Məhkəmə qərarları › İş №2(106)-402/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-402/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-402/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Ərizəçi və X2 ərizə ilə məhkəməyə müraciət edərək, 1969-cu ildən hal-hazıra kimi Azərbaycan Respublikası ərazisində (Sabirabad rayonu, Əhmədabad kəndində) daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) Ərizəçi və X1 (maraqlı şəxs Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, MPM-in 308-ci maddəsinin hərfi mənasından aydın olur ki, məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin. Ərizəyə əlavə olunmuş Sabirabad rayonu İcra Hakimiyyəti Başçısının Əhmədəbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 214 saylı arayışında qeyd olunur ki, X2 1969-cu ildən hazırkı vaxtadək Sabirabad rayonu Əhmədəbad kəndində yaşayır. Məhkəmə hesab edir ki, X1 1969-cu ildən hal hazıradək Azərbaycan Respublikası ərazisində (Sabirabad rayonu, Əhmədəbad kəndində) daimi yaşamasına dair qeyd edilən sənəd mövcud olduğundan və bununla da həmin sənədin başqa qaydada əldə edilməsinin qeyri-mümkünlüyü istisna olduğundan, ərizəçinin Azərbaycanda daimi yaşaması məsələsinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında həlli zərurəti aradan qalxmış olur. Qərardadda MPM-in 153.2.1-ci maddəsinə istinad edilmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadının ləğv olunmasını və mülki işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Musfata Abbasov şikayətini onunla əsaslandırmışdır ki, qardaşı İsa Abbasovun vətəndaşlığı olmadığından (şəxsiyyət vəsiqəsi olmadığından) dövlət rüsumuna görə o – Ərizəçi kimi qardaşı İsa Abbasova qoşulmuşdur. Onlar ərizə ilə müraciət edərək, MPM-in 307.2.10-1-ci maddəsini rəhbər tutaraq ərizəçi X1 1969-cu ildən hal hazıra kimi Azərbaycan Respublikası ərazisində (Sabirabad rayonu, Əhmədabad kəndində) daimi yaşama faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bu qətnaməni iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti tələb edirdi. Mülki işə əlavə edilən Sabirabad RİHB Əhmədabad KİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 21№4 li arayış, Pay torpağı verilməsi ilə bağlı Çıxarış, 1985-ci ildə M.F.Axundov adına Pedaqoji institutu bitirməsi barədə diplomun surəti məhkəmə tərəfindən faktı müəyyən etmək üçün sübut vasitələri idi. Lakin məhkəmə hesab etmişdir ki, belə olan halda məhkəmənin faktı təsdiq etməsi zəruri deyildir. Lakin MPM-in 307.2.10-1-ci maddəsinə əsasən qeyd olunan fakt məhkəmədə təsdiq olunmalıdır. Sabirabad Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün 2(056)-2613/2023 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, hazırkı iş şəxsin hüquqi statusunun müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən ərizəçinin şikayətinə Xidmət tərəfindən etiraz olunmamasının nəzərə alınmasını xahiş etmişdir. Maraqlı şəxs ərizəsində bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, MPM-in 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. MPM-in 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasında daimi yaşama və heç bir ölkənin vətəndaşı olmaması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında" Əsasnamənin 2ci bəndinin 2-ci hissəsində Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surətini əlavə etməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. MPM-in 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, MPM-in 307.2.10-1-ci maddəsindən və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4-cü hissəsindən də göründüyü kimi, şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Ərizəyə Sabirabad RİHB-nin Əhmədəbad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 214 saylı arayışın əlavə edilməsi isə məhkəmənin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi ilə bağlı ərizənin qəbul edilməsindən imtina etməsinə əsas vermir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, şikayət qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(056)-2613/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar