Məhkəmə qərarları › İş №2(106)-400/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-400/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-400/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikilmiş mübahisəli evə qoyduğu xərcin tələbinə dair mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə çəkilmiş xərc tələbi X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ər-arvad kimi birgə yaşadıqları müddətdə tikilmiş mübahisəli evə qoyduğu xərcin tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(041)-760/2023 saylı (hakim Xaliq İmanov) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ər-arvad kimi birgə yaşadıqları müddətdə Kürdəmir rayonu Ərşəli kəndində tikilmiş mübahisəli evə qoyduğu xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 xala qızı-xala oğlu olmaqla yanaşı, 2010-cu ildə rəsmi nikahları olmadan evlənib ailə qurmuş, onların 2012-ci il tarixdə Sevinc adlı uşaqları anadan olmuşdur. Onlar yaşadıqları Kürdəmir rayonunun Ərşəli kəndində özlərinə ev tikdirməyə başlamış. 2013-cü ildə evin bir otağı hazır olanda həmin evdə yaşamağa başlamışlar. Bir müddət sonra onların ailə münasibətləri pisləşmiş və Taleh birgə tikdirdikləri evdən çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır. İddiaçı az yaşlı uşağıyla həmin evdə yaşamaqda davam etsə də, 2021-ci ildə iddiaçılar X6, X10 və X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar-X6, X10 və X4 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X5 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı əmlakları ilə birlikdə iddiaçılar X2, X5 və X4 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X5 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Halbuki, həmin mübahisəli ev atası və qayınatası tərəfindən X1 həyətyanı torpaq sahəsində tikilib. Həmin ev 2010-cu ildə tikilməyə başlayarkən X1 arvadı Kifayətdən qeyri rəsmi olaraq həmin torpaq alınmış və Kifayət həmin torpaqda ev tikilməsinə razılığını və halallığını vermişdir. Cavabdeh1 hətda özü də alimentlə bağlı məhkəmə prosesində etiraf etmişdir ki, mübahisəli ev 2013- cü ildə tikilib başa çatdırılıb, həmin ev onların özlərinə məxsusdur və həmin evi 2016-cı ildə ona və bir az yaşlı uşağına verib özü də evdən çıxıb gedib. Bu müddət ərzində iddiaçı həmin evdə atasının maddi köməkliyi ilə bir çox abadlıq işlər görmüşdür. Belə ki, evin qarşısında artırma balkon inşa etdirmiş, həmin artırma balkonun tavanına lambir vurdurmuş, evin yerləşdiyi həyətin ərazisinin bir hissəsinə mişar daşdan və dəmirdən hasar çəkdirmişdir. Həyətə giriş dəmir darvaza qoydurmuşdur. Həmin işləri atası kənddən olan usta və fəhlələrə gördürmüşdür. Artırma balkonu kəndlərindən olan usta X13 tikib, həmin artırma balkonun tavanına lambirini X7 vurub, evin yerləşdiyi həyətin ərazisinə daş hasarı X8 və dəmir hasarı X12 çəkiblər. Onların gördüyü işə görə hər biri zəhmət haqqı alıblar. Mübahisəli evin tikintisində atası tərəfindən təkbaşına sərf olunan pul vəsaiti, alınan tikinti materiallaı və görülən işlər aşağıdakı kimidir: Daş ustası Əlverdi Vəliyevə damın və hasarın mişar daşının hörülməsi üçün 200 manat verilib (atası tərəfindən təkbaşına) , dəmir hasar üçün usta Abıd Hüseynova 70 manat verilib (atası tərəfindən təkbaşına), Lanbir ustası Süleyman Hüseynova 100 manat verilib, Dəmir hasarın materiallarına 300 manat verilib (atası tərəfindən təkbaşına), həyətin darvazasına 1000 manat verilib (atası tərəfindən təkbaşına, mişar daşı hasar üçün 500 manat verilib (atası tərəfindən təkbaşına), evin artırılma balkonuna materiala 600 manat, 200 manat ustaya, ümumilikdə 800 manat verilib (atası tərəfindən təkbaşına), evin dəmir giriş qapısına 250 manat verilib (atası tərəfindən təkbaşına), ümumilikdə 3120 manat atası tərəfindən təkbaşına, bundan başqa görülən işlər və sərf olunan materiallar aşağıdakı kimidir və bütün işlərə sərf olunan vəsait atasıyla qaynatası tərəfindən yarıya-yarı şəkildə xərclənmişdir. Daş ustası Rzayev İlhama 5750 ədəd evin mişar daşının hörülüməsi üçün 1150 manat verilmişdir. Evin dam ustası Nahid Ağayevə 600 manat verilib. Mişar daşı (kubik) gətirən "Kamaz” markalı, 24BC927 d.q.n avtomobilin sürücüsü Eldar Xankişiyev (tel. **********)-3 maşın daş üçün 1500 manat verilib. Mişar daşı gətirən Hacıqabul rayonu Atbulaq kəndində yaşayan Kənan (tel.**********) maşın daş üçün 1500 manat verilib. Evin üst döşəməsi taxta 5x15 sm, 21 ədəd, 6 metrlik Qayçı 5x12 sm, 34 ədəd, 6 metrlik,Reyka 5x4 sm, 390 metr,Taxta divar üstü 3x15 sm, 9 ədəd, 6 metrlik, Dəmir şifer 0,83x2 m, 123 ədəd, 30 ədəd list dəmir, evin içinin polu üçün 64 kv.m palıd taxta, polun döşənməsi üçün 27 ədəd,5x4 sm, 6 metrlik taxta, tavan üçün 5x3 s, 128 metr reyka, alçıpan 40 kv.m, 8 kv.m lambir mətbəxin tavanı üçün, 2 otağın malyar tərəfindən təmiri, materiallarla birlikdə, 6 ədəd plastik pəncərə 140x150 sm, otaqarası qapılar 3 ədəd, 1 maşın qum, 14-lük armatur 508 metr, eyvan damı üçün: 5x15 sm, 18 ədəd döşəmə, 4 metrlik, reyka 5x4 s, 55 metr, dəmir şifer 0.83x2 m, 22 ədəd, mişar daşı 1500 ədəd, 750 manat, 5x15 sm, 11 ədəd döşəmə, 6 metrlik, divar üstü taxta 3x15, 2 ədəd, reyka 5x4 sm, 84 metr, 5 ədəd dəmir boru 14 metr, 28 ədəd azbest şifer, 900 ədəd mişar daşı, 120 kisə sement, evin tikintisindən 6 ilə yaxın müddət keçdiyidən və bu işlərin bir hissəsinin qaynatası tərəfindən görüldüyündən, baxmayaraq ki, dəyərinin tam yarısı atası tərəfindən ödənilib, bunların dəqiq dəyəri və görülən işlərin, alınan materialların siyahısı yadında qalmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunda yaşayır. İddiaçı onun keçmiş arvadıdır. Onlar 2010-ci ildə ailə həyatı qurmuş, lakin rəsmi nikahları olmayıb. Faktiki nikahlarından bir uşaqları var. İddiaçı ilə ailə həyatı qurduqdan sonra atası evində yaşamağa başlayıb. Sonradan atası evi darısqal olduğu üçün əmisinə məxsus Kürdəmir rayon Ərşəli kəndində yerləşən torpaq sahəsində ev tikməyə başlamışlar. Həmin torpaq sahəsini əmisi atasına bağışlamış, həmin yerdə ev tikməsini xahiş etmişdir. Atası Nərbala tərəfindən onlara bir otaqlı ev tikilmiş və ev hazır olduqdan sonra həmin evdə yaşamağa başlamışlar. Sonradan əmisinin arvadı və uşaqları torpaq sahəsini ondan geri tələb etmişlər. Bundan sonra Aysellə münasibətlər pozulmuş və o, evi tərk etmişdir. Evi tərk etdikdən sonra bir daha geri qayıtmamışdır. Sonradan əmisi arvadı və onun qızları iddiaçının həmin evdən çıxarılmasını tələb etmişlər. Məhkəmənin qətnaməsi ilə iddiaçının həmin evdən çıxarılması təmin olunmuşdur. İddiaçı ilə bir yrdə yaşadıqları müddətdə iddiaçı tərəfindən evə dair hər hansi xərc çəkilməmiş, yalnız iddiaçının atası tərəfindən ümumilikdə 500 manat dəyərində hasar çəkilmiş, 500 manat dəyərində isə lambirin vurulmuşdur. Bundan başqa iddiaçı tərəfindən əlavə heç bir iş görülməmişdir. Həmçinin qeyd olunan iş üzrə iddiaçının iddia ərizəsinə məhkəmədə baxılmış və iddiaçının iddia tələbləri əsassız olduğu üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(041)-260/2020 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(041)-760/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 (bir min) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə xx.xx.2023-cü il tarixli qətnaməni çıxararkən iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 448.1 və 385.1-ci maddələrinin tələblərinə qismən əməl edərək valideynləri tərəfindən ona verilən və çəkilən xərci nəzərə almayaraq həmin maddələrin tələblərini pozmuşdur. İşə baxan hakim Azərbaycan Respublikası MPMnin 106.1-ci maddəsinin tələblərini pozaraq sübut kimi istinad etdiyi və iş materiallarına əlavə materiallarına düzgün hüquqi qiymət vermədən və iddiaçı iddia ərizəsində göstərdiyi və məhkəmə iclasında həmin araşdırma zamanı verdiyi izahata hüquqi qiymət vermədən cavabdehin verdiyi izahatın heç bir hüquqi əsasa söykənmədiyi və məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi halda əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə MPM-nin 14.2, 77, 78 və 80-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh torpaq sahəsində birgə yaşadıqları müddətdə ev tikmələrini qeyd etsə də, işə baxan məhkəmə məhkəmə cavabdehin heç bir hüquqi əsası olmayan mülahizələrə əsaslanıb qanunsuz qətnamə qəbul etmişdir. İşə baxan hakim cavabdehin iddia tələbi barədə məhkəməyə heç bir sübut təqdim etməməsi və özünün etirafına baxmayaraq iddiaçı ilə aralarında olan həmin ziddiyyəti araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, Taleh onun xalası oğludur. 2010-da ailə qurublar, lakin nikahlarını rəsmləşdirməmişlər. 2013-cü ildə ev tikərək həmin evə köçmüşlər. Talehlə orada 2016-cı ilədək yaşamışlar. Evi atasıgilin və qaynatasıgilin köməkliyi ilə tikdirmişlər. Lakin o və atası evə daha çox vəsait xərcləmişdir. 2016-ci ildən 2023-cü ilin setyabr ayınadək həmin evdə yaşamışdır. 2023-cü ilin sentyabr ayında isə Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsinin icrası üzrə həmin evdən çıxarılmışdır. Əlavə olaraq göstərmişdir ki, iddia ərizəsi üzrə cavabdeh qismində göstərdiyi şəxs Cavabdeh2 texniki səhv olaraq göstərmişdir. O, özü də Cavabdeh2 adlı şəxs tanımır. Əslində isə o cavabdeh kimi X10 cəlb etməli idi. Buna diqqət etməmiş və iddianı tamamilə tanımadığı bir şəxsə qarşı qaldırmışdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2010-da ailə qurublar, lakin nikahlarını rəsmləşdirməmişlər. 2013-cü ildə ev tikərək həmin evə köçmüşlər. Münasibətləri korlandığından 2016-cı ilədə evi tərk edib atasıgildə yaşamağa başlamışdır. Qeyd edilən ev əmisigilə məxsus torpaq sahəsində tikilmiş və sonradan əmisigil torpağı onlardan geri tələb etmişlər. Cavabdeh2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edilməklə, mahiyyətcə iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən; 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində 0,21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 96,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində X5 adına qeydiyyata alınmış və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 3/8 hissəsi X5, 1/4 hissəsi X2, 3/8 hissəsi isə X4 paylı mülkiyyətindədir. İşdə olan, Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6, X10 və X4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar-X6, X10 və X4 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X5 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia təmin edilmiş, cavabdeh İddiaçı əmlakları ilə birlikdə iddiaçılar X2, X5 və X4 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X5 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. İşdə olan, Kürdəmir rayon məhkəməsinin 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, 2013-cü ildə cavabdehin kiçik qardaşı ailə qurduğundan onların yaşadıqları evdə sıxlıq olduğuna görə atası İsrafilov Nərbala mərhum əmisinə məxsus torpaq sahəsində ev tikmiş və cavabdeh öz ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin evə köçüb orada yaşamağa başlamışlar. Bundan sonra ailədə yaranan sözsöhbət günü-gündən artmağa başlamış və iddiaçı cavabdehlə yaşamaq istəmədiyini bildirib tez-tez atasına məxsus evə gedərək atası evində yaşamağa üstünlük vermişdir. İddiaçı ilə cavabdehin münasibətləri tamam pozulandan sonra iddiaçı yaşamağın mümkün olmadığını görüb, atasının tikdirdiyi evdən çıxıb getmişdir. O, atasının dikdirdiyi evdən çıxıb gedəndən sonra iddiaçı qızı Sevinclə birlikdə həmin evə qayıtmışdır. İddiaçının qeyd etdiyi və birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirdiyi torpaq sahəsi mərhum əmisinin həyat yoldaşı və onun qızlarına məxsusdur. Həmin torpaq sahəsi üzərində tikilən evi atası tikmiş və mərhum qardaşının uşaqlarına bağışlamışdır. Evin tikintisində iddiaçının və ya onun atasının heç bir əməyi və iştirakı olmamışdır. Həmin evdə onun və iddiaçının heç bir əməyi və payı yoxdur. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə olmuşlar. Onlar faktiki nikahda olduqları dövrdə cavabdehin əmisinə məxsus torpaqda ev inşa etdirmişlər. İddiaçı ilə cavabdeh 2013-cü ildən 2016-cı ilədək həmin evdə yaşamışlar. Münasibətləri pozulduğundan cavabdeh evdən çıxıb getmiş və iddiaçı 2023-cü ilin sentyabr ayınadək həmin evdə yaşamışdır. 2023-cü ilin sentyabr ayında isə iddiaçı Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsinin icrası üzrə həmin evdən çıxarılmışdır. Ev cavabdehin əmisinin torpaq sahəsi üzərində tikildiyindən cavabdehin əmisi qızı X10 qeyd edilən evə dair mülkiyyət sənədi alaraq öz adına rəsmləşdirmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh rəsmi nikah münasibətində olmamışdır. Lakin tərəflər faktiki nikahda olduqları vaxtda ev inşa etdirmişlər. Lakin hazırda həmin ev X10 mülkiyyətinə keçmişdir. Belə olan halda iddiaçı iddiasını iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Belə ki, iddiaçı göstərmişdir ki, iddia ərizəsi üzrə cavabdeh qismində göstərdiyi şəxs Cavabdeh2 texniki səhv olaraq göstərmişdir. O, özü də Cavabdeh2 adlı şəxs tanımır. Əslində isə o cavabdeh kimi X10 cəlb etməli idi. Buna diqqət etməmiş və iddianı tamamilə tanımadığı bir şəxsə qarşı qaldırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 1000 manat pulun iddiaçıya alınaraq verilməsi qət edilsə də cavabdeh qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı şikayətini kifayət qədər əsaslandırmamış və şikayətinin əsaslarını təsdiq edəcək müvafiq sübutlarını apellyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya qeyd edir ki, idiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı iş üzrə mübahisələndirilən hissədi iddianın qiyməti qanunvericiliyin tələbinə uyğun olan 5000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(041)-760/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar