehin yanında qalması, və aliment təyin edilməsi qərara alınmışdır. O da hər ay təyin olunmuş aliment məbləğini ödədiyini bildirmişdir. İddiaçı qeyd edir ki, cavabdehə dəfələrlə aliment ödənişindən imtina edərsə, o da evi cavabdehin adına keçirəcəyini təklif etmişdir. Lakin cavabdeh buna razı olmamış, həm evi, həm də alimenti tələb etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci insatnsiyanın qətnaməsinin qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə tərkibi izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)- 3505/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 nömrəli qətnaməsinə əsasən cavabeh Cavabdeh İddiaçı məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə 2 il müddətinə istifadə hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Çıxarışa görə Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi tərəflərin rəsmi nikahlarından əvvəl İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evə köçürüb onunla bir təsərrüfat aparmaqla 2020-ci ilin sonlarınadək iddiaçının ailə üzvü olmuş, ondan sonra onların təsərrüfatları ayrılmış, cavabdehlə iddiaçının ailə münasibətlərinə xitam verilmiş, 2020-ci ildən təsərrüfatlarını ayırmaqla onun keçmiş ailə üzvü statusunu əldə etmişdir. Belə olan halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüquqları saxlanmır. X5 Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 nömrəli qətnaməsi ilə onun Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə 2 il müddətinə istifadə hüququ saxlanmışdır. Həmin iki il müddət xx.xx.2023-cü il tarixdə bitmiş və həmin tarixdən sonra Cavabdeh həmin evdən istifadə hüququna xitam verilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh uşaqları - X2 və X3 ilə birlikdə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonun Şilavar kəndində yerləşən 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi ona təhvil verilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Sadalanan maddi hüquq normalarının tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də, daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəyə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin normaların mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli MA seriyalı ******* №-li Çıxarışa əsasən Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi (tərəflərin rəsmi nikahından öncə) iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında rəsmiləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2881/2021 nömrəli qətnaməsinə əsasən cavabeh Cavabdeh iddiaçıya məxsus Lənkəran rayonu Şiləvar kəndində yerləşən evinə 2 il müddətinə istifadə hüququ müəyyən edilmiş, göründüyü kimi, Azərbaycan Respublikas Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilməlidir ki, yuxarıda qeyd edilən qətnamələrə əsasən iddianın təmin edilməsi zamanı məhkəmələr tərəfindən mübahisəli fərdi yaşayış evinin İddiaçı məxsus olması müəyyən edilmişdir. Beləcə, məhkəmə qərarları ilə cavabdehin istifadə hüququnun müəyyən edilmiş olduğu iki illik müddət bitmiş və buna görə də, hazırkı iddia tələbi əsaslıdır. Cavabdeh tərəfin apellyasiya şikayətində, habelə izahatlarında öz əksini tapmış dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mübahisəli evin İddiaçı məxsus torpaqda yerləşməsi mübahisə edilmir. Ancaq cavabdehin hazırda uşaqları ilə birlikdə yaşadığı fərdi yaşayış evinin çıxarışının mövcud olmaması iddiaçının gələcəkdə mülkiyyətə gözlənti hüququnu aradan qaldırmır və bu səbəbdən də, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməklə əlaqədar subyektiv hüququnu istisna etmir. Cavabdehin hal-hazırda uşaqları ilə yaşamağa rəsmi sənədlərə əsasən başqa evinin olmaması da iddianın təmin edilməsi əsaslarına təsir göstərmir. Həmçinin mübahisəli fərdi yaşayış evinin cavabdehin atası tərəfindən inşa olunması və ya onun maddi dəstək göstərməsi ilə tikilməsi halları da hazırkı halda iddianın rədd edilməsi ilə nəticələnə bilməz. Göstərilənlər öz təsdiqini tapdığı halda belə, sonuncunun iddiaçıya qarşı mübahisəli evin tikilməsinə sərf edilmiş vəsaitin geri qaytarılması tələbi ilə iddia qaldırmasına mane olmur. Nəzərə alınmalıdır ki, MM-in 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. MM-in 180.3-cü maddəsinin tələbinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində ehtiva olunan dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)- 3505/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə tərkibi Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 2(049)- 3505/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-383/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-383/2025
24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver