Məhkəmə qərarları › İş №2(106)-431/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-431/2025

06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-431/2025 06.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-431/2025 Açar sözlər: əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsindən (hakim: Q.Paşayev) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Kollgiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “S.S.S-TTAS" MMC-yə qarşı əmrin ləğv edilməsi, xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsaslanan xx.xx.2023cü tarixli əmrin ləğv edilməsi, əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsini, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqlarının ödənilməsini, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqq-hesabın hesablanıb ödənilməsini, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsini, mediasıya xərci üçün ödədiyi 50 (əlli) manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğin cavabdehdən alınaraq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən cavabdeh “S.S.S- TTAS" MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müəssisədə son aylar əmək haqqları gecikdirilməyə başlanmış və buna görə işçilər ilə müdriyyət arasında haqlı narazılıqlar başlamışdır. Buna görə də müdriyyət narazılıq edən şəxsləri çağıraraq, işçilərə öz xahişləri ilə ərizə yazıb işdən çıxmalı olduqlarını bildirmişdir. O (iddiaçı) da 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X2 şəxsən təqdim etmişdir. Direktor ona şirkətdən heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini demişdir. O, (iddiaçı) direktorla razılaşmamış, işə giriş-çıxış kartı ondan (iddiaçıdan) alınmış və bundan sonra iş yerinə daxil ola bilməmişdir. Lakin əmr, son haqq-hesab və əmək kitabçası ona verilməmişdir. Bundan dərhal sonra xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 şikayət ərizəsi (3 aylıq əmək haqqını ala bilməmək, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilməməyi və s.) ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən araşdırma başlandıqdan sonra qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixdə cavabdeh şirkətin direktoru X1 teleqram gəmişdir. Teleqramın mətinində qeyd edilmişdir ki, «Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcək». Bundan sonra ünvanına (iddiaçının) ikinci teleqramı gəlmişdir. Həmin teleqramın mətnində qeyd edilir ki, «Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasıınn Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaq». Sonradan əmək müfəttişliyi tərəfindən ona (iddiaçıya) şifahi bildirilmişdir ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. 24 avqust 2023-cü il tarixdən öz xahişi ilə işdən azad olma barədə ərizə ilə müraciət etməyinə baxmayaraq təxminən 45 gün sonra əmək müqaviləsinə qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-cı maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “S.S.S-TTAS" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən onları mövqeyini öyrənmək mümkün olmamışdır. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «ç» bəndi ilə xitam verilməsi barədə Cavabdeh MMCnin xx.xx.2023-cü tarixli əmrinin ləğv edilmiş; həmin əmək müqaviləsinə 24 avqust 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab edilməsi; Cavabdeh MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqqları, son haqq-hesab, məhkəmə qətnaməsi icra olunandək işləmədiyi günlərə görə əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləği hesablanaraq İddiaçı ödənilməsi; Notariat xidməti üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat pul və 50 (əlli) manat mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yanvar ayından əmək müqaviləsi ləğv edilənə qədər, yəni xx.xx.2023-cü il tarixədək işə vaxtında gəlməmiş, işdən üzrsüz səbəblərdən erkən ayrılmışdır. Həmçinin 2023-cü ilin fevral ayının 9-dan 19na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Əgər bu hallar davam edərsə, işdən azad olunacağı barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı üzürsüz səbəblərdən işə gəlməməyə davam etdiyi üçün iddiaçıya ikinci xəbərdarlıq da edilərək işdən azad olunmağı barədə ona məlumat verilmişdir. Qanunvericiliyə əsasən işçinin üzrlü səbəbi olmadan bütün günü işdə olmaması əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. İddiaçı təxminən 10 ay ərzində bir dəfə də olsun işə vaxtında gəlib-getməmişdir. Beləliklə, iddiaçı əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İşçinin səhlənkarlığı nəticəsində vəzifə borcunu yerinə yetirmədiyinə görə həm əmək intizamının normal ahəngi pozulmuş, həm də işəgötürənin və əmək kollektivinin hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəymişdir. İddiaçı üzrsüz səbəbdən işə gəlməyərək, həmçinin bu barədə heç bir məlumat verməyərək və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmiş, beləliklə də müəssisədaxili intizam qaydalarına bilərəkdən tabe olmamış və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bununla da, əmək intizamının normal ahəngini pozmuşdur. Məhkəmə hazırki mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin bütün faktiki hallarını aydınlaşdırımamışdır. Digər tərəfdən məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5cimaddəsinə istinad edərək işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “S.S.S-TTAS" MMC-nin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini göstərilmişdir. Halbuki məhkəmənin 11 iyun 2024-cü il tarixli, 1335/2024 №-li məktubu ilə məhkəmə qətnaməsi təkrarən cavabdehə göndərilmiş, həmin məktubda da göstərilmişdir ki, iddia ərizəsində iddiaçının göstərdiyi ünvan düzgün qeyd olunmadığı üçün məhkəmə qətnaməsinin göndərildiyi zərf 20 aprel 2024-cü il tarixdə Cəlilabada rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu isə o deməkdir ki, iddia ərizəsi və məhkəmə bildirişləri də cavabdehə çatdırılmamış və verilməmişdir. Bu halda məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlumatı ola bilməzdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiya qeyd edir ki, hazırkı işin apellyasiya baxışı iclası ilk dəfə xx.xx.2025-ci il tarixində saat 11:30-a təyin edilmiş, lakin iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq ölkə xaricində olduğundan məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işin müvafiq vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq məhkəmə iclasının vaxtını həm iddiaçı həm də onun nümayəndəsi ilə razılaşdıraraq xx.xx.2025-ci il tarixinə saat 11:20-yə təyin etmiş və tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışlar. Həmçinin İddiaçı istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edilərək bu barədə ona məlumat verilmişdir. Lakin İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməni əvvəlcədən xəbərdar etməmişlər. Həmçinin Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməni əvvəlcədən xəbərdar etməmişdir. Kollegiya MPM-in 376.2-ci maddısinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 10-cu maddəsinin "a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, "b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin "a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, "c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, "d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və "e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1 və 2-ci bəndlərinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970- ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş; - ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 510307******8599 saylı X10 Salary kartına xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 12418.67 manat vəsait mədaxil olunmuşdur. - xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi "xxxx" MMC-dən 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartının ondan alnıdığı üçün iş yerinə daxil ola bilmədiyini bildirmiş və bununl bağlı köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir. - İddiaçı tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış şikayətdən görünür ki, İddiaçı şikayətində xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də sənədlər üzrə mütəxəsis vəzifəsində işə başladığını, işlədiyi Cavabdeh MMC-də mütəmadi olaraq son 3 ayın əmək haqqını ala bilmədiyini, əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müəssisəyə yazılı ərizə ilə müraciət etsə də, əmək müqaviləmə xitam verilmədiyini, xx.xx.2023-cü ildə yenidən yazılı ərizə ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir nəticə olmadığını, əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə yazılı müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini, işlədiyi Cavabdeh MMC əmək müqaviləsinə rəsmi qaydada xitam vermədiyi üçün yeni işə başlamağının da hal-hazırda mümkün olmadığını, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X4 əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, ünvanladığı hər iki müraciətin cavablandırılmadığını göstərərək, Cavabdeh MMC-nin qanunsuz əməllərinə son qoyualmasını, əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabın ona (iddiaçıya) ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. - X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramın surətindən görünür ki, əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiyinə görə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq İddiaçı işdən azad edilməsi və şirkətə vurduğu zərərin (370 saat) onun hesabından tutulacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-nin direktoruna ünvanladığı həmin ərizəsində işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli əmrin təsdiq olunmuş surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarxli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mğdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X5 Xidmətinin Bakı şəhər idarəsində baxılmşdır. Müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə Cavabdeh MMC-nin ünvanına (ünvan 433232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və müvafiq qaydada 4 saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanüna (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) 3-17-5/2-33417/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə çatdırılsa da tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq ” altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin Cavabdeh MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçı əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya iddianı əsaslı hesab edərək, təmin etmişdir. Cavabdeh tərəf isə qətnamədən narazı qalmış və onu mübahisələndirmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh “Müəssisəyə giriş-çıxış məlumatı”ndan məlum olur ki, iddiaçı 2023-cü ilin fevral ayının 9dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş “Müəssisəyə giriş-çıxış məlumatı”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamışdır. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoruna təqdim etdiyini bildirir. Bu isə o deməkdir ki, iddiaçı xx.xx.2023-cü ilədək qanunamüvafiq olaraq işdə olmalı idi. Lakin “Müəssisəyə giriş-çıxış məlumatları”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də işdə olmamışdır. Göründüyü kimi cavabdeh qeyd edilən tarixlərdə iddiaçının işdə olmadığına dair müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, lakin iddiaçı bunlara dair hər hansı təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən tarixlər iddiaçının işdə olmalı olduğu dövrlərə düşən tarixlərdir. Çünki iddiaçı qeyd edir ki, o öz xahişi ilə məhz xx.xx.2023-cü ildə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bundan başqa iddiaçı 24 avqust 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X2 şəxsən təqdim etməsini bildirsə də qeyd edilənlərə dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh şirkətin direktoru T.İsmayılov iddiaçıya teleqram vurmuş və həmin teleqramın mətinində qeyd edilmişdir ki, «Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcəkdir». Eyni zamanda xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçının ünvanına ikinci teleqram vurulmuş və həmin teleqramın mətnində qeyd edilmişdir ki, «Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasıınn Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaqdır». Göründüyü kimi əgər iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehdə xx.xx.2023-cü il tarixli ərizə mövcud olsa idi cavabdeh həmin ərizə üzrə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermiş olardı, əksinə iddiaçıya xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində yuxarıda bəhsi keçən teleqramları vurmazdı. Bütün yuxarıda şərh olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Yuxarıda şərh edilənlərə əsasən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)- 218/2024 saylı qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" MMC qarşı əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki tələbinə dair iddiası rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməlidir. Hazırkı tələb üzrə iddia qiymətləndirilməyən iddia olduğundan, hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, e-2(073)-218/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar