Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-409/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)- 1770/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qeydiyyat Məsələləri Qrupunun arayışına əsasən şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmış Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddiaçıya məxsus olan mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun İmişli şəhəri, H.Aslanov küçəsi, ev 37 ünvanında daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış mənzili var. Bu əmlak bütünlüklə iddiaçıya məxsusdur. Lakin sonradan İmişli rayon Polis şöbəsinin qeydiyyat məsələləri qrupunun yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından bilmişdir ki, tanımadığı bir çox vətəndaş onun sahibi olduğu mənzildə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdadır. O, cavabdehlərin onun mənzilində qeydiyyatda olmasını istəmir, çünki bu, onun mülkiyyət hüquqlarına ziddir. Bu səbəbə görə cavabdehlərin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan məhkəmə qaydasında çıxarılmasını istəyir. İmişli Rayon Məhkəməsinin 2(036)-1770/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37-də olan mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-1770/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla, müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Mübahisə predmeti olan ev onun ata evidir. Cavabdeh1 bu evdə doğulmuş, yaşamış və hazırda da yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Atası vəfat etdikdən sonra ev bacısı X3 adına rəsmiləşdirilmişdir. Bacısı isə ölümündən əvvəl həmin evi Cavabdeh1 bacısı oğlu olan İddiaçı vəsiyyət etmişdir. Onun ölümündən sonra iddiaçı vərəsəlik şəhadətnaməsi əsasında evi öz adına keçirmişdir. Cavabdeh1 həmin evdə qeydiyyatdadır və orada yaşamaq hüququ var. Hazırda onun əmlakı da həmin evdədir və ondan istifadə edir. Məhkəmənin qətnaməsi əsassızdır. Məhkəmə Cavabdeh1 ata evində yaşayış hüququnun olmasını aydınlaşdırmamışdır. Məhkəmənin Cavabdeh1 mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına, onun ata evində doğulub yaşaması, başqa yaşayış yerinin olmaması hallarına uyğun gəlmir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi 19 dekabr 2018-ci il tarixində vəfat edən xalası X2 vəsiyyət üzrə vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı 20 oktyabr 2021-ci il tarixində həmin yaşayış evi üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Cavabdeh1 onun dayısıdır. Dayısı olan Cavabdeh1 mübahisəli evdə doğulmuş, əvvəllər orda yaşamış, sonradan bir müddət başqa yerlərdə qalmış, son 3-4 ildir ki, mübahisəli mənzildə yaşayır. Cavabdeh1 başqa evi yoxdur, sadəcə oğlunun evi var. İddiaçı bildirdi ki, o, dayısı Cavabdeh1 mübahisəli evdə yaşamasına etiraz etmir, lakin həmin evdən qeydiyyatdan çıxarılmasını istəyir. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin qətnamənin ona aid hissədə ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid olan hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməlidir. İşdəki Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiqlənmiş 17 dekabr 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını bacısı oğlu İddiaçı vəsiyyət etmişdir. İşdəki AZ-İ 973483 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 dekabr 2018-cil il tarixində ölmüşdür. İşdəki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi üzrə hüququn subyekti X4r. Həmin fərdi yaşayış evi 1956-cı ildə tikilmişdir. İşdəki qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 37 ünvanında yerləşən 0,0642 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 82,2 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. X13 “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 08 oktyabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən 17 dekabr 2018-ci il tarixində təsdiq edilən vəsiyyətnaməyə əsasən 19 dekabr 2018-ci il tarixdə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi bacısı oğlu İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən əmlak, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrinin xx.xx.2021-ci il tarixli arayışına əsasən, DƏDRX-nin Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən, İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında yerləşən, ümumi sahəsi 82,20 kv.m olan fərdi yaşayış evi və 0,0642 ha həyətyanı torpaq sahəsindən ibarətdir. İşdəki qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 37 ünvanında yerləşən 0,0642 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 82,2 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. X15 Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadır: Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7. Birinci instansiya məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(036)-1770/2022 saylı məhkəmə iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında mübahisəli mənzilin onun ata evi olduğunu, atasının vəfatından sonra mənzilin bacısı X3 adına rəsmiləşdirildiyini, bacısının isə ölümündən qabaq mübahisəli mənzili bacısı oğlu olan iddiaçıya vəsiyyət etdiyini, iddiaçının həmin mənzili öz mülkiyyətinə keçirdiyini, bunlara baxmayaraq, hazırda həmin evdə yaşadığını və qeydiyyatda olduğunu bildirmişdir. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, uşaqlıqdan həmin evdə yaşayır, Cavabdeh3 boşanan zaman aralarında mülkiyyətlə bağlı mübahisə olmaması üçün evin bacısı X3 adına rəsmiləşdirilməsinə notarial qaydada razılıq vermişdir, hazırda həmin ünvanda yaşayır və başqa yaşayış yeri yoxdur. İşdəki AZ-İİİ 050219 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 fevral 1964-cü il təvəllüdlü X3 atası Cavabdeh2, anası X5r. İşdəki İmişli rayon Qeydiyyat şöbəsinin 10 avqust 2021-ci il tarixli, 05/70-371 nömrəli arayışından görünür ki, Cavabdeh2 01 iyul 1982-ci ildə ölmüşdür. İşdəki İmişli rayon Qeydiyyat şöbəsinin 10 avqust 2021-ci il tarixli, 05/70-372 nömrəli arayışından görünür ki, X8 13 yanvar 2001-ci ildə ölmüşdür. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 1956-cı ildə tikilmiş, Cavabdeh1 1963-cü ildə həmin evdə doğulmuş, uşaqlıqdan həmin evdə yaşamış, xx.xx.1982-ci ildə atası Cavabdeh2, xx.xx.2001-ci ildə anası Gülxarə Mirzəyeva vəfat etmiş, mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il qeydiyyat tarixli X1 adına rəsmiləşdirilmiş, sonuncu xx.xx.2018-ci ildə öz əmlakını iddiaçıya vəsiyyət etmiş və xx.xx.2018-ci il tarixində vəfat etmişdir. İddiaçı xx.xx.2021-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, bundan sonra xx.xx.2021-ci il tarixində mübahisəli evi və həmin evin yerləşdiyi torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. İddiaçı qeyd edilən daşınmaz əmlakları mülkiyyətinə keçirdikdən sonra digər cavabdehlərlə yanaşı, Cavabdeh1 da İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsini məhkəmədən tələb etmişdir. İş materialları və tərəflərin bildirdikləri ilə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnun 2000-ci il sentyabr ayının 1-dək yarandığı müəyyən edilir. Belə ki, iddiaçı da apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 mübahisəli mənzildə doğulduğunu, doğulandan etibarən orada yaşadığını, sonradan bir müddət başqa yerdə yaşasa da, hazırda son 3-4 ildir ki, yenə də həmin mənzildə yaşadığını, həmin evin Cavabdeh1 keçmiş ata yurdu olduğunu bildirmişdir. Cavabdeh1 da həmin mənzildə doğulduğunu, uşaqlıqdan o mənzildə yaşadığını, hazırda da orda yaşadığını, həmin mənzilin onun ata mülkü olduğunu, yaşamağa başqa yerinin olmadığını bildirmişdir. Odur ki, hazırkı iş üzrə 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin İİİ hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilən normalardan göründüyü kimi, Cavabdeh1 ata mülki olan İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmış, həmin hüquqa hər hansı əsasla indiyədək xitam verilməmişdir. Hazırkı iş üzrə Cavabdeh1 istifadə hüququnun şamil olunduğu mənzilin mülkiyyətçisi xx.xx.2021-ci il tarixində dəyişmişdir. Lakin 30 iyun 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzilin mülkiyyətçisinin dəyişməsi halında istifadə hüququnun sonrakı vəziyyətini tənzimləyən norma nəzərdə tutulmamışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilir ki, mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Bu səbəbdən də, məhkəmə kollegiyası həmin hal ilə bağlı Mülki Məcəllənin 228.4-cü maddəsinin qanunun analogiyası qaydasında tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, həmin maddəyə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Qeyd edilən normadan da göründüyü kimi, İmişli şəhəri, Həzi Aslanov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı keçməsi Cavabdeh1 həmin evdən qanuna uyğun olaraq yaranmış istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Bundan başqa, həmçinin o da nəzərə alınmalıdır ki, Cavabdeh1 ata mülkündən başqa yaşayış yeri olmadığını bildirmiş, iddiaçı da Cavabdeh1 özünün başqa yaşayış yeri olmadığını, yalnız onun oğlunun evi olduğunu qəbul etmiş, apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 yenə də mübahisəli evdə yaşamasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 ona məxsus mübahisəli evdə yaşamasına etiraz etmədiyini, cavabdehin sadəcə həmin evdən qeydiyyatdan çıxarılmasını istədiyini bildirmişdir. Lakin iddiaçının iddia tələbindən görünür ki, onun tələbi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə yönəlmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evindən Cavabdeh1 qanuna uyğun olaraq yaranmış istifadə hüququnun olması müəyyən edildiyindən, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisinin dəyişməsi həmin evdən istifadə hüququna xitam verilməsi üçün əsas olmadığından, Cavabdeh1 hələ də mübahisəli fərdi yaşayış evində yaşadığından, iddiaçı Cavabdeh1 həmin evdən qeydiyyatdan çıxarılmasını istəsə də, yaşamasına etiraz etmədiyindən, Cavabdeh1 başqa yaşayış yeri olmadığından və həmin fərdi yaşayış evindən istifadə etməyə ehtiyacı olduğundan, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə işin hallarını hərtərəfli və tam araşdırmadığından, ona münasibətdə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyindən, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilməli, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1770/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-409/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-409/2023
26.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver