Məhkəmə qərarları › İş №2(106)-417/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-417/2023

30.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-417/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə , Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə 30 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair iddia qaldırmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və açılması, həmin yolun üzərində tikilmiş tikilinin sökülməsi, əgər torpaq cavabdehin xüsusi mülkiyyətində olarsa servitut hüququ əsasında həmin yoldan piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Astara rayonu Siyəkü İƏD-nin Rinə kəndində ailəsi ilə birlikdə yaşayır. 1987-ci ildə fərdi yaşayış evinin tikilməsindən ötrü torpaq sahəsinin ayrılması haqqında Astara Rayon XDS-i İcariyyə Komitəsinin 28 oktyabr 1987-ci il tarixli, 18 saylı qərarı ilə 0,6 ha torpaq sahəsi verilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Astara rayonu Siyəkü sovxozu üzrə 04 iyul 1988-ci ildə 157 saylı əmr imzalanmış və ona 0,6 hektar torpaq sahəsi naturada ayrılmışdır. 05 iyul 1988-ci ildə torpağın ona verilməsinə dair akt tərtib olunmuş və ona torpağı ilə həmsərhəd torpaqlar göstərilmişdir. Bu zaman onunla heç bir qonşu olmayan şəxs onun torpaq sahəsinə şimaldan sovxozun feyxoa sahəsinin kanalı ilə, şərqdən və cənubdan Rinə çayı ilə, qərbdən kol-kos sahəsi ilə həmsərhəd olmuşdur. Torpaq sahəsi cavabdehə ayrılarkən onun həyətyanı sahəsinə gedən yolda ona ayrılmışdır. Torpaq sahəsi ona ayrılıb verildikdən sonra həmin torpaq sahəsində özünə bir mərtəbəli iki otaqlı ev tikmişdir. Evin bütün materialları həmin ayrılmış yoldan daşınmışdır. 2000-ci ildə ailə üzvlərininin sayının artması ilə əlaqədar o, həmin torpaq sahəsindən özünə 2-ci 3 otaqlı ev tikmişdir. Həmin evin bütün materiallarını da ayrılmış yoldan daşımışdır. Adı çəkilən yol kəndin ümumi istifadəsində olan yoldur. O, yoldan kənddə yaşayan bütün sakinlər həm maşın yolu, həm də piyada yol kimi istifadə edirlər. Bundan əlavə torpaq islahatı ilə əlaqədar ona ailə üzvlərinə uyğun yaşadığı evə bitişik JN 0892 KOD 80108018 saylı dövlət aktına əsasən 0.37 ha torpaq sahəsi verilmişdir. Lakin, 2017-ci ildə Siyəkü kənd sakini Cavabdeh1 və Cavabdeh2 həmin yolun üstündə özünə tikililər tikərək yolu kəsmiş, bundan əlavə həmin yolu çəpərləmiş, yolda qapı qoyaraq onun yoldan istifadə etməsini məhdudlaşdırmışdırlar. Hal-hazırda həmin yoldan nə piyada, nə də maşınla istifadə edə bilir. Bununla da onun mülkiyyət hüququ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuşdur. Cavabdehlər öz hərəkətlərini onunla əsaslandırır ki, guya həmin torpaq sahəsi onların pay torpağıdır və ona görə də həmin torpaq sahəsində ev və tövlə tikmişlər. Həmin torpaq sahəsi ümumi istifadədə olan yol olduğu üçün cavabdehlərin mülkiyyətində ola bilməz. Bundan əlavə pay torpaq sahəsində fərdi yaşayış evi və ya tövlə tikmək olmaz. Lakin, cavabdehlər bütün bunlara məhəl qoymayaraq ümumi istifadədə olan yolun üzərində fərdi yaşayış evi və tövlə tikərək yolu o və digər şəxslərin istifadəsini məhdudlaşdırmışdır. Hətta yol onun torpaq sahəsi kimi onun mülkiyyətində olmuş olsa belə həmin yoldan digər torpaq mülkiyyətçilərinə servitut hüququ üzrə yol verməlidir. Odur ki, mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və açılması, həmin yolun üzərində qanunsuz tikilmiş tikilinin sökülməsi və cavabdehin dediyi kimi yol onun mülkiyyətində olan torpaq sahəsindədirsə servitut hüququ əsasında həmin yoldan piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı qaldırılmış iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona və digər Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair idiası əsasızdır. Belə ki, ona və ailə üzvlərimə JN 0899 KOD 80108018 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli qərarı ilə kənd təsərüfatlı təyinatlı 0,42 hektar torpaq sahəsi verilmişdir. Bundan əlavə İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclası zamanı ona qarşı qaldırılmış iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ona və digər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair idiası əsasızdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Ryestri Xidməti tərəfindən onun xüsusi mülkiyyətinə kənd təsərüfatlı təyinatlı torpaqlar üçün Astara rayonun, Siyaku kəndində 0,1832 hektar torpaq sahəsi X1 haqqında daşınmaz əmlakın Dövlət Ryestrindən çıxarış verilmişdir. Bundan əlavə o, İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.İbrahimov), İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair iddiası qismən təmin olunması, İddiaçı mülkiyyətində olan 0,37 hektar torpaq sahəsinə gedən yolla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması, yolun Cavabdeh1 tərəfindən zəbt olunmuş 0.02 ha hissəsi zəbtdən azad olunsun, həmin yolda Cavabdeh1 tərəfindən qoyulmuş taxta qapı onun hesabına sökülməsi, yolun Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,0350 hissəsi zəbtdən azad olunması, Həmin yolda Cavabdeh2 tərəfindən qoyulmuş metal setka onun hesabına sökülməsi, iddianın qanunsuz tikilinin sökülməsi və servitut verilməsi ilə bağlı hissəsi əsassız olduğu üçün təmin olunmaması, iş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq «X3» MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sahil Filalı - Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ ********************, VÖEN **********, Hesab AZ64AİİB 400900C**********208 nömrəli hesaba keçirilməsi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2, 170.2 və Torpaq Məcəlləsinin 84.3 və 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. Cavabdeh1 apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı ona qarşı 2018-ci ildə eyni tələblə ona qarşı iddia qaldırmış, həmin iş üzrə ekspertiziya təyin olunmuş, ekspert rəyində müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi istifadələrində olan evinə və torpaq sahəsinə gedən yol, onun tərəfindən deyil Şahin Əlizadə tərəfindən bağlanmış, həmçinin iddiaçının istifadəsində olan evə və torpaq sahəsinə gedən başqa yol mövcud olmuşdur. Bu əsaslada birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Qəbul olunmuş qətnamə qanuni almasını baxmayaraq, iddiaçı eyni tələblə ona qarşı iddia qaldırmışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh qeyd edir ki, mübahisəli torpaq sahəsi onun tərəfindən tutulmamışdır. 2018-ci ildə qəbul olunmuş qətnamədən görünür ki, iddiaçının evinə və torpaq sahəsinə gedən yol digər şəxs tərəfindən tutulmuşdur. Halbuki, həmin qətnamə müəyyən olunan hallar hazırkı mülki iş üzrə yenidən müəyyən edilə bilməz. Həmçinin bildirir ki, servitut hüququnun verilməsi halında, belə iddiaçının hüquqları bərpa olunmayacaq. Çünki iddiaçının ondan servitut hüququ qaydasında əldə edə biləcəyi yol digər Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən keçir. Ona münasibətdə isə 2018-ci ildə qaldırımış iddia təmin edilməyib və həmin qətnamədə qüvvədədir. Odur ki, birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehlərin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apelllyasiya icraatı zamanı, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına teleqram ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4.-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın təmin edilməsini iş üzrə toplanmış sübutlar ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq həmin torpaq sahəsindən istifadəyə maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apellyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayon Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, İddiaçı Astara rayonu Miki kəndində yaşayır. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Astara rayonu Marzəsəy kəndində yaşayır. İş materiallarında olan Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Astara rayonu Siyaku kəndində yaşayır. İş materiallarında olan 80108018 KOD seriyalı, JN 0892 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı və ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.37 hektar həyətyani torpaq sahəsi verilmişdir. İş materiallarında olan 80108018 KOD seriyalı, JN 0899 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli, 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.42 hektar həyətyani torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi İdarəsi tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Astara rayonu Siyaku kəndində 0,1832 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası «X3» tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 3855 saylı mütəxəssis rəyindən görünür ki, Astara rayonu Siyəkü kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ortofotoplan üzərində 80108018 KOD seriyalı, JN 0892 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.37 hektar k/t təyinatlı torpaq sahəsinin 892 saylı konturu üzrə 0.16 ha təşkil edən torpaq sahəsinin cizgiləri müəyyən edilmişdir. İş materiallarında olan Astara rayonu Siyəkü kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ortofotoplan üzərində 80108018 KOD seriyalı, JN 0899 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 Astara rayon Aqrar islahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə Astara rayonu Siyaku kəndi ərazisində 0.42 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 899 saylı konturu üzrə 0.17 ha torpaq sahəsinin cizgiləri müəyyən edilmişdir. İş materiallarında olan Astara rayonu Siyəkü kəndinin Kompleks Yerquruluşu Layihəsi əsasında ortofotoplan üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı ərazi İdarəsi tərəfindən Cavabdeh2 xüsusi mülkiyyətinə Astara rayonu Siyaku kəndində 0.1832 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri müəyyən edilmişdir. İş materiallarında olan Cizgiləri müəyyən olunan hər üç torpaq sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən iddia olunan və tərəflərin iştirakı lə ekspertiza baxışına təqdim olunan yol sahəsinin 0.02 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi daxilində, 0,0350 hissəsi isə digər Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən iddia olunan və tərəflərin iştirakı lə ekspertiza baxışına təqdim olunan yol sahəsi cavabdehlərin faktiki istifadəsində olmaqla başlanğıc tərəfdən taxta qapı ilə (Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsindən keçən hissə) bağlanmış, son tərəfdə isə metal setka ilə (Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsindən keçən hissə) bağlanmışdır. İş materiallarında olan mübahisələndirilən yol sahəsi Astara rayonu, Siyəkü kəndinin Kompleks ferquruluşu Layihəsinə əsasən cavabdehlərə - JN-0899 saylı Dövlət Aktına əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş 899 planı üzrə 0.1734 ha torpaq sahəsinin daxilində, JN-895 və JN-894 saylı Dövlət Aktları əsasında tərtib olunan **********10 saylı çıxarış əsasında digər Cavabdeh2 mülkiyyətinə verilmiş 0.1832 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsidir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.2, 157.2, 135, Torpaq məcəlləsinin 110 və 111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının hər iki cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci (xahişdə) hissədə iddiaçı cavabdehlərdən “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci (xahişdə) hissədə iddiaçı cavabdehlərdən iddia olunan torpaq sahəsi onların mülkiyyətində olduğu halda ona zəruri keçidi olan servitut qaydasında istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında yaranan münasibətin xarakteri, cavabdehlərin iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərinin pozub-pozmaması, ümumiyyətlə iddiaçının cavabdehlərə qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, Astara rayonu Siyəkü İƏDnin Rinə kəndində ailəsi ilə birlikdə yaşayır. 1987-ci ildə fərdi yaşayış evinin tikilməsindən ötrü torpaq sahəsinin ayrılması haqqında Astara Rayon XDS-i İcariyyə Komitəsinin 28 oktyabr 1987-ci il tarixli, 18 saylı qərarı ilə 0,6 ha torpaq sahəsi verilmişdir. Daha sonra onunla heç bir qonşu olmayan şəxs onun torpaq sahəsinə şimaldan sovxozun feyxoa sahəsinin kanalı ilə, şərqdən və cənubdan Rinə çayı ilə, qərbdən kol-kos sahəsi ilə həmsərhəd olmuşdur. Torpaq sahəsi cavabdehə ayrılarkən onun həyətyanı sahəsinə gedən yolda ona ayrılmışdır. Torpaq sahəsi ona ayrılıb verildikdən sonra həmin torpaq sahəsində özünə bir mərtəbəli iki otaqlı ev tikmişdir. Evin bütün materialları həmin ayrılmış yoldan daşınmışdır. 2000-ci ildə ailə üzvlərininin sayının artması ilə əlaqədar o, həmin torpaq sahəsindən özünə 2-ci 3 otaqlı ev tikmişdir. Həmin evin bütün materiallarını da ayrılmış yoldan daşımışdır. Adı çəkilən yol kəndin ümumi istifadəsində olan yoldur. O, yoldan kənddə yaşayan bütün sakinlər həm maşın yolu, həm də piyada yol kimi istifadə edirlər. Bundan əlavə torpaq islahatı ilə əlaqədar ona ailə üzvlərinə uyğun yaşadığı evə bitişik JN 0892 KOD 80108018 saylı dövlət aktına əsasən 0.37 ha torpaq sahəsi verilmişdir. Lakin, 2017-ci ildə Siyəkü kənd sakini Cavabdeh1 və Cavabdeh2 həmin yolun üstündə özünə tikililər tikərək yolu kəsmiş, bundan əlavə həmin yolu çəpərləmiş, yolda qapı qoyaraq onun yoldan istifadə etməsini məhdudlaşdırmışdırlar. Hal-hazırda həmin yoldan nə piyada, nə də maşınla istifadə edə bilir. Bununla da onun mülkiyyət hüququ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehlərdən zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələb edir. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona və digər Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair idiası əsasızdır. Belə ki, ona və ailə üzvlərimə JN 0899 KOD 80108018 saylı Torpağa Mülkiyyət hüququna dair dövlət aktına əsasən Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli qərarı ilə kənd təsərüfatlı təyinatlı 0,42 hektar torpaq sahəsi verilmişdir. Bundan əlavə İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır. Həmçinin iddiaçının hazırda ondan tələb etdiyi zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi ilə bağlı 2018-ci ildə məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı eyni tələbi yenidən irəli sürmüş və Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ilə, həmin tələb üzrə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni tərəf, eyni predmet, eyni əsasla iş üzrə qəbul olunmuş məhkəmə qərarı olduğu halda yenidən həmin tələb üzrə qərar qəbul olunması yolverilməzdir. Cavabdeh2 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona və digər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi»nə dair iddiası əsasızdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun xüsusi mülkiyyətinə kənd təsərrüfatlı təyinatlı torpaqlar üçün Astara rayonun, Siyaku kəndində 0,1832 hektar torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bundan əlavə o, İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolu zəbt etməmişdir. İddiaçının qeyd etdikləri yalan və böhtandır. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh1 Məmmədi oğluna qarşı iddia tələbinin birinci (xahişi) hissəsi yəni zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya ikinci (xahişi) hissəsi yəni sevitut hüququ qaydasında istifadənin verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)- 89/2018 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X2 Cavabdeh1 qarşı yolun qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və həmin yolun üzərində inşa edilmiş tikilinin sökülməsi və ya cavabdehin dediyi kimi yol sonuncunun mülkiyyətində olan torpaq sahəsindədirsə, servitut hüququ əsasında həmin yoldan iddiaçılara piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)-89/2018 saylı qətnaməsi (hakim M.Məmmədov) ilə, iddia tələbinin rədd olunması qət edilmişdir. Həmin iş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 09.12 1998-ci il tarixli qərarı ilə Fioletov adına sovxozun xx.xx.1998-ci il tarixli, 157 nömrəli əmri əsasında İddiaçı ayrılmış və Astara rayonunun Siyəkü kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və evinə gedən yol, Astara rayon Sovetinin xx.xx.1992-ci il tarixli, 02 nömrəli iclas qərarı və Siyǝkü Çayçılıq sovxozunun 22/Vİİ-1992-ci il tarixli. 179 nömrəli əmri ilə X4 ayrılmış və Astara rayonunun Siyǝkü kəndində 0.06 ha həyətyanı torpaq sahəsinə və evinə gedən yol və Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003- cü il tarixli, 01 saylı qərarı və JN 1198 Kod 80108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X8 mülkiyyətinə verilmiş 0,1 ha torpaq sahəsinə və evinə gedən yol Cavabdeh1 paylı mülkiyyətindədir və onun tərəfindən tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, M-210 saylı mütəxəssis rǝyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 07 dekabr 2018-ci il tarixli, 24699 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı, X9 və X8 istifadələrində olan torpaq sahələrinə və evlərinə gedişgəliş üçün cavabdeh Dədǝyev Muğamat Məmədi oğlunun qismən mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən başqa faktiki olaraq ayrı bir yol (piyada və ya avtomobil keçidi) yoxdur. Lakin layihə üzrə iddiaçıların istifadə etdikləri torpaq sahəsinə və evlərinə gediş-gəliş yolu (sxemda Vİİİ nömrə) göstərilmişdir. Layihə üzrə verilən gediş-gəliş yolunun koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. İddiaçıların istifadələrində olan torpaq sahələrinə və evlərinə gediş-gəliş üçün Cavabdeh1 qismən mülkiyyətində və istifadəsində olan torpaq sahəsindən başqa ayrı bir yol (piyada və ya avtomobil keçidi) layihə məlumatlarında göstərilmişdir. Lakin iddiaçılar istifadə etdikləri torpaq sahəsindən həm layihəyə, həm də təyinatına görə düzgün istifadə etməmişlər. Belə ki, layihə üzrə verilən avtomobil yolu iddiaçı X9 tərəfindən bağlanmışdır. İddiaçı evinə digər tərəfdən yol mövcuddur, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar İddiaçı və X2 Cavabdeh1 qarşı yolun qanunsuz sahibliyindən (zəbtdən) azad edilməsi və həmin yolun üzərində inşa edilmiş tikilinin sökülməsi və ya cavabdehin dediyi kimi yol sonuncunun mülkiyyətində olan torpaq sahəsindədirsə, servitut hüququ əsasında həmin yoldan iddiaçılara piyada və avtomobil keçidinin verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)-89/2018 saylı qətnaməsi (hakim M.Məmmədov) ilə, iddia tələbinin rədd olunması qət edilmiş, hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı Cavabdeh1 qarşı eyni tələblə iddia qaldırmışdır. Şirvan Apellyasiya məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 Məmmədi oğluna qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 qarşı iddia tələbinin birinci (xahişi) hissəsi yəni zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi barədə (xahişi) iddiası əsaslı sayıla və təmin oluna bilməz. Çünki hazırkı iş üzrə tərəflər arasında müəyyən edilməli olan faktlar, Astara Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(018)-89/2018 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən edilmiş faktlardır ki, hansı ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il Qərarında Kontitusiya Məhkəməsi Plenumu belə qənaətə gəlmişdir ki, məhkəmə qərarının preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiyallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktlarının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsini, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçılar İddiaçı, X9 və X8 Cavabdeh1 qarşı «zəbt olunmuş torpaq sahəsinin azad edilməsi və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbi» barədə iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmış və qətnamə qanuni qüvvəsini almışdır. Əvvəlki məhkəmə aktları ilə işdə iştirak edən şəxslər tərəfindən müəyyən edilmiş faktların hazırkı iddia üzrə mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu isə onu göstərir ki, Astara rayon məhkəməsinin (hakim M.Məmmədov) 2(018)-89/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunan faktiki hallar hazırki tələb üzrə baxılan iş üçün preyudisiyallığı mövcud olmuşdur. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə, İddiaçı iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu Cavabdeh1 tərəfindən deyil, X9 tərəfindən bağlandığı müəyyən edilmiş, həmçinin İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz etməsi müəyyən edilmişdir. Göründüyü kimi, bu halın hazırkı iddiaçının Cavabdeh2a qarşı yolun açılması ilə bağlı predusiallığı mövcud olmuşdur. Yəni iddiaçının Cavabdeh2 qarşı istifadələrində olan torpaq sahələrinə və evlərinə gedən yolun X9 tərəfindən bağlandığı müəyyən edilmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi işin hər tərəfli obyektiv araşdırılmaması nəticəsində iddiaçının Cavabdeh2 qarşı 0,0350 ha hissədə zəbtdən azad olunması, Həmin yolda Cavabdeh2 tərəfindən qoyulmuş metal setka onun hesabına sökülməsi, iddianın qanunsuz tikilinin sökülməsi və servitut verilməsi ilə bağlı hissəsi əsassız olduğu üçün təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə bu qənaətə gələrkən həm qeyd edir ki, 0,0350 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir, həm də, qərara gəlir ki, həmin hissədə zəbt olunmuş sahə zəbtdən azad olunmalı və cavabdeh tərəfindən qoyulmuş metal setka sökülməlidir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin mülkiyyətdə olması zəbt kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin nəzərə almamışdır ki, necə ola bilər ki, əvvəlki məhkəmə qətnaməsi ilə iddiaçının iddia etdiyi yolun Şahin Əlizadə tərəfindən bağlandığı müəyyən edilir, daha sonra isə Cavabdeh2 tərəfindən tutulduğu müəyyən edilir. O, ki, qaldı iddiaçının ikinci xahişi yəni servitut hüququnun verilməsi hissəsi üzrə birinci instansiya məhkəməsi iddianın bu hissəsi üzrə iddia tələbini təmin etməsə də, gəldiyi nəticəni qətnaməsində əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh2 qarşı iddia tələbinin ikinci (xahişi) yəni mülkiyyətdə olan torpaq sahəsindən servitut qaydasında istifadənin verilməsi hissəsi bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya müəyyən edir ki, iddiaçının hər iki cavabdehə qarşı eyni iddia ərizəsində eyni tələb irəli sürməsinin və hər iki cavabdehə qarşı tələbinin təmin edilməsində məqsədi istifadələrində olan torpaq sahələrinə və evlərinə gedən yolun açılmasını təmin etməkdir. İddiaçı ilk növbədə sübut etməlidir ki, hər iki cavabdehə qarşı servitut qaydasında istifadə hüququ verilməli yəni daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan iddia olunan sahədən istifadə etmədən ehtiyaclarını təmin edə bilməz. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı hər iki cavabdehin mülkiyyətində olan torpaq sahəsindən servitut qaydasında istifadə etdiyi halda zəruri ehtiyacları təmin oluna bilər. Əvvəla iddiaçının Cavabdeh2a qarşı mülkiyyətində olan torpaq sahəsindən servitut hüququ əsasında yolun verilməsi əsaslı hesab edilə bilməz. ikincisi (əvvəlki qətnamə ilə müəyyən edilmiş fakt) yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia etdiyi torpaq sahəsinə gedən layihə üzrə verilən avtomobil yolu X9 tərəfindən bağlanmışdır. Üçüncüsü İddiaçı evinə digər tərəfdən yolun mövcud olduğu, lakin həyətyanı torpaq sahəsinin cənub-şərq tərəfindən axan çay yoldan istifadəni mümkünsüz etməsi müəyyən edilmişdir ki, bu da servitut qaydasında zəruri istifadəni aradan qaldırır. Belə ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Dördüncüsü iddiaçın onun torpaq sahəsinə iddia etdiyi yol bir neçə şəxsin mülkiyyətində olan torpaq sahəsindən keçir, torpaqların yerləşmə mövqeyinə görə ardıcıllıq müəyyən edilərsə, onda iddiaçı onunla yanaşı bir neçə şəxsə qarşı eyni tələblə iddia qaldırmaqla pozulmuş hüququnu bərpa edə bilər. Əks halda hazırkı Cavabdeh2 qarşı iddia təmin edilsə belə, onun pozulmuş hüququ bərpa olunmayacaq. Çünki iddiaçının Cavabdeh1 qarşı qaldırdığı iddia 2018-ci ildə rədd edildiyindən, yenidən ona qarşı eyni tələblə iddia qaldırma istisna olunur. Göründüyü kimi birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Cavabdeh1 Məmmədi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh1 Məmmədi oğluna münasibətdə iş üzrə icraata xitam verilməli, digər Cavabdeh2 münasibətdə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)30/2022 saylı, 20 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş yolun zəbtdən azad olunması, həmin yolda tikilmiş tikilinin sökülməsi və ya servitut hüququnun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar