Məhkəmə qərarları › İş №2(106)-43/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-43/2022

21.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-43/2022 21.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, İrzayev Hüseyn Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, həmin torpaq sahəsində və yol üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Kosakül bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı ilə ona satılmış, 30 iyul 2007-ci il tarixli seçim aktı ilə ona verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə gedən gedişgəliş yolunun açılması, torpaq sahəsində və yol üzərində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayon Kosakül bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı ilə Kosakül kəndində 0,06 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair Kosakül bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı, 30 iyul 2007-ci il tarixli torpaqların alğı-satqısına dair aktı, həmin tarixli seçim aktı olmaqla, Kosakül bələdiyyəsinin yerquruluşu planından çıxarış ona verilmişdir. 30 iyul 2007-ci il tarixli seçim aktına əsasən ona məxsus torpaq sahəsi kəndin şimal-qərbində yerləşir, şimal-şərqdən Ziyadxan Təhməzovun torpaq sahəsi ilə, şimal-qərbdən bələdiyyə mülkiyyəti ilə, cənub-şərqdən yol ilə, cənub-qərbdən isə X3 torpaq sahəsi ilə qonşuluqdadır. Həmin torpaq sahəsini bələdiyyə qərarı ilə aldıqdan sonra bir müddət diqqətdənkənar qaldığından həmin torpaq sahəsi iddiaçının qonşuları tərəfindən zəbt edilmiş və həyətinə gedən gediş-gəliş yolunu öz həyətlərinə qataraq ona yol verməmişlər. Bir neçə dəfə cavabdehlərlə danışıq apararaq məsələni həll etməyə çalışsa da, bunun heç bir nəticəsi olmamışdır. Hazırda o, Kosakül bələdiyyəsindən aldığı torpaq sahəsinə çıxarış əldə etmək istəyir, lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt etdiklərindən və həyətə gedən gediş-gəliş yolunu bağladıqlarından iddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddia qismən təmin edilmiş, iddiaçı X6 ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 hektar torpaq sahəsinin Cavabdeh3 qanunsuz sahibliyindən geri alınaraq iddiaçı X6 verilməsi, iddiaçı X6 ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 hektar torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuş hissələrinin çəpərlərinin sökülməsi və yolun açılaraq bərpa edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın X1 və mütəxəssis rəyinin dəyərinə görə 292,10 manatın "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(050)-88/2020 nömrəli qətnaməsində mətn üzrə “X8” sözlərinin “İddiaçı” kimi oxunması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən düzgün araşdırma aparmamış, ekspertiza düzgün rəy verməmişdir. O, özünə məxsus torpaq sahəsini uzun müddətdir ki, istifadə edir, heç vaxt iddiaçı ilə aralarında narazılıq olmamışdır. İddiaçının torpaq sahəsinə gedən yol isə başqa yerdən nəzərdə tutulmuşdur, o, həmin yolu zəbt etməmişdir. Ekspertiza zamanı torpağa baxış keçirilərkən ekspertlər yolun onun həyətindən keçmədiyini bildirmişlər. Lakin sonradan ekspertin verdiyi rəy fərqli olmuşdur. Cavabdeh2 öz torpaq sahəsini çəpərə almış, ona xərc çəkmişdir. Odur ki, yenidən ekspertizanın keçirilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh2 qətnaməni özünə aid olan hissədə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki Masallı rayon Kosakül bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarının surətindən görünür ki, Masallı rayon Kosakül bələdiyyəsinin mülkiyyətinə aid alğı-satqı predmeti olan torpaq sahəsindən Kosakül kənd sakini İddiaçı ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsinin alğı-satqı qaydasında satılması qərara alınmışdır. İşdəki torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, Kosakül bələdiyyəsinin ərazisində 0,06 hektar torpaq sahəsinin İddiaçı satılması barədə 27 iyul 2007-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən müvafiq hesaba əvvəlcədən 132 manat torpaq haqqı ödənilmişdir. Akt Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən 30 iyul 2007-ci il tarixdə qeydə alınmışdır. İşdəki 30 iyul 2007-ci il tarixli seçim aktının surətindən görünür ki, İddiaçı satılmış 0,06 ha torpaq sahəsi kəndin şimal-şərqində yerləşir. Sahə şimal-şərqdən Ziyadxan Təhməzovun istifadə etdiyi bələdiyyə torpağı ilə, şimal-qərbdən bələdiyyə mülkiyyəti ilə, şərqdən yol ilə, qərbdən X3 istifadə etdiyi torpaq sahəsi ilə həmsərhəddir. İşdəki reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C-041 saylı mütəxəssis rəyindən görünür ki, mülki iş üzrə mübahisə predmeti kimi Masallı rayonunun Kosakül kəndində ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə əsasən iddiaçıya satılmış düzbucaqlı konfiqurasiyalı 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cənub-qərb istiqamətində hüdudları daxilində yerləşir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsinin çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi istifadə edildiyi müəyyən olunmuşdur. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsindədir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli olan hissəsində hər hansı tikilinin inşa olunmadığı müəyyən edilmişdir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinin cizgisinə görə gediş-gəliş yolunun davamı kimi nəzərdə tutulmayan, naturada şimal-qərb istiqamətində müəyyən uzaqlıqda olan başqa yolun mövcud olduğu müəyyənləşdirilmişdir. Mübahisə predmeti kimi gediş-gəliş yolunun, iddiaçıya satılmış həyətyanı və cavabdehlərin istifadəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş planda və Masallı rayonu, Kosakül kəndi “Kosakül” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən Çıxarışda göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 292,10 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş üzrə mübahisə predmeti olan Masallı rayon Kosakül kəndində ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə əsasən iddiaçıya satılmış düzbucaqlı konfiqurasiyalı 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cənubqərb istiqamətində hüdudları daxilində yerləşir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsinin çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi istifadə etdiyi müəyyən olunmuşdur. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 faktiki istifadəsindədir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli olan hissəsində hər hansı tikililər inşa olunmadığı müəyyən edilmişdir. Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinin cizgisinə görə gediş-gəliş yolunun davamı kimi nəzərdə tutulmayan, naturada şimal-qərb istiqamətində müəyyən uzaqlıqda olan başqa yolun mövcud olması müəyyənləşdirilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, məhkəmə qət edilmiş nətiyəcə gələrkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C-041 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh2 isə apellyasiya şikayətində keçirilmiş ekspertizanın nəticəsi ilə razı olmadığını, yeni ekspertizanın keçirilməsinin zəruri olduğunu bildirmişdir. Bu səbəbdən mülki iş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olarkən 02 mart 2021-ci il tarixində 2(106)-663/2021 saylı qərardad ilə əlavə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 09 dekabr 2021-ci il tarixli, 468/Mİ/21 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh3 məxsus 0,06 ha torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0,06 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşmür. Mübahisəli torpaq sahələri bir-birinə qonşudur. Mübahisəli torpaq sahələrinin hər birinə hal-hazırda gedişgəliş yolu mövcuddur. Layihə üzrə isə ümumi istifadədə olan 6 metr enində gediş-gəliş yolu Cavabdeh2 tərəfindən zəbt olunaraq hasara alınmışdır. Nəticədə İddiaçı öz torpaq sahəsinə gedən yol bağlanmışdır. Cavabdeh3 Masallı rayonu, Kosakül kəndində ilkin torpaqayırma sənədləri üzrə satılmış 0,06 ha torpaq sahəsinə gediş-gəliş yolu hal-hazırda mövcuddur. Həmin yol Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Cavabdeh3 Masallı rayonu, Kosakül kəndində ilkin torpaqayırma sənədləri üzrə satılmış 0,06 ha torpaq sahəsinə başqa yerdən gediş-gəliş yolu mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, tikinti-texniki və torpaqşünaslıq sahəsində ekspertizaların keçirilməsi səlahiyyətinin yoxlanılması zamanı "xxxx" MMC-yə özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsi halı müəyyən edilməmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş sertifikatdan görünür ki, həmin sertifikat daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı verilmişdir. Bu səbəblərdən məhkəmə kollegiyası "xxxx" MMC-nin 09 dekabr 2021-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut olaraq qəbul etmir. Bu səbəblə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(106)-43/2022 saylı qərardadı ilə yenidən əlavə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, bu zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 22 iyul 2022-ci il tarixli məktubuna əlavə edilmiş 15 iyul 2022-ci il tarixli aktdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin X2 Yerquruluşu üzrə mühəndisləri X4, X9 və İddiaçı tərəfindən akt tərtib edilərək imzalanmışdır. Həmin aktda qeyd edilir ki, 22 iyun 2022-ci il tarixli, 2(106)-43/2022 nömrəli məktubla əlaqədar olaraq onlar Masallı rayonunun Kosakül kəndində olmuşlar. Cavabdehlərə dəfələrlə zəng vurulmasına baxmayaraq, əlaqə saxlamaq mümkün olmamış və qapıların bağlı olması səbəbindən torpaq sahələrinə baxış keçirmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətində yenidən məhkəmə ekspertizasının keçirilməsinin zəruri olduğunu qeyd edən Cavabdeh2 təyin edilmiş tarixdə mübahisəli əraziyə baxış keçirilməsi zamanı həmin əraziyə gəlməmiş, bununla da tədqiqatın aparılmasına mane olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası MPM-in 97.5ci maddəsinə əsaslanaraq, Cavabdeh2 tədqiqatın aparılmasında iştirak etmək üçün mübahisəli əraziyə gəlməməsini İddiaçı ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 ha torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsinin Cavabdeh2 tərəfindən çəpərlənərək tutulması faktını təsdiq edən hal kimi qiymətləndirir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C- 041 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyinə əsaslanır və bildirir ki, həmin mütəxəssis və ekspert rəyi mötəbər sübut edilməlidir. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi formal mülahizələr həmin rəylərin mötəbər olmayan hesab edilməsi üçün əsas ola bilməz. Həm Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Cəlilabad Layihə Tədqiqat İdarəsinin 24 fevral 2020-ci il tarixli, C-041 saylı mütəxəssis rəyində, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4628 nömrəli, 01 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, Masallı rayonunun Kosakül kəndində yerləşən, iddiaçıya satılmış həyətyanı torpaq sahəsinə ilkin hüquqmüəyyənedici torpaqayırma sənədlərinə görə nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi çəpər daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi Cavabdeh2 faktiki istifadəsindədir. Apellyasiya şikayətində Cavabdeh2 özünə məxsus torpaq sahəsini çəpərlədiyini qeyd etsə də, sözügedən rəylərdən göründüyü kimi, iddiaçının torpaq sahəsinə olan gediş-gəliş yolunun mübahisəli hissəsi məhz Cavabdeh2 faktiki istifadəsində olan və çəpərlədiyi torpaq sahəsindən keçir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığını, eləcə də rəyləri vermiş mütəxəssis və ekspertlərin bu sahədə xüsusi biliklərinin olmasını nəzərə alaraq rəylərlə razılaşır və bu rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş 0,06 ha torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun mübahisəli hissəsi Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıya satılmış torpaq sahəsinə olan gediş-gəliş yolunun mübahisəli hissəsini çəpərləyərək tutması faktı öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin məhkəmə xərcləri üzrə həmin xərclərin digər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasına dair gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq bildirir ki, İddiaçı ona satılmış 0,06 ha torpaq sahəsinə olan gediş-gəliş yolunun mübahisəli hissəsinin Cavabdeh2 tərəfindən çəpərlənərək tutulmuş mübahisəli hissəsinin açılmasını tələb etmək hüququ olduğundan, həmin yolun mübahisəli hissəsinin sonuncu tərəfindən çəpərlənərək tutulması faktı təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin iş üzrə Cavabdeh2 münasibətdə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-88/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar