Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-41/2024 26.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus olan 0.07 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt etdikləri 0.05 ha torpaq sahəsindən onların çıxarılması və həmin torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12 avqust 1961-ci il tarixdə Lerik şəhərində anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli 521 saylı qərarı və Azərbaycan Dövlət Aqrar Sənaye komitəsinin 10 yanvar 1990-ci il tarixli əmrinə əsaslanaraq Lerik rayon Lerik qəsəbə sovetinin 22 fevral 1990-cı il tarixli aktına əsasən Lerik Şəhərində fərdi yaşayış evi tikmək üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır.1992-1993-cü il tarixlərdə həmin yaşayış evinin tikintisinə başlamış, lakin imkanı olmadığı üçün tikintini yarımçıq saxlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun hasar qonşusu olmuş X3 adlı şəxsin torpaq sahəsini ondan alaraq ona qonşu olmuşlar. O, həyətinə baxıb nəzarət etməyi cavabdehlərə tapşırmış, daha sonra cavabdeh Xaliqət Həsənov ona onun istifadəsiz olan həyətyanı torpaq sahəsində toyuq-cücə saxlamağını xahiş etmişdir. O, buna etiraz etməyərək razılıq vermişdir. Daha sonra həyətyanı sahəsinə baxarkən ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsini zəbt etmişlər. O, cavabdehlərə torpağın zəbtdən azad etməsini bildirsə də onlar bildirmişdir ki, onlara torpaq lazım olduğu üçün Lerik rayon Bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsini almışlar. O, dəfələrlə Lerik rayon Bələdiyyəsinə müraciət etsə də heç bir nəticəsi olmuşdur. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə bir neçə dəfə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan 0.07 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.05 ha torpaq sahəsindən çıxarılması və həmin sahənin mülkiyyətçisinə qaytarılması, əlavə olaraq İddiaçı tərəfindən ödənilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında apellyasiya şikayətinin təmin edilməsi, Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 8-ci maddəsinə əsasən öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsini təmin etməlidir. 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 66-ci maddəsininə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 67-68-ci maddələrinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 0.07 ha torpaq sahəsinin 0.05 ha hissəsinin zəbt edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınladırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakı qaydada araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədəuyğundur. Belə ki, ilk növbədə iddiaçının iddia tələbində haqlı (cavabdehlər tərəfindən torpaq sahəsinin zəbt olunması) olub-olmaması, daha sonra isə cavabdehin iddia tələbinə qarşı etirazının əsasları yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinə dair aşağıdakı sübutları tədqiq edir. İş materiallarına əlavə edilmiş 22 dekabr 1990-cı il tarixli qərarın sürətindən görünür ki, iddiaçıya fərdi yaşayış evi tikilməsi üçün icazə verilmişdir. İş materialların əlavə edilmiş 22 fevral 1990-cı il tarixli aktın sürətindən görünür ki, İddiaçı fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.07 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli 235 saylı ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün verilən 0.07 ha torpaq sahəsinin torpaq ayırma sxemi olmadığından mübahisəli torpaq sahəsinin faktiki sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı qardaşı X2 tərəfindən naturada göstərdiyi 0.07 ha torpaq sahəsi DƏDRX-nin 10 saylı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilən RX serialı ******* saylı çıxarışa və A serialı 207253 saylı torpaq sahəsinin plan və ölçüsü sənədində kordinatlarla qeyd olunan 0.05 ha torpaq sahəsi ilə 0.0472 kv.m hissədə üst-üstə düşür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, Lerik rayon Lerik qəsəbə sovetinin 22 fevral 1990-cı il tarixli aktına əsasən iddiaçıya 0.07 ha torpaq sahəsi ayrılmışdır. 1992-1993-cü il tarixlərdə iddiaçı 0.07 ha torpaq sahəsində yaşayış evinin tikintisinə başlasa da sonradan tikintini yarımçıq saxlamışdır. Cavabdehlər iddiaçıya qonşu olmuşlar. Daha sonra Cavabdeh1 iddiaçıya onun istifadəsiz olan həyətyanı torpaq sahəsində öz üçün müvəqqəti istifadə etməsini bildirmişdir. İddiaçı buna etiraz etməyərək razılıq vermişdir. Daha sonra cavabdehlər iddiaçıya məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsini zəbt etmişlər. İddiaçı cavabdehlərə torpağın zəbtdən azad etməsini bildirsə də cavabdehlər bildirmişdir ki, onlara torpaq lazım olduğu üçün Lerik rayon Bələdiyyəsinə müraciət edərək həmin torpaq sahəsini almışlar. İddiaçı dəfələrlə Lerik rayon Bələdiyyəsinə müraciət etsə də heç bir nəticəsi olmuşdur. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 152.1,157.2,170.2,239.2, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri təşkil edir. Cavabdeh2 iddiaya münasibətindən, habelə apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, o, Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair DƏRX-də RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli torpaq sahəsi onun mülkiyyətindədir. Bu halda hər hansı zəbt etmədən və ya qanunsuz sahiblikdən danışılması mümkünsüzdür Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kollegiya qeyd edir ki, obyektiv həqiqətin müəyyən edilməsi istər iddiaçının iddia tələbinə münasibətdə istərsə də cavabdehin həmin iddia tələbinə qarşı irəli sürdüyü etiraza münasibətdə konkret hüquqi əsasın tapılmasına və yaranmış hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasının düzgün tətbiq və təfsir edilməsinə imkan yaradır. Kollegiya apellyatorun şikayətinin dəlillərinə münasibətdə obyektiv həqiqətin müəyyən edilməsi üçün, təkrar məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8385 saylı ekspert rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün verilən 0.07 ha torpaq sahəsinin torpaq ayırma sxemi olmadığından mübahisəli torpaq sahəsinin faktiki sərhədlərini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2833/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 xüsusi mülkiyyətində olan Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2833/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunanlara əsasən, 1-ci sualın cavabında qeyd olunduğu kimi, İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli 521 saylı qərarı və Azərbaycan Dövlət Aqrar Sənaye komitəsinin 10 yanvar 1990-ci il tarixli 14 nömrəli əmrinə, Lerik rayon Lerik qəsəbə sovetinin 22 fevral 1990-cı il tarixli aktına əsasən Lerik Şəhərində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi kimi, Lerik şəhərində fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş 0.07 ha torpaq sahəsinin 0.05 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilinb-edilməməsini müəyyən etmək mümkün deyildir. Hər iki ekspert rəyində də aparılmış tədqiqat zamanı fərdi yaşayış evinin tikintisi üçün verilən 0.07 ha torpaq sahəsinin torpaq ayırma sxemi olmadığından mübahisəli torpaq sahəsinin faktiki sərhədlərini müəyyən etmək mümkün olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən DƏRX-də RX seriyalı, ******* nömrəli çıxarışa əsasən isə Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən 0.05 ha torpaq sahəsi onun mülkiyyətindədir. Belə olan halda kollegiya qeyd edir ki, hər nə qədər ki, mübahisəli torpaq sahəsinin, yəni fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş 0.07 ha torpaq sahəsinin faktiki sərhədlərini müəyyən etmək mümkün deyildir, o zaman həmin torpaq sahəsinin də cavabdeh tərəflər tərəfindən də zəbt edilibedilməməsini də müəyyən etmək mümkün deyildir. Kollegiya həmçinin cavabdehin ona məxsus olan 0.05 ha torpaq sahəsinə münasibətdə də reyestrin həqiqili və tamlığı prezumpsiyasını da nəzərə alır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Apellyasiya icraatı zamanı İddiaçı məhkəmə komisyon ekspertizasının təyin edilməsi haqqında vəsatət verərərək, vəsatətində aşağıdakı suallara aydınlıq gətirilməsi üçün təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir.
1. Lerik rayon XDS-nin 22 fevral 1990-cı il tarixli 13 saylı iclas protokolu və 9-188 saylı qərarlarına əsasən İddiaçı Lerik şəhərində fərdi yaşayış evi tikmək üçün 0.07 ha torpaq sahəsi ayrılmışdırmı, ayrılmışdırsa nə qədər ayrılmışdır?
2. Lerik rayon Bələdiyyəsi mübahisəli torpaq sahəsini digər şəxsin adına rsəmiləşdirmişdirmi əgər rəsmiləşdirmişdirsə hansı əsasla rəsmiləşdirmişdir?
3. Lerik rayon Bələdiyyəsi tərəfindən verilmiş cavabdehlər üçün ilkin sənədlər olan o sənədlər əsasında çıxarış verilməsinə əsas olmuş sənədlərin ekspertizası keçirilibmi? Kollegiya yuxarıda qeyd olunan iddiaçının vəsatətində xahiş etdiyi və aydınlaşdırlmasını tələb etdiyi suallarla bağlı qeyd edir ki, həmin suallarda göstərilənlər xüsusi bilik tələb edilən hallar olmamaqla, müvafiq sənədlərlə müəyyən edilən hallardır. Belə ki, 1-cu sual üzrə qeyd olunmalıdır ki, iddiaçıya Lerik şəhərində fərdi yaşayış evi tikmək üçün 0.07 ha torpaq sahəsi ayrılması işdə olan sübutlarla öz təsdiqini tapır. 2 və 3-cü suallarla bağlı qeyd edilməlidir ki, bu suallar yalnız məhkəmədə bu barədə iddia olduğu halda aydınlaşdırıla bilər. Apellyasiya icraatında araşdırma zamanı o, da müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi ona Bələdiyyənin qərarı ilə verilmiş və həmin qərar əsasında öz adına mülkiyyət kimi reyestirdə qeydiyyat aparılmışdır. İddiaçı isə öz növbəsində bildirir ki, mübahisəli torpaq sahəsinə onun adına ayrılma barədə XDS-in qərarı olduğu halda Bələdiyyə həmin torpaqla bağlı qərar verə bilməzdi. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi olmadığı halda Bələdiyyə tərəfindən verilmiş qərarın qanunsuz olmasını bildirməsi özüözlüyündə əhəmiyyətsizdir və bu barədə sübutlar tələb edilə bilməz. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuş olar. Yəni cavabdehin istifadə etdiyi torpaq sahəsinin ona verilməsini və cavabdeh tərəfindən həmin torpaq sahəsinin qanunsuz istifadə etməsini bildirməsi iddia tələbinin təmin edilməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Baxmayaraq ki, birinci instansiya məhkəməsi də iddiaçının iddia tələbi və həmin tələbi əsaslandıran işin faktiki hallarını hər tərəfli araşdırmadan tələbi təmin etmiş və bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamaqla, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutlarla bağlı aparılmış dəyərləndirmə üzrə yekun olaraq hesab edir ki, iddia tələbi əsaslı deyildir. Bu isə məhkəmə kollegiyasında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslı hesab edilməsi barədə qənaətini formalaşdırır. Ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki halları ilə səbəbli əlaqə təşkil etmir, maddi və prosessual hüquq normaları səhv tətbiq və təfsir edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)121/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza xərci olan 300 (üç yüz) manat və apelyasiya icraatı zamanı ödənilmiş 95 (doxsan beş) manat mütəxəssis rəyinin dəyəri İddiaçı aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.