Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-424/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əhmədov İərviz Təraln oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh2 iştirakı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-170/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X2 və Cavabdeh2 2006-cı il tarixdə qeyri-rəsmi evli olmuşlar. Onların evliliyindən 24 iyul 2007-ci il təvəllüdlü X9 adlı bir övladı vardır. Evləndikdən sonra iddiaçı Cavabdeh1 məxsus Salyan rayonu Xalac kəndində yerləşən evə gəlin köçmüş, təsərrüfatbaşı kitabında təsərrüfatın üzvü kimi qeydiyyata alınmışdır. 2019-cu ildə iddiaçı əri və övladı ilə birlikdə qaynatası - Cavabdeh1 məxsus 0,70 ha həyətyanı torpaq sahəsində tikilmiş 4 otaqlı fərdi yaşayış evinə köçərək orada yaşamağa başlamışlar. Hazırda iddiaçı həmin evə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Salyan rayonu Xalac kəndində yerləşən, təsərrüfatbaşı kitabında Cavabdeh1 adına olan birmərtəbəli, 4 otaqlı, dəhlizi olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin sentyabr ayından cavabdehlə birgə razılıqlarına əsasən Xalac kəndində yerləşən 4 otaqlı, dəhlizi olan fərdi yaşayış evinə köçmüşlər. Həmin vaxtdan orada yaşamışlar. İddiaçı həmin evə təsərrüfatbaşı kitabında qeydiyyata düşmüşdür. Cavabdeh2 1 ay əvvəl iddiaçını evdən çıxmağa məcbur etmiş və pul tapmayacağı təqdirdə onu evə buraxmayacağını demişdir. Hazırda iddiaçının övladı ilə birgə yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verib və əlavə olaraq qeyd edib ki, o, evi könüllü tərk etməyib. Əri borclarını ödəmək məqsədilə onu pul üçün qohumlarının yanına göndərib. Uşağı ilə birlikdə qapı-qapı gəzərək pul axtarıb. Həmin pulu yığa bilmədiyi üçün əri ona cehizini götürüb evi tərk etməsini deyib. Sonuncu evin tikintisinə 2008-2009-cu illərdə başlayıblar. Ev ərinin vəsaiti hesabına tikilsə də, ustaların yeməklərini özü vermişdir. Ev oğlu Murad üçün tikilmişdir. Ev 2012-ci ildə hazır olmuş, lakin həyətdə şərait olmadığından oraya köçməyiblər. 2019-cu ilin sentyabr ayından etibarən Cavabdeh2 ilə birlikdə orada yaşamağa başlayıblar. Cavabdehlər məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişlər ki, iddiaçının tələbi əsassız və qanunsuz hesab edilməlidir. Belə ki, iddia tələbi işin həqiqi hallarını əks etdirmir. Tələb dəqiq deyildir. İddiaçının heç bir hüquqi əsası və sübutu yoxdur. İddiaçı qeyd olunan ünvanda oğlu və Cavabdeh2 ilə birlikdə müvəqqəti yaşamış, 2021-ci ilin avqust ayının axırından etibarən atasına məxsus evə getmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 bildirmişdir ki, iddiaçı onun baldızıdır. Mübahisəli evi tərəflər özləri üçün tikmiş, 2-3 il bundan əvvəl həmin evə köçərək orada yaşamağa başlamışlar. Həmin evin inşasını aparan ustaların yeməklərini iddiaçı vermişdir. İddiaçının cehizləri də həmin evdədir. Məhkəmə iclasında şahid qismində izahat verən X4 bildirmişdir ki, iddiaçı onun qardaşı qızıdır. İddiaçı Cavabdeh2 ilə birlikdə 2-3 ildir ki, həmin evdə yaşayırdı. Həmin ev onlar üçün tikilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-170/2022 nömrəli qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmişdir. İş materialında olan Salyan Rayon İHB-nin Xalac kənd inzibati ərazi üzrə nümayəndəsinin 6 sentyabr 2021-ci il tarixli, 812 №-li arayışına əsasən müəyyən etmişdir ki, iddiaçı Parça Xalac kəndində qeydiyyatda olmasına baxmayaraq, 2006-cı ildə Cavabdeh2 ilə ailə qurmuş və qayınatası Cavabdeh1 məxsus evdə 2019-cu ilə kimi yaşamışlar. 2019-cu ildən həyat yoldaşı Cavabdeh2 ilə birgə tikdirdikləri 4 otaqlı dəhlizi olan evdə hal-hazıra kimi yaşayır. İş materialında olan Salyan Rayon İHB-nin Xalac kənd inzibati ərazi üzrə nümayəndəsinin 11 oktyabr 2021-ci il tarixli 947 №-li arayışına əsasən müəyyən olunmuşdur ki, iddiaçı həyat yoldaşı Cavabdeh2 və oğlu X9 ilə birlikdə Cavabdeh1 məxsus təsərrüfatda qeydə alınmışdır. İş materialında olan Salyan Rayon İHB-nin Xalac kənd inzibati ərazi üzrə nümayəndəsinin 11 oktyabr 2021-ci il tarixli 948 №-li arayışına əsasən müəyyən olunmuşdur ki, iddiaçı Parça Xalac kəndində qeydiyyatda olmasına baxmayaraq ailə qurduqdan sonra Salyan rayonunun, Xalac kəndində yaşayır. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən ev iddiaçı ilə Cavabdeh2 üçün tikilsə də, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikilidir. Mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh2 tərəfindən faktiki olaraq yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh2 evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və Cavabdeh2 buna etiraz etməsi iddiaçının evə köçürülməməsi üçün əsas ola bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 25 və 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 180.1, 180.2 və 228.1-ci maddələrinə istinad etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev Cavabdeh1 məxsusdur. İddiaçı Cavabdeh2la faktiki nikahda olan zaman o evdə yaşamışdır. Cavabdeh1 iddiaçıya o evdə yaşamaqla bağlı hər hansı razılıq verməmişdir və aralarında hər hansı bir müqavilə olmamışdır. Ümumiyyətlə onlar faktiki nikah dövründə də birlikdə yaşayış evi tikməmişlər. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh1 tikmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahat verərək bildirdi ki,iddiaçı özü istəmədiyindən həmin evdə yaşamayıb çıxıb getmişdir. Hazırda da iddiaçının həmin evdə yaşamaq fikri də yoxdur.Qeyd edilən ev atası tərəfindən tikilmişdir.O özü də hazırda Bakı şəhərində yaşayır. Odur ki, iddianın həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 apellyasiya şikayətini qəbul etməyərək Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-170/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı izahatında əlavə olaraq göstərdi ki, o, Cavabdeh2la 2006-cı ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, evləndikdən sonra qaynatası Cavabdeh1 məxsus olan Salyan rayonu, Xalac kəndində yerləşən evə gəlin köçmüşdür. 2019-cu ildə birgə razılığı əsasında Xalac kəndində, qaynatasına məxsus həyətyanı torpaq sahəsində yerləşən 4 otaqlı, dəhlizi olan fərdi yaşayış evinə köçmüşlər. Həmin ev yoldaşı tərəfindən tikilib. Həmin ev oğlu Murad üçün nəzərdə tutulmuşdur. Oğlu Salyan şəhərində məktəbə və hazırlığa getdiyindən, özü də Salyan şəhərində yaşayıb, işlədiyindən hal-hazırda həmin evə köçmək fikri yoxdur. Lakin iddianın təmin edilməsini ona görə istəyir ki, gələcəkdə zərurət yaranarsa oğlu ilə birgə həmin evdə köçüb yaşaya bilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 İskəndər oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 İskəndər oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Maddə 180.1-180.3. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və ya birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişə əsasən, mübahisəli evin və yerləşdiyi torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə sorğu göndərmiş və sonuncunun 17 fevral 2023-cü il tarixli cavab məktubuna əsasən, Xalac kənd sakini Cavabdeh1 özünə məxsus 0,70 ha həyətyanı torpaq sahəsində oğlu Cavabdeh2 üçün 2019-cu ildə mişar daşından tikdirdiyi ümumi sahəsi 140 kv.m, dəhlizi olan 4 otaqlı fərdi yaşayış evi vardır. Cavabdeh1 deməsinə görə həmin evdə oğlu Cavabdeh2 və gəlini X2 1 (bir) il yaşamışlar. Həmin ev yaşayış normalarına uyğundur və hal-hazırda həmin evdə heç kim yaşamır. Cavabdeh2 təsərrüfatbaşına kitabda atası ilə birgə təsərrüfatda olduğu üçün (təsərrüfat ayrılığı olmadığı üçün) həmin ev təsərrüfatbaşına kitabda qeydə alınmamışdır. Belə ki, iddiaçının köçmək istədiyi 4 otaqlı ev özbaşına tikilidir və həmin tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 məxsus 0,70 ha həyətyanı torpaq sahəsidir, iddiaçı da məhkəmə iclasında bu faktı təsdiqləmişdir. Odur ki, mübahisəli evi gələcəkdə hüquqi qeydiyyata aldırmaq, başqa sözlə mülkiyyət hüququnun gözləntisi hüququ da məhz Cavabdeh1 məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009- cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. İddiaçı Cavabdeh1 nə ailə üzvü, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulumş «digər qohumu» deyil. Həmçinin iddiaçının, köçürülməsini tələb etdiyi evin tikilməsində heç bir iştirakı olmamış, hər hansı məbləğdə vəsait sərf etməmişdir. Formalaşmış təcrübəyə əsasən özbaşına tikiliyə köçürmə o halda baş verə bilər ki, iddiaçının həmin yaşayış evinin əldə edilməsində və ya tikilməsində iştirakı olsun. Baxılan işdə isə belə bir hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının evə köçürülmə tələbi əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(057)-170/2022 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia tələbi rədd edilsin. Qətnamədən tam formada təqdim olunduğu gündən 2(iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (AZ1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-424/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-424/2023
04.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver