Məhkəmə qərarları › İş №2(106)-394/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-394/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-394/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, katib X2, İddiaçı, Cavabdeh məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(032)-1567/2024 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan Əmək kitabçasının surətindən görünür ki, 01 sentyabr 2000-ci il tarixdə X1 ixtisaslı kadr gələnə qədər ibtidai siniflərdə 6 saat əmək dərslərini aparmasına icazə verilməsi barədə Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəbin direktoru tərəfindən 26 nömrəli əmr, 27 iyun 2024-cü il tarixdə isə təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə 151 nömrəli əmr verilmişdir. İş materiallarında olan Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 151 nömrəli əmrdə görünür ki, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2- 14F/2024 nömrəli əsasən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13 iyul 2024-cü il tarixli 42 nömrəli məktubundan görünür ki, Şirvan səhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin rəhbərliyi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası''nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar serlifikallaşdırmada" Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan 08 avqust 2024-cü il tarixli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehə qarşı “əmrin ləğvi və işə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 151 nömrəli əmrin ləğv edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dair dəqiqləşdirmə verərək Şirvan şəhəri N.Quliyev adına 9 saylı tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Şirvan şəhəri 1 nömrəli Liseydə müəllimlərin (ibtidai sinif üzrə) sertifikasiya imtahanında iştirak etmişdir. Ali təhsilli müəllimədir, imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən 4 cəhd uğursuz olmuşdur. Daha sonra imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmuşdur. Saat 15:00-dan 17:00-dək imtahan nəticələri 24 balla qiymətləndirilmişdir. Hesab edir ki, imtahan sullarının cavabları texniki nasazlıq səbəbindən qeydə alınmamışdır. Sualların cavablarını qeyd etdiyi halda cavablar qeydə alınmamışdır. Texniki nasalıqlar barədə nəzarətçilərə bildirmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Şirvan səhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin rəhbərliyi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsilüəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası''nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndini rəhbər tutaraq təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar serlifikallaşdırmada" Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 təkrar sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla tələbələrinin dərs davamiyyəti, təhsil mərkəzi tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi və işə bərpa edilməyinə görə məhkəməyə müraciət etmək fikirindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 08 iyun 2024-cü il tarixində keçirilmiş müəllimlərin sertifikasiya imtahanın video görüntülərinin ona təqdim olunması barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmiş, onu Şirvan-Salyan Regional Təhsil İdarəsinə yönləndirmişlər. Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ona təsərrüfat müdiri vəzifəsi təklif olunmuş, o onların iş təklifi ilə razılaşmamışdır. Hesab edir ki, onun işdən çıxarılması barədəCavabdeh direktoru tərəfindən verilmiş əmr qanunsuzdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasındaCavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndində göstərilir ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. O da Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarını icra etmiş, qanunsuz heç bir hərəkət etməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim Etibar Hümbətov) 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci və 4cü bəndinə, 70-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisəslərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4- cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh Şirvan şəhər N.Quliyev adına 9 saylı orta məktəbin 27 iyun 2024-cü il tarixli 151 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarıldığından qanunidir, onun ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Azərbaycan Respublikası ƏməkMəcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər prosessual pozuntu ilə icraata qəbul edilmiş iddia tələbi üzrə yekun məhkəmə aktı çıxarılır və həmin məhkəmə aktı birbaşa onun Konstitusion hüquqlarını pozur (əmək hüqunu). Tutmuş olduğu vəzifənin öhdəsindən daima layiqincə gəlmiş, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. İşlədiyi uzun müddət ərzində ona məktəb rəhbərliyi tərəfindən intizam tənbehi heç vaxt verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək Şirvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(032)-1567/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh məktəbinin direktoru Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(032)- 1567/2024 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında 30 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə Kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək münasibətləri cəmiyyətin iqtisadi və sosial strukturunun əsasını təşkil edən münasibətlərdən biridir. Bu münasibətlər işçi ilə işəgötürən arasında əmək müqaviləsi əsasında tənzimlənir və qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Əmək intizamı isə əmək münasibətlərinin effektivliyini və nizamlı fəaliyyətini təmin edən mühüm elementlərdən biridir. Əmək intizamı işçinin öz vəzifələrini yerinə yetirməsi, müəssisənin daxili qaydalarına riayət etməsi və müəyyən olunmuş normativ çərçivədə fəaliyyət göstərməsi deməkdir. Əmək intizamına riayət olunması: 1.İş prosesinin stabil və fasiləsiz aparılmasını təmin edir. 2.İstehsal və xidmət keyfiyyətini artırır. 3.İşçilər arasında əməkdaşlıq və qarşılıqlı hörmət mühitini formalaşdırır. 4.Müəssisənin və təşkilatın ümumi strateji məqsədlərinə çatmasına kömək edir. Aydındır ki, işçi və işəgötürən hüquqi münasibətlər baxımından faktiki olaraq bərabər mövqedə deyillər. İşçi əmək münasibətlərində daha zəif tərəf hesab edilsə də, bu amil işçinin üzərinə düşən əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etmək məsuliyyətini aradan qaldırmır. Əmək hüququ balans prinsipinə əsaslanır və işçinin zəif tərəf olması ona hüquqdan sui-istifadə etmək imkanı yaratmamalıdır. Bununla yanaşı, işçi əmək münasibətlərinin icrası zamanı vəzifə öhdəliklərini kobud şəkildə pozduğu və ya tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən qanunvericilik çərçivəsində onunla əmək müqaviləsinə xitam vermək hüququna malikdir. Əmək münasibətlərində işçinin maraqlarının qorunması mühüm prinsip olsa da, bu prinsip əmək intizamının pozulmasını, işəgötürənin qanuni maraqlarına ziyan vurulmasını və ya müəssisənin normal fəaliyyətinə maneələrin yaradılmasını əsaslandıran bir mexanizm kimi istifadə olunmamalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. 1.Əvvəla, iddiaçı imtahan başlamazdan öncə pin-giriş kodunda texniki nasazlıqlar səbəbindən dörd cəhdin uğursuz olmasına, daha sonra imtahan keçirilərkən kompüter proqramlarında nasazlıq səbəbindən hesablama və cavabların qeydiyyatında nasazlıqlar olmuşdu əsaslansa da, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçının çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməməsi, çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz qazanması, daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etməsi, 27 iyun 2024-cü il tarixli Əmrin qanuni və əsaslı olmamasına dəlalət etmir. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin predmeti iddiaçının bilavasitə iş yerində əmək funksiyasının keyfiyyəti ilə bağlı deyil, məhz keçirilmiş sertifikasiya imtahanının nəticələri ilə bağlı verilmiş qərar əsasında qəbul edilmiş əmrin ləğvi ilə bağlıdır. 2.İddiaçının şəxsi müşahidələri, eləcə də sübut olunmayan formal mülahizələri mötəbər sübut kimi qəbul edilə bilməz. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi məlumatlar subyektiv müşahidələrə və şəxsi qənaətlərə əsaslanır. Hüquqi baxımdan, sübutlar yalnız obyektiv əsaslarla təsdiqlənmiş, qanunla müəyyən edilmiş formada əldə olunmuş və məhkəmə tərəfindən mötəbər hesab edilən faktlara əsaslanmalıdır. Buna görə də, iddiaçının irəli sürdüyü subyektiv fikirlər və hüquqi cəhətdən sübuta yetirilməmiş formal mülahizələr iş üzrə etibarlı sübut hesab edilə bilməz.

3. İddiaçı sertifikasiya nəticələrindən narazı olduğu üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Apellyasiya Şurasına müraciət etdiyini bildirir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati orqanların qərarlarının yoxlanılması prosesində həmin orqanların səlahiyyətlərini əvəz etməməli, yalnız həmin qərarlardan verilmiş şikayətin və ya müraciətlərin nəticələrini digər sübutlarla yanaşı qiymətləndirməlidir. 4.İddiaçı apellyasiya şikayətində hazırkı mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normalarına istinad etmişdir. O, həmçinin birinci instansiya məhkəməsinin də bu normalara istinad etdiyini iddia etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, bu dəlil əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə tətbiq olunmalı olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya qeyd edir ki, AR Əmək Məcəlləsinin 67-ci maddəsi-İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi qaydaları sertifikasiya prosesinə aid deyil və hazırkı iş üzrə tətbiq edilməməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi də həmin norma əsasında qərar qəbul etməmişdir. 6.İşə bərpa tələbi qanuni əsaslarla irəli sürülməlidir. Lakin işdən çıxarılma əmri qanuni qüvvəyə malikdir və onun ləğv edilməsi üçün təqdim olunan dəlillər yetərsizdir. Əmək qanunvericiliyinə əsasən, işə bərpa üçün işçinin qanunsuz çıxarıldığını sübut edən hüquqi faktlar təqdim olunmalıdır. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X6 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(032)-1567/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası;

qətetdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(032)-1567/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar