Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-429/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh Lənkəran X3 İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(049)-4430/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Lənkəran X3 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ərizədə göstərilmədiyindən iddia ərizəsi geri qaytarılmışdır. Qərardad bunula əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Lənkəran X3 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət edilməməsi əsası ilə məhkəmənin 06 oktyabr 2023-cü il tarixli 2(049)-3748/2023 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı yenidən 29 noyabr 2023-cü il tarixdə Cavabdeh Lənkəran X3 İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsində sözügedən qərardadda qeyd olunmuş nöqsanların aradan qaldırıldığını göstərmişdir, lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizə MPM-in müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Başqa sözlə, İddiaçı məhkəmənin 06 oktyabr 2023-cü il tarixli qərardadında öz əksini tapmış çatışmazlıqların aradan qaldırıldığını göstərsə də, hazırkı iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmişdir. İddiaçı qeyd olunan qərardaddan elektron qaydada şikayət verərək, qərardadın ləğv edilməsini və iddia üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuzdur. Məhkəmə tərəfindən iddia ərizəsi ikinci dəfədir ki, geri qaytarılır. Birinci dəfə, yəni 06 oktyabr 2023-cü il tarixli qərardadında məhkəmə göstərmişdir ki, “iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı göstərilməmişdir.” Əvvəla, işə bərpa tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddia ərizəsində də iddianın əsaslılığına sübut kimi, Əmək Məcəlləsinin 70, 84, 186-cı maddələrinə istinad edilmişdir. Cavabdeh təşkilat həmin maddələrin tələblərini pozaraq əmr vermişdir. Tələb işə bərpa olduğundan yalnız bu kimi sübutlar olmuşdur. Odur ki, qərardaddan şikayət verilmədən iddia yenidən verilmişdir. İkincisi, hazırkı - 30 noyabr 2023-cü il tarixli qərardadında isə ərizənin geri qaytarılması üçün əsas kimi qərardadın 1-ci səhifəsinin 5-ci abzasında yenə də ilkin qərardadda olduğu kimi “iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı göstərilməmişdir.” Daha sonra qərardadda MPM-in 149.2 və 149.4-cü maddələri göstərilir və sadalanır ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hər iki iddia ərizəsinə baxılsa, 149.2-ci maddəsində tələb olunanların ərizədə olduğu aşkar görünər. Üçüncüsü, məhkəmə qərardadda mediasiyaya müraciətdən bəhs edir. Halbuki, onlar mediasiyadan keçməklə, mediasiya arayışını iddia ərizəsinə əlavə etmiş və ərizədə də göstərmişdir. Dörcüncüsü, məhkəmə qərardadın 2-ci səhifəsinin 2-cı abzasında göstərir ki, guya iddia ərizəsindəki sübutlar siyahısı ilə istinad etdikləri sübutlar fərqlidir. Onların tələbi işə bərpa ilə bağlıdır və bununla bağlı işdən azad olunmasına dair əmr var. Onu da işə əlavə etməklə iddia ərizəsində göstərmişlər. Həmin əmrin qanunsuzluğunu isə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etmişlər. Əgər tələb əsassızdırsa, iddia rədd edilməlidir. Lənkəran Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli 2(049)-4430/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(049)-4430/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli (049)-4430/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Habelə MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Bununla yanaşı, MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi öz qərardadında iddia ərizəsinin geri qaytarılması barədə yanlış qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısının ərizədə göstərilmədiyini göstərsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia ərizəsinin sonunda sübutların siyahısı və iddia ərizəsinə əlavə olunmuş sənədlərin qoşması göstərilmişdir. Habelə işin mahiyyəti üzrə həll edilməsi baxımından qiymətləndirilməsi hər hansı əhəmiyyət kəsb edən iş üzrə zəruri sübutlar belə təqdim edilmişdir. Kollegiya eyni zamanda, diqqətə çatdırır ki, MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi, onun öz tələbini əsaslandırdıqları hallar, iddia cavabdehə verildikdə isə ona qarşı yönələn tələb aydın olmalıdır. Məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh qismində Cavabdeh Lənkəran X3 İdarəsi göstərilmişdir ki, həmin İdarənin MPM-in 50-ci maddəsinin göstərişi baxımından cavabdeh qismində çıxış edə bilməsi mümkünlüyü də araşdırılmalıdır. Belə ki, MPM-in 50.1, 50.3 və 50.5-ci maddələrinin tələbinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2(049)-4430/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-429/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-429/2024
05.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver