Məhkəmə qərarları › İş №2(106)-393/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-393/2025

06.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-393/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddia müddəti) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş, sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh X1 İdarəsi tərəfindən verilmiş “əmrin ləğvi və işə bərpa ” edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2018-ci ilin fevral ayından 09 aprel 2018-ci il tarixədək cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində (VÖEN **********) bağ fəhləsi vəzifəsinə təyin edilmişdir. Səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmişdir. Tutduğu vəzifədən azad edilməyi barədə məlumat verilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş ona göndərilməmişdir. Uzun çəkən müalicə müddətindən sonra Şirvan şəhərində yaşamışdır. Hüquqi savadsızlığından əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrdən məlumatsız olmuşdur. Belə ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqı ailəsinin maddi tələbatını ödəmədiyindən işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Hazırda mühafizə xidmətinə işə düzəlmək üçün müraciət etdikdə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq etməklə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almışdır. Əmri rəsmi aldıqdan (xx.xx.2024-cü il tarixdə) dərhal sonra mediasiya təklifi gödərilmişdir. Cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar o idarəyə dəvət edilməmiş, hər hansı bir intizam tənbehi tətbiq edilmədən yaşadığı ünvana bildiriş, xəbərdarlıq vermədən barəsində xx.xx.2018-ci il tarixli 73 nömrəli əmr tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar işəgötürən tərəfindən əmək kitabçasına müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. İşdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adıçəkilən əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək fikrindədir. Gənc yaşlarında əmək fəaliyyətinə cavabdeh tərəfindən ciddi xələl gətirilməsi, onun səhhətində arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı (A.Məmmədli ) qətnaməsi ilə İddiaçı cavabdeh Şirvan şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: X1 İdarəsinin xx.xx.2018-ci il tarixli № 73 saylı əmrindən görünür ki, bağ fəhləsi vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın aparılması barədə əmr qəbul edilmişdir. Əmr X1 İdarəsinin rəisi A.T.Abdiyev tərəfindən imzalanaraq möhürlənmişdir. Cavabdeh X1 İdarəsinin rəisi Soltanov ağalar Ağasəf oğlunun iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi), bu pozuntunu istisna edən halların olmaması və bu səbəbdən işdən azad edilməsi iş materialları və iddiaçının məhkəmə iclasınada verdiyi izahatlarla öz təsdiqini tapdığından, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar isə iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, eyni zamanda iddia müddəti ötürüldüyündən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddəsinin ç bəndi, 71.2-ci maddəsi, 72-ci maddəsi, 296, 375.2-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7 14.2, 77.1, 217.3, 107, 119.1, 220.5 106.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 2018-ci ilin fevral ayından 09 aprel 2018-ci il tarixədək cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində bağ fəhləsi vəzifəsinə təyin edilmişdir. Səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmişdir. Tutduğu vəzifədən azad edilməyi barədə məlumat verilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş ona göndərilməmişdir. Hüquqi savadsızlığından əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrdən məlumatsız olmuşdur. Belə ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqı ailəsinin maddi tələbatını ödəmədiyindən işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Hazırda mühafizə xidmətinə işə düzəlmək üçün müraciət etdikdə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq etməklə əmək müqaviləsinə xitam verilməsi barədə məlumat almışdır. Əmri rəsmi aldıqdan (xx.xx.2024-cü il tarixdə) dərhal sonra mediasiya təklifi gödərilmişdir. Cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar o idarəyə dəvət edilməmiş, hər hansı bir intizam tənbehi tətbiq edilmədən yaşadığı ünvana bildiriş, xəbərdarlıq vermədən barəsində xx.xx.2018-ci il tarixli 73 nömrəli əmr tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar işəgötürən tərəfindən əmək kitabçasına müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmri əsassız və qanunsuzdur. Gənc yaşlarında əmək fəaliyyətinə cavabdeh tərəfindən ciddi xələl gətirilməsi, onun səhhətində arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Göründüyü kimi iddiaçı 2018-ci ilin yanvar ayından həmin ilin aprel ayına qədər Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində fəhlə olaraq işləmişdir. Orda işlədiyi dövrdə təxminən 3-4 gün işə getməmişdir. İşə getməməyi ilə bağlı rəhbərliyə və digər məsul şəxslərə məlumat verməmiş rəsmi sənəd təqdim etməmişdir. Sonradan əmək haqqı onu qane etmədiyindən işdən çıxmışdır. İşdən çıxma əmrin surətini əldə etməmiş və həmin əmrdən xəbəri olmamışdır. Daha sonra hərbi xidmətdə olmuş, 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən gəldikdən sonra başqa yerə işə düzəlmək istəyəndə məlumatı olmuşdur ki, 2018-ci ildə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilmişdir. Halhazırda həmin əmrin varlığı onun hüquq və vəzifələrini məhdudlaşdırır və onun əmək fəaliyyəti ilə məşğul olmasına qadağa qoyur. Bununla da onun konstitusion hüquqları pozulur. Həmin əmrin ləğv edilməsini istəyir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, X1 İdarəsində 2018-ci ildə işə qəbul olmuşdur. Səhhəti ilə bağlı işə getməmişdir. İşdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağını 2024cü ilin aprel ayında hərbi xidmətdən qayıtdıqdan sonra bilmişdir. Belə ki, iş üçün başqa yerlərə müraciət edəndə bundan xəbər tutmuşdur. 2024-cü ilin aprel 13-ü hərbi xidmətdən gəlmişdir. İşdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağını isə aprel ayının 20-si bilmişdir. X1 İdarəsində işləyərkən aylıq 176 manat əməkhaqqı alırdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasını hərbi xidmətdən qayıtdıqdan sonra bilmişdir. Neçə iş yerinə iş üçün müraciət etsə də, məlum səbəbdən onu işə götürməmişdirlər. İddiaçı X1 İdarəsində işləyərkən 3-4 gün səhhəti ilə əlaqədar işə getməmişdir. İddiaçı 2022-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş, 2024-cü ilin aprel ayında təxris olunmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh X1 İdarəsi məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarı; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiçının apellyasiya şikayətindən görünür ki, apellyator Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, qətnamədə ƏM-nin 294-cü maddəsinin və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci və 35-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğunsuzluq olaraq bütün hallarda məhkəməyə qədər müraciət üçün iddia müddətinin 1 (ay) təşkil etdiyi göstərilərək müddətin 1 ay 23 gün ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən ötürülmüş hesab edilən 1 ay 23 gün müddət bütövlükdə əmək mübahisələrinə baxan orqana sərf olunmuşdur. Əmək mübahisələrinə baxan orqanlara müraciət etdikdə qanunla nəzərdə tutulan 1 aylıq iddia müddətinin dayandırıldığını və həmin orqanların müvafiq qərar qəbul etdikdən sonra həmin iddia müddətinin başlandığı haqqında qanunauyğunluqlara düzgün riayət olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi aşağıdakıları qeyd edir: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin fevral ayından Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində bağ fəhləsi vəzifəsinə təyin edilmişdir. Səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmişdir. Əmək müqaviləsi üzrə öhtəliyi yerinə yetirməyərək işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. X1 İdarəsinin xx.xx.2018-ci il tarixli № 73 saylı əmri ilə bağ fəhləsi vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə özünün işdən azad edilməsindən 6 ilə qədər vaxt keçməsindən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İşin hallarından görünür ki, İddiaçı səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmiş və işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Bu da onu deməyə əsas verir ki, 9 aprel 2018-ci il tarixdən İddiaçı artıq cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verildiyini bilmişdir. Qeyd edilməlidir ki, iddiaçı birinci instansiya məhkəməsi zamanı verdiyi izahatında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən 2024-cü ilin aprel ayından, hərbi xidmətdən gəldikdən sonra məlumatlı olduğunu bildirmişdir. Hesab edilsə ki, iddiaçı hüqunun pozulduğunu 2024-cü ilin aprel ayından bilmişdir, (qeyd edilməlidir ki, iddiaçı apelyasiya mərhələsində məhkəmə iclasında verdiyi izahatında əmrin verilməsindən 2024-cü ilin aprel ayının 20 də məlumatlı olduğunu qeyd etmişdir) iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı hüquqlarının pozulduğunu 2024-cü ilin aprel ayından bildiyini özü etiraf etmişdir. (Eyni zamanda iddiaçı 2018-ci ildən işə çıxmadığı üçün onunla əmək müqaviləsinə xitam veriləcəyini bilməli idi) iddiaçı hüquqlarının pozulduğunu 2024-cü ilin aprel ayından bildiyi halda bundan yalnız təxminən 3 ay sonra (xx.xx.2024-cü il tarixdə) cavabdehə mediasiya təklifi göndərək məhkəməyə müraciət üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Digər tərəfdən məhkəmə tərkibia qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddiaçı tərəf isə, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Qeyd edilməlidir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş” üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı iş” üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərkibi qeyd etməyi vacib hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar