Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-388/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların məcburi qaydada çıxarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(020)-741/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 72,1 kv.m, yaşayış sahəsi 43,8 kv.m, köməkçi sahəsi 28,3 kv.m və 6 otaqdan ibarət olan mənzilində yalnız pasport qeydiyyatında olan və 2019-cu ildən etibarən Bakı şəhərində yaşayan cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 iddiaçının mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 mənzilinin otağının birində yerləşən əşyalarının məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşı X9 ilə 1998-ci ildə ailə həyatı quraraq, nikahlarını xx.xx.2009-cu il tarixində Beyləqan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından Gülər adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 iddiaçının qardaşı ilə evlənən zaman cehiz əmlaklarının bir qismini ünvan 1 ünvanında yerləşən mərhum atası X3 adına qeydə alınmış 4 otaqlı mənzilə aparsa da, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2-3 ay həmin evdə yaşadıqdan sonra qardaşı ilə birlikdə mərhum atasının adına olan mübahisəli mənzilə köçmüşlər. Uzun müddət fasilələrlə həmin mənzildə yaşamışlar, Gülər adlı uşaqları da həmin mənzildə doğulmuşdur. Qardaşı ilə Cavabdeh1 ailə münasibətləri pozulduğundan, Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. Cavabdeh1 2019-cu ildə Beyləqan Rayon Məhkəməsində hazırkı mübahisəli mənzildə ona və qızı Gülərə yaşayış hüququnun verilməsi və onların mənzilə köçürülmələri tələbinə dair iddia qaldırsa da, Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 iddiası qismən təmin edilməklə yalnız mübahisəli mənzilə qızı Gülərlə birlikdə köçürülməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında şikayət verilsə də, Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 saylı qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-898/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. 13 iyun 2019-cu il tarixindən etibarən Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 127, 3 saylı mübahisəli mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında əldə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** saylı, reyestr nömrəsi **********87-05101-093010 nömrəli Çıxarışa əsasən tam pay hüququ qorunmaqla xüsusi mülkiyyətindədir. Həmçinin, Cavabdeh1 və onun qızı yetkinlik yaşına çatmış Cavabdeh2 2019-cu ilin may ayından etibarən anasının Bakı şəhərində ailə qurduğu şəxslə birgə mehriban və firavan yaşayırlar. Onların hazırkı mübahisəli mənzilə heç bir ehtiyacları yoxdur. Hazırda xüsusi mülkiyyətində olan ümumi sahəsi 72,1 kv.m, yaşayış sahəsi 43,8 kv.m, köməkçi sahəsi 28,3 kv.m və 6 otaqdan ibarət olan ev 127, 3 saylı mənzil iddiaçının ailə üzvü sayılmayan, 2019-cu ildən indiyədək Bakı şəhərində öz ailəsi ilə birlikdə yaşayan Cavabdeh1 və onun qızı olan Cavabdeh2 pasport qeydiyyatındadırlar. Onlar xx.xx.2019cu il tarixindən etibarən, yəni mənzil iddiaçının xüsusi mülkiyyətinə keçən gündən etibarən onun mənzilində yaşamamışlar. Həmçinin, Cavabdeh1 yenidən Beyləqan Rayon Məhkəməsinə ona və 1 saylı “Səyyar ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin notariusu X4 qarşı mülki iddia qaldıraraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında verilmiş Çıxarışın ləğv edilməsinə dair iddia qaldırsa da, onun iddiası əsassız olduğundan, Beyləqan Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(020)-88/2022 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi onların mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-741/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 133, mənzil 3-də yerləşən ümumi sahəsi 72,1 kv.m, yaşayış sahəsi 43,8 kv.m, köməkçi sahəsi 28,3 kv.m olan mənzilindən yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 məxsus cehiz əşyaların həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 2(020)-741/2022 saylı, 13 iyul 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə X9 ilə onun nikahı pozulmuş, həmin məhkəmənin 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə qızı Cavabdeh2 ilə Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 133, mənzil 3-dən istifadə hüquqları tanınmışdır. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2019-cu il və Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2020-ci il tarixli məhkəmə aktları ilə təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsinin qanuni qüvvədə olmasına baxmayaraq, həmin məhkəmənin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə qızı Gülərin Bakı şəhərində aldığı təhsillə əlaqədar tək olmaması məqsədilə onunla birlikdə qardaşının evində müvəqqəti yaşamaları əsas götürülərək hüquqları tanınan mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Onların yaşayış sahəsinə ehtiyaclarının olmaması ilə əlaqədar, yəni digər yaşayış sahəsinin olması barədə hər hansı sübut işə əlavə olunmamışdır. Mübahisəli yaşayış sahəsində olan şəxsi əşyalarının iddiaçı və ailə üzvləri tərəfindən dağıdılmaları ilə əlaqədar səlahiyyətli orqanlara müraciəti nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas olmaması kimi göstərilmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi barədə 18 noyabr 2021-ci il tarixli Beyləqan RPŞ-nin qərarının təqdim edilməməsinin səbəbi hüquqi savadının olmamasıdır. Hansı ki həmin qərarda iş üzrə iddiaçı və qardaşlarının ona qarşı aqressiv münasibətləri əks olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, mübahisəli evdə mütəmadi yaşamışdır, bütün əşyaları həmin evdədir, evin açarları da ondadır. Qızı Cavabdeh2 Bakı şəhərində Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursda oxuyur, 22 yaşı var. Qızı Gülər əyani təhsil alması ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində yaşamağa məcburdur, qızı epilepsiya xəstəsi olduğundan o da qızını tək qoya bilmir. Bakı şəhərində qızı ilə birlikdə kirayə qalır, maddi təminatını onun qardaşı qarşılayır. O, heç kəslə yenidən nikaha daxil olmamışdır. Mübahisəli mənzilə Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi əsasında köçürülmüş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvəsində saxlanılmışdır. Həmin mənzilin ünvanı hal-hazırda dəyişdirilsə də, sözügedən qətnaməyə əsasən onun və övladının köçürüldüyü mənzil hazırda iddiaçının mülkiyyətində olan mənzildir. Onun mülkiyyətində və ya istifadəsində başqa hər hansı mənzil və ya digər daşınmaz əmlak yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 01 mart 2023-cü il tarixli iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 gəlib evdə yaşamağa icazə versələr də, o, başqası ilə evlənmiş və indi də ərinin yanında yaşayır. Hazırda iddiaçının özü də Bakıda yaşayır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdə surəti olan Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)- 555/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mərhum X3 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsi dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)- 898/2020 saylı qərarının surətindən görünür ki, həmin qərarla üçüncü şəxs Səlimova Mahirə Tapdıq qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşdəki Beyləqan rayon İcra və Probasiya şöbəsinin 19 aprel 2023-cü il tarixli, 83127 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-555/2019 saylı, 21 may 2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 və Cavabdeh2 X9 və Səlimova Mahirə Tapdıq qızına qarşı yaşayış və qeyri-yaşayış sahəsinə köçürülmə tələbinə dair icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin icra sənədi üzrə tələb tam icra olunduğundan icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İşdəki reyestr nömrəsi **********54-05101-093001 olan mənzilə dair 22 may 2019-cu il tarixində tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 127, mənzil 3 ünvanında (keçmiş M.Əsədov, bina 133, mənzil 3) yerləşən ümumi sahəsi 72,1 kv.m olan mənzilə dair hüququn subyekti X5r. İşdəki qanun üzrə vərəsəlik hüququ haqqında 10 iyun 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X6 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Beyləqan şəhəri, X11 küçəsi, ev 127, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 72,1 kv.m olan mənzildən ibarətdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Beyləqan şəhəri, X11 küçəsi, ev 127, mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 72,1 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə surəti olan Beyləqan Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(020)- 88/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər 1 saylı “Səyyar-Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7, İddiaçı və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə surəti olan Beyləqan RPŞ-nin 18 noyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, həmin qərarla Nümayəndə və X8 barəsində əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdəki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsinin 953 nömrəli, 27 mart 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 həmin universitetin “Musiqi sənəti” fakültəsinin əyani təhsilalma formasının bakalavriat səviyyəsi üzrə “Musiqi müəllimliyi” ixtisasının İV təhsil ilində təhsil alır. İşdəki Bakı şəhər Xətai RİH Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 04 aprel 2023-cü il tarixli arayışından görünür ki, Zeynalova X1, 20 saylı evin 204 nömrəli mənzilində qızı Cavabdeh2 ilə uzun müddətdir ki, kirayədə qalır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 17 mart 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən görünür ki, Cavabdeh2 əsas xəstəliyi “İdiopatik epilepsiya”dır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(020)-555/2019 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mərhum X3 adına qeydə alınmış 4 otaqlı mənzilə köçürülmələri qət edilmiş, həmin nəticə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2(106)-2653/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli, 2(102)-898/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-555/2019 saylı, 21 may 2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh1 və Cavabdeh2 X9 və Səlimova Mahirə Tapdıq qızına qarşı yaşayış və qeyriyaşayış sahəsinə köçürülmə tələbinə dair icra sənədi üzrə tələb tam icra olunduğundan icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlərin mübahisəli mənzilə köçürülməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsaslanmış, məzmunundan da göründüyü kimi, həmin qətnamə ilə cavabdehlərin mübahisəli mənzil üzərində şəxsi servitut hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.8.-ci maddəsinə əsasən, daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Hazırkı iş üzrə iddiaçı tələbində cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilmələrini tələb etməklə, faktiki olaraq, cavabdehlər üçün müəyyən edilmiş şəxsi servituta xitam verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsində və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışda mənzilin yerləşdiyi ünvanların fərqli olması ilə bağlı qeyd edir ki, reyestr nömrəsi **********54-05101-093001 olan mənzilə dair 22 may 2019-cu il tarixində tərtib edilmiş texniki pasportdan da göründüyü kimi, ünvan 4 ünvanı hazırda ünvan 5vabdehlərin köçürülmüş olduğu mənzil ilə iddiaçının xüsusi mülkiyyətində olan və hazırda cavabdehlərin ondan istifadə hüquqlarına xitam verilməsi tələb edilən mənzilin eyni mənzil olması işin mübahisəsiz halıdır və tərəflərin hər ikisi bunu qəbul edir. Məhz iddiaçı da öz tələbində cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsini istəmişdir. İddiaçı öz tələbini əsaslandırarkən cavabdehlərin 2019-cu ilin may ayından etibarən Cavabdeh1 Bakı şəhərində ailə qurduğu şəxslə yaşadıqlarını və hazırda mübahisəli mənzilə hər hansı ehtiyaclarının olmadığını bildirmiş, mənzil iddiaçının xüsusi mülkiyyətinə keçən gündən həmin mənzildə yaşamadıqlarını qeyd etmişdir. Cavabdeh1 isə öz etirazını onunla əsaslandırmışdır ki, o, mübahisəli evdə mütəmadi yaşamış, bütün əşyaları həmin evdədir, sadəcə “epilepsiya” xəstəsi olan qızı Cavabdeh2 Bakı şəhərində Mədəniyyət və İncəsənət Universitetində 4-cü kursda oxuduğundan, qızının səhhətində olan problemlərə görə tez-tez onun yanına gedib qalmalı olur. Qızı epilepsiya xəstəsi olduğundan onu tək qoya bilmir. Onların yaşaya biləcəkləri başqa hər hansısa əmlakları yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadan iş üzrə qətnamə qəbul edərək, iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyi nəzərə alan məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından məhkəmə qətnaməsinə əsasən mənzilə köçürülmə ilə bağlı yaranan istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi və bunun üçün kompensasiyanın ödənilməməsi mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin əyani təhsilalma formasının bakalavriat səviyyəsi üzrə “Musiqi müəllimliyi” ixtisasının İV təhsil ilində təhsil alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən göründüyü kimi, Cavabdeh2 əsas xəstəliyi “İdiopatik epilepsiya”dır. Zeynalova X1, 20 saylı evin 204 nömrəli mənzilində qızı Cavabdeh2 ilə uzun müddətdir ki, kirayədə qalır. Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə olan istifadə hüquqlarının müvəqqəti olaraq istifadə edilməməsi Cavabdeh2 Bakı şəhərində 2019-cu ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin əyani təhsilalma formasının bakalavriat səviyyəsi üzrə “Musiqi müəllimliyi” ixtisasında təhsil alması ilə əlaqədar olmuş, Cavabdeh2 epilepsiya xəstəsi olduğundan anası olan digər Cavabdeh1 da tez-tez onun yanına gedərək orada qalmalı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə müəyyən edilmiş halların təhlili ilə cavabdehlərin mənzildən istifadə hüquqlarından könüllü istifadə etməmələri nəticəsinə gəlmək ağlabatan deyil. Bundan başqa, Cavabdeh1 adına hər hansı daşınmaz əmlakın aşkar edilməməsi onun digər ev və ya yaşayış sahəsi üzərində də mülkiyyət hüququ əldə etmədiyini göstərir. Həmçinin, iddiaçı iddia ərizəsində Cavabdeh1 başqa şəxslə nikaha daxil olmaqla qızı ilə birlikdə onun evində yaşadığını bildirsə də, Cavabdeh1 apellyasiya məhkəməsinin iclasında bu halı təkzib etmiş, hər hansı yeni nikaha daxil olmadığını bildirmişdir. Bundan əlavə, Bakı şəhər Xətai RİH Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 04 aprel 2023-cü il tarixli arayışından da göründüyü kimi, Zeynalova X1, 20 saylı evin 204 nömrəli mənzilində qızı Cavabdeh2 ilə uzun müddətdir ki, kirayədə qalır. Bununla da, iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, servitutun qoyulması üçün əsas olmuş halların aradan qalxması iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı da cavabdehlərin mübahisəli mənzilə ehtiyaclarının qalmaması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiaçının tələbi təmin edilmədiyindən, iddia tələbi həmin mənzildə olan əşyaların məcburi qaydada çıxarılmasına dair hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mənzilə köçürülmələri ilə bağlı servitut hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı tərəfindən cavabdehlərin mübahisəli mənzildən istifadəyə olan ehtiyaclarının aradan qalxması ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən, cavabdehlərin mənzildən istifadə hüquqlarından könüllü istifadə etməmələri nəticəsinə gəlmək mümkün olmadığından, cavabdehlərin mübahisəli mənzildən istifadəyə olan ehtiyaclarının aradan qalxması iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(020)-741/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların məcburi qaydada çıxarılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-388/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-388/2023
19.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver