Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-416/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024- cü il tarixli, e-2(050)-2855/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.054 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərindən İddiaçı fərdi yaşayış evinə payı tam olmaqla, torpaq sahəsi üzərində onun və digər pay sahibləri Cavabdeh, X4 və X1 ümumi birgə payları qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 03 mart 2015-ci ildə ləğv edilmişdir. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh Masallı şəhəri Füzuli küçəsi ev 44-də daimi qeydiyyatdadır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə 1995-ci il tarixdə nikaha daxil olmuş və Masallı Şəhəri, Füzuli küçəsində sonuncunun atasının mülkiyyətində olan evə gəlin köçmüşdür. 2015-ci il tarixdə rəsmi ayrılsalar da, tərəflər həmin evdə yaşamağa davam etmişdilər. Hazırda da həmin evdə yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqları da həmin evə qeydiyyata alınmaqla həmin evdə yaşayırlar. Qeyd edilən evin üzərində iddiaçının tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Evin inşa edildiyi torpaq sahəsi isə iddiaçı, cavabdeh və onların övladlarının ümumi birgə mülkiyyətində olması ilə bağlı Reseytr xidməti tərəfindən qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Masallı şəhəri, M.ünvan 2 ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhəri, M.ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və orada olan ev valideynlərindən qalmışdır. Lakin, islahat zamanı evə aid 0,54 ha torpaq onunla yanaşı keçmiş arvadı olan cavabdehlə, birgə nikahlarından olan iki övladının mülkiyyətinə verilmişdir. Ev isə onun mülkiyyətində qalmışdır. Həmin daşınmaz əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51-10301 reyestr nömrəli çıxarışda da evin tamamilə onun mülkiyyətində olması qeyd edilmişdir. Cavabdehlə nikahları 03 mart 2015-ci il tarixdə pozulmasına baxmayaraq, hazırda da o, qeyd olunan evdən istifadə edir. Halbuki özü yenidən evlənmiş və uşaqları vardır. Ancaq cavabdeh mülkiyyətində olan evdən sərbəst istifadəsinə imkan vermir. Onunla 10 ilə yaxındır ki, nikahları pozulmaqla ailə münasibətlərinə xitam verilmiş, ailə üzvü olmadığı halda, mülkiyyətində olan evdən iradəsinə zidd istifadə etməsi qeyriqanuni olmaqla mülkiyyət hüquqlarının pozuntusudur. Odur ki, məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi, həmin payın naturada ayrılması və evə çəkilmiş xərclərin müəyyən edilərək yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(050)-2855/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sözügedən evin tikintisi 1986-cı ildən başlamış və 1990-cı ildə tam təmir olunaraq hazır vəziyyətə gətirilmişdir. Ev onların özlərinə məxsus olmuşdur. 1995-ci ildə cavabdehlə ailə qurmuşdur. 2015-ci ildə nikahları pozulmuşdur. Valideynləri vəfat etdikdən sonra ev onun adına torpaq sahəsi isə onun öz adına, keçmiş arvadı olan cavabdehin və uşaqların birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdehdən ayrıldıqdan sonra yenidən ailə qurmuş və iki uşağı vardır. Həmin evin birinci mərtəbəsi rütubət olduğundan orada yaşamaq mümkün deyil. Ev onun öz şəxsi mülkiyyəti olduğundan cavabdehin həmin evdən çıxarılmasını istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehə kompensasiya da təklif etmişlər, lakin cavabdeh bununla razılaşmamışdır. Həmçinin iddiaçı cavabdehin torpaq sahəsində ümumi birgə mülkiyyətçi olmasına görə həmin torpaq sahəsində ev tikməsinə və hər hansı bir istifadəsinə etiraz etmir. Lakin, hazırkı vəziyyətdə cavabdehlə nikahları pozulduğundan, onların faktiki olaraq ayrı-ayrı bir şəxs olmaları səbəbindən idddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi qeyri-qanunidir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 1995-ci ildə ailə qurmuşlar, 2015-ci ildə iddiaçı onu aldadaraq nikahlarını pozmuşdur. İddiaçı uzun illər Rusiya Federasiyasında olmuşdur. Həmin illər ərzində təsərrüfatı özü idarə etmiş və iki uşağı ilə həmin evdə yaşamışdır. Sonradan ondan ayrıldıqdan sonra iddiaçı ikinci dəfə ailə qurmuş və evləndiyi şəxsi həmin evə gətirmişdir. Onlar evin birinci mərtəbəsində yaşamış, özü və iki uşağı isə birlikdə ikinci mərtəbədə yaşamışlar. O, heç vaxt iddiaçının işlərinə qarışmamışdır, onun həmin evdə yaşamasına etiraz etməmişdir. Sonradan uşaqlarını söz söhbətlərdən kənar tutmaq üçün Bakı şəhərinə göndərmiş və orada kirayədə yaşamışlar. Özü isə işi ilə əlaqədar olaraq həmin evdə yaşamışdır. Bundan başqa, iddiaçı Rusiyada olduğu müddət ərzində və ondan sonra da həmin evdə yaşadığı vaxt evdə və həyətdə bir çox təmir işləri görmüşdür. Bunları öz şəxsi vəsaiti ilə etmişdir. Hesab edir ki, həmin ev iddiaçının adına qeydə alınsa da, evdən istifadə hüququ vardır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə2 cavabdehin verdiyi izahatla eyni məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) e-2(050)-2855/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 57-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci, 23.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 107 119.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, istinad etməklə əsaslandırmış, göstərmişdir ki, sözügedən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, iddiaçının, onun keçmiş arvadı Cavabdeh (cavabdeh) və onların birgə nikahlarından doğulmuş uşaqlarının mükiyyətindədir. Torpaq sahəsinə mülkiyyət hüququ ilə sahib olan şəxslərin həmin torpaq sahəsinin üzərində inşa edilmiş mənzilə dair mülkiyyət hüquqlarının olmasını da istinsa etmir. Həm şəxsin mənzilə istifadə hüququnun olması, həm də həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının olması halları şəxsin həmin mənzildən çıxarılmasını qeyri-mümkün edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun həmin qərarda ifadə olunan hüquqi mövqeyinə görə ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İndiki halda, cavabdeh onlan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından ailə üzvü deyildir. Bu səbəbdən də mübahisəli evdən istifadə hüququ yoxdur. Lakin onun iradəsinə zidd olaraq razılığı olmadan mülkiyyətində olan evdə saxlanılması qeyri-qanuni olmaqla hüquqlarının kobud pozuntusudur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(050)-2855/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçinin öz mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 27-ci maddəsinə görə isə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər 1995-ci il tarixdə nikah münasibətlərinə daxil olaraq, mübahisəli Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan 2015-ci il tarixdə iddiaçı ilə rəsmi nikahları pozulduqdan sonra 2015-ci ilin aprel ayında iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları ümumi birgə mülkiyyət kimi rəsmi dövlət qeydiyyata alınmışdır. Hazırda Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.054 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, İddiaçı fərdi yaşayış evinə payı tam olmaqla, torpaq sahəsi üzərində onun və digər pay sahibləri Cavabdeh, X4 və X1 ümumi birgə payları mövcuddur. İddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mülkiyyətindən çıxarılması ilə bağlı tələbini təmin etməməklə mülkiyyətinin cavabdehin qanunsuz sahibliyində qalmasına şərait yaratmış, bununla da qeyd olunan maddi hüquq normasını pozmuşdur. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilmişdir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, o, Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh İddiaçı ilə 1995-ci il tarixdə nikaha daxil olmuş və Masallı Şəhəri, Füzuli küçəsində sonuncunun atasının mülkiyyətində olan evə gəlin köçmüşdür. 2015-ci il tarixdə rəsmi ayrılsalar da, tərəflər həmin evdə yaşamağa davam etmişdilər. Hazırda da həmin evdə yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqları da həmin evə qeydiyyata alınmaqla həmin evdə yaşayırlar. Qeyd edilən evin üzərində iddiaçının tam mülkiyyət hüququ 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Evin inşa edildiyi torpaq sahəsi isə iddiaçı, cavabdeh və onların övladlarının ümumi birgə mülkiyyətində olması ilə bağlı Reyestr xidməti tərəfindən qeydiyyat aparılmışdır. İddiaçı artıq 2015-ci ildən etibarən cavabdehlə nikahlarını pozmasını əsas götürərək, onunla hər hansı bağlılığı olmadığından, eyni zamanda mənzilin tam mülkiyyətçisi olduğundan həmin mənzildə yaşamasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək, onun mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə birgə mülkiyyətçisi olduğunu, yaşamağa başqa yaşayış sahəsinin olmadığını bildirərək, mənzildən onun da mülkiyyətçi kimi istifadə hüququnun olduğunu qeyd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sözügedən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, iddiaçının, onun keçmiş arvadı Cavabdeh (cavabdeh) və onların birgə nikahlarından doğulmuş uşaqlarının mükiyyətindədir. Torpaq sahəsinə mülkiyyət hüququ ilə sahib olan şəxslərin həmin torpaq sahəsinin üzərində inşa edilmiş mənzilə dair mülkiyyət hüquqlarının olmasını da istinsa etmir. Roma hüququndan gələn «Superficies solo cedit» prinsipinə görə, “torpaq kimə məxsusdursa, tikili də onun mülkiyyətinə daxil olur”. Beləliklə, həm şəxsin mənzilə istifadə hüququnun olması, həm də həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının olması halları şəxsin həmin mənzildən çıxarılmasını qeyri-mümkün edir. Bundan başqa, tərəflər arasında nikahın pozulması cavabdeh tərəfin torpağın birgə mülkiyyətçilərindən biri kimi statusunu itirməsinə səbəb ola bilməz. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-2855/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-416/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-416/2025
26.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver