Məhkəmə qərarları › İş №2(106)-403/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-403/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-403/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, “Azərqaz” İB-yə və "xxxx" MMC-yə qarşı mülkiyyətində olan torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması “tələbinə dair mülki iş Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsindən cavabdehlər "xxxx" ASC və “Azəriqaz” İB tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Astara şəhəri, Ziya Bünyadov küçəsində yerləşən, mülkiyyətində olan 60 kv/m torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən mülki iş üzrə "xxxx" MMC sonradan əlavə cavabdeh qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Astara bələdiyyəsindən 05 oktyabr 2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı müqaviləsi əsasında 60 kv/m ölçüdə iki mərtəbəli kommersiya mağazasının tikintisi üçün torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində 60 kv/m ölçüdə iki mərtəbəli komersiya mağazasının tikintisinə Astara rayon icra hakimiyyəti başçısının 12 noyabr 2007-ci il tarixli, 137 saylı sərəncamı ilə icazə verilmişdir. Ayrılmış torpaq sahəsinin çızgi planı tərtib edilmiş və Astara rayon torpaq və xəritəçəkmə şöbəsinin müdiri E.Quliyevin, rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri R.Rufullayevin, Astara bələdiyyəsinin sədri M.Məmmədovun planı tərtib edən RTX şöbəsinin mütəxəssisi İ.Salmanovun imzaları ilə təsdiq edilmişdir. Torpaq sahəsi ona satılarkən orada elektrik və qaz xətti olmamışdır. Belə ki, cavabdeh "xxxx" ASC-nin Astara şəbəkəsi sonradan özbaşınalıq edərək onun razılığı olmadan mülkiyyətində olan torpaq sahəsinin üzərində elektrik xətti çəkmişdir. Sonradan iddia edilən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. Lakin, 10 saylı Lənkəran ərazi idarəsi torpaq sahəsinin yerləşdiyi ərazidə sonradan elektrik xətti çəkildiyindən mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində iddianı müdafiə etmiş və iddia tələbinə oxşar olan eyni məzmunlu izahat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" MMC-yə qarşı “mülkiyyətində olan torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması barədə” iddiasının təmin olunması, Astara şəhər Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı əsasında İddiaçı Astara şəhəri ərazisində satılmış 60 kv.metr torpaq sahəsinin üzərindən diaqonal şəkildə 10 kv/t-lıq elektrik xətti cavabdehlər "xxxx" ASC və "xxxx" MMC tərəfindən kənara çıxarılması, Astara şəhər Bələdiyyəsinin 05 oktyabr 2007-ci il tarixli, 40 saylı qərarı ilə alqı-satqı əsasında İddiaçı Astara şəhəri ərazisində satılmış 60 kv.m torpaq sahəsinin yol tərəfdən giriş hissəsində olan 3 ədəd qaz sayğacının cavabdeh “Azəriqaz” İB tərəfindən kənara çıxarılması, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğindəki pulun cavabdehlər "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" MMC-dən müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən “Azəriqaz” İB apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsinin “qaz sayğaclarının kənara çıxarılması” hissəsində ləğv olunması, İddiaçı iddia tələbinin təmin edilməməsini, apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun “Azəriqaz” İB-nin hesabına ödənilməsinə və ekspertiza xərcinin iddiaçıya aid olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, balans mənsubiyyəti sərhədi-qaz paylayıcısı tərəfindən məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir. Birinci instansiya məhkəməsi cavabdeh kimi "Azəriqaz" İB-ni deyil, sözügedən qeyri-əhali sayğaclarının balans mənsubiyyətinə aid olan müəssisələri cəlb etməli idi. Qazın istehlakçıya çatdırılma Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə olunur. Təqdim edilmiş sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Həmçinin qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə baxarkən bir tərəfdən iddiaçının cavabdeh qismində həmin hava elektrik xəttinin sahibini yox, səhvən "Azərişıq” ASC-nin qoyulmasına, digər tərəfdən isə iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun belə olmamasına ümumiyyətlə münasibət bildirməmişdir. Göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli Qaydaları"nın 5.1-ci bəndinə görə "Dövlət elektroenergetika müəssisəsilə müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında geyd olunur". 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "X1 enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik MMCyə Sovavto" TNDM məxsus olması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərindən hava elektrik xəttinin TNDM Sovavto" MMC-yə məxsus olması və onların balansında olmasına dair sübutlar təqdim edilməsinə baxmayaraq qətnamə onlara münasibətdə də təmin edilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətinin dəlilləinin tam əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəmədə iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Lakin "Azərişıq” ASC-nin nümayəndəsi X3 məhkəməyə teleqram ünvanlayaraq xidməti zərurətlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasınıl xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.” "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Həmin Plenum qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanı nəzərdə tutur. MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-nin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya məhkəməsinin mövqeyi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 14-cü bəndinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Həmin qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1 -ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytından çıxarılmış məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydə alınmaqla fərdi sahibkar statusuna malikdir. Həmçinin cavabdehlər "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" MMC-də hüquqi şəxslərdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən iddianın predmeti cavabdehlər "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" MMC-nin təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrdir. Buna görə də hazırkı iddiaya ümumi məhkəməlkərdə deyil, Şirvan İnzibati Məhkəməsində baxılmalı idi. MPM-in 153-cü maddəsinə görə, işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və qərardadda iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını göstərməlidir (MPM-in 153.2.1, 153.3-cü maddələri). MPM-in 261.0.1-ci maddəsinə əsasən, hakim iş üzrə icraata işin məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmaqla iddia ərizəsi icraata qəbul edilərək mahiyyət üzrə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Astara rayon məhkəməsi tərəfindən icraata götürülərək mahiyyəti üzrə baxılmış iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamışdır. Belə olduğu halda hakim iş üzrə icraata xitam verməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, Cavabdehlər “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, “Azərqaz” İB-nə və "xxxx" MMC-yə qarşı mülkiyyətində olan torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Cavabdehlər “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(018)-134/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, “Azərqaz” İB-nə və "xxxx" MMC-yə qarşı mülkiyyətində olan torpaq sahəsindən hava elektrik xəttinin və qaz sayğaclarının kənara çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar